Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-239/2025 14.02.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlunun sədrliyi, Novruzzadə Türkan Hüseyn qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi vəkil Nümayəndə və Cavabdeh iştiraklar ilə iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı ”borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları
1. İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı ”borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 16 noyabr 2018-ci il tarixli 1028-GL/16 nömrəli müqavilə üzrə 7170 (yeddi min yüz yetmiş) manat məbləğində gecikdirilmiş borc, 10087,77 (on min səksən yeddi manat 77 qəpik) manat məbləğində cərimə borcu və hüquqi yardımla bağlı ödənilmiş 500 (beş yüz) manat məbləğində xidmət haqqının cavabeh Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış 16 noyabr 2018-ci il tarixli 1028-GL/16 nömrəli müqaviləyə əsasən borclu (lizinq alan) kənd təsərrüfatı texnikalarını lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi 12 dekabr 2024-cü il tarixə 16 noyabr 2018-ci il tarixli 1028-GL/16 nömrəli müqavilə üzrə 7170 manat gecikdirilmiş borcu və hesablanmış 10087,77 manat cərimə borcu yaranmışdır. Cavabdehə müvafiq pretenziya məktubu göndərilmiş, öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir.
3. 12 fevral 2025-ci il tarixdə iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi vəkil Nümayəndə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia tələbinin həcminin azaldılması” barədə ərizə təqdim edərək işin məhkəmənin icraatında olduğu dövrdə işə əlavə edilmiş 12 dekabr 2024-cü il tarixli maliyyə arayışının tərtib edildiyi tarixə hesablanmış gecikdirilmiş borc məbləğinin cavabdeh tərəfindən ödənildiyini bildirmiş, 16 noyabr 2018-ci il tarixli 1028-GL/16 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi 12 dekabr 2024-cü il tarixə hesablanmış 10087,77 (on min səksən yeddi manat 77 qəpik) manat cərimə borcu və hüquqi yardımla bağlı ödənilmiş 500 (beş yüz) manat xidmət haqqı olmaqla, cəmi 10587,77 (on min beş yüz səksən yeddi manat 77 qəpik) manat pul vəsaitinin cavabeh Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
5. Məhkəmə baxış iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi vəkil Nümayəndə iddia ərizəsinin və “iddia tələbinin həcminin azaldılması” barədə ərizənin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
6. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh izahatında əsas borcu tam ödədiyini, hazırda iddiaçı tərəfindən tələb olunan cərimə və vəkil xərcinin ödənilməsi üçün maddi imkanının olmadığını bildirmişdir.
7. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.
8. Belə ki, iş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti (hal-hazırda kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəliklər iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir) ilə Cavabdeh arasında bağlanmış “kənd təsərrüfatı texnikasının lizinqə verilməsi” barədə 16 noyabr 2018-ci il tarixli 1028-GL/16 nömrəli müqaviləyə əsasən lizinq verən ümumi məbləği 12640 manat olan və Spesifikasiyada (Əlavə № 1) göstərilən kənd təsərrüfatı texnikalarını (“Belarus-892” markalı traktor və "AG-14-4" markalı 4 gövdəli kotan) ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Lizinq alan texnikaların qalıq məbləğini ödəniş qrafikinə (Əlavə № 2) müvafiq olaraq ödəməyi öhdəsinə götürür.
9. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edə bilər.
10. 16 noyabr 2018-ci il tarixli 1028-GL/16 nömrəli lizinq müqaviləsinin 2 nömrəli əlavəsi olan ödəniş qrafikində lizinq alan Cavabdeh lizinq verənə borcunun son ödəniş tarixi 30 iyun 2024-cü il olmaqla müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və Cavabdeh həmin ödəniş qrafikini imzası ilə təsdiq etmişdir.
11. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 16 noyabr 2018-ci il tarixli 5623/ü nömrəli əmrindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 12 fevral 2014-cü il tarixli 174-L/14 və 282Ü/xx.xx.2014 nömrəli müqavilələrə xitam verilmiş, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 16 noyabr 2018-ci il tarixli 1028- GL/16 “kənd təsərrüfatı texnikasının lizinqə verilməsi” barədə müqaviləyə əsasən “Belarus-892” markalı traktor və "AG-14-4" markalı 4 gövdəli kotan güzəşt tətbiq edildikdən sonra qalıq dəyəri ilə yenidən lizinqə verilmişdir.
12. İş materiallarında olan iddiaçı tərəfindən tərtib edilərək məhkəməyə təqdim olunmuş maliyyə arayışında göstərilir ki, 16 noyabr 2018-ci il tarixli 1028-GL/16 nömrəli müqavilə üzrə lizinq alan Cavabdeh tərəfindən cəmi 5470 (beş min dörd yüz yetmiş) manat məbləğində ödəniş edilmiş, 12 dekabr 2024-cü il tarixinə lizinq alan Cavabdeh həmin müqavilə üzrə 7170 (yeddi min bir yüz yetmiş) manat məbləğində əsas borcu və 10087,77 (on min səksən yeddi manat 77 qəpik) manat məbləğində cərimə borcu vardır.
13. İş materiallarında olan ödənişlərə görə cərimənin hesablanması qrafikindən görünür ki, “kənd təsərrüfatı texnikasının lizinqə verilməsi” barədə 16 noyabr 2018-ci il tarixli 1028-GL/16 nömrəli müqavilə üzrə Cavabdeh ümumilikdə 10087,77 (on min səksən yeddi manat 77 qəpik) manat məbləğində cərimə hesablanmışdır.
14. İş materiallarında olan iddiaçı tərəfindən tərtib edilərək məhkəməyə təqdim olunmuş 31 yanvar 2025-ci il tarixli maliyyə arayışında göstərilir ki, 16 noyabr 2018-ci il tarixli 1028-GL/16 nömrəli müqavilə üzrə lizinq alan Cavabdeh tərəfindən cəmi 12640 (on iki min altı yüz qırx) manat məbləğində ödəniş edilmiş, 31 yanvar 2025-ci il tarixinə lizinq alan Cavabdeh həmin müqavilə üzrə 10087,77 (on min səksən yeddi manat 77 qəpik) manat məbləğində cərimə borcu vardır.
Tətbiq edilən hüquq:
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
16. Həmin Məcəllənin 747-2-ci maddəsinə əsasən lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır.
17. Mülki Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə Lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.
18. Həmin Məcəllənin 748-10.2-ci maddəsinə əsasən lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir.
19. Həmin Məcəllənin 748-10.4-cü maddəsinə əsasən lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir.
20. Beləliklə, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, lizinq verən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan lizinq alan Cavabdeh (VÖEN: **********) arasında “kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə” 16 noyabr 2018-ci il tarixli 1028-GL/16 nömrəli müqavilə bağlanmış, iddiaçı tərəfindən “Belarus-892” markalı traktor və "AG-14-4" markalı 4 gövdəli kotan cavabdehə lizinqə verilmiş, lakin cavabdeh tərəfindən öhdəliklər lazımi qaydada yerinə yetirilməyərək vaxtlı-vaxtında lizinq ödənişləri həyata keçirilməmişdir. Buna görə də, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur.
21. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
22. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
23. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
24. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
25. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2).
Məhkəmənin mövqeyi:
26. Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, tərəflər arasında 16 noyabr 2018-ci il tarixli 1028-GL/16 nömrəli lizinq müqaviləsi bağlanılmış, lizinq verən qismində çıxış edən hazırkı iddiaçı müqavilə öhdəliklərinə uyğun olaraq həmin müqavilənin predmeti olan kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40 %-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri isə tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra cavabdehin mülkiyyətinə verilməsi şərtilə ona lizinqə vermiş, lizinq alan qismində iştirak edən cavabdeh isə müqavilə öhdəliklərinə riayət etməyərək müvafiq lizinq ödənişlərini əvvəlcədən razılaşdırılmış dövrlər üzrə vaxtında ödəməli olsa da, bunu yerinə yetirməmiş, məhkəmə proseslərinin gedişi dövründə müqavilə üzrə əsas borc məbləğini tam ödəmişdir.
27. Hazırkı iddia tələbinin cavabdehdən 16 noyabr 2018-ci il tarixli 1028-GL/16 nömrəli lizinq müqaviləsi üzrə 10087,77 (on min səksən yeddi manat 77 qəpik) manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilələrdə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan (müqavilələrin yuxarıda istinad edilən 4.2-ci bəndi) iddiaçı cavabdehdən cərimənin ödənilməsini də tələb etməkdə haqlıdır
28. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
29. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
30. Qeyd olunanlarla bağlı məhkəmə belə nəticəyə gəlir ki, tələb olunan cərimənin əsas borc məbləğinə nisbəti, o cümlədən həm kreditorun, həm də ki, borclunun əmlak mənafeləri və işin digər halları nəzərə alınmaqla iddia tələbinin cavabdehdən cərimənin tutulmasına aid hissəsi qismən təmin olunmalı, tələb olunan cərimənin məbləği azaldılaraq cavabdehdən 16 noyabr 2018-ci il tarixli 1028-GL/16 nömrəli müqavilə üzrə 500 manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
31. İddia tələbinin hüquqi yardımın göstərilməsi ilə bağlı ödənilmiş 500 manat məbləğində pulun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə hissəsinə gəldikdə, iş materiallarına əlavə edilmiş 26 dekabr 2024-cü il tarixli 000İPX1243612A28 nömrəli ödəniş qəbzi ilə müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı işi üzrə vəkilin göstərdiyi hüquqi yardıma görə Bakı Şəhəri 5 saylı Vəkil Bürosunun hesabına 500 manat məbləğində pul ödənilmişdir.
32. Mülki Prosessual Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərin sırasına aiddir.
33. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
34. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbinin həmin hissəsi təmin edilməli, iddiaçı tərəfindən vəkilin göstərdiyi yardıma görə ödənilmiş 500 (beş yüz) manat məbləğində pul vəsaitinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
35. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
37. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
38. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
39. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Cavabdeh “kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə” 16 noyabr 2018-ci il tarixli 1028- GL/16 nömrəli müqavilə üzrə 500 (beş yüz) manat məbləğində cərimə, hüquqi yardımla əlaqədar ödənilmiş 500 (beş yüz) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 1000 (min) manat məbləğində pul vəsaiti iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir.
40. Eyni zamanda iddia tələbinin təmin olunmuş hissəsinə uyğun olaraq hesablanan 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir.
41. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur.
42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
43. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh “kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə” 16 noyabr 2018-ci il tarixli 1028-GL/16 nömrəli müqavilə üzrə 500 (beş yüz) manat məbləğində cərimə, hüquqi yardımla əlaqədar ödənilmiş 500 (beş yüz) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 1000 (min) manat məbləğində pul vəsaiti iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət nəfinə 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: İslam Əliyev