Məhkəmə qərarları › İş №e-2-2(119)-2391/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-2391/2025

18.11.2025 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-2391/2025 18.11.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, Ərizəçi tərəfindən xüsusi icraat qaydasında verilmiş ərizəni nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə (ərizə məzmun etibarilə iclasın təxirə salınması barədə ərizə ilə eyni xarakterlidir) məhkəməyə müraciət edərək qeyd etmişdir ki, e-2-2(119)-2351/2025 nömrəli iş üzrə ərizədə göstərilən 708098,42 manat borc məbləği əvəzinə şəxsi vərəqdə göstərilən 356008,62 manat məbləğində borc qalmışdır.Vergi orqanı ilə sözlü razılaşma əsasında, borcun yaranma tarixindən etibarən mütəmadi olaraq aylıq ödənişlər həyata keçirilir. Halhazırda da borcun tam ödənilməsi istiqamətində tədbirlər görülür və təxminən 20 gün ərzində borcun tam şəkildə bağlanması təmin ediləcəkdir. Ərizəçi mnəhkəmə iclası üçün təyin olunmuş tarixdə ölkə hüdudlarından kənarda olacağına görə, məhkəmə prosesinin 14 gün müddətinə təxirə salınmasını (uzadılmasını) xahiş etmişdir. Ərizəçi tərəfindən verilmiş həmin ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin ərizə geri qaytarılmalıdır. Belə ki, ərizəçi tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə təqdim olunmuş ərizənin məzmununda Mülki Prosessual Məcəllənin 149.2.3-ci, 149.2.4-cü və 149.2.5-ci maddələrinin tələblərinə zidd olaraq iddianın predmeti və qiyməti, ərizəçinin tələbləri, öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, maraqlı şəxslə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat, eyni zamanda ərizəyə əlavə edilən sənədlərin siyahısı qeyd edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 306.1-ci maddəsinə əsasən, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 149.2.3-ci, 149.2.4-cü və 149.2.5-ci maddələrinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı iddia ərizəsində göstərilməlidir. Göründüyü kimi, ərizəçi ərizənin məzmununda yuxarıda qeyd edilən zəruri məlumatları göstərməməklə Mülki Prosessual Məcəllənin iddia ərizəsinin forma və məzmununa dair tələbləri müəyyən edən 149.2-ci maddəsinin tələblərini pozmuşdur. Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi geri qaytarılır. Beləliklə, mülki-prosessual qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə riayət edilməklə verilmədiyinə görə ərizənin məhkəmə icraatı mümkün deyildir. Mülki Prosessual Məcəllənin 159.5-ci maddəsinə əsasən, bu Məcəllənin 159.4.1- 159.4.3-cü maddələrində göstərilən hallar aradan qaldırıldıqdan sonra yenidən ərizə ilə məhkəməyə müraciət edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 152.1.3, 306.1, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D I: Ərizəçi tərəfindən xüsusi icraat qaydasında verilmiş ərizə ərizəçiyə geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar