Məhkəmə qərarları › İş №e-2-2(119)-2404/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-2404/2025

22.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-2404/2025 22.01.2026 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlunun sədrliyi, Novruzzadə Türkan Hüseyn qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları

1. İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 1650 (min altı yüz əlli) manat məbləğində pulun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 36,5 (otuz altı manat əlli qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, satıcı qismində İddiaçı ilə alıcı qismində Cavabdeh arasında 01 mart 2022-ci il tarixli 04845 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı sifariş olunmuş malları təsdiqlədikdən sonra alıcının sifarişinə uyğun olaraq razılaşdırılmış miqdarda, çeşiddə, keyfiyyətdə və assortimentdə malları alıcıya təhvil verməyi, alıcı sifarişə uyğun çatdırılmış malları təhvil almağı və müqavilədə göstərilən qaydada malların dəyərini satıcıya ödəməyi öhdəsinə götürür. Təqdim edilmiş təhvil-qəbul aktlarına və elektron qaimə-faktura sənədlərinə əsasən cavabdeh tərəfindən sifariş olunan mallar iddiaçı tərəfindən ona təqdim edilmişdir. Lakin cavabdeh müqavilə üzrə öz öhdəliklərini lazımi qaydada icra etməmişdir. Belə ki, Cavabdeh İddiaçı MMC-dən aldığı malların dəyərini tam şəkildə ödəməmiş və nəticədə onun iddiaçıya 1650 (min altı yüz əlli) manat məbləğində borcu qalmışdır. Tərtib edilmiş maliyyə arayışından da görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 01 mart 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh İddiaçı MMC-yə 1650 (min altı yüz əlli) manat məbləğində borcu mövcuddur. Borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq qalıq borcun ödənilməsi təmin edilməmişdir.

3. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir.

4. 08 dekabr 2025-ci il tarixdə məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh İddiaçınə 1650 (min altı yüz əlli) manat məbləğində borcunun olduğunu qəbul etmiş, lakin iddiaçının 1 il ərzində ona bu barədə heç bir xəbərdarlıq etmədiyini bildirmişdir. O, həmçinin izahatında hər ay 40-50 manat olmaqla borc məbləğindən ödəniş edəcəyini qeyd etmişdir.

5. Lakin Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

7. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.

8. Belə ki, iş materiallarında olan satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında bağlanmış 01 mart 2022-ci il tarixli 04845 nömrəli alqı-satqı müqaviləsinin 2-ci bəndinə əsasən alıcı satıcının təqdim etdiyi müxtəlif çeşiddə və adda qida və qeyri-qida məhsullarını qiymətlər cədvəlinə uyğun olaraq vaxtaşırı satıcıdan sifariş etməyi, satıcı sifariş olunmuş malları təsdiqlədikdən sonra alıcının sifarişinə uyğun olaraq razılaşdırılmış miqdarda, çeşiddə, keyfiyyətdə və assortimentdə malları alıcıya təhvil verməyi, alıcı isə sifarişə uyğun çatdırılmış malları təhvil almağı və müqavilədə göstərilən qaydada malların dəyərini satıcıya ödəməyi öhdəsinə götürür.

9. İş materiallarından görünür ki, İddiaçı tərəfindən Cavabdeh 2049,38 (iki min qırx doqquz manat otuz səkkiz qəpik) manat dəyərində malların satılması ilə bağlı 14 ədəd elektron qaimə-faktura təqdim olunmuşdur.

10. İş materiallarında olan malların təhvil qəbul aktlarından görünür ki, İddiaçı tərəfindən Cavabdeh 1588,2 (min beş yüz səksən səkkiz manat iyirmi qəpik) manat dəyərində müxtəlif növdə mallar təhvil verilmişdir.

11. İş materiallarında olan maliyyə arayışından görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 01 mart 2022-ci il tarixli 04845 nömrəli alqı-satqı müqaviləsi üzrə 15 oktyabr 2025-ci il tarixinə Cavabdeh uçot məlumatlarına əsasən İddiaçınə qalıq borcu 1650 (min altı yüz əlli) manat təşkil edir.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

13. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

14. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

15. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

16. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.

17. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

18. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

19. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

20. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

21. Göründüyü kimi, İddiaçı MMC ilə Cavabdeh arasında 01 mart 2022-ci il tarixli 04845 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən Cavabdeh müvafiq mallar satılmış, lakin cavabdeh öhdəliyini lazımınca icra etməyərək satılan malların dəyərini tam ödəməmişdir. Buna görə də, İddiaçı MMC tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunaraq 1650 (min altı yüz əlli) manat məbləğində pulun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 36,5 (otuz altı manat əlli qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi xahiş olunmuşdur. Məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh İddiaçınə 1650 (min altı yüz əlli) manat məbləğində borcunun olduğunu etiraf etmişdir.

22. Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, Cavabdeh İddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə öz öhdəliyini lazımi qaydada yerinə yetirməmiş və buna görə də, iddia tələbi həmin müqavilə üzrə ödənilməmiş 1650 (min altı yüz əlli) manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində əsaslıdır.

23. Həmçinin məhkəmə hesab edir ki, hazırkı iddia tələbinin həcminə uyğun ödənilmiş 36,5 (otuz altı manat əlli qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

24. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur.

25. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

26. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək istinad edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 1650 (min altı yüz əlli) manat məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 36,5 (otuz altı manat əlli qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1686,5 (min altı yüz səksən altı manat əlli qəpik) manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır.

27. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

30. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.

31. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

32. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh 1650 (min altı yüz əlli) manat məbləğində borc və 36,5 (otuz altı manat əlli qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1686,5 (min altı yüz səksən altı manat əlli qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: İslam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar