Məhkəmə qərarları › İş №e-2-2(119)-2411/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-2411/2025

21.11.2025 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-2411/2025 21.11.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Qarabağ Ərazi Vergilər Baş İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" tələbi barədə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Qarabağ Ərazi Vergilər Baş İdarəsi Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək 27 oktyabr 2025-ci il tarixinə Dövlət Sosial Müdafiə Fonduna olan 3648,33 (üç min altı yüz qırx səkkiz manat, otuz üç qəpik) manat məbləğində borcun, İcbari Tibbi Sığorta Fonduna olan 611,02 (altı yüz on bir manat, iki qəpik) manat məbləğində borcun, İşsizlikdən Sığorta Fonduna olan 127,94 (yüz iyirmi yeddi manat, doxsan dörd qəpik) manat məbləğində borcun ödənilməsini təmin etmək üçün vergi ödəyicisi - Maraqlı şəxs (VÖEN: **********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar ərizəçi tərəfindən maraqlı şəxsə qarşı verilmiş ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin ərizə və ona əlavə edilmiş geri qaytarılmalıdır. Belə ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə verilmiş tələb üzrə ərizə və ona əlavə edilmiş sənədlər Sumqayıt Kommersiya Məhkəməsinin 07 noyabr 2025-ci il tarixli e-2-2(119)-2343/2025 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.4-cü və 152.1.6-cı maddələrində nəzərdə tutulmuş əsaslarla geri qaytarılmış və bunun, iddiaçıya nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmadığı izah edilmişdir. Ərizəçi tərəfindən ərizənin surətinin maraqlı şəxs tərəfindən alınması haqqında sənədlər iş materiallarına əlavə edilərək məhkəməyə təqdim edilsə də, həmin qərardadda göstərilmiş digər nöqsan aradan qaldırılmadan yenidən Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edilmişdir. Belə ki, iş materialları nəzərdən keçirilərkən müəyyən edildi ki, iddiaçı tərəfindən mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) həll edilməsinə dair sənədin cavabdeh tərəfindən alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilərək, məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 306.1-ci maddəsinə əsasən, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 150.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. Göründüyü kimi, kommersiya mübahisələri üzrə cavabdehə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair sənədin çatdırılması Mülki Prosessual Məcəllənin 150.1.6-cı maddəsində imperativ qaydada təsbit edilmişdir. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən, kommersiya mübahisələri üzrə müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa, ərizəçinin diqqətinə çatdırılır ki, ərizəçi tərəfindən məhkəməyə təqdim edilmiş “Fiziki şəxs haqqında məlumat” sənədində, borc bildirişlərində maraqlı şəxsin ünvanı “ünvan 1 Mülki Prosessual Məcəllənin 355-5.2-ci maddəsinə əsasən, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizəyə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə məhkəmə tərəfindən baxılmalı olduğundan maraqlı şəxsin faktiki yaşadığı yerin müəyyənləşdirilərək ərizənin müvafiq məhkəməyə təqdim edilməsi məqsədəmüvafiqdir. Beləliklə, Mülki Prosessual Məcəllənin yuxarıda qeyd olunan tələblərinə riayət edilməklə verilmədiyinə görə ərizəçi tərəfindən maraqlı şəxsə qarşı verilmiş “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbi barədə ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA A L D I: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Qarabağ Ərazi Vergilər Baş İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" tələbi tələbi barədə ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar