Məhkəmə qərarları › İş №e-2-2(119)-2428/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-2428/2025

16.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-2428/2025 16.12.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı kiçik iddialara dair işlər üzrə sadələşmiş icraat qaydasında Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 3603,44 (üç min altı yüz üç manat, qırx dörd qəpik) manat məbləğində borc, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqının və 60 (altmış) manat məbləğində dövlət rüsumun əvəzi olmaqla, cəmi 3963,44 (üç min doqquz yüz altmış üç manat, qırx dörd qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 04 mart 2025-ci il tarixli FST-25-940 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı tərəfindən istehsal olunan və xaricdən idxal olunmuş malların satılması və dəyərinin ödənilməsi razılaşdırılmışdır. Müqavilə şərtlərinə əsasən verilmiş malların dəyəri 15 iş günü müddətində cavabdeh tərəfindən ödənilməli idi. Müqavilə əsasında 22 aprel 2025-ci il tarixli MT2504 seriyalı 11205822 nömrəli və 09 iyun 2025 ci il tarixli MT2506 seriyalı 10525434 nömrəli elektron qaimə-fakturalar üzrə ödənilməyən borc məbləği 3603,44 manat məbləğində təşkil edir. Məhkəmə iddiaçının cavabdehə qarşı iddia ərizəsinə dair kommersiya işinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş, bununla əlaqədar Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik iddialara dair işlər üzrə ərizəni və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materialları: İş materiallarında olan 04 mart 2025-ci il tarixli FST-25-940 nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, satıcı (İddiaçı MMC) alıcıya (Cavabdeh MMC-yə) elektron qaimə-faktura vasitəsilə mal satır, alıcı isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış şərtlərlə malın dəyərini satıcıya bu müqavilədə nəzərdə tutulmuş müddətdə ödəyir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, mal-materialların satışı satış tarixinə qüvvədə olan qiymətlər əsasında həyata keçirilir. Malları təhvil almış alıcı aldığı malın dəyərini bu müqavilədə və qaimədə nəzərdə tutulan qiymətlə, müqavilədə müəyyən edilmiş müddətdə ödəməlidir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən, mal-materiallar alıcıya tam təhvil verildikdən sonra alıcı 10 təqvim günü ərzində mal-materialın dəyərini tam həcmdə ödəməlidir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən, alıcı satıcıdan malları razılaşdırılmış qiymət əsasında bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə alır. Həmin müqavilənin 3.1.1-ci yarımbəndinə əsasən, müqavilə ilə müəyyən edilmiş şərtlərə əsasən ödənişin həyata keçirilməsini alıcıdan tələb etmək satıcının hüququdur. Həmin müqavilənin 3.4.1-ci yarımbəndinə əsasən, mal-materialları qəbul edib əvəzində bu müqavilə ilə müəyyən edilmiş məbləği müqavilədə nəzərdə tutulmuş müddətdə ödəmək alıcının vəzifəsidir. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən, satıcı tərəfindən elektron qaimə-faktura təqdim edildikdən sonra beş gün müddətində mallardan imtina edilmədiyi halda alıcı həmin malların dəyərini şərtsiz olaraq tam ödəməyi öhdəsinə götürür. İş materiallarında olan 19 aprel 2025-ci il tarixli 010567 nömrəli təhvil-təslim qaiməsi üzrə 1776,99 manat, 03 iyun 2025-ci il tarixli 020235 nömrəli təhvil-təslim qaiməsi üzrə 1826,44 manat məbləğində olmaqla, ümumi dəyəri 3603,43 manat məbləğində olan mallar iddiaçı tərəfindən cavabdehə təqdim edilmişdir. İş materiallarından görünür ki, 22 aprel 2025-ci il tarixli MT2504 seriyalı 11806007 nömrəli elektron qaimə-faktura üzrə 1776,99 manat məbləğində, 09 iyun 2025-ci il tarixli MT2506 seriyalı 10525434 nömrəli elektron qaimə-faktura üzrə 1826,43 manat məbləğində olmaqla, ümumi dəyəri 3603,42 manat məbləğində olan təhvil verilmiş mallarla bağlı həmin elektron qaimə-fakturalar iddiaçı tərəfindən cavabdehə göndərilmişdir. İş materiallarında olan tərəflərin nümayəndələri tərəfindən imzalanaraq möhürlənmiş 31 iyul 2025-ci il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktından görünür ki, cavabdehin iddiaçıya ümumilikdə 3603,44 (3053,76+549,68) manat məbləğində borcu olduğu qeyd edilmişdir. İş materiallarında olan 16 dekabr 2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya 04 mart 2025-ci il tarixli FST-25-940 nömrəli alqı-satqı müqaviləsi üzrə 3603,44 manat məbləğində borcu mövcuddur. Tətbiq edilən hüquq: Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmənin mövqeyi: Beləliklə, yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, iddiaçı və cavabdeh arasında 04 mart 2025-ci il tarixli FST-25-940 nömrəli alqı-satqı müqaviləsi bağlanılmış, satıcı qismində çıxış edən iddiaçı müqavilə öhdəliklərinə uyğun olaraq həmin müqavilənin predmeti olan malları iddiaçıya təqdim etsə də, alıcı qismində iştirak edən cavabdeh həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməyərək təhvil aldığı malların dəyərini tam olaraq ödəməmiş və bununla da öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. İş materiallarında olan tərəflərin nümayəndələri tərəfindən imzalanaraq möhürlənmiş 31 iyul 2025-ci il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktından görünür ki, cavabdeh iddiaçıya ümumilikdə 3603,44 (3053,76+549,68) manat məbləğində borcu olduğunu qəbul etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 04 mart 2025-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 3603,44 manat məbləğində borc məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Bundan başqa, iddia tələbinin hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 300 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan 18 noyabr 2025-ci il tarixli ödəniş tapşırığı ilə müəyyən olunur ki, iddiaçı tərəfindən göstərdiyi yardıma görə nümayəndənin bank hesabına 300 manat məbləğində ödəniş edilmişdir. Mülki Prosessual Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərin sırasına aiddir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 300 manat məbləğində xidmət haqqının əvəzinin cavabdehdən tutulması hissəsinin əsaslılığı iş materialları ilə sübut olunur və iddia tələbi həmin hissədə də təmin edilməlidir. Bunlardan başqa, iddia tələbinin dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına aid hissəsinə gəldikdə, iş materiallarında olan 18 noyabr 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman 60 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iddia təmin edildiyindən istinad olunan qanunvericilik normalarının tələblərinə əsasən iddiaçı tərəfindən tutulması xahiş edilən 60 manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 3603,44 manat məbləğində borc, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 300 manat məbləğində xidmət haqqının və 60 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3963,44 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 284-1–284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddia təmin edilsin. Cavabdehndən 3603,44 (üç min altı yüz üç manat, qırx dörd qəpik) manat məbləğində borc, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqının və 60 (altmış) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3963,44 (üç min doqquz yüz altmış üç manat, qırx dörd qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar