Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-243/2025 29.04.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı tərəfindən Cavabdeh şirkətinə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh şirkətinə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 319275,15 (üç yüz on doqquz min iki yüz yetmiş beş ABŞ dolları, on beş sent) ABŞ dolları məbləğində pul vəsaitinin, 320 (üç yüz iyirmi) manat məbləğində vəkil xərcinin və 900 (doqquz yüz) manat məbləğində dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 25 yanvar 2024-cü il tarixli müqavilə və müqavilə əlavələri üzrə iddiaçı tərəfindən cavabdehə, ümumilikdə 3471255,02 ABŞ dolları məbləğində ödənişlər edilmişdir. Cavabdeh isə iddiaçıya 3151979,87 ABŞ dolları dəyərində mallar göndərmişdir. Beləliklə, cavabdehin iddiaçıya 319275,15 ABŞ dolları məbləğində borcu yaranmışdır. Cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçının nümayəndəsi 29 mart 2025-ci il tarixində iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 216732 (iki yüz on altı min yeddi yüz otuz iki) ABŞ dolları məbləğində pul vəsaitinin, 320 (üç yüz iyirmi) manat məbləğində vəkil xərcinin və 658 (altı yüz əlli səkkiz) manat məbləğində dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin və iddia tələbinin həcminin azaldılması barədə ərizənin məzmununa uyğun izahat verərək, həmçinin bildirdi ki, iddia tələbi dəqiqləşdirilərək azaldılmışdır. Bunun səbəbi ondan ibarətdir ki, cavabdeh tərəf iddiaçı şirkətin adından xaricdəki müştəriyə 37266 və 61116 ABŞ dolları məbləğlərində məhsul göndərmişdir. Əlavə olaraq da cavabdeh tərəfindən 4076,82 ABŞ dollar məbləğində geri qaytarılma edilmişdir. Yəni ilkin iddia tələbində nəzərdə tutulmuş məbləğ 102459,06 dollar məbləğində azaldılmışdır. İddiaçının nümayəndəsi məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini, iddia tələbinin həcminin azaldılması barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materialları: İş materiallarında olan 08 avqust 2022-ci il tarixli 9MQV/GC-288/08/22 nömrəli təchizat və xidmət müqaviləsinin 1.1-ci bəndinə əsasən, satıcı (Cavabdeh şirkəti) sifarişə əsasən alıcının (İddiaçı MMC-nin) bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə göstərilən mallarla təchiz edilməsini təmin edir. Alıcı isə malların dəyərini müqavilənin şərtlərinə uyğun satıcıya ödəyir. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən, hazır olan malların təhvili zamanı satıcı hər bir təhvil verilən mal partiyası üçün malın mənşə sertifikatını (Sertificate of Origin), Malın keyfiyyət sertifikatını, çəki listini, hesab Fakturanın əslini və müqavilə və müvafiq əlavəni alıcıya təqdim etməlidir. Həmin müqavilənin 6.2-ci bəndinə əsasən, malların təhvil verilmə qaydası əlavələrdə təsbit ediləcəkdir. Həmin müqavilənin 8.1 bəndinə əsasən, təhvil müddəti əlavələrdə göstəriləcək. Həmin müqavilənin 8.2-ci bəndinnə əsasən, malın müqavilənin 8.1-ci bəndində qeyd olunan vaxtdan əvvəl təhvil verilməsinə icazə verilir. Həmin müqavilənin 10.1-ci bəndinə əsasən, müqavilə iddiaçının ölkəsinin qüvvədə olan qanunvericiliyi əsasında tənzimlənir. Satıcı və alıcı bu müqavilədən yaranan yaxud onunla əlaqəli hər hansı mübahisəli məsələ yaxud iddiaları danışıqlar yolu ilə həll etməyə cəhd edəcəklər. Həmin müqavilənin 10.2-ci bəndinə əsasən, mübahisələr danışıqlar yolu ilə həll edilə bilmədikləri halda, bu məsələlər iddiaçının ölkəsinin aidiyyəti üzrə məhkəməsində həll ediləcək və çıxarılan qərar yekun hesab ediləcəkdir. İş materiallarında olan 15 avqust 2022-ci il tarixli 005VS**********5 nömrəli, 15 avqust 2022-ci il tarixli 005VS**********5 nömrəli, 26 avqust 2022-ci il tarixli 005VS**********2 nömrəli, 29 avqust 2022-ci il tarixli 005VS**********1, 13 sentyabr 2022-ci il tarixli 005VS**********9 nömrəli, 17 noyabr 2022-ci il tarixli 005VS**********0 nömrəli, 05 yanvar 2023-cü il tarixli 005VS********** nömrəli, 05 yanvar 2023-cü il tarixli 005VS**********5 nömrəli, 24 yanvar 2023-cü il tarixli 005VS**********5 nömrəli, 17 fevral 2023-cü il tarixli 005VS**********2 nömrəli, 21 fevral 2023-cü il tarixli 005VS**********6, 23 fevral 2023-cü il tarixli 005VS**********8 nömrəli, 08 may 2023-cü il tarixli 005VS**********1 nömrəli, 28 avqust 2023-cü il tarixli 005VS**********7 nömrəli, 08 sentyabr 2023-cü il tarixli 005VS**********5 nömrəli, 15 sentyabr 2023-cü il tarixli 005VS**********2 nömrəli, 09 oktyabr 2023-cü il tarixli 005VS**********3, 13 oktyabr 2023-cü il tarixli 005VS**********6 nömrəli, 31 yanvar 2024-cü il tarixli 005VS**********7, 22 fevral 2024-cü il tarixli 005VS**********9, 04 aprel 2024-cü il tarixli 005VS**********8, 08 aprel 2024-cü il tarixli 005VS**********6 nömrəli, 08 aprel 2024-cü il tarixli 005VS**********8 nömrəli və 16 may 2024-cü il tarixli 005VS**********8 ödəniş qəbzlərindən görünür ki, iddiaçı tərəfindən cavabdehin bank hesabına, ümumilikdə 3475331,64 ABŞ dolları məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan 12 sentyabr 2022-ci il tarixli, 20 sentyabr 2022-ci il tarixli, 16 noyabr 2022-ci il tarixli, 23 noyabr 2022-ci il tarixli, 30 noyabr 2022-ci il tarixli, 01 dekabr 2022-ci il tarixli, 05 yanvar 2023-cü il tarixli, 06 yanvar 2023-cü il tarixli, 16 mart 2023-cü il tarixli **********2145 nömrəli, 16 mart 2023-cü il tarixli **********2155 nömrəli, 16 mart 2023-cü il tarixli **********2361 nömrəli, 17 mart 2023-cü il tarixli, 01 avqust 2023-cü il tarixli **********3606 nömrəli, 01 avqust 2023-cü il tarixli **********3709 nömrəli, 04 sentyabr 2023-cü il tarixli, 03 oktyabr 2023-cü il tarixli, 27 oktyabr 2023-cü il tarixli, 15 dekabr 2023-cü il tarixli, 28 mart 2024-cü il tarixli **********0099 nömrəli, 28 mart 2024-cü il tarixli **********0182 nömrəli, 24 aprel 2024-cü il tarixli, 13 may 2024-cü il tarixli **********4580 nömrəli, 13 may 2024-cü il tarixli **********4670 nömrəli, 13 iyun 2024-cü il tarixli **********5154 nömrəli, 13 iyun 2024-cü il tarixli **********5112 nömrəli, 24 iyun 2024cü il tarixli, 22 iyul 2024-cü il tarixli, 09 avqust 2024-cü il tarixli və 29 avqust 2024-cü il tarixli gömrük bəyannamələrindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya ümumi dəyəri 3151979,87 ABŞ dolları məbləğində mallar göndərilmişdir. İş materiallarında olan xx.xx.2023-xx.xx.2023-cü il tarixlərini əhatə edən çap tarixi 09 aprel 2025-ci il tarixli hesabdan çıxarış sənədindən görünür ki, cavabdeh tərəfindən iddiaçının bank hesabına 12 oktyabr 2023-cü il tarixdə 4076,82 ABŞ dolları məbləğində pul vəsaiti mədaxil edilmişdir. İş materiallarında olan sol yuxarıda hissəsində cavabdeh hüquqi şəxsin, “Qəbul edən tərəf” qrafasında iddiaçı hüquqi şəxsin adları qeyd edilmiş xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli kommersiya hesablarından (“Commercial invoice”), bu sənədlərə əlavə edilmiş HAWB:CJİCM9734 nömrəli hava nəqliyyatı üzrə yük qaiməsindən, multimodal nəqliyyat konosamentlərindən görünür ki, cavabdeh tərəfindən 37266 ABŞ dolları və 61116,24 ABŞ dolları dəyərində olar mallar göndərilmişdir (İddiaçının nümayəndəsi izahatında həmin yüklərin cavabdeh tərəfindən onların xarici ölkədəki müştərilərinə göndərildiyini qeyd etmişdir). İş materiallarında olan “Ticarət lisenziyası”na əsasən, Cavabdeh şirkətinin mənşə ölkəsi X1, lisenziya nömrəsi DMCC-846939, hesab nömrəsi 361565, qeydiyyat nömrəsi DMCC193483 kimi göstərilmiş və fəaliyyət növünün “enerji istehsalı, ötürülməsi və paylanması avadanlığı” olduğu qeyd edilmişdir. İş materiallarında olan DMCC193483 nömrəli qeydiyyat şəhadətnaməsinin məzmununda “X2 Center Authority (DMCAA) Şirkətlər Qeydiyyatçısı bununla Cavabdehnin 24 may 2022-ci il tarixində məhdud məsuliyyətli şirkət kimi təsis edildiyini və 2001-ci il tarixli (4) saylı Qanunun müddəalarına uyğun olaraq bütün tələblərin yerinə yetirildiyini təsdiq edir. X2 Center Authority (DMCAA)-nin yaradılması və ona edilən düzəlişlərlə bağlı 1 may 2002-ci il tarixli Əsasnamə həyata keçirilmişdir” qeyd edilmişdir. İş materiallarında olan "xxxx" MMC-dən təqdim edilmiş 18 fevral 2025-ci il tarixli, 29 mart 2025-ci il tarixli və 21 aprel 2025-ci il tarixli arayışlardan görünür ki, iddiaçı tərəfindən məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatları əks etdirən bildirişlər, o cümlədən məhkəmə baxışı iclasının təyin edilməsi barədə qərardad cavabdehə çatdırılmışdır. Tətbiq edilən hüquq: “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanununun 1.3-cü maddəsinə əsasən, xarici elementli mülki hüquqi münasibətlərə tətbiq ediləcək hüququ müəyyən etmək barədə tərəflərin razılığı aydın ifadə olunmalı və ya bütövlükdə götürülməklə müqavilənin şərtlərindən və işin hallarından bilavasitə irəli gəlməlidir. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, müqavilə ilə bağlı tərəflərin hüquq və vəzifələrinin müəyyən edilməsi, müqavilənin təfsiri, icrası, icra edilməməsi, xitamı, lazımi qaydada icra edilməməsinin və etibarsızlığının nəticələri, habelə müqavilə ilə əlaqədar tələbin güzəşti və borcun köçürülməsi tərəflərin razılığı ilə seçilən ölkənin hüququ ilə tənzimlənir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 567-ci madəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 569.1-ci maddəsinə əsasən, satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 28-ci maddəsinə əsasən, əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin iştirak etdikləri işlərə, əgər dövlətlərarası sazişlərlə, beynəlxalq müqavilələrlə və ya tərəflərin sazişi ilə digər hallar nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının məhkəmələri bu Məcəllə ilə müəyyən edilmiş aidiyyət qaydalarına uyğun olaraq baxırlar. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 440.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. Həmin Məcəllənin 440.2-ci maddəsinə əsasən, məhkəmələrdə xarici şəxslərin iştirak etdikləri işlər üzrə icraat bu Məcəlləyə və digər qanunlara uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 450.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəməsi bu bölməyə uyğun olaraq səlahiyyətli olmamasına baxmayaraq, tərəflər Azərbaycan Respublikası məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə razılığa gələ bilərlər. Belə razılıq yazılı şəkildə olmalıdır. “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 dekabr 2023-cü il tarixli 15/2023 nömrəli qərarının 2.1-ci bəndinə əsasən, məhkəmələrin beynəlxalq səlahiyyəti, xarici elementli mübahisələrin konkret dövlətin milli məhkəmələrinə olan aidiyyətidir. Əgər hər hansı dövlətin milli məhkəməsi xarici şəxslərin iştirakı ilə olan müvafiq iş üzrə beynəlxalq səlahiyyətə malik deyilsə, həmin işə baxa bilməz. Azərbaycan Respublikasının kommersiya məhkəmələri də xarici şəxslərin iştirakı ilə olan mübahisələrə yalnız o zaman baxa bilərlər ki, həmin mübahisələr üzrə beynəlxalq səlahiyyətə malik olsunlar. Həmin Qərarın 2.2-ci bəndinə əsasən, xarici elementli mübahisələr üzrə Azərbaycan Respublikasının məhkəmələri beynəlxalq müqavilələrlə və ya tərəflərin razılaşması əsasında digər qayda müəyyən edilmədiyi halda (MPM-nin 28-ci maddəsi) beynəlxalq səlahiyyətə malikdir. Ona görə də, xarici elementli kommersiya mübahisələrində məhkəmələrin MPM ilə müəyyən edilmiş beynəlxalq səlahiyyətə malik olub-olmamalarının müəyyən edilməsi üçün ilk növbədə qeyd olunan iki haldan hər hansı birinin mövcudluğu aydınlaşdırılmalıdır. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, əgər xarici elementli kommersiya mübahisəsinə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən baxılmasını istisna edən, bu Qərarın 2.2-ci bəndində göstərilən hallardan hər hansı biri mövcud deyilsə, MPM-in məhkəmələrin beynəlxalq səlahiyyətinin ümumi şərtlərinin təsbit olunduğu 440.1ci maddəsinin tələbləri əsas götürülməlidir. Həmin maddənin tələbləri baxımından xarici elementli kommersiya mübahisəsində məhkəmələrin beynəlxalq səlahiyyətinin ümumi şərtləri aşağıdakılardır: - işdə iştirak edən şəxslərdən hər hansı birinin xarici şəxs olması; xarici şəxsin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yerin olması. Həmin Qərarın 5.6-cı və 5.7-ci bəndlərinə əsasən, mübahisəli hüquq münasibətinə tətbiq edilməli dövlətin maddi hüququnun məhkəmələr tərəfindən seçilməsinin hüquqi əsasları aşağıdakılardır: 1) mübahisə tərəfləri arasında bağlanmış müqavilə (razılaşma); 2) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası ikitərəfli və ya çoxtərəfli beynəlxalq müqavilələr; 3) ümumi qəbul olunmuş beynəlxalq adətlər; 4) “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanunu; 5) digər milli qanunvericilik aktları (“Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsi). Tətbiq edilməli olan maddi hüququn seçilməsinə dair tərəflərin razılığı ayrıca müqavilə formasında və ya hər hansı müqavilənin şərtlərindən biri kimi ifadə edilə bilər. Məhkəmənin mövqeyi: Məhkəmə, ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanununun 1.3-cü və 24.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 28-ci və 440.1-ci maddələrinə və tərəflər arasında bağlanmış 08 avqust 2022-ci il tarixli təchizat və xidmət müqaviləsinin 10.1-ci və 10.2-ci bəndlərinə əsasən, hazırkı iş üzrə Sumqayıt Kommersiya Məhkəməsi beynəlxalq səlahiyyətə malikdir və mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikasının maddi hüquq normaları tətbiq edilməlidir. İstinad edilən normaların dispozisiya şərtlərinə və tərəflərin razılaşdırdıqları müqavilə şərtlərinə əsasən, Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun və bu kimi işlərə tərəflərin sazişi ilə digər hallar nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının məhkəmələri bu Məcəllə ilə müəyyən edilmiş aidiyyət qaydalarına uyğun olaraq baxılır. İş materialları ilə müəyyən edilir ki, iddiaçı və cavabdeh arasında 08 avqust 2022-ci il tarixli təchizat və xidmət müqaviləsi bağlanılmış, müqavilə öhdəliklərinə uyğun olaraq satıcı qismində olan cavabdeh alıcı qismində olan iddiaçını həmin müqavilənin predmeti olan mallarla təmin etməyi, alıcı isə həmin malların dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə edilmiş ödəniş tapşırıqları və gömrük bəyannamələri ilə müəyyən edilir ki, iddiaçı tərəfindən cavabdehə ödənilmiş 3475331,64 ABŞ dolları məbləğində pulun müqabilində cavabdeh tərəfindən iddiaçıya 3151979,87 ABŞ dolları dəyərində mallar göndərilmişdir. Bundan başqa, gömrük bəyamnamələrində göstərilənlərdən savayı, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli kommersiya hesablarına (“Commercial invoice”) və ona əlavələrə əsasən, cavabdeh tərəfindən 37266 ABŞ dolları və 61116,24 ABŞ dolları dəyərində olar mallar iddiaçının xarici ölkədəki müştərisinə göndərilmiş, eyni zamanda 09 aprel 2025-ci il tarixli hesabdan çıxarış sənədinə əsasən, 12 oktyabr 2023-cü il tarixdə 4076,82 ABŞ dolları məbləğində pul vəsaiti cavabdeh tərəfindən iddiaçının bank hesabına mədaxil edilmişdir. Təqdim edilmiş sənədlər əsasında aparılmış hesablamalarla cavabdehin iddiaçıya olan borcunun məbləği (3475331,64 ABŞ dolları - 3151979,87 ABŞ dolları - 37266 ABŞ dolları - 61116,24 ABŞ dolları - 4076,82 ABŞ dolları) 220892,71 ABŞ dolları təşkil etsə də, iddiaçının nümayəndəsi bu məbləğlə iddia tələbində tutulması xahiş edilən məbləğ arasındakı fərqin iddiaçı təşkilatın mühasibatlığı tərəfindən hesablama aparılarkən cavabdehin etdiyi ödənişlərin səhvən bir neçə dəfə nəzərə alınması ilə izah etdi və iddia tələbinin həcminin azaldılması haqqında ərizədə göstərilən məbləğdə iddianı müdafiə etdiyini bildirdi. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən 08 avqust 2022-ci il tarixli təchizat və xidmət müqaviləsi üzrə 216732 ABŞ dolları məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə qeyd edilən nəticəyə gələrkən, həm də onu nəzərə alır ki, işə əlavə edilmiş poçt şirkətinin müvafiq arayışlarına əsasən, işin məhkəmədə baxılmağa hazırlanması ilə əlaqədar keçirilmiş iclasların, o cümlədən məhkəmə baxış iclasının yeri və vaxtı barədə cavabdeh təşkilat əvvəlcədən məlumatlandırılmış və hazırkı iddia ilə bağlı məhkəməyə hər hansı etiraz və ya təkzibedici sübutlar daxil olmamışdır. Bundan əlavə, iddia tələbinin hüquqi yardımın göstərilməsi ilə bağlı ödənilmiş 320 manat məbləğində pulun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə hissəsinə gəldikdə, iş materiallarına əlavə edilmiş 26 dekabr 2024-cü il tarixli **********8 nömrəli ödəniş qəbzi ilə müəyyən edilir ki, iddiaçı tərəfindən vəkilin göstərdiyi yardıma görə Bakı şəhəri 22 saylı Vəkil bürosunun hesabına 320 manat məbləğində pul ödənilmişdir. Mülki Prosessual Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərin sırasına aiddir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbinin bu hissəsi də təmin edilməli, iddiaçı tərəfindən vəkilin göstərdiyi yardıma görə ödənilmiş 320 manat məbləğində pul vəsaitinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, iddia tələbinin 900 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına aid hissəsinə gəldikdə, iş materiallarında olan 02 dekabr 2024-cü il tarixli **********02 nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman 900 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.4-cü maddəsinə əsasən, iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən, hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 658 manat təşkil etdiyindən, həmin məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə qeyd edilənləri nəzərə alaraq, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 216732 ABŞ dolları məbləğində borc ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə, hüquqi yardımla bağlı ödənilmiş 320 (üç yüz iyirmi) manat məbləğində xidmət haqqının və 658 manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh şirkətindən 216732 (iki yüz on altı min yeddi yüz otuz iki) ABŞ dolları məbləğində əsas borc ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə, hüquqi yardımla bağlı ödənilmiş 320 (üç yüz iyirmi) manat məbləğində xidmət haqqının və 658 (altı yüz əlli səkkiz manat) manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-243/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-243/2025
29.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver