Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-2431/2025 13.02.2026 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “qazın verilişinin bərpa edilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddia tələbi və tərəflərin izahatları:
1. İddiaçı Cavabdehnə qarşı “qazın verilişinin bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X2 İstismarı İdarəsi tərəfindən "Zelyonıy buqor" adlı kafeyə qazın verilişinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində Qusar şəhəri, Ş.Piroğlanov küçəsində yerləşən "Zelyonıy buqor" adlı kafe vardır. İddiaçı Bakı Layihə İnstitutunda tərtib edilmiş layihəni 2003-cü ildə X3 İdarəsində məsul şəxsə təqdim etmiş, layihənin iddiaçıda olan nüsxəsini də qaz çəkməyə əsas kimi ondan götürmüşdürlər. Müvafiq idarənin məsul şəxsləri kafeyə qaz çəkərək sayğac quraşdırmışdırlar. İddiaçı **********00010 nömrəli abonent kodu üzrə 2019-cu ilə kimi istifadə etdiyi qazın haqqını ödəmiş, sonralar səhhəti ilə əlaqədar fəaliyyətini dayandırmışdır. 2025-ci ilin yanvar ayında kafeni yenidən işlətmək istəyəndə X2 İdarəsi qazın layihəsini tələb etmiş, iddiaçı isə həmin layihəni vaxtı ilə Qusar Qaz İdarəsinə təqdim etdiyini bildirmiş, ona cavab olaraq Qusar Qaz İdarəsi ləğv olunanda iddiaçıya məxsus layihənin X2 İdarəsinə təqdim edilmədiyi deyilmişdir. İdarənin Qusar nümayəndəliyinə müraciət etdikdə isə ona 10 ildən çox müddət keçən arxiv sənədlərinin orada qalmadığı və layihənin də orada mövcud olmadığı bildirilmişdir. Qeyd edilməlidir ki, 2014-cü ildə Qusar Qaz İdarəsi ləğv olunaraq X2 İdarəsi yaradılmışdır. Həmin vaxtdan 2019-cu ilə kimi iddiaçıya məxsus kafeyə qaz verilişi davam etdirilmiş, iddiaçı 2003-cü ildən 2019-cu ilə kimi qazı sərf edərək pulunu qanuni formada ödəmişdir. 2010-cu ilə qədər Qusar Qaz İdarəsində abonent saldosu arxivi qalmadığına görə qaz idarəsi iddiaçıya 2010-cu ildən etibarən istifadə edilən qazın abonent saldosu və inventar aktını təqdim edərək abonent kodunun sistemdə aktiv qaldığını bildirmişdir. Layihə müvafiq qaz idarəsində itirilmişdir, yəni iddiaçının həmin məsələdə hansısa təqsiri yoxdur. İddiaçıya məxsus kafeyə qaz qanuni olaraq layihə əsasında çəkilmiş, sayğac quraşdırılmışdır və iddiaçı 16 il ərzində istehlak edilən qazın pulunu ödəmişdir.
3. Cavabdeh 05 dekabr 2025-ci il tarixdə iddiaya etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, təqdim olunmuş sənədlərdən görünür ki, “Zelyonıy buqor” kafesi 17 yanvar 2025-ci il tarixdə İddiaçı mülkiyyətinə keçmişdir. Onun 2003-cü ildə həmin kafeni hansı mülkiyyət sənədi ilə layihələndirə biləcəyi məlum deyildir. Bundan başqa, İddiaçı müraciətinə cavab olaraq göndərilmiş məktubda həmin qeyri-yaşayış sahəsinin qazla təchiz edilməsi üçün hazırlanmış layihə-smeta sənədlərinin Cavabdeh İB-nin Layihə Konstruktor Bürosunun arxivində olmadığı qeyd edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 3.3.8-ci yarımbəndinə əsasən sənaye qaz qurğularından istifadə edən istehlakçılar qaz qurğularının layihə və istismara qəbul sənədlərini istismar müddəti ərzində özlərində saxlamalıdırlar. Digər tərəfdən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2023-cü il tarixli 215 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcısı tərəfindən qaz qurğularında, qaz xətlərində və tüstü bacalarında müayinənin keçirilməsi Qaydaları”na əsasən 2024-cü ildən etibarən qeyd olunan müayinələrin aparılması qazpaylayıcısına tapşırılmışdır. Qazlaşdırılmış obyektin texniki şərtləri, layihə-smeta sənədləri (“LSS”) olmadan bu müayinələrin aparılması qeyrimümkündür. Bu sənədlər olmadan obyektdə baş verə biləcək hər hansı hadisəyə görə qazpaylayıcısı məsuliyyət daşıyır.
4. Məhkəmə iclaslarında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək, həmçinin bildirmişdir ki, cavabdeh təşkilat tərəfindən sayğac dəyişdirilmişdir. Qeyri-yaşayış obyekti qazla təchiz edilməyəcəyi halda sayğacın dəyişdirilməsinin səbəbi ona aydın deyildir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən təqdim edilmiş təhlükəsizlik qaydalarına riayət edilməsi ilə bağlı sənəd iş materiallarına əlavə edilmişdir. Cavabdehin nümayəndəsi “Qaz paylayıcısı tərəfindən qaz qurğularında, qaz xətlərində və tüstü bacalarında müayinənin keçirilməsi Qaydaları”na istinad edərək layihə sənədi olmayan abonentə qazın verilməsinin dayandırılmalı olduğunu bildirmişdir. Həmin qərar 01 yanvar 2024-cü il tarixindən qüvvəyə minmişdir. İddiaçıda layihə sənədi olmasa da, qaz xətti mövcuddur və həmin qaz xətti istismar qaydalarına riayət edilməklə çəkilmişdir. Həmin qərarın tətbiqi iddiaçının vəziyyətini xeyli ağırlaşdırmışdır. Nəzərə alınmalıdır ki, qanunun ağırlaşdırıcı halda geriyə qüvvəsi yoxdur. İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
5. Məhkəmə iclaslarında cavabdehin nümayəndəsi iddiaya etirazın məzmununa uyğun izahatlar verərək, həmçinin bildirmişdir ki, iddiaçının obyektinə qazın verilməsi 2019-cu ildə keçirilmiş yoxlamanın nəticəsi olaraq texniki qaydalara riayət edilmədiyi müəyyən edildiyi üçün dayandırılmışdır. İddiaçı həmin obyektə 2025-ci ildə mülkiyyət hüququna dair çıxarış əldə etmişdir. Təkrar qazın verilişini bərpa etdirmək istəyərkən iddiaçıya layihə sənədinin zəruri olduğu bildirilmişdir. Layihə sənədi cavabdeh təşkilat tərəfindən verilmiş texniki şərt əsasında hazırlanır. Layihə sənədi hazırlandıqdan sonra “X1 Agentliyi” publik hüquqi şəxsi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən təsdiqlənir. Bu təsdiqləmələrdən sonra layihə sənədi podratçı təşkilata təqdim edilir. Layihə sənədinin bir nüsxəsi abonentdə, bir nüsxəsi podratçıda, bir nüsxəsi isə layihə-konstruktor bürosunda qalır. Podratçı qaz xəttini çəkdikdən sonra cavabdeh təşkilat tərəfindən baxış keçirilərək, plomb, sayğac quraşdırılır, daha sonra isə abonent kodu açılır. “Qazdan istifadə Qaydaları”nın 3.3.8-ci yarımbəndində sənaye qaz qurğularından istifadə edən istehlakçıların vəzifələrindən biri də qaz qurğularının layihə və istismara qəbul sənədlərini istismar müddəti ərzində özündə saxlamaq olaraq müəyyən edilmişdir. Cavabdeh təşkilatın layihə-konstruktor bürosunda bu layihə sənədi mövcud deyildir və belə nəticəyə gəlmək olar ki, layihə sənədi, ümumiyyətlə mövcud olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2023-cü il tarixli 215 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcısı tərəfindən qaz qurğularında, qaz xətlərində və tüstü bacalarında müayinənin keçirilməsi Qaydaları”na əsasən, təhlükəsizlik qaydalarına nəzarət qaz paylayıcı təşkilata həvalə edilmişdir. Məhz bununla əlaqədar cavabdeh təşkilatın əməkdaşları tərəfindən baxış keçirilən zaman layihə sənədi tələb edilmiş, lakin iddiaçı tərəfindən təqdim edilməmişdir. Bu sənədlər mövcud olmadığından abonentə qazın verilişinin bərpa edilməsi mümkün olmamışdır. Cavabdehin nümayəndəsi göstərilənlərin nəzərə alınaraq məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
6. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini, iddia ərizəsinə etirazı, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir.
İş materialları:
7. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 25 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasi İddiaçı xüsusi mülkiyyətindədir.
8. İş materiallarında olan Cavabdeh İB-nin X2 istismarı İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 19 fevral 2025-ci il tarixli məktubun məzmununda “X2 istismarı İdarəsinə ünvanlanmış müraciətiniz ilə əlaqədar bildiririk ki, sahibi olduğunuz Qusar rayonunda yerləşən "Mağaza Zelyonıy buqor" ilə yeni qazın alqı-satqısı barədə müqavilənin bağlanılması üçün obyektin layihə-smeta sənədləri tərəfinizdən təqdim olunmalıdır. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq olunmuş "Qazdan istifadə Qaydaları"nın 3.3.8-ci bəndinə əsasən, sənaye qaz qurğularından istifadə edən istehlakçılar qaz qurğularının layihə və istismara qəbul sənədlərini istismar müddəti ərzində özündə saxlamalıdırlar. Əgər layihəsmeta sənədləri hər hansı bir səbəbdən yoxdursa "Azəriqaz” İstehsalat Birliyinə (ünvan: ünvan 5ini əldə edə bilərsiniz” qeyd edilmişdir.
9. İş materiallarında olan Cavabdeh İB tərəfindən İddiaçı ünvanlanmış 12 mart 2025ci il tarixli məktubun məzmununda “... müraciətdə qeyd olunan qeyri-yaşayış sahəsinin qazlaşdırılması üçün hazırlanmış layihə-smeta sənədi Cavabdeh İB-nin Layihə Konstruktor Bürosunun arxivində mövcud deyil ...” qeyd edilmişdir.
10. İş materiallarında olan Cavabdeh İB-nin X2 istismarı İdarəsi tərəfindən “Kafe Zelyonıy buqor” adlı obyektin rəhbərliyinə ünvanlanmış “qaz sayğacının yararsızlığı barədə” məktubun məzmununda “Qusar şəhəri Piroğlanov küçəsində yerləşən Kafe Zelyonıy buqor adlı obyektin inzibati binasına gedən qaz xəttindən açılmış və 07 may 2025-ci il tarixində dövlət yoxlamasına göndərilmiş “G-4T” markalı “ELSTER” tipli ******* zavod nömrəli sayğaca "Azərbaycan Metrologiya İnstitutu" publik hüquqi şəxsinin "xxxx" MMC-də baxış keçirilmişdir. Baxış zamanı "sayğac istismara yararsız" aşkar olunmuş və sayğacın yararsızlığı barədə "DP Q.M 0720/2025/71" nömrəli protokol tərtib edilmişdir. Belə olan halda "Qazdan istifadə qaydaları" haqqında Nazirlər Kabinentinin 80 nömrəli qərarına əsasən həmin yararsız olan sayğacın yerinə istehlakçının vəsaiti hesabına yeni sayğac techiz edilir, quraşdırılır və dəyişdirilir. Beləliklə müvafiq qanunvericiliyin tələbinə uyğun olaraq 27 iyun 2025-ci il tarixinə kimi öz vəsaitiniz hesabına yeni sayğac alınması ilə bağlı Xaçmaz RQİİ-nin Qusar xidmət sahəsinə müraciət etməyiniz tövsiyə olunur” qeyd edilmişdir.
11. İş materiallarında olan “Qeyri-əhali sektoru üzrə təbii qaz verilişinin dayandırılması barədə” 05 aprel 2022-ci il tarixli 117 nömrəli aktın məzmununda “Zelyonıy buqor” kafesinə qaz təminatının dayandırıldığı qeyd edilmişdir.
12. İş materiallarında olan “Qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 17 fevral 2025-ci il tarixli ******* nömrəli aktın məzmunundan görünür ki, “Zelyonıy buqor” kafesindəki “G-4T” markalı “ELSTER” tipli ******* nömrəli sayğac növbəti dövlət yoxlamasına göndərilmək üçün çıxarılmışdır.
13. İş materiallarına, həmçinin abonent saldosu, 06 sentyabr 2022-ci il tarixli EL- 593/2022 nömrəli xüsusi lisenziya, 06 iyun 2024-cü il tarixli müqavilə və 16 iyun 2024-cü il tarixli arayış əlavə edilmişdir.
Tətbiq edilən hüquq:
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
15. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
16. Həmin Məcəllənin 390.2-ci maddəsinə əsasən, müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir.
17. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 18 Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
20. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.
21. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
22. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.35-ci maddəsinə əsasən, sənaye qaz qurğusu - qaz sərfiyyatı saatda 10 kubmetrdən artıq olan və ya qeyri-məişət ehtiyacları üçün istifadə olunan qaz qurğusudur.
23. Həmin Qanunun 1.1.37-ci maddəsinə əsasən, texniki şərtlər - tikinti obyektlərinin qaz təchizatı üçün layihələndirilməsinə əsas olan və qazın verilməsi ilə bağlı mühəndistexniki parametrləri özündə əks etdirən texniki sənəddir.
24. Həmin Qanunun 1.1.39-cu maddəsinə əsasən, texnoloji qoşulma - qazpaylayıcı sistem operatoru ilə bağlanılmış qoşulma müqaviləsinə və verilmiş texniki şərtlərə uyğun olaraq, tikinti obyektindən qazpaylayıcı şəbəkənin qoşulma nöqtəsinədək qaz xətlərinin tikintisinə (çəkilməsinə) və ya əlavə qaz həcmi alınmasına dair layihənin hazırlanması və tikinti-quraşdırma işlərinin görülməsi, tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə fiziki qoşulması və qoşulma aktının tərtib edilməsinə dair göstərilən xidmətdir.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.2-ci bəndinə əsasən, qaz paylayıcısı - alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanılmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehdir.
26. Həmin Qaydaların 1.3-cü bəndinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Qaz paylayıcısı və istehlakçının bu Qaydalara qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Fiziki şəxs sənaye qaz qurğularından istifadə etdiyi halda, onunla 3 nömrəli əlavəyə uyğun müqavilə bağlanılır.
27. Həmin Qaydaların 3.1-ci bəndinin yarımbəndlərində qaz paylayıcısının (Cavabdeh İB-nin) vəzifələri təsbit edilmişdir. Bilavasitə həmin bəndin məzmununa əsasən, qaz paylayıcısı tərəfindən bu vəzifələr qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə yerinə yetirilməlidir.
28. Həmin Qaydaların 3.2.2-ci bəndinə əsasən, qazdan istifadə edən istehlakçılar qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etməlidirlər.
29. Həmin Qaydaların 3.3.8-ci yarımbəndinə əsasən, sənaye qaz qurğularından istifadə edən istehlakçılar qaz qurğularının layihə və istismara qəbul sənədlərini istismar müddəti ərzində özündə saxlamalıdırlar.
30. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
31. Həmin Qaydaların 6.1.5-ci yarımbəndinə əsasən, qaz paylayıcısı ilə müvafiq müqavilə bağlanılmadıqda, qaz paylayıcısı Qaydaların 3.1.4-cü yarımbəndinin tələblərinə əməl etməklə qazın verilməsini dayandırır.
32. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 14-cü bəndinin ikinci abzasına əsasən, təbii inhisar subyektlərinin təsərrüfat subyektləri və istehlakçılarla daxil olduqları münasibətlər (təbii inhisar subyektlərinin şəbəkələrinə qoşulma, texniki şərtlərin verilməsi, məhsulun satışına dair müqavilə bağlanılması və s.) isə konkret subyektlərə təbii inhisar fəaliyyətinə aid edilmiş sahələr üzrə məhsulun satışı və ya xidmətlərin təqdim edilməsinə yönəlmiş iqtisadi fəaliyyət olmaqla son nəticədə mülki-hüquqi xarakter daşıyır. Həmin münasibətlər xüsusi hüquq rejiminə tabe edildiyinə görə, bununla bağlı yaranmış mübahisələr inzibati hüquq sahəsində yaranmış münasibətlər kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan işlərə mülki mühakimə icraatı qaydasında kommersiya və ya ümumi məhkəmələrdə baxılmalıdır.
Məhkəmənin mövqeyi:
33. Məhkəmə, ilk növbədə işin aidiyyəti ilə bağlı xüsusi olaraq vurğulayır ki, hazırkı mübahisə təbii inhisar subyekti olan Cavabdeh İB ilə təsərrüfat subyekti olan iddiaçı arasında müvafiq sahə üzrə məhsulun satışına yönəlmiş iqtisadi fəaliyyətlə bağlı olduğundan yuxarıda istinad edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında təsbit edilmiş hüquqi mövqelər nəzərə alınmaqla işə mülki mühakimə icraatı qaydasında baxılması mümkün hesab edilmişdir.
34. İddia tələbi iddiaçının mülkiyyətində olan qeyri-yaşayış obyektinə qazın verilişinin bərpa edilməsi barədədir.
35. Həmin qeyri-yaşayış obyektinin **********0010 nömrəli abonent kodu üzrə 2019cu ilədək qazla təchiz edilməsi işin mübahisəsiz halıdır. Obyekt 2019-cu ildən ildən 2025-ci ilədək fəaliyyət göstərməmiş, 2025-ci ildə fəaliyyətini bərpa etmək istəyən iddiaçı qazın verilişinin bərpa edilməsi üçün cavabdehə müraciət etsə də, müraciəti təmin edilməmişdir.
36. Məhkəmə iddianı əsaslı hesab etmir, çünki qeyri-yaşayış obyektinin qazla təchiz edilməsi üçün zəruri sənədlər - qazın alqı-satqı müqaviləsi, texniki şərt, müvafiq layihə sənədləri iddiaçı tərəfindən nə məhkəməyə, nə cavabdehə təqdim edilməmişdir.
37. İddiaçı əvvəllər bu sənədlərin mövcud olmasını iddia edir, halbuki nə özü bu sənədləri təqdim edə bilir, nə də ki, cavabdehin arxivində bu sənədlər aşkar edilmişdir (8-ci bənd).
38. Halbuki “Qazdan istifadə Qaydaları”nın (bundan sonra - Qaydalar) 3.3.8-ci yarımbəndinə əsasən, sənaye qaz qurğularından istifadə edən istehlakçılar qaz qurğularının layihə və istismara qəbul sənədlərini istismar müddəti ərzində özündə saxlamalıdırlar.
39. Bütün bunlarla yanaşı, qeyd edilməlidir ki, qaz paylayıcısı tərəfindən istehlakçıları qazla təchiz etmə, eləcə də istehlakçılar tərəfindən qazdan istifadə edilmə yüksək texnoloji risklərlə müşayiət olunan fəaliyyətdir və bu fəaliyyət texniki təhlükəsizlik qaydalarına uyğun həyata keçirilməlidir.
40. Qaz təchizatının mühəndis-texniki parametrləri layihə sənədləri və texniki şərtlərdə, hüquqi və digər parametrləri isə qazın alqı-satqı müqaviləsində öz əksini tapır (istinad edilmiş “Qaz təchizatı haqqında” Qanunun 1.1.37-ci və 1.1.39-cu maddələri, Qaydaların 1.3-cü bəndi).
41. Fiziki şəxs sənaye qaz qurğularından istifadə etdiyi halda, Qaydaların 3 nömrəli Əlavəsinə uyğun müqavilə bağlanılır. Həmin müqavilədə tərəflərin hüquq və vəzifələri öz əksini tapır, bu isə tərəflər arasında münasibətlərin və potensial mübahisələrin, hadisə baş verdikdə isə, məsuliyyət məsələsinin həlinin hüquqi tənzimlənməsinə xidmət edir.
42. Belə müqavilənin olmaması qazın verilməsininin dayandırılması üçün əsasdır (Qaydaların 6.1.5-ci yarımbəndi).
43. Hazırkı halda bu sənədlərin hər hansı biri mövcud deyildir. Belə olduğu halda qazın verilişinin bərpa edilməsi tələbi əsaslı hesab edilə bilməz. Əgər 2019-cu ilədək qazla təchizat texniki şərt olmadan və (və ya) müqavilə bağlanılmadan həyata keçirilmişdirsə (halbuki iddiaçı bunun əksini iddia edir, yəni layihə sənədinin və müqavilənin mövcud olduğunu bildirir), bu o demək deyildir ki, həmin vəziyyət davam etməlidir.
44. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə qarşı verilmiş “qazın verilişinin bərpa edilməsi” tələbi barədə iddia ərizəsi təmin edilməməlidir.
45. İddia tələbi təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir.
46. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT E T D İ:
İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “qazın verilişinin bərpa edilməsi” tələbi barədə iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fərman Həmidli