Məhkəmə qərarları › İş №e-2-2(119)-2440/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-2440/2025

08.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-2440/2025 08.12.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı tərəfindən Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1746,4 (min yeddi yüz qırx altı manat, qırx qəpik) manat məbləğində borc (1480 manat məbləğində əsas borc və 266,4 manat məbləğində ƏDV borcu olmaqla), 663 (altı yüz altmış üç) manat məbləğində cərimə və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 45 (qırx beş) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında 01 may 2024-cü il tarixli NX0105/24 nömrəli nəqliyyat-ekspeditor xidmətlərinin göstərilməsi, 15 aprel 2024-cü il tarixli 1504/24 nömrəli kimyəvi malların alqı-satqısı və 25 may 2023-cü il tarixli 2505/23 nömrəli alqı-satqı üzrə müqavilələr bağlanmışdır. Cavabdehlə bağlanmış 25 may 2023-cü il tarixli 2505/23 nömrəli alqı-satqı müqaviləsi üzrə öhdəliklər tam icra edilmişdir. Nəqliyyatekspeditor xidmətlərinin göstərilməsi üzrə müqavilənin 1.1-ci bəndinə əsasən, iddiaçı cavabdehə yüklərin avto-qaldırıcı nəqliyyat vasitəsi ilə boşaldılması xidmətini göstərməyi, cavabdeh isə göstərilən xidmətə əsasən müqavilənin 1.2-ci bəndində müəyyən edilmiş, ƏDV daxil olmaqla 413 manat məbləğində aylıq xidmət haqqını iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Kimyəvi malların alqı-satqısı üzrə müqaviləyə əsasən isə iddiaçı cavabdehə malları satmağı, cavabdeh isə onları qəbul edib müqavilənin 3.1-ci bəndi ilə müəyyənləşdirilmiş məbləği iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən, malın qiyməti protokol əsasında müəyyən edilir və ödəniş cavabdeh tərəfindən iddiaçının bank hesabına köçürülmə yolu Azərbaycan manatı ilə həyata keçirilir. Yuxarıda nəzərdə tutulan NX0105/24 nömrəli xidmət müqaviləsi üzrə iddiaçı tərəfindən cavabdehə avto-qaldırıcı (kara) nəqliyyat vasitəsi ilə boşaldılma xidməti göstərilmiş və müvafiq olaraq elektron qaimələr cavabdehə təqdim edilmişdir. Belə ki, 23 may 2024-cü il tarixində MT**********95 nömrəli elektron qaimə-faktura tərtib olunmuş və yekun məbləği 413 manat (63 manat ƏDV məbləği daxil olmaqla) təşkil etmişdir. Daha sonra 21 iyun 2024-cü il tarixində MT**********00 nömrəli elektron qaimə-faktura tərtib edilmiş və yekun məbləği 413 manat (63 manat ƏDV məbləği daxil olmaqla) olmuşdur. Növbəti olaraq 19 iyul 2024-cü il tarixində MT**********84 nömrəli, 19 avqust 2024-cü il tarixində isə MT**********58 nömrəli elektron qaimə-fakturalar tərtib edilmiş və hər biri üzrə yekun məbləğ 413 manat (63 manat ƏDV məbləği daxil olmaqla) təşkil etmişdir. Beləliklə, cavabdeh müqavilə üzrə, ümumilikdə 1652 manat (o cümlədən ƏDV üzrə 252 manat) məbləğində olan ödənişləri iddiaçıya ödəməlidir. Lakin bu günə qədər cavabdeh yalnız 11 iyun 2024 tarixində əsas hesablardan 350 manat (000İPX1241633D16) və həmin tarixdə ƏDV sub-uçot hesabından 63 manat (**********708026 nömrəli bildiriş) məbləğində ödəniş icra etmişdir. Nəticədə, nəqliyyat-ekspeditor xidmətlərinin göstərilməsi üzrə müqavilə üzrə cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan 1239 manat borc məbləği qalmışdır. Kimyəvi malların alqı-satqısı üzrə müqavilə üzrə elektron qaimələrə əsasən 15 aprel 2024cü il tarixində EBEB787182 nömrəli elektron qaimə-faktura tərtib edilmiş və yekun məbləği 507,4 manat (77,4 manat ƏDV məbləği daxil olmaqla) təşkil etmişdir. Beləliklə, iddiaçı müqavilə üzrə öz öhdəliklərini tam və vaxtında icra etmiş, lakin cavabdeh müqavilədən irəli gələn ödənişləri nəzərdə tutulmuş müddətdə və tam həcmdə yerinə yetirməmişdir. Cavabdehin, ümumilikdə 1746,4 manat məbləğində icra edilməmiş öhdəliyi qalmışdır. Bundan əlavə olaraq, tərəflər arasındakı müqavilənin 4.3-cü bəndinə əsasən, müqaviləyə əsasən ödənişlərin gecikdirilməsinə görə cavabdeh gecikdirilən hər gün üçün ödəniləcək məbləğin 0,1 faizi həcmində iddiaçıya dəbbə pulu ödəyir. Qiymət razılaşma protokoluna əsasən cavabdeh hesab-faktura və elektron qaimə təqdim edildiyi tarixdə ödənişi yerinə yetirməlidir. Cavabdehlə mübahisənin pretenziya qaydasında həllinə cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iddiaçının cavabdehə qarşı iddia ərizəsinə dair kommersiya işinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş, bununla əlaqədar Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik iddialara dair işlər üzrə ərizəni və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan İddiaçı MMC və Cavabdeh QSC arasında bağlanmış 01 may 2024-cü il tarixli NX0105/24 nömrəli nəqliyyat-ekspeditor xidmətlərinin göstərilməsi haqqında müqavilənin 1.1-ci bəndinə əsasən, sifarişçi (cavabdeh) yüklərin avto-qaldırıcı (kara) nəqliyyat vasitəsi ilə boşalma-yükləmə xidmətinin göstərilməsini sifariş verib icraçıya (iddiaçıya) razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada yüklərin avto-qaldırıcı (kara) nəqliyyat vasitəsi ilə boşaldılması xidmətini göstərməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, göstərilən xidmətlər müqaviləyə əlavə edilən xidmət akt(lar)ı ilə müəyyənləşdirilir. Bu Müqavilə üzrə xidmət haqqının aylıq miqdarı ƏDV ilə birlikdə 413 manat təşkil edərək müqavilənin tərkib hissəsi olan xidmətin göstərilməsinə dair hesab-faktuıada qeyd edilir. Həmin müqavilənin 3.1.3-cü yarımbəndinə əsasən, göstərilmiş xidmətin dəyərini hər ayın əvvəlindən ödəmək sifarişçinin vəzifələrindən biridir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, göstərilən xidmətlərin həcmi tərəflərin razılaşması ilə müəyyən edilir və xidmətlərin göstərilməsinə dair xidmət haqqı müqavilənin tərkib hissəsi olan hesab-fakturada qeyd edilir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən, hazırkı müqavilə üzrə hesablaşmalar bank hesabına köçürmə yolu ilə həyata keçirilir. İş materiallarından görünür ki, 23 may 2024-cü il tarixli MT2405 seriyalı 10992095 nömrəli elektron qaimə-faktura üzrə 413 manat, 21 iyun 2024-cü il tarixli MT2406 seriyalı 11079900 nömrəli elektron qaimə-faktura üzrə 413 manat, 19 iyul 2024-cü il tarixli MT2407 seriyalı 11314184 nömrəli elektron qaimə-faktura üzrə 413 manat, 19 avqust 2024-cü il tarixli MT2408 seriyalı 11158258 nömrəli elektron qaimə-faktura üzrə 413 manat məbləğində olmaqla, cəmi 1652 manat məbləğində xidmətlərin göstərilməsi ilə əlaqədar elektron qaimə-fakturalar iddiaçı tərəfindən cavabdehə göndərilmişdir. İş materiallarından görünür ki, 22 may 2024-cü il tarixli 98 nömrəli hesab-faktura üzrə 413 manat, 21 iyun 2024-cü il tarixli 122 nömrəli hesab-faktura üzrə 413 manat, 19 iyul 2024-cü il tarixli 148 nömrəli hesab-faktura üzrə 413 manat, 19 avqust 2024-cü il tarixli 172 nömrəli hesab-faktura üzrə 413 manat məbləğində olmaqla, cəmi 1652 manat məbləğində xidmətlərin göstərilməsi ilə əlaqədar hesab-fakturalar iddiaçı tərəfindən cavabdehə göndərilmişdir. İş materiallarında olan 11 iyun 2024-cü il tarixli 000İPX1241633D16 nömrəli ödəniş tapşırığı üzrə 350 manat məbləğində pul vəsaiti cavabdeh tərəfindən iddiaçının bank hesabına köçürülmüşdür. İş materiallarında olan 11 iyun 2024-cü il tarixli köçürmənin aparılması haqqında bildiriş üzrə 63 manat məbləğində pul vəsaiti cavabdeh tərəfindən iddiaçının ƏDV subuçot hesabına köçürülmüşdür. İş materiallarında olan İddiaçı MMC və Cavabdeh QSC arasında bağlanmış 15 aprel 2024-cü il tarixli 1504/24 nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada satıcı (iddiaçı) müvafiq əlavələrdə göstərilmiş və müəyyənləşdirilmiş kimyəvi malları alıcının (cavabdehin) mülkiyyətinə verməyi, alıcı isə malı qəbul edib əvəzində müqavilənin 3.1-ci bəndi ilə müəyyənləşdirilmiş məbləği satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1.1-ci yarımbəndinə əsasən, satıcı müqavilənin 2.4-cü bəndi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımi qaydada icra olunmasını və onların pozulmasına yol verilməməsini alıcıdan tələb edir. Həmin müqavilənin 2.4.1-ci yarımbəndinə əsasən, alıcı malın bu müqavilə ilə müəyyənləşdirilmiş qiymətini müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada satıcıya tam və vaxtında ödəyir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, malın qiyməti protokol əsasında müəyyən edilir. Ödəniş alıcı tərəfindən satıcının bank hesabına köçürülmə yolu Azərbaycan manatı ilə həyata keçirilir. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən, müqavilə üzrə ödənişlərin gecikdirilməsinə görə alıcı gecikdirilən hər gün üçün ödəniləcək məbləğin 0,1 faizi həcmində satıcıya dəbbə pulu ödəyir. İş materiallarında olan 15 aprel 2024-cü il tarixli 1504/24 nömrəli alqı-satqı müqaviləsinə 01 saylı əlavə olan qiymət razılaşma protokolu ilə tərəflər iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş malların dəyərinin 507,4 manat məbləğində olmasını razılaşdırmışdırlar. İş materiallarından görünür ki, 15 aprel 2024-cü il tarixli EBEB seriyalı 787182 nömrəli elektron qaimə-faktura üzrə 507,4 manat məbləğində malın təqdim edilməsi ilə əlaqədar elektron qaimə-faktura iddiaçı tərəfindən cavabdehə göndərilmişdir. İş materiallarından görünür ki, 507,4 manat məbləğində malın təqdim edilməsi ilə əlaqədar hesab-faktura iddiaçı tərəfindən cavabdehə göndərilmişdir. İş materiallarına, həmçinin 25 may 2023-cü il tarixli 2505/23 nömrəli alqı-satqı müqaviləsi, həmin müqavilə üzrə tərtib edilmiş qiymət razılaşma protokolları, elektron qaimə-fakturalar, hesab-fakturalar və ödəniş sənədləri əlavə edilmişdir. Tətbiq edilən hüquq: Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Məhkəmənin mövqeyi: Beləliklə, yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, iddiaçı və cavabdeh arasında 01 may 2024-cü il tarixli NX0105/24 nömrəli nəqliyyat-ekspeditor xidmətlərinin göstərilməsi haqqında müqavilə bağlanılmış, həmin müqavilə üzrə iddiaçı müqavilə öhdəliyinə uyğun olaraq cavabdehin müəyyən etdiyi qaydada yüklərin avto-qaldırıcı (kara) nəqliyyat vasitəsi ilə boşaldılması xidmətini icra etmiş, lakin cavabdeh göstərilən xidmətlərin dəyərini ödəməyərək müqavilə öhdəliklərini pozmuşdur. Yuxarıda - qətnamənin “İş materialları” hissəsində istinad olunan elektron qaiməfakturalardan görünür ki, 23 may 2024-cü il tarixli MT2405 seriyalı 10992095 nömrəli elektron qaimə-faktura üzrə 413 manat, 21 iyun 2024-cü il tarixli MT2406 seriyalı 11079900 nömrəli elektron qaimə-faktura üzrə 413 manat, 19 iyul 2024-cü il tarixli MT2407 seriyalı 11314184 nömrəli elektron qaimə-faktura üzrə 413 manat, 19 avqust 2024-cü il tarixli MT2408 seriyalı 11158258 nömrəli elektron qaimə-faktura üzrə 413 manat məbləğində olmaqla, cəmi 1652 manat məbləğində xidmətlərin göstərilməsi ilə əlaqədar elektron qaimə-fakturalar iddiaçı tərəfindən cavabdehə göndərilmişdir. İş materiallarında olan 11 iyun 2024-cü il tarixli 000İPX1241633D16 nömrəli ödəniş tapşırığı üzrə 350 manat məbləğində pul vəsaiti cavabdeh tərəfindən iddiaçının bank hesabına, eyni tarixli köçürmənin aparılması haqqında bildiriş üzrə 63 manat məbləğində pul vəsaiti cavabdeh tərəfindən iddiaçının ƏDV sub-uçot hesabına köçürülmüşdür. Göstərilənlərə əsasən müəyyən edilmişdir ki, cavabdehin iddiaçıya 01 may 2024-cü il tarixli NX0105/24 nömrəli nəqliyyat-ekspeditor xidmətlərinin göstərilməsi haqqında müqavilə üzrə 1239 manat (1652-(350+63)=1239) məbləğində borcu mövcuddur. Eyni zamanda iddiaçı və cavabdeh arasında 15 aprel 2024-cü il tarixli 1504/24 nömrəli alqı-satqı müqaviləsi bağlanılmış, satıcı qismində çıxış edən iddiaçı müqavilə öhdəliklərinə uyğun olaraq həmin müqavilənin predmeti olan malları cavabdehə təqdim etsə də, alıcı qismində iştirak edən cavabdeh həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməyərək təhvil aldığı malların dəyərini tam olaraq ödəməmiş, bununla da öhdəliklərini müvafiq qaydada yerinə yetirməmiş və 507,4 manat məbləğində borcu yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən 01 may 2024-cü il tarixli NX0105/24 nömrəli nəqliyyat-ekspeditor xidmətlərinin göstərilməsi haqqında müqavilə və 15 aprel 2024-cü il tarixli 1504/24 nömrəli alqı-satqı müqaviləsi üzrə 1746,4 (1239+507,4=1746,4) manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. İddia tələbinin cavabdehdən 15 aprel 2024-cü il tarixli 1504/24 nömrəli alqı-satqı müqaviləsi üzrə 265 manat məbləğində cərimənin tutulmasına aid hissəsi (iddia ərizəsində ümumi cərimə məbləği 663 manat hesablanmışdır: bunun 265 manat məbləğində olan hissəsi 15 aprel 2024-cü il tarixli müqavilə, qalan hissəsi isə 01 may 2024-cü il tarixli nəqliyyat-ekspeditor xidmətlərinin göstərilməsi haqqında müqavilə üzrə hesablanmışdır) ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehin həmin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan (müqavilənin yuxarıda istinad edilmiş 4.3-cü bəndi) iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya)qanun və yamüqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunanlarla bağlı məhkəmə hesab edir ki, tələb olunan cərimənin əsas borc məbləğinə nisbəti, o cümlədən həm iddiaçının, həm də ki, cavabdehin əmlak mənafeləri və işin digər halları nəzərə alınmaqla iddia tələbinin cavabdehdən 265 manat məbləğində cərimənin tutulmasına aid hissəsi qismən təmin edilməli, tələb edilən cərimənin məbləği azaldılaraq cavabdehdən 15 aprel 2024-cü il tarixli 1504/24 nömrəli alqı-satqı müqaviləsi üzrə cəmi 26 manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd edilməlidir ki, iddia ərizəsinin məzmununda tərəflər arasında bağlanmış 01 may 2024-cü il tarixli NX0105/24 nömrəli nəqliyyat-ekspeditor xidmətlərinin göstərilməsi haqqında müqavilə üzrə 398 manat məbləğində cərimə hesablandığı qeyd edilsə də, həmin müqavilədə öhdəliyin icra edilməməsinə və ya lazımınca icra edilməməsinə, o cümlədən onun icrasının gecikdirildiyi halda cavabdehin iddiaçıya dəbbə pulu ödəməli olması barədə müddəalar nəzərdə tutulmamışdır. Mülki Məcəllənin 463.1-ci maddəsinə əsasən, dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalı olduğundan tərəflər arasında bağlanmış müqavilələrin məzmununda, o cümlədən həmin müqaviləni tənzimləyən qanunvericiliyin normalarında öhdəliyin pozulmasına görə dəbbə pulunun (cərimənin, penyanın) ödənilməsi nəzərdə tutulmadığından həmin müqavilə üzrə dəbbə pulu hesablanması əsaslı deyildir. Bundan başqa, iddia tələbinin 45 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına aid hissəsinə gəldikdə, iş materiallarında olan 19 noyabr 2025-ci il tarixli **********25 nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman 45 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda istinad edilən normalar nəzərə alınaraq, hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 37,72 manat təşkil etdiyindən, həmin məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 1746,4 manat məbləğində borc, 26 manat məbləğində cərimə və 37,72 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1810,12 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 284-1–284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən 1746,4 (min yeddi yüz qırx altı manat, qırx qəpik) manat məbləğində borc, 26 (iyirmi altı) manat məbləğində cərimə və 37,72 (otuz yeddi manat, yetmiş iki qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1810,12 (min səkkiz yüz on manat, on iki qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar