Məhkəmə qərarları › İş №e-2-2(119)-245/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-245/2025

25.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-245/2025 25.02.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Məmmədova Nərminə İdris qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən Cavabdeh qarşı verilmiş “lizinq müqaviləsi üzrə borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi 19 dekabr 2024-cü il tarixində Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək maliyyə arayışının tərtib edildiyi 26 noyabr 2024-cü il tarixinə hesablanmış 04 oktyabr 2016-cı il tarixli 2055-GL/16 nömrəli müqavilə üzrə 13947 (on üç min doqquz yüz qırx yeddi) manat məbləğində əsas borc, 16115,24 (on altı min yüz on beş manat, iyirmi dörd qəpik) manat məbləğində cərimə, 14 avqust 2018-ci il tarixli 1091-L/18 nömrəli müqavilə üzrə 2772 (iki min yeddi yüz yetmiş iki) manat məbləğində əsas borc, 3839,4 (üç min səkkiz yüz otuz doqquz manat, qırx qəpik) manat məbləğində cərimə, 07 sentyabr 2018-ci il tarixli 1312-L/18 nömrəli müqavilə üzrə 4256 (dörd min iki yüz əlli altı) manat məbləğində əsas borc, 5907,41 (beş min doqquz yüz yeddi manat, qırx bir qəpik) manat məbləğində cərimə və hüquqi yardımın göstərilməsi ilə bağlı ödənilmiş 500 (beş yüz) manat məbləğində pul vəsaiti əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə cavabdeh arasında bağlanılmış 04 oktyabr 2016-cı il tarixli 2055-GL/16 nömrəli, 14 avqust 2018-ci il tarixli 1091-L/18 nömrəli və 07 sentyabr 2018-ci il tarixli 1312-L/18 nömrəli müqavilələrə əsasən, cavabdeh kənd təsərrüfatı texnikalarını dəyərini müqavilələrin tərkib hissəsi olan ödəniş qrafiklərinə uyğun olaraq ödəmək şərtilə lizinqə götürmüşdür. Cavabdeh həmin müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışlarının tərtib edildiyi 26 noyabr 2024-cü il tarixinə 04 oktyabr 2016-cı il tarixli lizinq müqaviləsi üzrə 13947 manat məbləğində əsas borcu yaranmış, 16115,24 manat məbləğində cərimə hesablanmış, 14 avqust 2018-ci il tarixli lizinq müqaviləsi üzrə 2772 manat məbləğində əsas borcu yaranmış, 3839,40 manat məbləğində cərimə hesablanmış, 07 sentyabr 2018-ci il tarixli lizinq müqaviləsi üzrə 4256 manat məbləğində əsas borcu yaranmış, 5907,41 manat məbləğində cərimə hesablanmışdır. Cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçının nümayəndəsi tərəfindən 07 fevral 2025-ci il tarixində məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edilərək, işin məhkəmənin icraatında olduğu dövrdə cavabdeh tərəfindən işə əlavə edilmiş 04 oktyabr 2016-cı il tarixli 2055- GL/16 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi 26 noyabr 2024-cü il tarixə hesablanmış gecikdirilmiş borc məbləği üzrə hissəvi ödəniş aparıldığı, lakin həmin müqavilə üzrə hesablanmış cərimə məbləği üzrə, eləcə də digər müqavilələr üzrə hesablanmış gecikdirilmiş borc məbləğləri, cərimə məbləğləri və hüquqi yardımla bağlı iddia tələbləri üzrə hər hansı ödəniş aparılmadığı qeyd edilmişdir. Həmin ərizədə maliyyə arayışlarının tərtib edildiyi 26 noyabr 2024-cü il tarixə 04 oktyabr 2016-cı il tarixli 2055- GL/16 nömrəli müqavilə üzrə hesablanmış 13347 manat məbləğində gecikdirilmiş borcun və hesablanmış 16115,24 manat məbləğində cərimənin, 07 sentyabr 2018-ci il tarixli 1312- L/18 nömrəli müqavilə üzrə hesablanmış 4256 manat məbləğində gecikdirilmiş borcun və hesablanmış 5907,41 manat məbləğində cərimənin və 14 avqust 2018-ci il tarixli 1091- L/18 nömrəli müqavilə üzrə hesablanmış 2772 manat məbləğində gecikdirilmiş borcun və hesablanmış 3839,40 manat məbləğində cərimənin, hüquqi yardımla bağlı 500 (beş yüz) manat məbləğində pul vəsaitinin əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. İddiaçının nümayəndəsi tərəfindən 25 fevral 2025-ci il tarixində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə yenidən iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edilərək, maliyyə arayışlarının tərtib edildiyi 26 noyabr 2024-cü il tarixə 04 oktyabr 2016-cı il tarixli 2055-GL/16 nömrəli müqavilə üzrə hesablanmış 12347 manat məbləğində gecikdirilmiş borcun və 16115,24 manat məbləğində cərimənin, 07 sentyabr 2018-ci il tarixli 1312-L/18 nömrəli müqavilə üzrə 4256 manat məbləğində gecikdirilmiş borcun və 5907,41 manat məbləğində cərimənin və 14 avqust 2018-ci il tarixli 1091-L/18 nömrəli müqavilə üzrə 2772 manat məbləğində gecikdirilmiş borcun və 3839,40 manat məbləğində cərimənin, hüquqi yardımla bağlı 500 manat məbləğində pul vəsaitinin əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. İddiaçının nümayəndəsi 25 fevral 2025-ci il tarixində məhkəməyə ərizə ilə mqraciət edərək, hava şəraiti ilə bağlı yaranmış çətinlik səbəbindən məhkəmə baxışı iclasında iştirak edə bilməyəcəyini, məhkəmə baxışı iclasının onun iştirakı olmadan keçirilərək iddia tələbinin həcminin azaldılması barədə sonuncu təqdim edilmiş ərizəyə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdeh izahatında bildirdi ki, 2025-ci ilin yanvar ayında 600 manat, 21 fevral və 25 fevral 2025-ci il tarixlərində 1000 manat məbləğində olmaqla, ümumilikdə 2600 manat məbləğində ödənişlər həyata keçirmişdir. Əsas borcu qəbul edir, əsas borcunu ilin sonuna qədər ödəmək niyyətindədir, lakin cərimə məbləğlərini ödəmək üçün maddi imkanı yoxdur. Cavabdeh göstərilənlərin nəzərə alınaraq, məhkəmədən cərimə məbləğlərinin silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini, iddia tələbinin həcminin azaldılması barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan 04 oktyabr 2016-cı il tarixli 2055-GL/16 nömrəli lizinq müqaviləsinin 1.1-ci bəndinə əsasən, lizinq verən ("xxxx" ASC) ümumi məbləği 22900 manat olan və həmin müqavilənin spesifikasiyasında göstərilən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40 %-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın (Cavabdeh) mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, lizinq alan texnikanın qalıq məbləğini 2 nömrəli Əlavədə qeyd olunmuş ödəniş qrafikinə uyğun olaraq ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.2.1-ci yarımbəndinə əsasən, lizinq alan lizinq ödənişlərini 2 nömrəli Əlavədə qeyd olunmuş qrafik üzrə vaxtında və tam həcmdə ödəyir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. İş materiallarında olan həmin müqavilənin spesifikasiyasından və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında ”Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin 12 oktyabr 2016-cı il tarixli 4259/ü nömrəli əmrindən görünür ki, 1 ədəd “PLCKUP Baler 1547S” markalı ot, küləş presləyən, "AG-MP 14-5" markalı 5 gövdəli asma kotan, "Belarus-1221" markalı traktor cavabdehə lizinqə verilmişdir. İş materiallarında olan həmin müqaviləyə əsasən tərtib edilmiş ödəniş qrafikindən görünür ki, cavabdehin bu müqavilə üzrə son ödəniş tarixi 31 dekabr 2025-ci ildir. İş materiallarında olan 26 noyabr 2024-cü il tarixli maliyyə arayışından və 04 oktyabr 2016-cı il tarixli lizinq müqaviləsi üzrə ödənişlərə görə cərimənin hesablanması qrafikindən görünür ki, cavabdehin həmin müqavilə üzrə 13947 manat məbləğində əsas borcu vardır, 16115,24 manat məbləğində cərimə hesablanmışdır və ödəməli olduğu məbləğin cəmi 30062,24 manat təşkil edir. İş materiallarında olan 14 avqust 2018-ci il tarixli 1091-L/18 nömrəli lizinq müqaviləsinin 1.1-ci bəndinə əsasən, lizinq verən ("xxxx" ASC) ümumi məbləği 10450 manat olan və həmin müqavilənin spesifikasiyasında göstərilən kənd təsərrüfatı texnikasını dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın (Cavabdeh) mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, lizinq alan texnikaların dəyərindən spesifikasiyada göstərilən 3135 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan hissəsini isə 2 nömrəli əlavədə göstərilmiş ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Əvvəlcədən ödənilmiş məbləğ lizinq verən tərəfindən heç bir halda geri qaytarılmır. Həmin müqavilənin 2.2.2-ci yarımbəndinə əsasən, lizinq alan lizinq ödənişlərini vaxtında və tam həcmdə ödəyir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. İş materiallarında olan həmin müqavilənin spesifikasiyasından, "xxxx" ASC-yə məxsus texnikanın lizinq alana təhvili barədə 16 avqust 2018-ci il tarixli 498 nömrəli aktdan və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında ”Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin 14 avqust 2018-ci il tarixli 3982/ü nömrəli əmrindən görünür ki, “AG-TS24” markalı taxılsəpən gübrəsəpənlə cavabdehə lizinqə verilmişdir. İş materiallarında olan həmin müqaviləyə əsasən tərtib edilmiş ödəniş qrafikindən görünür ki, cavabdehin bu müqavilə üzrə son ödəniş tarixi 30 iyun 2021-ci ildir. İş materiallarında olan 26 noyabr 2024-cü il tarixli maliyyə arayışından və 14 avqust 2018-ci il tarixli lizinq müqaviləsi üzrə ödənişlərə görə cərimənin hesablanması qrafikindən görünür ki, cavabdehin həmin müqavilə üzrə 2772 manat məbləğində əsas borcu vardır, 3839,4 manat məbləğində cərimə hesablanmışdır və ödəməli olduğu məbləğin cəmi 6611,4 manat təşkil edir. İş materiallarında olan 07 sentyabr 2018-ci il tarixli 1312-L/18 nömrəli lizinq müqaviləsinin 1.1-ci bəndinə əsasən, lizinq verən ("xxxx" ASC) ümumi məbləği 14200 manat olan və həmin müqavilənin spesifikasiyasında göstərilən kənd təsərrüfatı texnikasını dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın (Cavabdeh) mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, lizinq alan texnikaların dəyərindən spesifikasiyada göstərilən 4260 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan hissəsini isə 1 nömrəli əlavədə göstərilmiş ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Əvvəlcədən ödənilmiş məbləğ lizinq verən tərəfindən heç bir halda geri qaytarılmır. Həmin müqavilənin 2.2.2-ci yarımbəndinə əsasən, lizinq alan lizinq ödənişlərini vaxtında və tam həcmdə ödəyir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. İş materiallarında olan həmin müqavilənin spesifikasiyasından, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus texnikanın lizinq alana təhvili barədə 10 sentyabr 2018-ci il tarixli 587 nömrəli aktdan və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında ”Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin 07 sentyabr 2018-ci il tarixli 4508/ü nömrəli əmrindən görünür ki, “Can-D.M.A.T-24” markalı 24-hidravlik ağır diskli mala cavabdehə lizinqə verilmişdir. İş materiallarında olan həmin müqaviləyə əsasən tərtib edilmiş ödəniş qrafikindən görünür ki, cavabdehin bu müqavilə üzrə son ödəniş tarixi 30 sentyabr 2021-ci ildir. İş materiallarında olan 26 noyabr 2024-cü il tarixli maliyyə arayışından və 07 sentyabr 2018-ci il tarixli lizinq müqaviləsi üzrə ödənişlərə görə cərimənin hesablanması qrafikindən görünür ki, cavabdehin həmin müqavilə üzrə 4256 manat məbləğində əsas borcu vardır, 5907,41 manat məbləğində cərimə hesablanmışdır və ödəməli olduğu məbləğin cəmi 10163,41 manat təşkil edir. İş materiallarında olan 03 fevral 2025-ci il tarixli “26 noyabr 2024-cü il tarixli maliyyə arayışına” dəqiqləşmə sənədindən görünür ki, 04 oktyabr 2016-cı il tarixli müqavilə üzrə cavabdehin 13347 manat məbləğində əsas borcu vardır, 16115,24 manat məbləğində cərimə hesablanmışdır və ödəməli olduğu məbləğin cəmi 29462,24 manat təşkil edir. İş materiallarında olan 24 fevral 2025-ci il tarixli “26 noyabr 2024-cü il tarixli maliyyə arayışına” dəqiqləşmə sənədindən görünür ki, 04 oktyabr 2016-cı il tarixli müqavilə üzrə cavabdehin 13229 manat məbləğində əsas borcu vardır, 16115,24 manat məbləğində cərimə hesablanmışdır və ödəməli olduğu məbləğin cəmi 28462,24 manat təşkil edir. İş materiallarında olan 25 fevral 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh tərəfindən 1000 manat məbləğində ödəniş həyata keçirilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş götməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-10.2-ci maddəsinə əsasən, lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Həmin Məcəllənin 748-10.4-cü maddəsinə əsasən, lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Prezidentinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” 17 avqust 2020-ci il tarixli 1137 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. Həmin Fərmanın 2.2-ci bəndinə əsasən, "xxxx" ASC-nin lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, tərəflər arasında bağlanılmış 14 avqust 2018-ci il tarixli, 07 sentyabr 2018-ci il tarixli lizinq müqavilələri üzrə lizinq verən qismində çıxış edən hazırkı iddiaçı müqavilə öhdəliklərinə uyğun olaraq həmin müqavilələrin predmeti olan kənd təsərrüfatı texnikalarını ilkin dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərtilə ona lizinqə vermiş, tərəflər arasında bağlanılmış 04 oktyabr 2016-cı il tarixli lizinq müqaviləsi üzrə lizinq verən qismində çıxış edən hazırkı iddiaçı müqavilə öhdəliklərinə uyğun olaraq həmin müqavilələrin predmeti olan kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40 %-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri isə tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra cavabdehin mülkiyyətinə verilməsi şərtilə ona lizinqə vermiş, lizinq alan qismində iştirak edən cavabdeh isə müqavilə öhdəliklərinə riayət etməyərək müvafiq lizinq ödənişlərini əvvəlcədən razılaşdırılmış dövrlər üzrə vaxtında ödəməli olsa da, bunu yerinə yetirməmişdir. Məhkəmə proseslərinin gedişi dövründə cavabdeh tərəfindən 04 oktyabr 2016-cı il tarixli lizinq müqaviləsi üzrə müəyyən məbləğdə ödənişlər həyata keçirilmişdir və həmin müqavilə üzrə 11347 manat məbləğində əsas borcu mövcuddur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 04 oktyabr 2016-cı il tarixli lizinq müqaviləsi üzrə 11347 manat məbləğində, 14 avqust 2018-ci il tarixli lizinq müqaviləsi üzrə 2772 manat məbləğində, 07 sentyabr 2018-ci il tarixli lizinq müqaviləsi üzrə 4256 manat məbləğində əsas borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Hazırkı iddia tələbinin cavabdehdən 04 oktyabr 2016-cı il tarixli lizinq müqaviləsi üzrə 16115,24 manat məbləğində, 14 avqust 2018-ci il tarixli lizinq müqaviləsi üzrə 3839,4 manat məbləğində, 07 sentyabr 2018-ci il tarixli müqavilə üzrə 5907,41 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilələrdə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan (müqavilələrin yuxarıda istinad edilən 4.2ci bəndləri) iddiaçı cavabdehdən cərimənin ödənilməsini də tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunanlarla bağlı məhkəmə belə nəticəyə gəlir ki, tələb olunan cərimənin əsas borc məbləğinə nisbəti, o cümlədən həm kreditorun, həm də ki, borclunun əmlak mənafeləri və işin digər halları nəzərə alınmaqla iddia tələbinin cavabdehdən cərimənin tutulmasına aid hissəsi qismən təmin olunmalı, tələb olunan cərimələrin məbləği azaldılaraq cavabdehdən 04 oktyabr 2016-cı il tarixli lizinq müqaviləsi üzrə 690 manat məbləğində, 14 avqust 2018-ci il tarixli lizinq müqaviləsi üzrə 213 manat məbləğində, 07 sentyabr 2018-ci il tarixli müqavilə üzrə 139 manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bunlardan əlavə, iddia tələbinin hüquqi yardımın göstərilməsi ilə bağlı ödənilmiş 500 manat məbləğində pulun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə hissəsinə gəldikdə, iş materiallarına əlavə edilmiş 28 dekabr 2024-cü il tarixli 000İPX12436321BC nömrəli ödəniş qəbzi ilə müəyyən edilir ki, iddiaçı tərəfindən vəkilin göstərdiyi yardıma görə Bakı şəhəri 5 saylı Vəkil bürosunun hesabına 500 manat məbləğində pul ödənilmişdir. Mülki Prosessual Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərin sırasına aiddir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbinin bu hissəsi də təmin edilməli, iddiaçı tərəfindən vəkilin göstərdiyi yardıma görə ödənilmiş 500 manat məbləğində pul vəsaitinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bunlardan əlavə, aşağıda istinad edilənlərə əsasən, hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 148,25 manat təşkil etdiyindən, həmin məbləğdə pul vəsaiti cavabdehdən dövlət mədaxilinə tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Beləliklə, məhkəmə qeyd edilənləri nəzərə alaraq, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 04 oktyabr 2016-cı il tarixli 2055-GL/16 nömrəli müqavilə üzrə 11347 manat məbləğində əsas borc, 690 manat məbləğində cərimə, 07 sentyabr 2018-ci il tarixli 1312- L/18 nömrəli müqavilə üzrə 4256 manat məbləğində əsas borc, 213 manat məbləğində cərimə, 14 avqust 2018-ci il tarixli 1091-L/18 nömrəli müqavilə üzrə 2772 manat məbləğində əsas borc, 139 manat məbləğində cərimə, habelə hüquqi yardımla bağlı ödənilmiş 500 manat məbləğində xidmət haqqının əvəzi olmaqla, cəmi 19917 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməli, cavabdehdən dövlət nəfinə 148,25 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 04 oktyabr 2016-cı il tarixli 2055-GL/16 nömrəli müqavilə üzrə 11347 (on bir min üç yüz qırx yeddi) manat məbləğində əsas borc, 690 (altı yüz doxsan) manat məbləğində cərimə, 07 sentyabr 2018-ci il tarixli 1312-L/18 nömrəli müqavilə üzrə 4256 (dörd min iki yüz əlli altı) manat məbləğində əsas borc, 213 (iki yüz on üç) manat məbləğində cərimə, 14 avqust 2018-ci il tarixli 1091-L/18 nömrəli müqavilə üzrə 2772 (iki min yeddi yüz yetmiş iki) manat məbləğində əsas borc, 139 (yüz otuz doqquz) manat məbləğində cərimə, habelə hüquqi yardımla bağlı ödənilmiş 500 (beş yüz) manat məbləğində xidmət haqqının əvəzi olmaqla, cəmi 19917 (on doqquz min doqquz yüz on yeddi) manat məbləğində pul vəsaiti iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət nəfinə 148,25 (yüz qırx səkkiz manat, iyirmi beş qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar