Məhkəmə qərarları › İş №e-2-2(119)-246/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-246/2025

18.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-246/2025 18.02.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Məmmədova Nərminə İdris qızının katibliyi, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aralarında bağlanmış 16 oktyabr 2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 27642.90 (iyirmi yeddi min altı yüz qırx iki manat, doxsan qəpik) manat məbləğində borc və 173 (yüz yetmiş üç) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 27815.90 (iyirmi yeddi min səkkiz yüz on beş manat, doxsan qəpik) məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi 18 fevral 2025-ci il tarixində vəsatətlə məhkəməyə müraciət edərək işin baxılmamış saxlanılaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi 18 fevral 2025-ci il tarixində vəsatətlə məhkəməyə müraciət edərək ərizənin geri qaytarılması barədə iddiaçının vəsatətinə etiraz etdiyini bildirmiş və işə mahiyyəti üzrə baxaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirdi ki, iddiaçı cavabdehə qarşı əsassız iddia tələbi irəli sürmüş, iddiaçının təqdim etməli olduğu sənədləri - elektron qaimə-fakturaları və həmin qaimələr üzrə pul vəsaitlərinin ödənilməsini təsdiq edən müvafiq ödəniş sənədlərini cavabdeh təqdim etmişdir. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsindən qeyri-rəsmi formada mal alqı-satqısının baş tutubtutmadığı soruşulduqda, o, baş tutmadığını, ödənişlərin rəsmi qaydada bank hesabları ilə edildiyini və malların buna uyğun olaraq cavabdehə təqdim edildiyini bildirmişdir. Bundan əlavə, iddia tələbini təsdiq etmək üçün məhkəməyə saxta sübut təqdim edilmiş, həmin sənədin əsli mövcud olmadığından, iddiaçı sözügedən sənədi məhkəməyə təqdim edə bilməmişdir. Cavabdehin nümayəndəsi göstərilənlərə əsasən, iddia ərizəsinin baxılmamış saxlanılması ilə bağlı vəsatətə etiraz etdiyini qeyd etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, işin baxılmamış saxlanılaraq iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması haqqında iddiaçının nümayəndəsinin vəsatətini araşdıraraq hesab edir ki, həmin vəsaət təmin edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 170.1-ci maddəsinin tələblərinə görə, işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə iddia ərizəsi qaytarıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 31 mart 2011-ci il tarixli 3 nömrəli Qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Təsvir edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsinin vəsatəti əsasında İddiaçı MMC tərəfindən Cavabdeh qarşı verilmiş “alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 170, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D I: İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar