Məhkəmə qərarları › İş №e-2-2(119)-250/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-250/2025

12.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-250/2025 12.03.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Məmmədova Nərminə İdris qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdehnə qarşı iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək tərəflər arasında bağlanmış 19 iyun 2015-ci il tarixli 1196-GL/15 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi 17 dekabr 2024-cü il tarixə hesablanmış 6939 (altı min doqquz yüz otuz doqquz) manat məbləğində əsas borc, 6564,29 (altı min beş yüz altmış dörd manat, iyirmi doqquz qəpik) manat məbləğində cərimə, hüquqi yardımla bağlı ödənilmiş 500 (beş yüz) manat məbləğində pul vəsaiti olmaqla, cəmi 14003,29 (on dörd min üç manat, iyirmi doqquz qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə cavabdeh arasında bağlanılmış 19 iyun 2015-ci il tarixli 1196-GL/15 nömrəli müqaviləyə əsasən, cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərtilə kənd təsərrüfatı texnikalarını lizinqə götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi 17 dekabr 2024-cü il tarixə 19 iyun 2015-ci il tarixli lizinq müqaviləsi üzrə 6939 manat məbləğində əsas borcu yaranmış, 6564,29 manat məbləğində cərimə hesablanmışdır. Cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclaslarında iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək, həmçinin bildirmişdir ki, cavabdeh təşkilat tərəfindən ödənilmiş 1000 manat məbləğində ödəniş hazırkı iş üzrə deyil, daha əvvəl qəbul edilmiş və qanuni qüvvəyə minmiş Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi üzrə tutulması qət edilmiş cərimə borcundan silinmişdir. Hazırkı maliyyə arayışı Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi nəzərə alınmaqla tərtib edilmişdir. Belə ki, müqavilə məbləği 43900 manat təşkil etmiş, həmi məbləğdən Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tutulması qət edilən məbləğlər və cavabdeh tərəfindən ödənilmiş 5786 manat məbləğini çıxıldıqda, hazırkı iddia tələbində qeyd edilən məbləğ alınır. Hazırkı iddia tələbi ödəniş qrafikinə əsasən 3 rüb üzrə ödənişi nəzərdə tutur ki, bu da 2021-ci ilin 3-cü, 2022-ci ilin isə 2-ci və 3-cü rüblərini əhatə edir. İddiaçının nümayəndəsi göstərilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehin qanuni təmsilçisi 10 mart 2025-ci il tarixində məhkəməyə teleqram ünvanlayaraq, səhhətində yaranan problemlə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə baxışı iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə cavabdehin qanuni təmsilçisinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 10 yanvar 2025-ci il tarixli məhkəmə iclasında iştirak edən cavabdehin qanuni təmsilçisi izahatında bildirmişdir ki, ərizədə qeyd edilmiş borcu qəbul edir, lakin iddia tələbinin cərimə hissəsinin həll edilməsini məhkəmənin mülahizəsinə buraxır. Borcu hissəhissə ödəməyə razıdır. Cavabdeh MMC əkinçilik və maldarlıqla məşğul olmuş, lakin 2016cı ildən fəaliyyət göstərmir. Müəssisənin lizinqə götürdüyü texnikalar nasaz vəziyyətdədir. Texnikaları yenidən təmir edir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan 19 iyun 2015-ci il tarixli 1196-GL/15 nömrəli lizinq müqaviləsinin 1.1-ci bəndinə əsasən, lizinq verən ("xxxx" ASC) ümumi məbləği 43900 manat olan və həmin müqavilənin spesifikasiyasında göstərilən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40 %-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın (Cavabdeh MMC-nin) mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, lizinq alan texnikanın qalıq məbləğini 2 nömrəli Əlavədə qeyd olunmuş ödəniş qrafikinə uyğun olaraq ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.2.1-ci yarımbəndinə əsasən, lizinq alan lizinq ödənişlərini 2 nömrəli Əlavədə qeyd olunmuş qrafik üzrə vaxtında və tam həcmdə ödəyir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. İş materiallarında olan həmin müqavilənin spesifikasiyasından və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında ”Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin 16 iyul 2015-ci il tarixli 3161/ü nömrəli əmrindən görünür ki, 1 ədəd “Belarus-892” markalı traktor, “Sambo Rosenlew SR-2045 Classic 4 silindrli” markalı 1 ədəd taxılyığan kombayn və "TS-24" markalı gübrəsəpənlə qoşulan taxılsəpən cavabdehə lizinqə verilmişdir. İş materiallarında olan həmin müqaviləyə əsasən tərtib edilmiş ödəniş qrafikindən görünür ki, cavabdehin bu müqavilə üzrə son ödəniş tarixi 18 iyun 2023-cü ildir. İş materiallarında olan 17 dekabr 2024-cü il tarixli maliyyə arayışından və 19 iyun 2015-ci il tarixli lizinq müqaviləsi üzrə ödənişlərə görə cərimənin hesablanması qrafikindən görünür ki, cavabdehin həmin müqavilə üzrə 6939 manat məbləğində əsas borcu vardır, ona 6564,29 manat məbləğində cərimə hesablanmışdır və ödəməli olduğu məbləğin cəmi 13503,29 manat təşkil edir. Həmin maliyyə arayışında hazırkı borca Sumqayıt Kommersiya Məhkəməsinin 16 fevral 2022-ci il tarixli e-2-2(119)-88/2022 nömrəli qətnaməsindən ödənilməmiş 31175 manat əsas borc məbləğinin daxil olmadığı qeyd edilmişdir. İş materiallarında olan Sumqayıt Kommersiya Məhkəməsinin 16 fevral 2022-ci il tarixli e-2-2(119)-88/2022 nömrəli qətnaməsi ilə iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair iddiasının qismən təmin edilməsi, cavabdehdən xx.xx.2016-cı il tarixli 1582-GL/16 nömrəli müqavilə üzrə 31175 manat gecikdirilmiş əsas borcun və hesablanmış 5000 manat cərimənin tutularaq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə xərclərinin 44%-nin iddiaçıya, 56%-nin cavabdehə aid edilməsi, iddiaçı tərəfindən ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 400 manat məbləğin 44%-nin iddiaçıya, 56%-nin cavabdehə aid edilməsi, cavabdehdən ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə çəkilmiş xərcin əvəzi olaraq 224 manat pulun tutularaq iddiaçıya ödənilməsi, iddiaçı tərəfindən hüquqi yardım göstərilməsinə görə vəkilə ödənilmiş 350 manat məbləğində xidmət haqqının 44%-nin iddiaçıya, 56%-nin cavabdehə aid edilməsi, cavabdehdən vəkilə ödənilmiş xidmət haqqının əvəzi olaraq 196 manat pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş götməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-10.2-ci maddəsinə əsasən, lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Həmin Məcəllənin 748-10.4-cü maddəsinə əsasən, lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Prezidentinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” 17 avqust 2020-ci il tarixli 1137 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. Həmin Fərmanın 2.2-ci bəndinə əsasən, "xxxx" ASC-nin lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, tərəflər arasında 19 iyun 2015-ci il tarixli tarixli lizinq müqaviləsi bağlanılmış, lizinq verən qismində çıxış edən hazırkı iddiaçı müqavilə öhdəliklərinə uyğun olaraq həmin müqavilələrin predmeti olan kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40 %-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri isə tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra cavabdehin mülkiyyətinə verilməsi şərtilə ona lizinqə vermiş, lizinq alan qismində iştirak edən cavabdeh isə müqavilə öhdəliklərinə riayət etməyərək müvafiq lizinq ödənişlərini əvvəlcədən razılaşdırılmış dövrlər üzrə vaxtında ödəməli olsa da, bunu yerinə yetirməmişdir. Nəticədə cavabdehin 19 iyun 2015-ci il tarixli müqavilə üzrə 6939 manat məbləğində əsas borcu yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 19 iyun 2015-ci il tarixli nömrəli lizinq müqaviləsi üzrə 6939 manat məbləğində əsas borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Hazırkı iddia tələbinin cavabdehdən 19 iyun 2015-ci il tarixli lizinq müqaviləsi üzrə 6564,29 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilələrdə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan (müqavilələrin yuxarıda istinad edilən 4.2-ci bəndi) iddiaçı cavabdehdən cərimənin ödənilməsini də tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunanlarla bağlı məhkəmə belə nəticəyə gəlir ki, tələb olunan cərimənin əsas borc məbləğinə nisbəti, o cümlədən həm kreditorun, həm də ki, borclunun əmlak mənafeləri və işin digər halları nəzərə alınmaqla iddia tələbinin cavabdehdən cərimənin tutulmasına aid hissəsi qismən təmin olunmalı, tələb olunan cərimələrin məbləği azaldılaraq cavabdehdən 345 manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bunlardan əlavə, iddia tələbinin hüquqi yardımın göstərilməsi ilə bağlı ödənilmiş 500 manat məbləğində pulun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə hissəsinə gəldikdə, iş materiallarına əlavə edilmiş 28 dekabr 2024-cü il tarixli 000İPX1243631E0C nömrəli ödəniş qəbzi ilə müəyyən edilir ki, iddiaçı tərəfindən vəkilin göstərdiyi yardıma görə Bakı şəhəri 5 saylı Vəkil bürosunun hesabına 500 manat məbləğində pul ödənilmişdir. Mülki Prosessual Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərin sırasına aiddir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbinin bu hissəsi də təmin edilməli, iddiaçı tərəfindən vəkilin göstərdiyi yardıma görə ödənilmiş 500 manat məbləğində pul vəsaitinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bunlardan əlavə, aşağıda istinad edilənlərə əsasən, hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 92,84 manat təşkil etdiyindən, həmin məbləğdə pul vəsaiti cavabdehdən dövlət mədaxilinə tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qeyd edilənləri nəzərə alaraq, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, 19 iyun 2015-ci il tarixli 1196-GL/15 nömrəli müqavilə üzrə 6939 manat məbləğində əsas borc, 345 manat məbləğində cərimə, habelə hüquqi yardımla bağlı ödənilmiş 500 manat məbləğində xidmət haqqının əvəzi olmaqla, ümumilikdə 7784 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməli, cavabdehdən dövlət nəfinə 92,84 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdehndən 19 iyun 2015-ci il tarixli 1196-GL/15 nömrəli müqavilə üzrə 6939 (altı min doqquz yüz otuz doqquz) manat məbləğində əsas borc, 345 (üç yüz qırx beş) manat məbləğində cərimə, habelə hüquqi yardımla bağlı ödənilmiş 500 (beş yüz) manat məbləğində xidmət haqqının əvəzi olmaqla, cəmi 7784 (yeddi min yeddi yüz səksən dörd) manat məbləğində pul vəsaiti iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdehndən dövlət nəfinə 92,84 (doxsan iki manat, səksən dörd qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar