Məhkəmə qərarları › İş №e-2-2(119)-2512/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-2512/2025

13.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-2512/2025 13.02.2026 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək 27 avqust 2024-cü il tarixli QA 017/2024 nömrəli alqı-satqı müqaviləsi üzrə 12600 (on iki min altı yüz) manat məbləğində borcun, həmin borcun gecikdirilməsinə görə hesablanmış 882 (səkkiz yüz səksən iki) manat məbləğində faiz borcunun və ödənilmiş 130,45 (yüz otuz manat, qırx beş qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 27 avqust 2024-cü il tarixli QA 017/2024 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı (satıcı) cavabdehə (alıcıya) 25000 manat dəyərində 5 baş cins damazlıq heyvan satmağı, cavabdeh isə bu malları təhvil alıb onların dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Razılaşmaya əsasən, iribuynuzlu cins damazlıq heyvanlar satılarkən cavabdeh, yəni alıcı ümumi dəyərin 40 faizini ödəməli və Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2018-ci il tarixli 413 nömrəli Fərmanına və həmin Fərmanla təsdiqlənmiş Qaydaların 6.2.2ci yarımbəndinə əsasən, müvafiq sənədlərlə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə (AKİA-ya) müraciət etməli və alıcı tərəfindən müvafiq sənədlər düzgün təqdim edildikdə, AKİA öz növbəsində qalan 60 faiz məbləği iddiaçının hesabına köçürməli idi. 27 avqust 2024-cü il tarixli müqavilənin 1.4-cü bəndinə əsasən, nəzərdə tutulan 60 faiz məbləğdə güzəştin ödənilməsi 3 ay müddətində hayata keçirilmədiyi təqdirdə sözügedən məbləğ alıcı tərəfindən satıcıya ödəniləcəkdir. Müqavilənin 27 avqust 2024-cü il tarixli 1 saylı əlavəsinin 2-ci bəndinə əsasən, alıcı malın dəyərinin güzəşt hissəsinin də ödənişi üçün məsuliyyət daşıyır və güzəşt hissəsinin ödənişinin həyata keçirilməsi üçün sənədlərin hazırlanaraq tələb olunan yerə təqdim edilməsi üçün addımlar atır. Həmin müqavilənin 2.1.1-ci yarımbəndinə əsasən, satıcı damazlıq heyvanların dəyərinin alınması və alıcı tərəfindən bu müqavilə ilə üzərinə qoyulmuş digər öhdəliklərin icra edilməsini tələb etmək hüququna malikdir. Qeyd edilməlidir ki, alıcı tərəfindən ümumi məbləğin 12400 manat məbləğində olan hissəsi iddiaçının hesabına ödənilmişdir. Buna baxmayaraq, cavabdeh tərəfindən güzəştli şərtlərlə alışa görə tələb olunan sənədlər AKİA-ya göndərilməsi üçün banka təqdim edilərək AKİA tərəfindən qəbul olunsa da, müqavilə üzrə qalıq məbləğ cavabdehin hesabına köçürülməmişdir. Beləliklə, iddiaçının cavadehə 12600 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən, cavabdehdən borcun gecikdirilməsinə görə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 24 iyul 2025-ci il tarixində müəyyən edilmiş uçot faiz dərəcəsinə uyğun hesablanmış 882 manat məbləğində faiz borcu da cavabdehdən tələb edilir. Cavabdehlə mübahisənin pretenziya qaydasında həll edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarında cavabdeh izahatlarında bildirmişdir ki, borcu qəbul edir. Müqavilə üzrə ilkin ödənişi həyata keçirmiş, qalıq məbləği isə iddiaçıya Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ödəməli idi. Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi ilə əlaqə saxlayan zaman ona 2026cı ilin mart ayında ödəniş ediləcəyi bildirilmişdir. Cavabdeh çıxışında məhkəmədən hər hansı xahişinin olmadığını bildirdi. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan tərəflər arasında bağlanmış 27 avqust 2024-cü il tarixli QA 017/2024 nömrəli alqı-satqı müqaviləsinin 1-ci hissəsinə əsasən, satıcı (iddiaçı) kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2018-ci il tarixli 413 nömrəli Fərmanına və həmin Fərmanla təsdiqlənmiş Qaydalara əsasən cins damazlıq heyvanları yerli istehsal olduqda qiymətləndirilən, idxal heyvan olduqda isə gömrük dəyərinə 60 faiz həcmində güzəşt tətbiq etməklə bu müqavilənin 1 saylı əlavəsində göstərilmiş iri buynuzlu cins damazlıq heyvanların alıcıya (cavabdehə) satılmasını, alıcı isə həmin heyvanları bu müqavilənin 7-ci bəndində müəyyən edilmiş dəyərinin satıcıya ödənilməsi və onun qəbul edilməsini öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, heyvanların qəbul edilməsi dəyəri tam ödənildikdən sonra satıcı və alıcı tərəfindən imzalanmış qəbul aktı ilə rəsmiləşdirilir. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən, müqavilənin 1.2-ci bəndində göstərilən qəbul aktı imzalandıqdan sonra heyvanlar alıcı tərəfində qəbul edilmiş hesab edilir. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən, nəzərdə tutulan 60 faiz məbləğində güzəştin ödənilməsi 3 ay müddətinə həyata keçirilmədiyi təqdirdə sözügedən məbləğ alıcı tərəfindən satıcıya ödəniləcəkdir. Həmin müqavilənin 2.1.1-ci yarımbəndinə əsasən, satıcı damazlıq heyvanlarının dəyərinin alınması və alıcı tərəfindən bu müqavilə ilə onun üzərinə qoyulmuş digər öhdəliklərin icra edilməsini tələb etmək hüququna malikdir. Həmin müqavilənin 3.1.1-ci yarımbəndinə əsasən, müqavilə ilə müəyyən edilmiş qaydada damazlıq heyvanların dəyərini satıcıya ödəməlidir. Həmin müqavilənin 7.1-ci bəndinə əsasən, müqavilənin predmeti olan 5 baş (AZ**********, AZ**********, AZ**********, AZ**********, AZ**********) cins damazlıq heyvanların dəyəri 25000 manat təşkil edir. Alıcı heyvanların dəyərini şəxsi tərəfindən ödəniləcək məbləğdə tam ödədikdən sonra heyvanları qəbul edir. İş materiallarında olan 27 avqust 2024-cü il tarixli QA 017/2024 nömrəli alqı-satqı müqaviləsinə eyni tarixli 01 nömrəli Əlavənin 1-ci bəndinə əsasən, satıcının alıcıya təchiz edəcəyi mallar, onun dəyəri və digər texniki parametrləri həmin əlavədə qeyd edilən cədvəldə göstərilmişdir. Belə ki, hesablanmış güzəşt dəyəri 12600 manat, qalıq dəyər 12400 manat məbləğində göstərilməklə, 5 baş cins damazlıq düyənin dəyəri ümumilikdə 25000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan iddiaçının "xxxx" ASC-də olan AZ65HAJCHCRAZN**********3001 nömrəli hesabından çıxarış sənədindən görünür ki, cavabdeh tərəfindən iddiaçının hesabına 03 sentyabr 2024-cü il tarixində 12400 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarından görünür ki, 24 sentyabr 2024-cü il tarixli MT2409 seriyalı 11590518 nömrəli elektron qaimə-faktura üzrə 20000 manat məbləğində, 06 noyabr 2024cü il tarixli MT2411 seriyalı 10424180 nömrəli elektron qaimə-faktura üzrə 5000 manat məbləğində olmaqla, cəmi 25000 manat məbləğində dəyəri olan təhvil verilmiş mallarla bağlı həmin elektron qaimə-fakturalar iddiaçı tərəfindən cavabdehə göndərilmişdir. İş materiallarında olan 17 oktyabr 2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya 27 avqust 2024-cü il tarixli QA 017/2024 nömrəli alqı-satqı müqaviləsi üzrə 12600 manat məbləğində borcu mövcuddur. İş materiallarına, həmçinin anbar məxaric orderləri və hesab-fakturalar əlavə edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Həmin Məcəllənin 567-ci madəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”nın 1.2-ci bəndinə əsasən, Agentliyin vəsaiti bu Qaydanın 2-ci hissəsində müəyyən edilən aqrar bölmənin inkişafı layihələrinin və kənd təsərrüfatı istehsal vasitələrinə verilən güzəştlərin maliyyələşdirilməsinə yönəldilir. Kənd təsərrüfatı istehsal vasitələrinə kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq, suvarma sistemləri dəsti və avadanlığı, damazlıq heyvanlar daxil edilir. Həmin Qaydanın 6.2-ci bəndinə əsasən, damazlıq heyvanın güzəştli şərtlərlə satışı, krediti və lizinqinin maliyyələşdirilməsi aşağıdakı qaydada həyata keçirilir: müvafiq damazlıq heyvan üçün alıcıların ödəməsi tələb olunan ilkin ödəniş damazlıq heyvanın qiymətləndirmə nəticəsində müəyyən edilən satış dəyərinin minimum 25 faizi həcmində müəyyən edilir (6.2.1.); idxal edilən damazlıq heyvanın gömrük dəyərinin, ölkə daxilində yetişdirilmiş damazlıq heyvanların isə qiymətləndirmə nəticəsində müəyyən edilən dəyərinin 60 faizi həcmində güzəşt tətbiq edilir və bu güzəşt məbləği Azərbaycan Respublikasının dövlət büdcəsindən bunun üçün Agentliyə ayrılmış vəsait hesabına müvəkkil kredit təşkilatları vasitəsilə ödənilir (6.2.2.). Məhkəmənin mövqeyi: Beləliklə, təsvir olunanlarla müəyyən edilir ki, iddiaçı və cavabdeh arasında 27 avqust 2024-cü il tarixli QA 017/2024 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, satıcı qismində olan iddiaçı həmin müqavilənin predmeti olan 25000 manat məbləğində dəyəri olan 5 baş cins damazlıq heyvanları cavabdehin mülkiyyətinə vermiş, alıcı qismində iştirak edən cavabdeh isə müqavilə öhdəliklərinə riayət etməyərək həmin malların dəyərini iddiaçıya ödəməmişdir. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 1.4-cü bəndinə əsasən, nəzərdə tutulan 60 faiz məbləğində güzəştin ödənilməsi 3 ay müddətinə həyata keçirilmədiyi təqdirdə sözügedən məbləğ alıcı tərəfindən satıcıya ödəniləcəkdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”na uyğun olaraq Agentlik tərəfindən 12600 manat məbləğində ödəniş həyata keçirilməli olsa da, həmin məbləğ cavabdehin hesabına köçürülməmiş və cavabdehin müqavilənin yuxarıda istinad edilən bəndinə əsasən iddiaçı qarşısında 1260 manat məbləğində borc öhdəliyi yaranmışdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbinin 27 avqust 2024-cü il tarixli QA 017/2024 nömrəli alqı-satqı müqaviləsi üzrə 12600 manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsi əsaslıdır və təmin edilməlidir. Bundan başqa, iddia tələbinin borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış 882 manat məbləğində faiz borcunun cavabdehdən tutulmasına dair hissəsi ilə bağlı qeyd edilməlidir ki, iddia ərizəsində həmin tələbin əsası qismində Mülki Məcəllənin 449.1-ci maddəsinə istinad edilərək gecikdirilmiş 12600 manat məbləğində borc məbləğinə 882 manat məbləğində faiz borcu hesablanmışdır. Mülki Məcəllənin istinad edilən maddəsinin məzmunundan göründüyü kimi, həmin norma pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyətin əsaslarını və qaydasını müəyyən edir. Həmin maddə məhz özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən bank uçot dərəcəsi ilə müəyyənləşdirilən faizlər ödənilməsini nəzərdə tutur. Hazırkı halda tərəflər arasında yaranmış hüquqi münasibətin əsası məhz alqı-satqı müqaviləsindən irəli gəldiyindən həmin müqavilə üzrə ödənişin həyata keçirilməməsi pul öhdəliyinin icra edilməməsi kimi qiymətləndirilə bilməz. Eyni zamanda iş materialları ilə iddiaçıya məxsus pul vəsaitindən cavabdeh tərəfindən hər hansı gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əldə edilməsi halı təsdiq edilməmişdir. Bundan əlavə, iş materiallarında olan 27 noyabr 2025-ci il tarixli **********83 nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman cəmi 130,45 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hazırkı iddia tələbi üzrə dövlət rüsumunun məbləği 127,8 manat təşkil etdiyindən həmin məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda dövlət rüsumunun məbləği 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi təşkil edir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 12600 manat məbləğində bоrc və 127,8 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 12727,8 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 12600 (on iki min altı yüz) manat məbləğində borc və 127,8 (yüz iyirmi yeddi manat, səksən qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 12727,8 (on iki min yeddi yüz iyirmi yeddi manat, səksən qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar