Məhkəmə qərarları › İş №e-2-2(119)-2540/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-2540/2025

30.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-2540/2025 30.12.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı X Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı X Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 3252 (üç min iki yüz əlli iki) manat məbləğində borc, 50 (əlli) manat məbləğində cərimə və 60 (altmış) manat məbləğində mediasiya xərcinin əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, aralarında bağlanmış 27 dekabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə cavabdeh iddiaçıdan ümumi dəyəri 23000 manat məbləğində olan mal almışdır. Cavabdeh həmin məbləğin 6000 manat hissəsini ilkin olaraq ödəmişdir. Qalıq məbləği, yəni 17000 manatı 27 dekabr 2022-ci il tarixli X2 əsasən qrafik üzrə 24 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Hazırkı vaxta əsas məbləğ üzrə qalıq borc 3252 manat manat məbləğində təşkil edir, 50 manat məbləğində cərimə hesablanmışdır. Cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iddiaçının cavabdehə qarşı iddia ərizəsinə dair kommersiya işinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş, bununla əlaqədar Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik iddialara dair işlər üzrə ərizəni və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan iddiaçı X MMC ilə Cavabdeh arasında bağlanmış 27 dekabr 2022-ci il tarixli 015761 nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, satıcı (iddiaçı) ümumi dəyəri və təyinatı bu müqavilənin tərkib hissəsi olan X1 (“Əlavə 1”) əks olunan texniki avadanlıqları dəyərini nağd və ya hissə-hissə ödənilməklə alıcıya (cavabdehə) satmağı, alıcı isə malı qəbul edib qiymətini bu müqaviləyə və Əlavə 1-də əks olunmuş formada satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, alıcıya satılan malların xüsusiyyətləri (ölçü, miqdarı, qiyməti, rəngi və.s) tərəflər arasında əvvəlcədən razılaşdırılmış Əlavə 2-də öz əksini tapır. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən, satılan mallar tərəflər arasında tərtib olunmuş və imzalanmış təhvil-təslim aktı ( “Əlavə 2”) əsasında təhvil verilir və alınır. Həmin müqavilənin 2.1.5-ci yarımbəndinə əsasən, satıcı satılan malın dəyərinin ilkin ödənişi edildikdən sonra qalıq məbləğini bu müqavilənin tərkib hissəsi olan “Əlavə 1” əsasında ödənilməsini alıcıdan tələb edir. Həmin müqavilənin 2.2.4-cü yarımbəndinə əsasən, alıcı satılan malın dəyərinin ilkin ödənişi edildikdən sonra qalıq məbləğini bu müqavilənin tərkib hissəsi olan Əlavə 1-də göstərilmiş qaydada və müddətdə satıcıya ödəyir. Həmin müqavilənin 3.1-ci və 3.2-ci bəndlərinə əsasən, satıcı bəyan edir ki, o, ƏDV ödəyicisi kimi vergi orqanlarında qeydiyyata alınmışdır və bu məqsədlə satılmış mala 18 faiz ƏDV hesablanacaqdır. Müqavilənin 1.1-ci bəndinə əsasən Əlavə 1-də qeyd olunan malın ƏDV daxil dəyəri 23000 manat təşkil edir. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən, alıcı alınan malın dəyərini tərəflər arasındakı razılaşmaya uyğun olaraq tam və hissə-hissə olmaqla ödəniş edə bilər. Alıcı malın ümumi dəyərinin razılaşdırılmış məbləğini (hissəsini) 6000 manat həcmində ilkin ödənişini dərhal, qalıq məbləğini isə “Əlavə 1” ilə razılaşdırılmış müddətdə satıcıya ödəyir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən, alıcı malın dəyərini və qalıq məbləğini müqavilənin 3.2-ci maddəsində göstərilən müddətdə Əlavə 1-ə uyğun olaraq tam və ya qismən icra etmədikdə, hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 1 faizi həcmində satıcıya cərimə ödəyir. İş materiallarında olan 27 dekabr 2022-ci il tarixli 015761 nömrəli alqı-satqı müqaviləsi üzrə tərtib edilmiş təhvil-təslim aktından görünür ki, tərəflər alqı-satqı müqaviləsi imzalanan tarixdə aktda göstərilən ümumi dəyəri 23000 manat məbləğində təşkil edən malların qüsursuz vəziyyətdə satıcı tərəfindən alıcıya təhvil verildiyini təsdiq etmişdirlər. İş materiallarında olan 12 yanvar 2023-cü il tarixli X2 (Əlavə 1-ə) əsasən, 17000 manat məbləğində ödənişin 12 fevral 2023-cü il tarixdən başlayaraq 24 ay müddətində ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan 02 dekabr 2025-ci il tarixli 249 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh 27 dekabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 23000 manat məbləğində borcla əlaqədar 13748 manat məbləğində ödəniş həyata keçirmişdir, cavabdehin 3252 manat məbləğində borcu vardır və 50 manat məbləğində cərimə hesablanmışdır. Tətbiq edilən hüquq: Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmənin mövqeyi: Beləliklə, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında 27 dekabr 2022-ci il tarixli 015761 nömrəli alqı-satqı müqaviləsi bağlanılmış, satıcı qismində çıxış edən iddiaçı müqavilə öhdəliklərinə uyğun olaraq həmin müqavilənin predmeti olan avadanlıqları cavabdehə təqdim etsə də, alıcı qismində iştirak edən cavabdeh həmin müqavilə üzrə üzərində götürdüyü öhdəlikləri lazımınca icra etməyərək təhvil aldığı malların dəyərini tam olaraq ödəməmiş və bununla da öhdəliyini lazımınca yerinə yetirməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 27 dekabr 2022-ci il tarixli 015761 nömrəli müqavilə üzrə 3252 manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. İddia tələbinin cavabdehdən 27 dekabr 2022-ci il tarixli müqavilə üzrə 50 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliyin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan (müqavilənin yuxarıda istinad edilmiş 4.2-ci bəndi) iddiaçı cavabdehdən cərimənin ödənilməsini də tələb etməkdə haqlıdır və iddia tələbi bu hissədə də təmin edilməlidir. Bundan başqa, iddia tələbinin ödənilmiş 60 manat məbləğində mediasiya xərcinin əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə hissəsinə gəldikdə, iş materiallarında olan 07 avqust 2025-ci il tarixli MV03TeS16 nömrəli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən Bakı 9 saylı Mediasiya Təşkilatının bank hesabına 60 manat məbləğində ödəniş həyata keçirilmişdir. Eyni zamanda təqdim olunmuş 30 iyul 2025-ci il tarixli MŞB/9/2025-00933 nömrəli “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışdan görünür ki, ilkin mediasiya sessiyasında iddiaçının nümayəndəsi və cavabdeh iştirak etmiş olsalar da, mediasiya prosesi davam etdirilməmişdir. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, iddiaçı tərəfindən mediatora ödənilmiş 60 manat məbləğində mediasiya xərcinin 30 manat məbləğində hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. “Mediasiya haqqında” 29 mart 2019-cu il tarixli Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Bundan başqa, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda istinad edilən normalar nəzərə alınaraq hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 53,02 manat təşkil etdiyindən, həmin məbləğdə pul vəsaiti cavabdehdən dövlət mədaxilinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 3252 manat məbləğində əsas borc, 50 manat məbləğində cərimə və 30 manat məbləğində mediasiya xərcinin əvəzi olmaqla, cəmi 3332 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməli, cavabdеhdən 53,02 manat məbləğində dövlət rüsumunun əvəzi dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 284-1–284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdеh Cavabdeh 3252 (üç min iki yüz əlli iki) manat məbləğində əsas borc, 50 (əlli) manat məbləğində cərimə və 30 (otuz) manat məbləğində mediasiya xərcinin əvəzi olmaqla, cəmi 3332 (üç min üç yüz otuz iki) manat məbləğində pul vəsaiti iddiaçı X Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdеh Cavabdeh 53,02 (əlli üç manat, iki qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar