Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-255/2024 06.03.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, İddiaçı X3 nümayəndəsi Nümayəndə, Cavabdeh qanuni təmsilçisi Qanuni nümayəndə iştirakları ilə, İddiaçı X3 Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun və digər ödənişlərin tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı X4 29 yanvar 2024-cü il tarixində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borcun və digər ödənişlərin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aralarında bağlanmış 12 oktyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 10057,97 (on min əlli yeddi manat, doxsan yeddi qəpik) manat məbləğində borcun, 210 (iki yüz on) manat məbləğində mediasiya xərcinin əvəzinin və 120,8 (yüz iyirmi manat, səksən qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin, cəmi 10388,77 (on min üç yüz səksən səkkiz manat, yetmiş yeddi qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 12 oktyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı (iddiaçı) - İddiaçı QSC həmin müqavilənin predmetini təşkiledən malları alıcının (cavabdehin) – Cavabdeh MMC-nin mülkiyyətinə verməyi, alıcı isə həmin malları qəbul edib onların dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüş, müqavilə üzrə öhdəlik iddiaçı tərəfindən icra edilsə də, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi, yəni aldığı malların dəyərini tam ödəməmiş, nəticədə təhvil verilmiş mallar üzrə cavabdehin 10057,97 manat məbləğində borcu yaranmışdır. Bununla əlaqədar cavabdehin ünvanına pretenziya məktubu göndərilmiş, o cümlədən mübahisənin mediasiya vasitəsilə həllinə cəhd edilmiş, lakin göstərilənlər hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı 05 mart 2024-cü il tarixində iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək 10057,97 manat məbləğində borcun 4990 manatının cavabdeh tərəfindən ödənildiyini qeyd etmiş və bununla əlaqədar 5067,97 manat məbləğində borc və iddia ərizəsində göstərilən digər məbləğlər (210 manat məbləğində mediasiya xərcinin və 120,8 manat məbləğində dövlət rüsumunun əvəzi) olmaqla, cəmi 5398,77 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin həcminin azaldılması barədə ərizədə iddiaçı, həmçinin cavabdeh tərəfindən borc məbləğinin bir hissəsinin iş məhkəmə baxışına təyin edildikdən sonra ödənilməsi səbəbindən hazırkı ərizənin işin baxış mərhələsində təqdim edildiyini qeyd etmiş və bu halın nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 53-cü maddəsinin tələblərini nəzərə alaraq, həmin ərizənin nəzərə alınmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsini, o cümlədən iddia tələbinin həcminin azaldılması barədə ərizəni müdafiə edərək cavabdehlə aralarında bağlanmış alqı-satqı müqaviləsi üzrə 5067,97 manat məbləğində borc, 210 manat məbləğində mediasiya xərcinin əvəzinin və 120,8 manat məbləğində dövlət rüsumunun əvəzinin, cəmi 5398,77 manat pul məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin qanuni təmsilçisi rəhbəri olduğu hüquqi şəxsə qarşı yönəlmiş iddia tələbini qəbul edərək və iddia tələbinin həcminin azaldılması barədə ərizədə göstərilən borcunun mövcudluğunu etiraf edərək maddi vəziyyəti imkan verdikcə həmin borcu ödəyəcəyini bildirdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini, iddia tələbinin həcminin azaldılması barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 12 oktyabr 2022-ci il tarixli AVR-BMF/221012 nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, satıcı (İddiaçı QSC) müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən əlavələrində (X1) göstərilən çeşiddə, miqdarda və təsvir olunan texniki göstəricilərə malik malları istifadə məqsədləri üçün yararlı halda alıcıya (Cavabdeh MMC-yə) təmin etməyi, alıcı isə həmin malları təhvil alıb dəyərini müqavilədə müəyyən edilmiş məbləğdə və şərtlərlə satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, müqavilə üzrə malların qiyməti müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən əlavələri (X2) ilə müəyyən edilir. Həmin müqavilənin 4.2.3-cü bəndindən görünür ki, müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişlərin həyata keçirilməsini alıcıdan tələb etmək satıcının hüquqlarından biridir. Həmin müqavilənin 4.3.1-ci bəndindən görünür ki, müqavilənin şərtlərinə uyğun təchiz olunmuş malları qəbul etmək və həmin malların dəyərini müqavilə ilə müəyyən olunmuş qaydada satıcıya ödəmək alıcının vəzifələrindən biridir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə 8572,40 manat dəyərində malın satılması ilə əlaqədar 22 dekabr 2022-ci il tarixli EBCL seriyalı 647161 nömrəli, 829,11 manat dəyərində malın satılması ilə əlaqədar 24 may 2023-cü il tarixli EBDG seriyalı 300258 nömrəli və 774,44 manat dəyərində malın satılması ilə əlaqədar 24 may 2023-ci il tarixli EBDG seriyalı 300346 nömrəli elektron qaimələr təqdim edilmişdir. İş materiallarında olan iddiaçı və cavabdeh tərəfindən möhürlənərək imzalanmış xx.xx.2023-cü il tarixli 03 nömrəli üzləşmə aktından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə cavabdehin iddiaçıya aktın bağlandığı tarixə, yəni xx.xx.2023-cü il tarixə 10057,97 manat məbləğində qalıq borcunun olması onlar arasında razılaşdırılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya xx.xx.2024-cü il tarixinə olan borcu 10057,97 manat təşkil edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, cavabdeh tərəfindən iddiaçının bank hesabına 4228,81 manat və 761,19 manat məbləğlərində ödənişlər edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş götməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.2-ci, 427.3-cü və 427.4-cü maddələrinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 567-ci madəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, təsvir olunanlarla müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında 12 oktyabr 2022-ci il tarixli malların alqı-satqı müqaviləsi bağlanılmış, müqavilə öhdəliklərinə uyğun olaraq satıcı qismində olan iddiaçı öz öhdəliklərini yerinə yetirsə də, müqavilə üzrə alıcı qismində iştirak edən cavabdeh müqavilə öhdəliklərinə riayət etməyərək aldığı malların dəyərini tam ödəməmiş, nəticədə onun iddiaçıya 10057,97 manat məbləğində borcu yaranmış, iddiaçı məhkəməyə müraciət etdikdən sonra məhkəmə proseslərinin davam etdiyi dövrdə həmin borc məbləğindən 4990 manat ödəniş etmiş, bundan sonra isə iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciət edərək qalıq borc məbləği olan 5067,97 manat pulun və digər ödənişlərin cavabdehdən tutulmasını xahiş etmişdir. Bu hal yuxarıda istinad edilən sübutlarla (xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi, xx.xx.2022-ci il tarixli EBCL seriyalı 647161 nömrəli, xx.xx.2023-cü il tarixli EBDG seriyalı 300258 nömrəli, xx.xx.2023-cü il tarixli EBDG seriyalı 300346 nömrəli elektron qaimələr, xx.xx.2023-cü il tarixli 03 nömrəli üzləşmə aktı, xx.xx.2024-cü il tarixli ödəniş qəbzləri və cavabdehin özünün izahatı) tam sübut olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən 12 oktyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 5067,97 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Bundan əlavə, iddia tələbinin ödənilmiş 210 manat məbləğində mediasiya xərcinin əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə hissəsinə gəldikdə, iş materiallarında olan 30 noyabr 2023-cü il tarixli MŞS/MT030/2023-02423 nömrəli “İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə” arayışa və 24 noyabr 2023-cü il tarixli ödəniş qəbzinə əsasən müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət edilməmişdən əvvəl cavabdehlə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədilə iddiaçı tərəfindən 210 manat məbləğində mediasiya xərci (200 yüz manat mediasiya haqqı + 10 manat poçt xərci) ödənilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbinin 210 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutulması hissəsi də təmin edilməli, yuxarıda göstərilənlər və “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədilə iddiaçı tərəfindən ödənilmiş 210 manat məbləğində mediasiya xərcinin əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bunlardan əlavə, iddia tələbinin 120.8 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə hissəsinə gəldikdə, iş materiallarında olan 24 yanvar 2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən müəyyən olunur ki, məhkəməyə hazırkı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 120.8 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda, dövlət rüsumunun məbləği 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi təşkil edir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iddia təmin edildiyindən istinad olunan qanunvericilik normalarının tələblərinə əsasən məhkəməyə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 120,8 manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 22 oktyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 5067,97 manat məbləğində borc, 210 manat məbləğində mediasiya xərcinin əvəzi və 120,8 manat məbləğində dövlət rüsumunun əvəzi, cəmi 5398,77 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdehndən 12 oktyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 5067,97 (beş min altmış yeddi manat, doxsan yeddi qəpik) manat borc, 210 (iki yüz on) manat məbləğində mediasiya xərcinin əvəzi, 120,8 (yüz iyirmi manat, səksən qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 5398,77 (beş min üç yüz doxsan səkkiz manat, yetmiş yeddi qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-255/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-255/2024
06.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver