Məhkəmə qərarları › İş №e-2-2(119)-257/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-257/2024

01.02.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-257/2024 01.02.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xüsusi icraat qaydasında maraqlı şəxsə qarşı verilmiş “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək 24 yanvar 2024-cü il tarixinə hesablanmış hüquqi şəxslər - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə olan 100 (yüz) manat vergi borcunun, Dövlət Sosial Müdafiə Fonduna olan 90,95 (doxsan manat, doxsan beş qəpik) manat borcunun, “TAC TİKİNTİ” Məhdud Məsluliyyətli Cəmiyyətinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna olan 2908,34 (iki min doqquz yüz səkkiz manat, otuz dörd qəpik) manat borcunun, İcbari Tibbi Sığorta Fonduna olan 288,6 (iki yüz səksən səkkiz manat, altmış qəpik) manat borcunun və İşsizlikdən Sığorta Fonduna olan 91,61 (doxsan bir manat, altmış bir qəpik) manat borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxslərin icra orqanlarının rəhbəri – 28 avqust 1992-ci il təvəllüdlü Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin ərizə geri qaytarılmalıdır. Belə ki, ərizəçi tərəfindən iddia ərizəsində maraqlı şəxsin rəhbəri olduğu hüquqi şəxslərdən biri - "xxxx" MMC-nin vergi və məcburi dövlət sosial sığorta haqqı üzrə borclarının mövcud olduğunun göstərilməsinə baxmayaraq, həmin hüquqi şəxslə, yəni "xxxx" MMC ilə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması qaydasına riayət edilməsinin təsdiq edən müvafiq sənəd iş materiallarına əlavə edilərək məhkəməyə təqdim edilməmişdir. Üstəlik, iş materialları nəzərdən keçirilərkən müəyyən edildi ki, işə əlavə edilmiş xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli borc bildirişləri ərizəçi tərəfindən adı iddia ərizəsində göstərilməyən hüquqi şəxsə - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilmiş və bununla bağlı “Onlayn kargüzarlıq” sənədləri məhkəməyə təqdim edilmişdir. Həmin borc bildirişlərinin məzmunundan aydın olur ki, hüquqi şəxs kimi "xxxx" MMC-nin icra orqanının rəhbəri hazırkı iş üzrə maraqlı şəxs yox, X1 adlı başqa şəxsdir. Məhkəmə qeyd edir ki, hazırkı ərizədə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının xahiş olunduğu şəxs Maraqlı şəxs olduğundan, sonuncu isə "xxxx" MMC-nin icra orqanının rəhbəri olduğundan, "xxxx" MMC-nin vergi və məcburi dövlət sosial sığorta haqqı üzrə borcları ilə bağlı bilavasitə həmin hüquqi şəxsə borc bildirişlərinin göndərilməsi (yəni pretenziya qaydalarına riayət edilməsi) və bunu təsdiq edən sənədlərin iş materiallarına əlavə edilməsi zəruridir. Hazırkı iş üzrə isə, yuxarıda qeyd edildiyi kimi, borc bildirişləri "xxxx" MMC-yə deyil, "xxxx" adlı MMC-yə göndərilmiş, borc bildirişlərinin üzərində adı qeyd olunan şəxs isə hazırkı işlə əlaqəsi olmayan şəxsdir. Yuxarıda göstərilənləri nəzərə alıb məhkəmə belə qənaətə gəlir ki, ərizəçi tərəfindən maraqlı şəxsin icra orqanının rəhbəri olduğu "xxxx" MMC-yə münasibətdə məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınma qaydasına riayət edilməsi öz təsdiqini tapmır. Məhkəmə, həmçinin qeyd etməyi zəruri bilir ki, əgər hüquqi şəxs kimi "xxxx" MMCnin adı "xxxx" MMC-yə dəyişdirilmişdirsə, həmçinin onun icra orqanının rəhbəri hazırkı iş üzrə maraqlı şəxs təyin olunmuşdursa, ərizəçi tərəfindən ərizə və ona əlavə edilən sənədlərdə bu barədə hər hansı məlumat qeyd edilməmiş, yaxud bunu təsdiq edən sənədlər işə əlavə olunmamışdır. Digər tərəfdən, belə dəyişikliyin baş verdiyi təsdiqini tapdığı təqdirdə, icra orqanının hazırkı rəhbəri kimi Maraqlı şəxs "xxxx" MMC-yə göndərilmiş xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli borc bildirişləri barədə pretenziya qaydasında məlumatlandırılması daha da zəruri olmaqdadır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 306.1-ci maddəsinə əsasən, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 150.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 150.2-ci maddəsinə əsasən, kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə görə vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizəyə məhkəmə tərəfindən 10 gün müddətində baxılmalı olduğu (355-7.1 maddə) üçün ərizəçi tərəfindən həmin ərizə ilə məhkəməyə müraciət olunarkan qanunvericiliyin bütün tələblərinə riayət olunmalıdır. Beləliklə, Mülki Prosessual Məcəllənin yuxarıda qeyd olunan tələblərinə riayət edilməklə verilmədiyinə görə ərizəçinin iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinin tələblərinə görə, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA A L D I: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar