Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-26/2022 12.04.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X2 qızının katibliyi, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi 13 iyul 2021-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10 avqust 2016-cı il tarixli 04-LA/16 nömrəli müqavilə üzrə 17 may 2021-ci il tarixinə hesablanmış 840909 (səkkiz yüz qırx min doqquz yüz doqquz) manat gecikdirilmiş borc, hesablanmış 571661,44 (beş yüz yetmiş bir min altı yüz altmış bir manat 44 qəpik) manat cərimə, hüquqi yardımla bağlı ödənilmiş 500 (beş yüz) manat xidmət haqqı və 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 1413100,44 (bir milyon dörd yüz on üç min yüz manat 44 qəpik) manat məbləğində pul vəsaitinin cavabeh Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən 13 iyul 2021-ci ildə məhkəməyə təqdim olunmuş həmin iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışıdır ki, lizinq verən "xxxx" ASC ("xxxx" ASC) ilə lizinq alan Cavabdeh arasında bağlanmış 10 avqust 2016-cı il tarixli 04-LA/16 nömrəli müqaviləyə əsasən borclu (lizinq alan) satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə Ödəniş Qrafikinə uyğun şəkildə ödəmək şərti ilə istixana avadanlıqlarını lizinqə götürmüşdür. Lakin, Cavabdeh həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və nəticədə cavabdehin məhkəməyə təqdim olunan Maliyyə arayışının tərtib edildiyi 17 may 2021-ci il tarixinə 10 avqust 2016-cı il tarixli 04-LA/16 nömrəli müqavilə üzrə 840909 (səkkiz yüz qırx min doqquz yüz doqquz) manat məbləğində gecikdirilmiş borcu və müvafiq olaraq həmin tarixə hesablanmış 571661,44 (beş yüz yetmiş bir min altı yüz altmış bir manat 44 qəpik) manat cərimə borcu yaranmışdır. Öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh tərəfindən ödənişlər yerinə yetirilməmişdir (Bundan sonra iddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427, 445, 748-1 və 465.2-ci maddələrinə istinad olunmuşdur). Tərəflər arasında bağlanmış Müqavilənin 4.2-ci maddəsinə görə Lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, Lizinq verən Lizinq alandan əsas borc məbləğini və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Eyni zamanda, hazırkı mübahisə üzrə hüquqi yardım göstərilməsi üçün vəkilə də müraciət edilmiş olduğundan, hüquqi yardıma görə 500 (beş yüz) manat məbləğində ödəniş aparılmış və bu məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir (Qeyd: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanınından irəli gələrək "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir (ötürülmüşdür)). Kommersiya işi üzrə keçirilən məhkəmə baxış iclasında iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və 10 avqust 2016-cı il tarixli 04-LA/16 nömrəli müqavilə üzrə 17 may 2021-ci il tarixinə hesablanmış 840909 manat gecikdirilmiş borc, hesablanmış 571661,44 manat cərimə borcu, hüquqi yardımla bağlı ödənilmiş 500 manat xidmət haqqı və 30 manat dövlət rüsumu olmaqla, cəmi 1413100,44 manat pul vəsaitinin cavabeh Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, “lizinq verən” "xxxx" Açıq Səhmdar Cəmiyyəti (hal-hazırda kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəliklər iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir) ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan “lizinq alan” Cavabdeh (VÖEN **********) arasında bağlanmış 10 avqust 2016-cı il tarixli 04-LA/16 nömrəli “ "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus istixana avadanlıqlarının lizinqə verilməsi barədə” Müqaviləyə əsasən Lizinq verən ümumi ümumi dəyəri ******* (iki milyon dörd yüz qırx min üç yüz) manat olan Xaçmaz rayonunda 2,0 ha (20160 m2) sahədə istixana avadanlıqlarının (bundan sonra Obyekt) dəyərini X1 (1 nömrəli Əlavə) göstərilən qaydada ödənildikdən va müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 10 (on) il müddətinə lizinqə verilmişdir (1.1-ci bənd). Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən, Lizinq alan Obyektin dəyərindən 154500 (yüz əlli dörd min beş yüz) manat məbləği əvvəlcədən Lizinq verənə ödəyir, qalan məbləği isə Ödəniş Qrafıkində göstərilən müddətdən gec olmayaraq ödəməyi öhdəsinə götürür. Əvvəlcədən ödənilmiş məbləğ Lizinq verən tərəfindən heç bir halda geri qaytarılmır. Həmin Müqavilənin 4.2-ci bəndinə əsasən, Lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, Lizinq verən Lizinq alandan borc məbləği və gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. İddiaçı tərəfindən tərtib edilərək məhkəməyə təqdim olunmuş 17 may 2021-ci il tarixli Maliyyə Arayışları ilə müəyyən olunur ki, 10 avqust 2016-cı il tarixli 04-LA/16 nömrəli müqavilə üzrə ödənilməli olan ******* (iki milyon dörd yüz qırx min üç yüz) manat müqavilə məbləğindən lizinq alan Cavabdeh tərəfindən ilkin ödəniş olaraq 154500 (yüz əlli dörd min beş yüz) manat məbləğində və qrafik ödənişi olaraq 220000 (iki yüz iyirmi min) manat məbləğində ödəniş edilmiş və 17 may 2021-ci il tarixinə lizinq alan Cavabdeh həmin Müqavilə üzrə 840909 (səkkiz yüz qırx min doqquz yüz doqquz) manat ödənilməyən gecikdirilmiş əsas borcu və 571661,44 (beş yüz yetmiş bir min altı yüz altmış bir manat 44 qəpik) manat məbləğində cərimə borcu vardır. Lakin, məhkəmə baxışı zamanı 17 may 2021-ci il tarixli Maliyyə Arayışında hesablanan borcun məbləğinin müəyyən edilməsi ilə razı olmayan Cavabdeh vəsatəti əsasında iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmişdir. Cavabdeh vəsatəti əsasında keçirilmiş həmin məhkəmə-mühasibatlıq ekspertizasının 21 fevral 2022-ci il tarixli 9/8239 nömrəli ekspert Rəyində Cavabdeh 10 avqust 2016-cı il tarixli 04-LA/16 nömrəli müqavilə üzrə 17 may 2021-ci il tarixinə ödənilməmiş olan əsas borcunun miqdarının 840909 (səkkiz yüz qırx min doqquz yüz doqquz) manat məbləğində olduğu müəyyən edilmişdir (Rəydə qeyd olunmuşdur ki, mühasibat sənədləri təqdim edilmədiyindən cərimə borcunu müəyyən etmək mümkün olmamışdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-2-ci maddəsinə əsasən, lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə Lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-10.2-ci maddəsinə əsasən, lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Həmin Məcəllənin 748-10.4-cü maddəsinə əsasən, lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Göründüyü kimi, yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, “lizinq verən” "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus “istixana avadanlıqlarının” lizinqə verilməsi ilə əlaqədar bağlanmış 10 avqust 2016-cı il tarixli 04-LA/16 nömrəli müqavilə üzrə “Lizinq alan” - Cavabdeh 17 may 2021-ci il tarixinə 840909 (səkkiz yüz qırx min doqquz yüz doqquz) manat məbləğində əsas borcu yaranmış və iddiaçı tərəfindən həmin borca 571661,44 (beş yüz yetmiş bir min altı yüz altmış bir manat 44 qəpik) manat məbləğində cərimə hesablanmışdır. İş materiallarından görünür ki, cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə də, yuxarıda qeyd olunanlara və işin konkret hallarına görə müəyyən olunur ki, 10 avqust 2016-cı il tarixli 04-LA/16 nömrəli lizinq müqaviləsi üzrə 17 may 2021-ci il tarixinə hesablanmış 840909 (səkkiz yüz qırx min doqquz yüz doqquz) manat məbləğində əsas borcun Cavabdeh iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və həmin hissədə iddia təmin olunmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iddianın Cavabdeh iddiaçının xeyrinə 571661,44 (beş yüz yetmiş bir min altı yüz altmış bir manat 44 qəpik) manat məbləğində cərimənin tutulması tələbinə aid hissəsi isə qismən təmin olunmalı və işin halları, o cümlədən də cavabdehin kənd təsərrüfatı sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olması nəzərə alınmaqla, tələb edilən cərimə məbləği azaldılaraq, cavabdehdən cəmi 9000 (doqquz min) manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmçinin, qeyd etmək lazımdır ki, iddiaçı tərəfindən hesablanmış cərimə məbləği azaldılarkən digər hallarla yanaşı, tərəflər arasında bağlanmış Lizinq Müqaviləsinin tələblərinə görə lizinqə verilmiş avadanlığın dəyərinin ödənilmə müddətinin və qaydasının dəqiq müəyyən edilməsinə baxmayaraq, Ödəniş Qrafikinə riayət olunmadığı halda iddiaçı tərəfindən bununla bağlı tərəflər arasında bağlanmış Müqavilə şərtlərinə və qanunvericilik normalarına uyğun müvafiq tədbirlər görülməyərək uzun müddət sonra məhkəməyə müraciət edilməsi (hətta, 17 may 2021-ci il tarixli Maliyyə arayışı tərtib edilənədək Lizinq alana borcun ödənilməsi ilə əlaqədar hər hansı bir rəsmi müraciətin olmasını təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır) və bununla əlaqədar hesablanmış cərimə məbləğinin də yüksək həddə artması və cərimə məbləğinin artmasına iddiaçı tərəfin hərəkətsizliyinin də səbəb olması nəzərə alınmalıdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəllənin 425.2-ci maddəsinin tələblərinə görə, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh (VÖEN **********) 10 avqust 2016-cı il tarixli 04-LA/16 nömrəli lizinq müqaviləsi üzrə 17 may 2021-ci il tarixinə hesablanmış 840909 manat məbləğində əsas borc və 9000 manat məbləğində cərimə iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumu və hüquqi yardımla əlaqədar nümayəndəyə ödənilmiş olan 500 (beş yüz) manat məbləğində xidmət haqqı da Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan cəmi 200 (iki yüz) manat məbləğində pul vəsaiti isə Cavabdeh dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara ala bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Cavabdeh (VÖEN **********) 17 may 2021-ci il tarixinə hesablanmış 840909 (səkkiz yüz qırx min doqquz yüz doqquz) manat məbləğində əsas borc, 9000 (doqquz min) manat məbləğində cərimə, hüquqi yardımla əlaqədar ödənilmiş 500 (beş yüz) manat məbləğində xidmət haqqı və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla - cəmi 850439 (səkkiz yüz əlli min dörd yüz otuz doqquz) manat məbləğində pul vəsaiti iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan cəmi 200 (iki yüz) manat məbləğində pul vəsaiti Cavabdeh dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-26/2022
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-26/2022
12.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver