Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-2621/2025 27.02.2026 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddia tələbi və tərəflərin mövqeləri:
1. İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək 19980,19 (on doqquz min doqquz yüz səksən manat, on doqquz qəpik) manat məbləğində əsas borc, 1235,62 (min iki yüz otuz beş manat, altmış iki qəpik) manat məbləğində cərimə və 154 (yüz əlli dörd) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında bağlanmış 08 yanvar 2020-ci il tarixli alqı-satqı müqaviləsinin 2-ci bəndinə əsasən, satıcı (iddiaçı) sifariş olunmuş malları təsdiqlədikdən sonra alıcının (cavabdehin) sifarişinə uyğun olaraq razılaşdırılmış miqdarda, çeşiddə, keyfiyyətdə və assortimentdə malları alıcıya təhvil verməyi, alıcı sifarişə uyğun çatdırılmış malları təhvil almağı və müqavilədə göstərilən qaydada malların dəyərini satıcıya ödəməyi öhdəsinə götürür. Təqdim edilmiş elektron qaimə-faktura sənədlərinə və malların təqdim edilməsinə dair təhvil-qəbul aktlarına əsasən, cavabdeh tərəfindən sifariş olunan mallar iddiaçı tərəfindən ona tam şəkildə təhvil verilmişdir. Lakin cavabdeh müqavilə üzrə öz öhdəliklərini lazımi qaydada icra etməmişdir. Belə ki, cavabdeh iddiaçıdan aldığı malların dəyərini tam şəkildə ödəməmiş və nəticədə 19980,19 manat məbləğində əsas borcu yaranmış və 1235,62 manat məbləğində cərimə hesablanmışdır. Cavabdehlə mübahisənin pretenziya qaydasında həll edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
3. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
5. Məhkəmə iclaslarında cavabdeh izahatlarında bildirmişdir ki, borcu qəbul edir. 2024-cü ilin sonlarından etibarən malların dəyərini ödəyə bilmədiyi üçün anbardakı malların götürülməsi ilə bağlı iddiaçıya dəfələrlə şifahi qaydada müraciət etsə də, mallar geri götürülməmişdir. İddiaçının nümayəndəsi gəlib mallara baxış keçirmişdir, lakin daha sonra hər hansı nəticə olmamışdır. Anbardakı malların dəyəri barədə məlumatı yoxdur. İş materiallarına əlavə edilmiş üzləşmə aktındakı imza ona məxsusdur. Cavabdeh məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi.
6. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.
İş materialları:
7. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 08 yanvar 2020-ci il tarixli 6870 nömrəli alqı-satqı müqaviləsinin 2.1-ci bəndinə əsasən, tərəflər razılığa gəlmişlər ki, alıcı (iddiaçı) satıcının (cavabdehin) təqdim etdiyi müxtəlif çeşiddə və adda məhsulları vaxtaşırı satıcıdan sifariş edəcək, satıcı alıcının sifarişinə uyğun olaraq razılaşdırılmış miqdarda, çeşiddə, keyfiyyətdə, miqdarda və assortimentlə alıcıya təhvil verəcək və alıcı sifarişə uyğun çatdırılmış malları təhvil alacaq və malların dəyərini satıcıya müqavilədə (müqavilənin müvafiq əlavələri də daxil olmalqa) göstərilən qaydada ödəyəcəkdir.
8. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, alıcı malları satıcının nümayəndəsi vasitəsilə, yazılı formada, faks vasitəsilə, telefon vasitəsilə, elektron poçt vasitəsilə, online sifariş formasında sifariş verə bilər.
9. Həmin müqavilənin 3.5-ci bəndinə əsasən, satıcı malları alıcıya təhvil verdikdən dərhal sonra Azərbaycan Respublikasının müvafiq dövlət orqanı tərəfindən təsdiq olunan qaydalara uyğun olaraq malların təhvil-qəbul aktını (qaimə-fakturanı) 2 nüsxədə tərtib etməli, imzalamalı, möhürlə təsdiq etməli və aktın hər iki imzalanmış və möhürlənmiş nüsxəsini, həmçinin qanunvericiliklə nəzərdə tutulmuş digər sənədləri alıcıya təqdim etməlidir. Aktla birlikdə satıcı malların təhvil təslimi təsdiq edən özünün tərtib etdiyi digər sənədləri də (bundan sonra “Digər Sənədlər”) alıcıya təqdim edə bilər. Alıcı bu kimi sənədləri imzalamaqdan imtina edə bilməz. Mallar qaimə-fakturaya əsasən təhvil verildiyi andan təsadüfü məhv olma və zədələnmə riski alıcıya keçir.
10. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, əgər alıcıda elə bir qənaət olsa ki, hər hansı malın satışı alıcı və ya müştərilər üçün təhlükə yaradır və ya ziyan vurur və ya qanunvericiliyin tələblərinə pozulmasına gətirib çıxarır, həmçinin mala dair müştərilərdən şikayətlər alıcıya daxil olduğu hallarda, alıcı ən tez zamanda malların mağazalarda satışını dayandırmalı, malları mağazalardan yığışdırmalı, satıcıya məlumat verməli və malların ticarət dövriyyəsindən kənar edilməsi və/və ya malların müştərilərdən geri alınmasını (bundan sonra “geri çağırma”) təşkil etməli və malların satıcı tərəfindən geri alınmasını tələb etməlidir.
11. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən, satıcının könüllü qaydada və öz mülahizəsinə əsaslanaraq istənilən malı geri çağıra bilər. Bütün geri çağırılan mallarla bağlı Azərbaycan Respublikasının qanunvericiliyi ilə tələb olunan sənədlərlə yanaşı xüsusi təhvil-qəbul aktı tərtib edilməli və tərəflər tərəfindən imzalanmalıdır. Alıcı hər hansı bu cür sənədi imzalamaqdan imtina etsə, geri çağırılan mallar satıcı tərəfindən qəbul edilməyəcək və bu cür mallardan irəli gələn təhlükəyə görə yalnız alıcı məsuliyyət daşıyacaqdır.
12. Həmin müqavilənin 7.10-cu bəndinə əsasən, alıcı satıcıya olan borcun ödənişini müqavilə ilə razıalşdırılmış şərtlərə uyğun həyata keçirmədikdə borc gecikdirilmiş sayılır və satıcıya sonuncunun tələbinə əsasən gecikmənin hər günü üçün borclu olduğu məbləğin 0,5 faizi miqdarında cərimə ödəməlidir. Bu qayda alıcının fəaliyyətinin dayandırıldığı hallara da şamil edilir.
13. Həmin müqavilənin 8.1-ci bəndinə əsasən, alıcı bu müqaviləyə uyğun olaraq satıcı tərəfindən təhvil verilən malların dəyərini müqavilənin digər şərtlərini nəzərə almaqla bu qaydada ödəməlidir: alıcıya təhvil verilmiş malın dəyərinin ödənilmə müddəti malın verildiyi vaxtdan etibarən ... gündən artıq ola bilməz. Ödəniş ... gün ərzində aparılmadığı halda malın dəyəri bu müqavilənin 7.10-cu bəndində göstərilən qaydada hesablanmaqla satıcıya ödəniləcəkdir. Alıcı Satıcıdan ilk dəfə mal aldıqda ödəniş ilk dəfə üçün qabaqcadan ödəniş qaydası formasında həyata keçirilməlidir. Növbəti ödənişlər üçün hazırki müqavilənin 8.1 (i) bəndi əsas götürüləcəkdir və ya tərəflər əlavə razılaşma imzalamaqla ayrı ödəniş qaydasını müəyyən edə bilərlər.
14. Həmin müqavilənin 8.8-ci bəndinə əsasən, alıcı satıcıya ödəməli olduğu vəsaiti nəğd, yaxud bank vasitəsi ilə həyata keçirir. Alıcı satıcıya ödəməli olduğu nəğd vəsaiti satıcının səlahiyyətli nümayəndəsindən qəbz almaqla ödəyir. Bank vasitəsilə köçürmə zamanı pul vəsaitinin satıcının bank hesabına daxil olduğu zaman ödəniş icra olunmuş sayılır.
15. İş materiallarında olan iddiaçının nümayəndələri və cavabdeh tərəfindən imzalanmış 05 may 2025-ci il tarixli 73451 nömrəli üzləşmə aktının məzmununda cavabdehin iddiaçıya 19980,19 manat məbləğində borcu olduğu qeyd edilmişdir.
16. İş materiallarında olan maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya 08 yanvar 2020-ci il tarixli 6870 nömrəli alqı-satqı müqaviləsi üzrə 19980,19 manat məbləğində əsas borcu vardır və 1235,62 manat məbləğində cərimə hesablanmışdır.
17. İş materiallarına, həmçinin təhvil-qəbul aktları və elektron qaimə-fakturalar əlavə edilmişdir.
Tətbiq edilən hüquq:
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
19. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
20. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
21. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
22. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
23. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2).
24. Həmin Məcəllənin 567-ci madəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
25. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
26. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi:
30. Beləliklə, təsvir olunanlarla müəyyən edilir ki, iddiaçı və cavabdeh arasında 08 yanvar 2020-ci il tarixli 6870 nömrəli alqı-satqı müqaviləsi bağlanılmış, müqavilə öhdəliklərinə uyğun olaraq satıcı qismində olan iddiaçı həmin müqavilənin predmeti olan malları cavabdehin mülkiyyətinə vermiş, alıcı qismində iştirak edən cavabdeh isə müqavilə öhdəliklərinə riayət etməyərək həmin malların dəyərini iddiaçıya ödəməmişdir.
31. Belə ki, iş materiallarına əlavə edilmiş iddiaçının nümayəndələri və cavabdeh tərəfindən imzalanaraq təsdiqlənmiş 05 may 2025-ci il tarixli 73451 nömrəli üzləşmə aktından görünür ki, cavabdeh iddiaçıya aktın tərtib edildiyi tarixə 19980,19 manat məbləğində manat məbləğində borcu olduğunu qəbul etmişdir (cavabdeh məhkəmə iclaslarındakı izahatında aktın onun tərəfindən imzalanmasını təkzib etməmişdir).
32. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 19980,19 manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir.
33. İddia tələbinin cavabdehdən 1235,62 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan (alqı-atqı müqaviləsinin yuxarıda istinad edilmiş 7.10cu bəndi) iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
34. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və yamüqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
35. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
36. Qeyd olunanlarla bağlı məhkəmə hesab edir ki, tələb olunan cərimənin əsas borc məbləğinə nisbəti, o cümlədən həm iddiaçının, həm də ki, cavabdehin əmlak mənafeləri və işin digər halları nəzərə alınmaqla iddia tələbinin cavabdehdən 1235,62 manat məbləğində cərimənin tutulmasına aid hissəsi qismən təmin edilməli, tələb edilən cərimənin məbləği azaldılaraq cavabdehdən cəmi 1000 manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
37. Bundan başqa, iddia tələbinin 154 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına aid hissəsinə gəldikdə, iş materiallarında olan 12 dekabr 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman 154 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
38. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda dövlət rüsumunun məbləği 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi təşkil edir.
39. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
40. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
41. Yuxarıda istinad edilən normalar nəzərə alınaraq, hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 152,94 manat təşkil etdiyindən, həmin məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
42. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 19980,19 manat məbləğində əsas borc, 1000 manat məbləğində cərimə və 152,94 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 21133,13 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir.
43. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh 19980,19 (on doqquz min doqquz yüz səksən manat, on doqquz qəpik) manat məbləğində əsas borc, 1000 (min) manat məbləğində cərimə və 152,94 (yüz əlli iki manat, doxsan dörd qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 21133,13 (iyirmi bir min yüz otuz üç manat, on üç qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fərman Həmidli