Məhkəmə qərarları › İş №e-2-2(119)-2632/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-2632/2025

11.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-2632/2025 11.02.2026 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Quliyeva Aynur Pərviz qızının katibliyi ilə iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən Cavabdeh2 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh2 qarşı "borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış “kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə” 12 iyul 2017-ci il tarixli 1307-GL/17 nömrəli müqavilənin ləğv edilməsi, Cavabdeh2 2177 (iki min yüz yetmiş yeddi) manat məbləğində əsas borc, 4791,18 (dörd min yeddi yüz doxsan bir manat on səkkiz qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 6968,18 (altı min doqquz yüz altmış səkkiz manat on səkkiz qəpik) manat məbləğində borcun və hüquqi yardımla əlaqədar vəkilə ödənilmiş 576,28 (beş yüz yetmiş altı manat iyirmi səkkiz qəpik) manat məbləğində xidmət haqqının iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında 12 iyul 2017-ci il tarixli "1307-GL/17" nömrəli kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən lizinq verən "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən kənd təsərrüfatı texnikaları lizinq alan Cavabdeh2 lizinqə vermişdir. Müqavilə şərtlərinə əsasən lizinq alan ödəniş qrafiki üzrə lizinq məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Lakin lizinq alan - hazırkı cavabdeh müqavilə üzrə öhdəliyini pozaraq ödəniş qrafiki üzrə ödənişləri icra etməmişdir. Nəticədə Cavabdeh2 12 iyul 2017-ci il tarixli "1307-GL/17" nömrəli müqavilə üzrə 18 sentyabr 2025ci il tarixinə 2177 (iki min bir yüz yetmiş yeddi) manat qalıq borc, 4791,18 (dörd min yeddi yüz doxsan bir manat on səkkiz qəpik) manat hesablanmış cərimə olmaqla cəmi 6968,18 (altı min doqquz yüz altmış səkkiz manat on səkkiz qəpik) manat borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci bəndinə görə lizinq alan ödəniş qrafikinə uygun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Hazırkı iş üzrə hüquqi yardım göstərilməsi, iddia tələbinin irəli sürülməsi və məhkəmədə müdafiə edilməsi üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə "xxxx" MMC arasında hüquq xidmətlərinin satınalınması müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən hər bir iş üzrə hüquqi yardım xidmətinin qiyməti 576,28 manat müəyyən edilmişdir. Həmin məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi Vəkil 10 fevral 2026-cı il tarixdə “iddia ərizəsinin dəqiqləşdirilməsi barədə” məhkəməyə ərizə təqdim edərək Cavabdeh2 12 iyul 2017-ci il tarixli “kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə” 12 iyul 2017-ci il tarixli 1307- GL/17 nömrəli müqavilə üzrə əsas borcu ödəməsini nəzərə alaraq, Cavabdeh2 4791,18 (dörd min yeddi yüz doxsan bir manat on səkkiz qəpik) manat məbləğində cərimənin və hüquqi yardımla əlaqədar vəkilə ödənilmiş 576,28 (beş yüz yetmiş altı manat iyirmi səkkiz qəpik) manat məbləğində xidmət haqqının iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən iddiaçının Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi və Cavabdeh2 məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, “iddia ərizəsinin dəqiqləşdirilməsi” barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti (hal-hazırda kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəliklər iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir) ilə Cavabdeh2 arasında bağlanmış 12 iyul 2017-ci il tarixli 1307-GL/17 nömrəli “kənd təsərrüfatı texnikasının lizinqə verilməsi” barədə müqaviləyə əsasən lizinq verən ümumi məbləği 3885 manat olan və Spesifikasiyada (Əlavə № 1) göstərilən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan texnikaların qalıq məbləğini ödəniş qrafikinə (Əlavə № 2) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edə bilər. İş materiallarında olan 12 iyul 2017-ci il tarixli 1307-GL/17 nömrəli lizinq müqaviləsinin 2 nömrəli əlavəsi olan ödəniş qrafikində lizinq alan Cavabdeh2 lizinq verənə borcunun son ödəniş tarixi 31 mart 2020-ci il olmaqla müvafiq rüblər və illər üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və Cavabdeh2 həmin ödəniş qrafikini imzası ilə təsdiq etmişdir. İş materiallarında olan 02 iyun 2017-ci il tarixli 406 nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus texnikaların təhvil barədə akta əsasən DSP-240 markalı çöp doğrayan Cavabdeh2 təhvil verilmişdir. İş materiallarında olan 02 iyun 2017-ci il tarixli 405 nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus texnikaların təhvil barədə akta əsasən LKS-TTA 1000 markalı ventilyatorlu çiləyici Cavabdeh2 təhvil verilmişdir. İş materiallarında olan 27 yanvarr 2026-cı il tarixli maliyyə arayışında göstərilir ki, 12 iyul 2017-ci il tarixli 1307-GL/17 nömrəli müqavilə üzrə Cavabdeh2 0 (sıfır) manat məbləğində əsas borcu və 4791,18 (dörd min yeddi yüz doxsan bir manat on səkkiz qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 4791,18 (dörd min yeddi yüz doxsan bir manat on səkkiz qəpik) manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. - 747-2-ci maddəsinə əsasən lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. - 748-10.2-ci maddəsinə əsasən lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. - 748-10.4-cü maddəsinə əsasən lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Beləliklə, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, lizinq verən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan lizinq alan Cavabdeh2 (VÖEN: **********) arasında “kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə” 12 iyul 2017-ci il tarixli 1307-GL/17 nömrəli müqavilə bağlanmış, lizinq verən tərəfindən kənd təsərrüfatı texnikaları cavabdehə lizinqə verilmiş, lakin cavabdeh tərəfindən öhdəliklər lazımi qaydada yerinə yetirilməyərək vaxtlı-vaxtında lizinq ödənişləri həyata keçirilməmişdir. Buna görə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh2 qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə hesab edir ki, iddia tələbinin “cavabdehdən iddiaçının xeyrinə “kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə” 12 iyul 2017-ci il tarixli 1307-GL/17 nömrəli müqavilə üzrə 4791,18 (dörd min yeddi yüz doxsan bir manat on səkkiz qəpik) manat məbləğində cərimənin tutulması” hissəsi qismən təmin olunmalı, işin halları, o cümlədən də cavabdehin kənd təsərrüfatı sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olması nəzərə alınmaqla cərimə məbləği azaldılmalı, 12 iyul 2017-ci il tarixli 1307-GL/17 nömrəli müqavilə üzrə Cavabdeh2 iddiaçının xeyrinə 50 (əlli) manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmçinin, qeyd etmək lazımdır ki, iddiaçı tərəfindən hesablanmış cərimə məbləği azaldılarkən digər hallarla yanaşı, tərəflər arasında bağlanmış lizinq müqavilələrinin tələblərinə görə lizinqə verilmiş avadanlığın dəyərinin ödənilmə müddətinin və qaydasının dəqiq müəyyən edilməsinə baxmayaraq, ödəniş qrafikinə riayət olunmadığı halda - iddiaçı tərəfindən həmin müqavilə şərtlərinə və qanunvericilik normalarına uyğun müvafiq tədbirlər vaxtında görülməyərək uzun müddət sonra məhkəməyə müraciət edilməsi və bununla əlaqədar hesablanan cərimə məbləğlərinin də yüksək həddə artması və cərimə məbləğlərinin artmasına iddiaçı tərəfin də hərəkətsizliyinin səbəb olması nəzərə alınmalıdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəllənin 425.2-ci maddəsinin tələblərinə görə öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 121.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə - nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İddia tələbinin “hüquqi yardımla əlaqədar ödənilmiş 576,28 (beş yüz yetmiş altı manat iyirmi səkkiz qəpik) manat məbləğində xidmət haqqının cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, məhkəməyə təqdim edilmiş 27 dekabr 2025-ci il tarixli ödəniş sənədindən iddiaçı tərəfindən 18 dekabr 2025-ci il tarixli MT2512 seriyalı 11558773 nömrəli elektron qaimə-fakturaya əsasən hüquqi yardım göstərilməsi üçün 300 (üç yüz) manat məbləğində xidmət haqqının ödənildiyi görünür. Buna görə iddia tələbi həmin hissədə qismən təmin edilməli, Cavabdeh2 hüquqi yardımla əlaqədar vəkilə ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqının əvəzi tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Cavabdeh2 “kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə” 12 iyul 2017-ci il tarixli 1307-GL/17 nömrəli müqavilə üzrə 50 (əlli) manat məbləğində cərimə və hüquqi yardımla əlaqədar vəkilə ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 350 (üç yüz əlli) manat məbləğində pul vəsaiti iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa Cavabdeh2 iddianın təmin edilən hissəsinə uyğun olaraq hesablanmış 30 (otuz) manat məbləğində dövlət rüsumu dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1.14-cü maddəsinə əsasən, məhkəmələrə verilən iddia ərizələri, digər ərizələr və ya şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 “kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə” 12 iyun 2017-ci il tarixli 1307-GL/17 nömrəli müqavilə üzrə 50 (əlli) manat məbləğində cərimə və hüquqi yardımla əlaqədar vəkilə ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 350 (üç yüz əlli) manat məbləğində pul vəsaiti iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh2 dövlət nəfinə 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar