Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-2681/2025 05.01.2026 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Qarabağ Ərazi Vergilər Baş İdarəsi tərəfindən Maraqlı şəxs qarşı verilmiş "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizəyə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Qarabağ Ərazi Vergilər Baş İdarəsi xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək 23 dekabr 2025-ci il tarixinə hesablanmış dövlət büdcəsinə olan 4407,88 (dörd min dörd yüz yeddi manat, səksən səkkiz qəpik) manat məbləğində vergi borcunun, Dövlət Sosial Müdafiə Fonduna olan 1346,1 (min üç yüz qırx altı manat, on qəpik) manat məbləğində borcun, İcbari Tibbi Sığorta Fonduna olan 252,56 (iki yüz əlli iki manat, əlli altı qəpik) manat məbləğində borcun, İşsizlikdən Sığorta Fonduna olan 49,75 (qırx doqquz manat, yetmiş beş qəpik) manat məbləğində borcun ödənilməsini təmin etmək üçün vergi ödəyicisi - Maraqlı şəxs (VÖEN: **********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının ərizəçinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən, işə ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs izahatında bildirdi ki, faktiki olaraq Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Xalçaçılıq fabriki ünvanında yaşayır. İşlədiyi şirkətdən ödənişi ala bilmədiyi üçün borcunu ödəyə bilməmişdir, lakin borcunu ödəyəcəkdir. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 10 dekabr 2021-ci tarixli sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlar vergidən azad edilmişdir, lakin müvafiq vergi orqanı ona kameral vergi hesablamışdır. Maraqlı şəxs işin ərazi aidiyyəti üzrə baxılması üçün göndərilməsi məsələsi ilə bağlı bildirdi ki, hazırkı məhkəmədə qəbul ediləcək qərarla razılaşacaqdır və maddi vəziyyəti ilə əlaqədar işə bu məhkəmədə baxılmasını xahiş etdi. Məhkəmə proses iştirakçısını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə hesab edir ki, aşağıda göstərilənlərə əsasən e-2-2(119)- 2681/2025 nömrəli kommersiya işi aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, “Elektron məhkəmə” informasiya sistemində olan şəxsiyyət vəsiqəsinə dair məlumatlara əsasən müəyyən olunur ki, maraqlı şəxs ünvan 2 ünvanında rəsmi qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Şuşa Rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış 08 yanvar 2026-cı il tarixli 5-77/2-2/2026 nömrəli məktubun məzmunu ilə müəyyən edilir ki, hazırkı iş üzrə Maraqlı şəxs hazırda Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Xalçaçılıq müəssisəsində məcburi köçkün kimi müvəqqəti məskunlaşmışdır. Göründüyü kimi, maraqlı şəxsin rəsmi qeydiyyat ünvanı Sumqayıt Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olsa da, sözügedən məktubun məzmunu və maraqlı şəxsin izahatı əsasında müəyyən edilən yaşadığı ünvan Bakı Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan Bakı şəhəri ərazisində yerləşir. Mülki Prosessual Məcəllənin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 306.1-ci maddəsinə əsasən, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 355-5.2-ci maddəsinə əsasən, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarının 20.9-cu bəndinə əsasən Sabunçu rayonu Bakı Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid inzibati ərazi vahididir. Qeyd edilənləri nəzərə alan məhkəmə belə qənaətə gəlir ki, ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Qarabağ Ərazi Vergilər Baş İdarəsi tərəfindən Maraqlı şəxs qarşı verilmiş "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizəyə dair kommersiya işi üzrə Maraqlı şəxs Sumqayıt Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidlərindən birində deyil, Bakı Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid ərazi vahidlərindən olan Sabunçu rayonunda yerləşən ünvanda yaşadığından kommersiya işi baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 45.2-ci maddəsinə əsasən, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Həmin Məcəllənin 45.3-cü maddəsinə əsasən, işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 355-5.2, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA A L D I: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Qarabağ Ərazi Vergilər Baş İdarəsi tərəfindən Maraqlı şəxs qarşı verilmiş "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizəyə dair e-2- 2(119)-2681/2025 nömrəli kommersiya işi aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-2681/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-2681/2025
05.01.2026 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver