Məhkəmə qərarları › İş №e-2-2(119)-2682/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-2682/2025

25.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-2682/2025 25.12.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış 07 yanvar 2024-cü il tarixli AYS T/16 nömrəli alqı-satqı müqaviləsinə əsasən, 194431,65 (yüz doxsan dörd min dörd yüz otuz bir manat, altmış beş qəpik) manat məbləğində əsas borc, 10000 (on min) manat məbləğində dəbbə pulu olmaqla, cəmi 204431,65 (iki yüz dörd min dörd yüz otuz bir manat, altmış beş qəpik) manat məbləğində borcun və 495 (dörd yüz doxsan beş qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, “Elektron məhkəmə” informasiya sistemində olan məlumatlarla müəyyən edilir ki, Cavabdeh yaşayış yeri üzrə rəsmi qeydə alındığı ünvan Naxçıvan Muxtar Respublikası, ünvan 1 mənzil 45-dir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Göründüyü kimi, cavabdeh yaşayış yeri üzrə Naxçıvan Muxtar Respublikasının Şərur şəhərində qeydiyyata alınmış və həmin inzibati ərazi vahidi Sumqayıt Kommersiya Məhkəməsinin yurisdiksiyasına daxil deyildir. Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, mülki-prosessual qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə riayət edilməklə verilmədiyinə görə iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA A L D I: İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” barədə ərizə iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması ərazi aidiyyəti üzrə yenidən ümumi qaydada müvafiq məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar