Məhkəmə qərarları › İş №e-2-2(119)-27/2022

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-27/2022

01.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-27/2022 01.07.2022 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Tağıyev Xəqani Qəhrəman oğlunun sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəkili və ümayəndəsi Vəkil1, Cavabdeh, Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 08-LA/17 nömrəli müqaviləyə əsasən borclu (lizinq alan) satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə yuxarıda adıçəkilən müqavilədə göstərilmiş avadanlıqları lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2021-ci il tarixə xx.xx.2017-ci il tarixli 08-LA/17 nömrəli müqavilə üzrə 1.372.625 manat gecikdirilmiş borcu və hesablanmış 699.845,63 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Hüquqi yardım göstərilməsi üçün vəkilə də müraciət edilmişdir. Hüquqi yardım göstərilməsi haqqında müqaviləyə əsasən hüquqi yardıma görə haqqın məbləği 500 (beş yüz manat) manat müəyyənləşdirilmişdir. Bu məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən, iddiaçı məhkəmədən xx.xx.2017-ci il tarixli 08-LA/17 nömrəli müqavilə üzrə 1.372.625 manat gecikdirilmiş borcun və hesablanmış 699.845,63 manat cərimə borcunun və hüquqi yardımla bağlı 500 (beş yüz) manat cəmi: 2.072.970,63 (iki milyon yetmiş iki min doqquz yüz yetmiş manat 63 qəpik) manat pul vəsaitinin cavabeh Cavabdeh tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2017-ci il tarixli 08-LA/17 nömrəli müqavilə üzrə 1.358.625 manat gecikdirilmiş borcun, hesablanmış 699.845,63 manat cərimə borcunun və hüquqi yardımla bağlı ödənilmiş 500 (beş yüz) manat - cəmi: 2.058.970,63 (iki milyon əlli səkkiz min doqquz yüz yetmiş manat 63 qəpik) manat pulun cavabdehdən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi və vəkili Vəkil1 ərizəni müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etmədiklərini, iddia tələbinin təmin ediləcəyi halda cərimə məbləğinin azaldılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh izahat verərərk bildirdi ki, o, 2017-ci ildə soyuducu anbarı lizinqə götürüb. Elə həmin il lizinqə verilmiş soyuducu anbarın geri qaytarılması ilə əlaqədar dəfələrlə iddiaçı təşkilata müraciət edib. "xxxx" ASC-dən ona bildirilib ki, 2018-ci ildə cənab prezidentin fərmanı var, müəyyən ödənişlər etsin, dövlət tərəfindən də güzəştlər ediləcək. Müraciət etdiyi vaxt soyuducu anbarı ondan alsaydılar, bugünkü gündə borcu qalmazdı. Müqavilədə qeyd olunur ki, bir dəfədən artıq ödəniş gecikdirildikdə lizinq predmeti geri alınmalıdır. Həmçinin lizinq predmeti olan soyuducu anbar ona 3 şəxsin istifadəsində olduqdan sonra verilib və lizinq predmetinin dəyəri həddindən artıq şişirdilib. Sonda o, iddianı qəbul etmədiyini bildirdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2017-ci il tarixli 08-LA/17 nömrəli müqavilənin 1.1-ci bəndindən görünür ki, "xxxx" ASC bu müqavilənin həmin bəndinə əlavə olunmuş cədvəldə göstərilən avadanlıqları qalıq dəyəri lizinq ödəniş qrafikində göstərilən müddətdə və həcmdə ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 8 il müddətinə lizinqə verir. Həmin müqavilənin 1.2-ci bəndinə görə, lizinq alan avadanlıqların qalıq dəyərindən 200.000 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan məbləği isə ödəniş qrafikində göstərilən müddətdən gec olmayaraq ödəməyi öhdəsinə götürmüşdür. Əvvəlcədən ödənilmiş məbləğ heç bir halda lizinq verən tərəfindən geri qaytarılmır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli maliyyə arayışına əlavədən görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixli 08-LA/17 nömrəli nömrəli müqavilə üzrə 1.358.625 manat məbləğində gecikdirilmiş borcu və 699.845,63 manat məbləğində cərimə borcu vardır. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 23 may 2022-ci il tarixli, 9/566 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2017-ci il tarixli 08-LA/17 nömrəli müqavilə üzrə Cavabdeh xx.xx.2021-ci il tarixə iddiaçıya əsas borcu 1.358.628 manat, cərimə borcu isə 699.845,63 manat təşkil edir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 000İPX12117601E5 nömrəli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi hüquqi yardım göstərilməsi üçün vəkilə 500 manat ödəniş etmişdir. Sadalananlara əsasən, məhkəmə hesab edir ki, Cavabdeh lizinq müqaviləsi əsasında iddiaçı "xxxx" ASC-dən (hazırda Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi) lizinq obyekti olan avadanlıqları istifadə etmək hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında lizinq məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Lakin cavabdeh lizinq müqaviləsi əsasında iddiaçıdan kənd təsərrüfatı texnikalarını lizinqə götürməsinə dair hüququndan istifadə etmiş, lizinqə götürülmüş avadanlıqlarla bağlı ödəniş etmək öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi cavabdehdən lizinqə verilmiş avadanlıqlarla bağlı yaranmış borcu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1.-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 386.1-ci maddəyə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin məcəllənin 427.2-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh müqavilədə qeyd olunan avadanlıqları lizinqə götürmüş, lakin üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Buna görə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2017-ci il tarixli 08-LA/17 nömrəli müqavilə üzrə 1.358.625 manat manat gecikdirilmiş əsas borcu və 699.845,63 manat manat hesablanmış cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 500 manat, cəmi: 2.058.970,63 (iki milyon əlli səkkiz min doqquz yüz yetmiş manat 63 qəpik) manat pul vəsaitinin tutulmasını tələb etmişdir. İddiaçının istinad etdiyi hallar iş materialları ilə təsdiq olunur. Buna görə də iddia əsas borc tələb olunan hissədə təmin olunmalıdır. Məhkəmə hesab edir ki, xx.xx.2017-ci il tarixli 08-LA/17 nömrəli müqavilə üzrə əsas borc 1.358.625 manat olduğu halda 699.845,63 manat cərimə hesablanması tənasübsüz surətdə yüksək olduğuna görə cərimə borcu 50.000 manata qədər azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Göstərilənləri nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia əsas borc tələbinə dair hissədə əsaslı olduğu üçün tam təmin olunmalı, cərimə tələbinə dair hissədə isə qismən əsaslı olduğu üçün cərimə xx.xx.2017-ci il tarixli 08-LA/17 nömrəli müqavilə üzrə 50.000 manat məbləğində tutulmalı, iddia qalan hissədə əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə xərcləri ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iş üzrə çəkilmiş məhkəmə xərclərinin 32%-i iddiaçıya, 68%-i cavabdehə aid edilməlidir. Hüquqi yardım üçün iddiaçının vəkilə ödədiyi 500 manat məbləğində xidmət haqqının 32%-i yəni, 160 manatı iddiaçıya, 68%-i yəni, 340 manatı cavabdehə aid edilməlidir. Cavabdehdən vəkilə ödənilmiş xidmət haqqının əvəzi olaraq 340 manat pul tutularaq, iddiaçıya ödənilməlidir. Hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə ödənilməli dövlət rüsumunun məbləği 30 manat olduğundan və iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən həmin dövlət rüsumunun 68%-i, yəni 20,4 manatı cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. MPM-nin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh xx.xx.2017-ci il tarixli 08-LA/17 nömrəli müqavilə üzrə 1.358.625 manat gecikdirilmiş əsas borc və hesablanmış 50.000 manat məbləğində cərimə tutularaq, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərclərinin 32%-i iddiaçıya, 68%-i cavabdehə aid edilsin. İddiaçı tərəfindən hüquqi yardım göstərilməsinə görə vəkilə ödənilmiş 500 manat məbləğində xidmət haqqının 32%-i iddiaçıya, 68%-i cavabdehə aid edilsin. Cavabdehdən vəkilə ödənilmiş xidmət haqqının əvəzi olaraq 340 manat pul tutularaq, iddiaçıya ödənilsin. Məhkəmə ekspertizası xərcini təşkil edən 200 manat məbləğin 64 manatı iddiaçıya, 136 manatı cavabdehə aid edisin, iddiaçıdan 64 manat, cavabdehdən 136 manat pul tutularaq, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Cavabdehdən 20,4 (iyirmi manat qırx qəpik) manat dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Xəqani Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar