Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-277/2025 04.03.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi ilə İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehndən 13380 (on üç min üç yüz səksən) manat məbləğində əsas borc, 6690 (altı min altı yüz doxsan) manat məbləğində cərimə və 150,21 (yüz əlli manat iyirmi bir qəpik) manat dövlət rüsumu olmaqla, cəmi 20220,21 (iyirmi min iki yüz manat iyirmi bir qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 07 avqust 2024-cü il tarixli, E24045 nömrəli alqı-satqı müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən satıcı qismində çıxış edən iddiaçı adı, çeşidi (növü), sayı (miqdarı), dəyəri hər bir mal sifarişi üzrə tərtib edilən qaimə-faktura (və ya elektron qaimə faktura) və ya əlavə razılaşma ilə müəyyən edilən malları alıcı qismində çıxış edən cavabdehə satır, cavabdeh isə malı qəbul edib dəyərini müqaviləyə uyğun olaraq iddiaçıya ödəyir. Müqaviləyə əsasən cavabdeh tərəfindən 07 avqust 2024-cü və 12 avqust 2024-cü il tarixlərdə müvafiq olaraq dəyəri 13180 (on üç min yüz səksən) manat və 7840 (yeddi min səkkiz yüz qırx) manat olmaqla, cəmi 21020 (iyirmi bir min iyirmi) manat dəyərində mal sifariş edilmişdir. İddiaçı sifariş edilmiş malları müvafiq qaydada və tarixlərdə cavabdehə təhvil vermiş və malların sifarişlərə uyğun şəkildə çatdırılması və təhvil verilməsi faktı müvafiq sənədlərlə də öz təsdiqini tapmışdır. Bundan sonra İddiaçı tərəfindən İddiaçınə müvafiq elektron qaiməfakturalar göndərilmiş və həmin qaimə-fakturalar cavabdeh tərəfindən təsdiq edilmişdir. Malların müqaviləyə və sifarişlərə uyğun şəkildə təhvil verilməsinə, habelə elektron qaiməfakturaların təsdiq edilməsinə baxmayaraq bu günədək malların dəyərinin yalnız 7640 (yeddi min altı yüz qırx) manat hissəsi cavabdeh tərəfindən ödənilmişdir. Malların dəyərinin qalan 13380 (on üç min üç yüz səksən) manat hissəsi hələ də ödənilməmişdir. Mallar iddiaçı tərəfindən müvafiq olaraq 07 avqust 2024-cü və 12 avqust 2024-cü il tarixlərində cavabdehə lazımi qaydada təhvil verilmiş və müvafiq elektron qaimə-fakturalar göndərilmişdir. Həmin vaxtdan 2 aydan çox vaxt keçməsinə baxmayaraq 13380 (on üç min üç yüz səksən) manat borc cavabdeh tərəfindən hələ də ödənilməmişdir. Bundan əlavə cavabdeh borcunu ən geci 09 sentyabr 2024-cü il tarixədək ödəməli idi. Cavabdeh ödənişi 100 gün gecikdirmiş sayılır. Buna görə cavabdehin iddiaçıya malın dəyərindən əlavə gecikmənin hər günü üçün borclu olduğu məbləğin 0,5%-i miqdarında, yəni, ümumi 6690 (altı min altı yüz doxsan) manat məbləğində cərimə ödəmək öhdəliyi yaranır. Tərəflər məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında bağlanmış 07 avqust 2024-cü il tarixli, E24045 nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə görə müqaviləyə əsasən satıcı adı, çeşidi (növü), sayı (miqdarı), dəyəri hər bir mal sifarişi üzrə tərtib edilən qaimə-faktura (və ya elektron qaimə-faktura) və ya əlavə razılaşma ilə müəyyən edilən malları alıcıya satır, alıcı isə malı qəbul edib dəyərini satıcıya ödəyir. Həmin müqavilənin 3.4.3-cü bəndinə əsasən malın qiymətini müqavilənin 7.1-ci bəndi ilə müəyyən olunan şərtlərlə və qaydada satıcıya ödəmək alıcının vəzifəsidir. Həmin müqavilənin 7.1-ci bəndinə əsasən alıcı sifariş etdiyi malın dəyərinin 100% -ni malın təhvil-təslim edildiyi gündən etibarən 20 (iyirmi) iş günü müddətində nağd və ya nağdsız qaydada satıcının bank hesabına ödəməlidir. Həmin müqavilənin 7.5-ci bəndinə əsasən alıcı satıcıya olan borcun ödənişini müqavilə ilə razılaşdırılmış şərtlərə uyğun həyata keçirmədikdə borc gecikdirilmiş sayılır və satıcıya, sonuncunun tələbinə əsasən gecikmənin hər günü üçün borclu olduğu məbləğin 0,5%-i miqdarında cərimə ödəməlidir. Bu qayda alıcının fəaliyyətinin dayandırıldığı hallara da şamil edilir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən Cavabdehnə 13180 manat dəyərində malın satılması ilə əlaqədar 07 avqust 2024-cü il tarixli MT2408 seriyalı 10377270 nömrəli və 7840 manat dəyərində malın satılması ilə əlaqədar 12 avqust 2024cü il tarixli MT2408 seriyalı 10713486 nömrəli elektron qaimə-faktura təqdim olunmuşdur. İş materiallarında olan 07 avqust 2024-cü il tarixli 7949 nömrəli təhvil-təslim aktına əsasən İddiaçı tərəfindən Cavabdehnə 13180 manat məbləğində mal təqdim olunmuşdur. İş materiallarından görünür ki, Cavabdeh tərəfindən İddiaçınə 07 avqust 2024-cü il tarixdə 3600 manat, 12 avqust 2024-cü il tarixdə 3000 və 840 manat, 23 sentyabr 2024-cü il tarixdə 200 manat olmaqla, cəmi 7640 manat ödəniş həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci madəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, tərəflər arasında 07 avqust 2024-cü il tarixli, E24045 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 21020 manat dəyərində mal satılmış, həmin malların dəyərindən Cavabdeh tərəfindən 7640 manat ödəniş edilsə də, cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliklərini lazımi qaydada yerinə yetirməyərək malların dəyərini tam ödəməmiş, nəticədə onun 13380 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Buna görə İddiaçı Cavabdehnə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə ilə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Buna görə məhkəmə hesab edir ki, 07 avqust 2024-cü il tarixli, E24045 nömrəli alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 13380 (on üç min üç yüz səksən) manat məbləğində əsas borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddia tələbinin “cavabdehdən iddiaçının xeyrinə 6690 (altı min altı yüz doxsan) manat məbləğində cərimənin tutulması” hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimənin məbləği azaldılaraq cavabdehdən iddiaçının xeyrinə 670 (altı yüz yetmiş) manat məbləğində cərimə tutulmalıdır. İddia tələbinin “150,21 (yüz əlli manat iyirmi bir qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, cavabdehdən iddianın təmin olunmuş hissəsinə uyğun olaraq hesablanmış 132,15 (yüz otuz iki manat on beş qəpik) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehndən 13380 (on üç min üç yüz səksən) manat məbləğində əsas borc, 670 (altı yüz yetmiş) manat məbləğində cərimə və 132,15 (yüz otuz iki manat on beş qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 14182,15 (on dörd min yüz səksən iki manat on beş qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 13380 (on üç min üç yüz səksən) manat məbləğində əsas borc, 670 (altı yüz yetmiş) manat məbləğində cərimə və 132,15 (yüz otuz iki manat on beş qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 14182,15 (on dörd min yüz səksən iki manat on beş qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-277/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-277/2025
04.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver