Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-283/2023 17.04.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, Hüseynzadə Elsevər İsmayıl oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı 06 fevral 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 7083,54 (yeddi min səksən üç manat 54 qəpik) manat əsas borcun, 24 dekabr 2020-ci il tarixdən faktiki ödəniş gününədək əsas borc məbləğindən hesablanmaqla 7083,54 manatın illik 8,5% bank faiz uçot dərəcəsinin, vəkil xidmətinə görə ödənilmiş 700 (yeddi yüz) manat vəsaitin, 1,87 (bir manat 87 qəpik) poçt xərcinin və 105 (yüz beş) manat mediasiya rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmin iddia ərizəsinə dair kommersiya işi üzrə 02 mart 2023-cü il tarixinə, 16 mart 2023-cü il tarixinə, 07 aprel 2023-cü il tarixinə və 17 aprel 2023-cü il tarixinə təyin edilmiş məhkəmə hazırlıq iclaslarının vaxtı və yeri barədə tərəflər lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən Cavabdeh MMC-nin nümayəndəsi həmin məhkəmə iclaslarına gəlməmişdir. Yuxarıda qeyd olunan iclaslardan 02 mart 2023-cü il tarixinə və 07 aprel 2023-cü il tarixinə təyin edilmiş məhkəmə hazırlıq iclaslarına iddiaçı "xxxx" MMC-nin nümayəndəsi qismində gəlmiş Vəkil isə hüquqi nəticələri izah edilməklə dəfələrlə tələb olunmasına baxmayaraq, iddiaçını Sumqayıt Kommersiya Məhkəməsində təmsil etmək üçün tərtib edilmiş vəkil orderini qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəməyə təqdim etməkdən imtina etmiş və bu səbəbdən də onun iddiaçının səlahiyyətli nümayəndəsi və yaxud vəkili qismində tanınaraq, iştirakı ilə məhkəmə hazırlıq iclaslarının keçirilməsi mümkün olmamışdır. Belə ki, həmin iddia ərizəsinə dair kommersiya işi üzrə 02 mart 2023-cü il tarixinə təyin edilmiş məhkəmə hazırlıq iclasına iddiaçı "xxxx" MMC-nin nümayəndəsi qismində Vəkil (Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü) gələrək, iddiaçı hüquqi şəxs tərəfindən tərtib edilərək imzalanmış etibarnaməni məhkəməyə təqdim etsə də, qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada tərtib olunmuş vəkil orderini məhkəməyə təqdim etməmişdir. Həmin ilkin hazırlıq iclası cavabdehin nümayəndəsinin də gəlməməsi səbəbindən 16 mart 2023-cü il tarixinə təxirə salınmış və həmçinin, nümayəndə qismində gəlmiş Vəkil növbəti məhkəmə iclasında iddiaçı hüquqi şəxsin məhkəmədə təmsil edilməsi üçün tərtib edilmiş vəkil orderini məhkəmə iclasında bilavasitə iş materiallarına əlavə edilməsi üçün məhkəməyə təqdim etməli olması izah edilmişdir. 16 mart 2023-cü il tarixinə təxirə salınmış məhkəmə hazırlıq iclasına proses iştirakçılarının heç birinin gəlməməsi səbəbindən məhkəmə hazırlıq iclası 07 aprel 2023-cü il tarixinə təxirə salınmışdır. 07 aprel 2023-cü il tarixinə təyin edilmiş məhkəmə hazırlıq iclasına iddiaçı "xxxx" MMC-nin nümayəndəsi qismində Vəkil gəlsə də, dəfələrlə tələb olunmasına baxmayaraq yenə də vəkil orderini məhkəməyə təqdim etməkdən qərəzli olaraq imtina etmiş və buna zərurət olmadığını bildirmişdir. Bu səbəbdən də iddiaçının səlahiyyətli nümayəndəsi qismində Vəkil iştirakı ilə məhkəmə hazırlıq iclasının keçirilməsi mümkün olmayaraq, həmin iclas da vəkil orderinin məhkəməyə təqdim edilməsi məqsədi ilə 17 aprel 2023-cü il tarixinə təxirə salınmış və yenidən vəkil orderini təqdim etməli olması və qeyd olunan sənədlərin təqdim edilməməsinin hüquqi nəticələri ona izah edilmişdir. 17 aprel 2023-cü il tarixinə təxirə salınmış məhkəmə hazırlıq iclasına isə İddiaçı MMC-nin və Cavabdeh MMC-nin nümayəndələri gəlməmişlər. Lakin, iddiaçı "xxxx" MMCnin nümayəndəsi qismində Vəkil 14 aprel 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə ilə müraciət edərək, “e-2-2(119)-283/2023 nömrəli kommersiya işi üzrə 17 aprel 2023-cü il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilməsini” xahiş etmişdir. Halbuki, Vəkil gəldiyi məhkəmə iclaslarında dəfələrlə tələb olunmasına baxmayaraq, qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş vəkil orderini məhkəməyə təqdim etməməsi səbəbindən, iddiaçının nümayəndəsi qismində proses iştirakçısı olaraq işə buraxılmamışdır. Bu səbəbdən də, yəni gəldiyi məhkəmə iclaslarında məhkəmə tərəfindən dəfələrlə tələb edilməsinə baxmayaraq, müvafiq qaydada tərtib olunmuş Vəkil Orderini məhkəməyə təqdim etmədiyi üçün Vəkil tərəfindən verilmiş həmin ərizəyə iddiaçının rəsmi mövqeyi kimi nəzərə alınıb, baxıla bilməzdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 66-cı maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində mülki prosesdə vəkil kimi Azərbaycan Respublikasında müəyyən olunmuş qaydada səlahiyyəti təsdiq olunmuş vəkillər iştirak edirlər. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən işə buraxılmış vəkil iş materialları ilə tanış olmaq, onlardan çıxarışlar götürmək, surətlərini çıxartmaq, sübutlar təqdim etmək və sübutların tədqiqində iştirak etmək, işdə iştirak edən başqa şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatət vermək, habelə əlavə sübutlar tələb olunması barədə vəsatət vermək, məhkəməyə şifahi və yazılı izahat vermək, məhkəmə baxışı gedişində baş verən bütün məsələlər barədə öz dəlil və mülahizələrini təqdim etmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək hüququna malikdir. Həmin Məcəllənin 68.3-cü maddəsinə əsasən, işdə iştirak edən şəxslərin tapşırığı ilə vəkalət əsasında vəkil məhkəmə aktlarından şikayət verir və qanunla ona verilmiş sair hüquqlardan istifadə edir. Həmin Məcəllənin 69.1-ci maddəsinə əsasən, hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən, nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Həmin Məcəllənin 73.5-ci maddəsinə əsasən, vəkilin səlahiyyəti qanunla müəyyən olunmuş qaydada təsdiq edilir. "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən, Vəkilliyin əsas vəzifələri fiziki və hüquqi şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiə edilməsindən və onlara yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsindən ibarətdir. "Vəkillərin Davranış Qaydaları" haqqında Əsasnamənin 4.1-ci bəndinə əsasən, məhkəmələrdə, ibtidai istintaq və təhqiqat orqanlarında və digər dövlət qurumlarında öz peşə borcunu yerinə yetirən vəkil həmin məhkəmələrdə, ibtidai istintaq və təhqiqat orqanlarında və digər dövlət qurumlarında tələb olunan davranış qaydalarına riayət etməlidir. Həmin Əsasnamənin 4.2-ci bəndinə əsasən, məhkəmə icraatının ədalətli həyata keçirilməsi üçün vəkil qanunauyğun davranış nümayiş etdirməlidir. Həmin Əsasnamənin 4.3-cü bəndinə əsasən, vəkil məhkəməyə, ibtidai istintaq və təhqiqat orqanına və digər proses iştirakçılarına qarşı hörmət və nəzakətlə davranmaqla hüquqi yardım göstərdiyi şəxsin maraqlarını şərəflə, ləyaqətlə müdafiə etməli və bu zaman özünün və digər şəxslərin maraqlarını üstün tutmamalıdır. Həmin Əsasnamənin 4.5-ci bəndinə əsasən, vəkil qabaqcadan müəyyən olunmuş məhkəmə iclasında, ibtidai istintaq və təhqiqat orqanlarında keçirilən istintaq hərəkətlərində vaxtında iştirak etməli, üzürlü səbəb və əsas olmadan məhkəmə proseslərinin və istintaq hərəkətlərini süni şəkildə uzadılmasına səbəb olmamalıdır. “Vəkil orderi və ondan istifadə qaydası haqqında” Əsasnamənin 1.5-ci bəndinə əsasən, vəkil orderi (bundan sonra - order) – müvəkkil ilə vəkil (vəkil qurumu) arasında bağlanmış müqavilə əsasında vəkilə verilən tapşırıq üzrə yalnız bir istintaq (təhqiqat) orqanında və ya bir məhkəmə instansiyasında təmsilçilik və hüquqi yardımın göstərilməsi, inzibati tapşırıq üzrə isə müqavilədə göstərilən idarə və təşkilatlarda təmsilçilik səlahiyyətlərinin verilməsini təsdiq edən unikal nömrəsi olan sənəddir. Həmin Əsasnamənin 4.1-ci bəndinə əsasən, order vəkil qurumunda (fərdi qaydada fəaliyyət göstərən vəkildə) və təqdim olunacaq təşkilatda qalmaq şərtilə 2 (iki) nüsxədə tərtib olunmaqla vəkil qurumunun rəhbərinin və ya fərdi qaydada fəaliyyət göstərən vəkilin imza və möhürü ilə təsdiqlənir. Vəkil qurumunda (fərdi qaydada fəaliyyət göstərən vəkildə) qalacaq orderin nüsxəsi onun surətinin çıxarılması yolu ilə vəkil qurumunun rəhbəri (fərdi qaydada fəaliyyət göstərən vəkil) tərəfindən imza və möhürlə təsdiqlənir. Göründüyü kimi, yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olduğuna görə Vəkil məhkəmə iclaslarında iddiaçının nümayəndəsi və vəkili qismində iştirak etmək üçün, yəni proses iştirakçısı olaraq bilavasitə iddiaçının (müvəkkilin) əvəzindən məhkəmə prosesinə buraxılmaq və məhkəmə iclaslarında iştirak etmək üçün vəkil orderini işdə qalmaq şərtilə məhkəməyə təqdim etməli idi. Lakin, onun vəkil orderini təqdim etməməsi – iş üzrə məhkəmə hazırlıq iclaslarının keçirilməsinə və işin vaxtında baxılmasına mane olmuşdur. Halbuki, Vəkil iddiaçının nümayəndəsi və vəkili olduğu halda, iddianın vaxtında baxılmasında maraqlı olmalı və məhkəmənin qanuni tələbinə uyğun olaraq vəkil orderini iş materiallarına əlavə edilməsi məqsədiə məhkəməyə təqdim etməli idi. Ona görə də, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi qismində Vəkil 14 aprel 2023-cü ildə məhkəməyə göndərdiyi “kommersiya işi üzrə təyin edilmiş məhkəmə iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilməsi” barədə ərizəsi - hazırkı kommersiya mübahisəsi üzrə aparılan icraatda iddiaçı tərəfin nümayəndəsi və vəkili olmasını təsdiq edən müvafiq qaydada tərtib edilmiş Vəkil Orderinin məhkəməyə təqdim olunmaması səbəbindən - həmin ərizə prosessual tərəf olan iddiaçının iradə ifadəsi kimi qəbul edilməsi və məhkəmə hazırlıq iclasının iddiaçının iştirakı olmadan keçirilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən, tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Həmin Məcəllənin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə - məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 259.0.7-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə - məhkəmə ərizəni baxılmamış saxlayır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 10 nömrəli Qərarının 5-ci bəndində məhkəmələrə izah edilir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının səlahiyyətləri qanunvericiliyin tələblərinə uyğun təsdiq edilən nümayəndəsi məhkəmə hazırlıq iclaslarına təkrarən gəlmədiyinə, cavabdeh tərəf isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyinə görə İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Həmin Məcəllənin 260.5-ci maddəsinə əsasən, məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 260, 263, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-283/2023
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-283/2023
17.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver