Məhkəmə qərarları › İş №e-2-2(119)-285/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(119)-285/2024

05.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-285/2024 05.06.2024 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə3 iştirakı ilə İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N ETDİ : İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23 yanvar 2023-cü il tarixə istifadə olunmuş təbii qaza görə İddiaçınə yaranmış 45553,80 (qırx beş min beş yüz əlli üç manat səksən qəpik) manat məbləğində əsas borc və mediasiya ilə əlaqədar ödənilmiş 210 (iki yüz on) manat məbləğində mediasiya xərci olmaqla, ümumilikdə 45763,80 (qırx beş min yeddi yüz altmış üç manat səksən qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı hesabına ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış “Qaz paylayıcısı ilə sənayə qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqısatqısı barədə” müqaviləyə əsasən Cavabdeh məxsus kommersiya obyekti (abunə kodu: **********00034) ”Azəriqaz” İstehsalat Birliyi tərəfindən təbii qazla təchiz olunmuşdur. İstifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə cavabdeh üzərinə öhdəlik götürmüşdür. Lakin cavabdeh müqavilə öhdəliklərinə əməl etməmiş, istehlak olunmuş təbii qazın dəyərini tam şəkildə ödəməmiş, bunun nəticəsində 23 yanvar 2023-cü il tarixə İddiaçınə 45553,80 (qırx beş min beş yüz əlli üç manat səksən qəpik) manat borc yaranmışdır. Qeyd olunan mübahisənin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.3-cü maddəsinə müvafiq olaraq məhkəməyədək həll olunması məqsədi ilə iddiaçı tərəfindən pretenziya qaydasında müraciət olunmasına baxmayaraq cavabdeh tərəfindən heç bir cavab verilməmişdir. Məktubda cavabdehə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Yaranmış borc tərəflər arasında tərtib olunmuş qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktı ilə təsdiq olunmuşdur. Mübahisənin məhkəməyə qədər həlli məqsədi ilə iddiaçı tərəfindən müdiatora müraciət olunmuş, ilkin mediasiya sessiyasında iddiaçı tərəf iştirak etmiş, Cavabdeh mediasiya sessiyasında iştirak etməmiş və 210 (iki yüz on) manat məbləğində mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq özünün və ya nümayəndəsinin iştirak etməmə səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmiş və təmsil edilməmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Eyni zamanda o, ərizə verərək Cavabdeh məhkəmə iclasına gəlmədiyindən işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Sumqayıt Kommersiya Məhkəməsinin 05 iyun 2024-cü il tarixli, e-2-2(119)-285/2024 nömrəli qərardadı ilə iddiaçının ərizəsi nəzərə alınaraq işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, “paylayıcı” İddiaçı ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan “istehlakçı” Cavabdeh (VÖEN **********) arasında bağlanmış 29 noyabr 2017-ci il tarixli 37/020-11-17 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən Cavabdeh məxsus Siyəzən rayonu, Qara Siyəzən kəndində yerləşən sahibkarlıq obyekti təbii qazla təchiz edilmiş və həmin qeyri-yaşayış sahəsinə **********00034 saylı abonent kodu verilməklə, müvafiq qaydada G-40 markalı qaz sayğacı quraşdırılmışdır. Həmin müqavilənin 2.3.1-ci bəndinə əsasən qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək istehlakçının vəzifəsi kimi müəyyən edilmişdir. Həmin müqavilənin 2.3.7-ci bəndinə əsasən istehlakçı bu müqavilə üzrə müəyyən edilmiş şərtləri yerinə yetirməməsinə görə qanunvericiliklə müəyyən olunmuş məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı Xaçmaz X4 İdarəsi Siyəzən Xidmət Sahəsinin əməkdaşları və Cavabdeh tərəfindən imzalanmış “Qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktı” ilə müəyyən olunur ki, Cavabdeh 01 yanvar 2021-ci il tarixə 45553,80 (qırx beş min beş yüz əlli üç manat səksən qəpik) manat məbləğində qalıq borcu qalmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, Cavabdeh 2020-ci ilin dekabr ayına Siyəzən rayonu Qara Siyəzən kəndində yerləşən sahibkarlıq obyektində istifadə olunan təbii qaza görə borcu 45553,80 (qırx beş min beş yüz əlli üç manat səksən qəpik) manat təşkil edir. İş materiallarında olan “Qaz xəttinin kəsilməsi barədə” 15 dekabr 2020-ci il tarixli aktdan görünür ki, 15 dekabr 2020-ci il tarixdə borca görə istehlakçı Cavabdeh məxsus sahibkarlıq obyektinə təbii qazın verilişi dayandırılmışdır. İş materialları ilə müəyyən olunur ki, Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi ilə bağlı müvafiq qaydada xəbərdar edilmişdir. Beləliklə, təsvir olunanlarla müəyyən edilir ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan istehlakçı Cavabdeh məxsus Siyəzən rayonu, Qara Siyəzən kəndində yerləşən sahibkarlıq obyektində istifadə olunan təbii qaza görə 45553,80 (qırx beş min beş yüz əlli üç manat səksən qəpik) manat məbləğində borc hesablanmış, lakin cavabdeh tərəfindən həmin borc məbləği ödənilməmişdir. Buna görə də, İddiaçı Cavabdeh qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: - 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. - 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Göründüyü kimi, tərəflər arasında “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə əsasında üzərinə götürdüyü öhdəliklərə lazımi qaydada əməl etməmişdir. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 45553,80 (qırx beş min beş yüz əlli üç manat səksən qəpik) manat məbləğində borcun tutularaq İddiaçınə ödənilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İddia tələbinin “mediasiya ilə əlaqədar ödənilmiş 210 (iki yüz on) manat məbləğində mediasiya xərcinin tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, məhkəməyə təqdim olunmuş “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Qusar 1 saylı Mediasiya təşkilatının 12 yanvar 2024-cü il tarixli MŞQ/MT027/2023-02118 nömrəli arayışından görünür ki, İddiaçı nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş olsa da, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş və 210 (iki yüz on) manat məbləğində mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir. Buna görə iddia tələbi həmin hissədə də təmin edilməli, İddiaçı tərəfindən mediatora ödənilmiş 210 (iki yüz on) manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh (VÖEN **********) təbii qazdan istifadəyə görə yaranmış 45553,80 (qırx beş min beş yüz əlli üç manat səksən qəpik) manat məbləğində borc və mediasiya ilə əlaqədar ödənilmiş 210 (iki yüz on) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 45763,80 (qırx beş min yeddi yüz altmış üç manat səksən qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı “X1 ödənilməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət olunan zaman 16,7 (on altı manat yetmiş qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Buna görə hazırkı iddia tələbi üzrə hesablanan 226,66 (iki yüz iyirmi altı manat altmış altı qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməmiş hissəsi olan 209,96 (iki yüz doqquz manat doxsan altı qəpik) manat məbləğində (226,66 manat – 16,7 manat = 209,96 manat) pul vəsaiti dövlət rüsumunun qalığı kimi Cavabdeh dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh (VÖEN **********) təbii qazdan istifadəyə görə yaranmış 45553,80 (qırx beş min beş yüz əlli üç manat səksən qəpik) manat məbləğində borc və mediasiya ilə əlaqədar ödənilmiş 210 (iki yüz on) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 45763,80 (qırx beş min yeddi yüz altmış üç manat səksən qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. Cavabdeh dövlət nəfinə 209,96 (iki yüz doqquz manat doxsan altı qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə həmin qətnamənin ləğvi barədə cavabdeh tərəfindən ərizə verilə bilər. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində - qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar