Məhkəmə qərarları › İş №e-2-2(119)-288/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-288/2024

02.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-288/2024 02.04.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, Cavabdehin iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun və digər ödənişin tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı 05 fevral 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdeh qarşı “borcun və digər ödənişin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aralarında bağlanmış qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi əsasında istifadə olunmuş təbii qaza görə 23 yanvar 2023-cü il tarixinə 1238,22 (min iki yüz otuz səkkiz manat, iyirmi iki qəpik) manat məbləğində borc, həmçinin 70 manat məbləğində mediasiya xərcinin əvəzi olmaqla, cəmi 1308,22 (min üç yüz səkkiz manat, iyirmi iki qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış qaz paylayıcısı ilə sənayə qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsinə əsasən cavabdeh istifadə edilən təbii qazın dəyərinin vaxtında ödənilməsi barədə üzərinə öhdəlik götürsə də, müqavilə öhdəliklərinə əməl etməyərək istifadə edilən qazın dəyərini tam şəkildə ödəməmiş, nəticədə 23 yanvar 2023-cü il tarixinə iddiaçıya 1238,22 manat məbləğində borcu yaranmışdır. Həmin borcun ödənilməsi üçün cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına, o cümlədən mediasiya vasitəsilə həllinə cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmənin xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində keçirilmiş məhkəmə hazırlıq iclaslarında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdiyini və hazırda həmin sahibkarlıq obyektinin qaz təchizatının dayandırıldığını bildirdi. İddiaçının nümayəndəsi, daha sonra məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə baxış iclasının iddiaçının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdeh ona qarşı yönəlmiş iddia tələbini qəbul edərək və ərizədə göstərilən borcunun mövcudluğunu etiraf edərək istifadəsində olan kommersiya obyektindəki mexaniki sayğac smart tipli sayğacla əvəz edildikdən sonra borcu hissə-hissə ödəyəcəyini bildirdi. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan paylayıcı İddiaçı Xaçmaz X2 İdarəsi ilə istehlakçı Cavabdeh arasında bağlanmış 16 aprel 2015-ci il tarixli 92-04-15 nömrəli qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə ilə müəyyən olunur ki, cavabdehin Quba şəhərində yerləşən sahibkarlıq obyektində (“Dalğa” yeməkxanası, abonent kodu: **********00000) müvafiq qaydada qaz sayğacı quraşdırılmaqla təbii qazla təchiz edilmişdir. Həmin müqavilənin “Müqavilənin predmeti” adlanan 1-ci maddəsində göstərilir ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun istehlakçını keyfiyyətli qaza təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən, qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək, müqavilənin və “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etmək, qaz qurğularına dair layihə və istismar sənədlərinin tələblərinə əməl etmək, qaz qurğularından təhlükəsiz, etibarlı və qazdan səmərəli istifadə edilməsi üçün təşkilati-texniki tədbirləri yerinə yetirmək və təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərəri ödəmək - istehlakçının vəzifələri kimi müəyyən edilmişdir. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən, hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində istehlakçı tərəfindən istehlak olunmuş təbii qazın dəyəri bank və ya poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir. İş materiallarında olan 23 yanvar 2024-cü ildə çap olunmuş Abonentin Saldosu ilə müəyyən olunur ki, cavabdehə məxsus Quba şəhəri ərazisində yerləşən sahibkarlıq obyektində istifadə olunan təbii qaza görə 1238,22 manat məbləğində borcu mövcuddur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən, qaz paylayıcısı və istehlakçının bu Qaydalara qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Həmin Qaydaların 5.2-ci bəndinin tələblərinə görə, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Göründüyü kimi, təsvir olunanlarla müəyyən edilir ki, tərəflər arasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 3 nömrəli əlavəsinə uyğun olaraq 16 aprel 2015-ci il tarixli 92-04-15 nömrəli qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi bağlanılmış, quraşdırılmış sayğac vasitəsilə iddiaçı (İddiaçı İB) cavabdehə (Cavabdeh) məxsus Quba şəhərində yerləşən sahibkarlıq obyektini (abonent kodu: **********00000) həmin müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq təbii qazla təchiz etmiş, cavabdeh isə qaz sayğacının göstəricilərinə uyğun olaraq istifadə etdiyi qazın dəyərini iddiaçı tərəfindən təqdim edilən hesaba ödəməli olsa da, həmin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə onun 23 yanvar 2023-cü il tarixinə 1238,22 manat məbləğində borcu yaranmış və həmin borc məbləği hazırkı vaxtadək ödənilməmişdir. Məhkəmə yuxarıda qeyd olunan halları və məhkəmə iclasında izahat verən cavabdehin izahatını nəzərə alaraq hesab edir ki, iddia tələbi istifadə olunmuş təbii qaza görə 1238,22 manat məbləğində borcun cavabdehdən tutulması barədə hissəsində əsaslıdır və təmin edilməlidir. Bundan əlavə, iddia tələbinin ödənilmiş 70 manat məbləğində mediasiya xərcinin əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə hissəsinə gəldikdə, iş materiallarında olan 12 yanvar 2024-cü il tarixli MŞQ/MT-027/2023-02119 nömrəli “İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə” arayışla və 22 yanvar 2024-cü il tarixli 19464 nömrəli qəbzlə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət edilməmişdən əvvəl cavabdehlə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədilə iddiaçı tərəfindən 70 manat məbləğində mediasiya xərci (60 manat mediasiya haqqı+10 manat kargüzarlıq xərci) ödənilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbinin 70 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutulması hissəsi də təmin edilməli, yuxarıda göstərilənlər və “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət edilməmişdən əvvəl mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədilə iddiaçı tərəfindən ödənilmiş 70 manat məbləğində mediasiya xərcinin əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia təmin edilməli, cavabdehdən xx.xx.2015-ci il tarixli qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi üzrə 1238,22 manat məbləğində borc, həmçinin 70 manat məbləğində mediasiya xərcinin əvəzi olmaqla, cəmi 1308,22 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Bunlardan əlavə, hazırkı iddia tələbi təmin olunduğundan aşağıda istinad olunan qanunvericilik normalarının tələblərinə əsasən, iddianın qiymətinə uyğun olaraq hesablanan 32,38 manat məbləğində dövlət rüsumu cavabdehdən dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh istifadə olunmuş təbii qaza görə İddiaçınə yaranmış 1238,22 (min iki yüz otuz səkkiz manat, iyirmi iki qəpik) manat məbləğində borc, həmçinin 70 (yetmiş) manat məbləğində mediasiya xərcinin əvəzi olmaqla, cəmi 1308,22 (min üç yüz səkkiz manat, iyirmi iki qəpik) manat məbləğində pul vəsaiti iddiaçı “Azəriqaz“ İstehsalat Birliyinin xeyrinə tutulsun. Cavabdeh dövlət nəfinə 32,38 (otuz iki manat, otuz səkkiz qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar