Məhkəmə qərarları › İş №e-2-2(119)-295/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-295/2025

24.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-295/2025 24.02.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Məmmədova Nərminə İdris qızının katibliyi ilə, İddiaçı tərəfindən cavabdeh “X1 Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdeh “X1 Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aralarında bağlanmış 15 noyabr 2021-ci il tarixli DS-045/21 nömrəli müqavilə üzrə 42129 (qırx iki min yüz iyirmi doqquz) manat məbləğində borc və 217 (iki yüz on yeddi) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 42346 (qırx iki min üç yüz qırx altı) manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi 12 fevral 2025-ci il tarixində vəsatətlə məhkəməyə müraciət edərək tərəflər arasında məhkəmədən kənar razılıq əldə olunduğu üçün iddia tələbindən imtina edildiyini bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin vəsatətini araşdıraraq hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 170.1-ci maddəsinin tələblərinə görə, işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə iddia ərizəsi qaytarıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 31 mart 2011-ci il tarixli 3 nömrəli Qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Mülki Prosessual Məcəllənin 114.3-cü maddəsinin tələblərinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. İddia ərizəsinin dövlət rüsumunun ödənilməsi haqqında məlumat bölməsindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman 217 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Təsvir edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsinin vəsatəti əsasında iddiaçı "xxxx" MMC tərəfindən cavabdeh “X1 Fabriki” MMC-yə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin iddia ərizəsinin verilməsinə görə ödənilmiş 217 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 170, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D I: İddiaçı tərəfindən cavabdeh “X1 Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən **********05 nömrəli ödəniş qəbzinə əsasən dövlət büdcəsinə ödənilmiş 217 (iki yüz on yeddi) manat məbləğində dövlət rüsumu (ödənişin tarixi və saatı: 24 dekabr 2024-cü il, 12:53:18; Sumqayıt Kommersiya Məhkəməsi üçün) həmin ödənişi etmiş iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar