Məhkəmə qərarları › İş №e-2-2(119)-297/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-297/2025

03.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-297/2025 03.04.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Məmmədova Nərminə İdris qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 05 aprel 2024-cü il tarixli 04/24 nömrəli müqavilə üzrə cavabdehdən 6551,36 (altı min beş yüz əlli bir manat, otuz altı qəpik) manat məbləğində əsas borc, 986,05 (doqquz yüz səksən altı manat, beş qəpik) manat məbləğində dəbbə pulu, hüquqi xidmətlərin göstərilməsi ilə əlaqədar ödənilmiş 1000 (min) manat məbləğində xidmət haqqının, 105,38 (yüz beş manat, otuz səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 8642,79 (səkkiz min altı yüz qırx iki manat, yetmiş doqquz qəpik) manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında bağlanmış 05 aprel 2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən, iddiaçı müxtəlif tarixlərdə və məbləğlərdə elektron-qaimə fakturaları cavabdehə təqdim etmiş, cavabdeh isə həmin elektron-qaimə fakturaları qəbul etmişdir. Ümumilikdə iddiaçı cavabdehə 27456,24 manat məbləğində mal satmış, alıcı isə öz növbəsində satılmış malların 20904,88 manat dəyərində olan hissəsini ödəmiş və nəticədə cavabdehin 6551,36 manat məbləğində borcu yaranmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 2.4.4-cü yarımbəndinə əsasən, alıcı aldığı malın dəyərini mal təhvil verildiyi gündən 5 iş günü ərzində ödəmədiyi təqdirdə hər gecikdirilən gün üçün 0,1% məbləğində cərimə ödəməlidir. Belə ki, 06 yanvar 2025-ci il tarixinə dəbbə pulu 986,05 manat məbləğində təşkil edir. Cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçının nümayəndəsi 06 mart 2025-ci il tarixdə iddia ərizəsinə düzəliş ərizəsi ilə məhkəməyə müraciət edərək ərizənin məzmununda qeyd etmişdir ki, ümumilikdə iddiaçı cavabdehə 26266,8 manat məbləğində mal satmış, alıcı isə öz növbəsində satılmış malların 19175,44 manat dəyərində olan hissəsini ödəmiş və nəticədə cavabdehin 6551,36 manat məbləğində borcu yaranmışdır. İddiaçının nümayəndəsi məhkəmədən 6551,36 manat məbləğində əsas borc, 986,05 manat məbləğində dəbbə pulu, hüquqi xidmətlərin göstərilməsi ilə əlaqədar ödənilmiş 1000 manat məbləğində xidmət haqqının, 105,38 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 8642,79 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarında iddiaçının nümayəndəsi izahatlarında bildirmişdir ki, müqavilənin predmetini içki məhsulları təşkil etmişdir. Cavabdehin nümayəndəsilə borcun ödənilməsilə bağlı sonuncu danışıqlar 2024-cü ilin noyabr ayında olmuşdur. Cavabdehin nümayəndəsi səbəbini bildirmədən borcu ödəməyəcəyini bildirmişdir. İddia ərizəsinə düzəlişlə bağlı əlavə edilmiş sənəd barədə qeyd etmişdir ki, iddiaçı təşkilatın mühasibatlığı tərəfindən verilən sənədlə müəyyən edilmişdir ki, cavabdehə satılmış malların dəyəri 26266,8 manat məbləğində təşkil etmiş və cavabdeh tərəf 19715,44 manat məbləğində ödəniş etmişdir. Nəticədə cavabdehin 6551,36 manat məbləğində borcu yaranmışdır. 10 oktyabr 2024-cü il tarixli 10687467 nömrəli qaimə-faktura qaytarıldığı üçün borc hesablanarkən həmin qaimə-faktura nəzərə alınmamışdır. İddiaçının nümayəndəsi göstərilənlərin nəzərə alınaraq məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini, iddia ərizəsinə düzəliş barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan 05 aprel 2024-cü il tarixli 04/24 nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən, satıcı (İddiaçı MMC) alıcının (Cavabdeh MMC-nin) sifarişi ilə bu müqavilənin Əlavələrində göstərilmiş malları alıcıya təqdim etməklə onun mülkiyyətinə verməyi, alıcı isə malları qəbul edib, dəyərini müqavilənin şərtlərinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, bu müqavilə üzrə satılan malların çeşidi, miqdarı, dəyəri və buna dair digər məlumatlar əlavələrlə müəyyən olunur. Həmin müqavilənin 2.1.1-ci yarımbəndinə əsasən, alıcıdan malın dəyərini müqavilədə nəzərdə tutulmuş qaydada və şərtlərlə ödəməyi tələb etmək satıcının hüququdur. Həmin müqavilənin 2.4.3-cü yarımbəndinə əsasən, malın dəyərini müqavilədə nəzərdə tutulmuş qaydada və şərtlərlə vaxtında satıcıya ödəmək alıcının vəzifəsidir. Həmin müqavilənin 2.4.4-cü yarımbəndinə əsasən, alıcı aldığı malın dəyərini mal təhvil verildiyi gündən 5 iş günü ərzində ödəmədiyi təqdirdə hər gecikdirilən gün üçün 0,1% cərimə ödəməlidir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, sifariş edilən malların dəyəri və ödəniş qaydası hazırkı müqavilənin ayrılmaz hissəsi olan əlavələr ilə müəyyən edilir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən, hazırkı müqavilə üzrə hesablaşma Azərbaycan manatı ilə köçürmə yolu İlə həyata keçirilir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən, malın satıcıdan alıcıya təhvil-təslimi “Təhvil-təslim aktı” ilə rəsmləşdİrilir və hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunur. Malın təhvil-təslim aktı hər bir tərəf üçün bir nüsxə olmaqla iki nüsxədə tərtib edilir. Satıcı və alıcının səlahiyyətli nümayəndələri tərəfindən imzalanır. Həmin müqavilənin 6.3-cü bəndinə əsasən, bu müqavilə üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirməyən tərəf əməli nəticəsində digər tərəfə vurulmuş ziyanı ödəməyə borcludur. İş materiallarında olan 03 iyul 2024-cü il tarixli MT2407 seriyalı 10105071 nömrəli elektron qaimə-faktura əsasında 1189,44 manat, 06 aprel 2024-cü il tarixli EBEB seriyalı 551877 nömrəli elektron qaimə-faktura əsasında 594,72 manat, 06 may 2024-cü il tarixli MT2405 seriyalı 10142703 nömrəli elektron qaimə-faktura əsasında 1189,44 manat, 07 iyun 2024-cü il tarixli MT2406 seriyalı 10347997 nömrəli elektron qaimə-faktura əsasında 1784,16 manat, 07 avqust 2024-cü il tarixli MT2408 seriyalı 10399527 nömrəli elektron qaimə-faktura əsasında 4757,76 manat, 08 aprel 2024-cü il tarixli EBEB seriyalı 626872 nömrəli elektron qaimə-faktura əsasında 1189,44 manat, 10 may 2024-cü il tarixli MT2405 seriyalı 10345837 nömrəli elektron qaimə-faktura əsasında 1784,16 manat, 10 oktyabr 2024-cü il tarixli MT2410 seriyalı 10687467 elektron qaimə-faktura əsasında 1189,44 manat, 15 aprel 2024-cü il tarixli MT2404 seriyalı 00362564 nömrəli elektron qaiməfaktura əsasında 1189,44 manat, 18 iyul 2024-cü il tarixli MT2407 seriyalı 11268168 nömrəli elektron qaimə-faktura əsasında 1784,16 manat, 20 may 2024-cü il tarixli MT2405 seriyalı 10782837 nömrəli elektron qaimə-faktura əsasında 1784,16 manat, 24 iyun 2024cü il tarixli MT2406 seriyalı 11198763 nömrəli elektron qaimə-faktura əsasında 1189,44 manat, 25 iyul 2024-cü il tarixli MT2407 seriyalı 11615392 nömrəli elektron qaimə-faktura əsasında 1189,44 manat, 29 aprel 2024-cü il tarixli MT2404 seriyalı 00850498 nömrəli elektron qaimə-faktura əsasında 1189,44 manat, 29 avqust 2024-cü il tarixli MT2408 seriyalı 11831996 nömrəli elektron qaimə-faktura əsasında 1189,44 manat, 30 aprel 2024cü il tarixli MT2404 seriyalı 00888055 nömrəli elektron qaimə-faktura əsasında 2478 manat, 30 sentyabr 2024-cü il tarixli MT2409 seriyalı 12054347 nömrəli elektron qaiməfaktura əsasında 1784,16 manat məbləğində dəyəri olan mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. Yuxarıda istinad edilən elektron qaimə-fakturalardakı məbləğlərin cəmi 27456,24 manat məbləğində təşkil edir. İş materiallarında olan elektron qaimə-fakturaların siyahısından görünür ki, 1189,44 manat dəyərində olan 10 oktyabr 2024-cü il tarixli MT2410 seriyalı 10687467 nömrəli elektron qaimə-faktura cavabdeh tərəfindən təsdiq edilməmişdir. İş materiallarında olan iddiaçı tərəfindən tərtib edilmiş, 05 aprel 2024-cü il tarixli müqavilə üzrə cavabdeh tərəfindən həyata keçirilmiş ödənişləri əks etdirən cədvəllərdən görünür ki, əsas borc üzrə 16708 manat, ƏDV üzrə 3007,44 manat olmaqla, cəmi 19715,44 manat məbləğində ödəniş həyata keçirilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 567-ci madəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, iddiaçı və cavabdeh arasında 05 aprel 2024-cü il tarixli 04/24 nömrəli alqı-satqı müqaviləsi bağlanılmış, müqavilə öhdəliklərinə uyğun olaraq satıcı qismində olan iddiaçı həmin müqavilənin predmeti olan məhsulları cavabdehin mülkiyyətinə vermiş, alıcı qismində iştirak edən cavabdeh isə müqavilə öhdəliklərinə riayət etməyərək həmin malların dəyərini iddiaçıya tam ödəməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş elektron qaimə-fakturalardan görünür ki, iddiaçı tərəfindən cavabdehə 26266,8 manat məbləğində dəyəri olan mallar təhvil verilmiş (10 oktyabr 2024-cü il tarixli MT2410 seriyalı 10687467 nömrəli elektron qaiməfakturanın geri qaytarılması nəzərə alınmışdır), cavabdeh tərəfindən isə 19715,44 manat məbləğində ödəniş həyata keçirilmişdir. Nəticədə onun iddiaçıya 6551,36 manat məbləğində borcu yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən 05 aprel 2024-cü il tarixli məhsulların alqı-satqı müqaviləsi üzrə 6551,36 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. İddia tələbinin cavabdehdən 986,05 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan (alqı-satqı müqaviləsinin yuxarıda istinad edilmiş 2.4.4cü yarımbəndi) iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya)qanun və yamüqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunanlarla bağlı məhkəmə hesab edir ki, tələb olunan cərimənin əsas borc məbləğinə nisbəti, o cümlədən həm kreditorun, həm də ki, borclunun əmlak mənafeləri və işin digər halları nəzərə alınmaqla iddia tələbinin cavabdehdən 986,05 manat məbləğində cərimənin tutulmasına aid hissəsi qismən təmin edilməli, tələb edilən cərimənin məbləği azaldılaraq cavabdehdən cəmi 328 manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bundan əlavə, iddia tələbinin hüquqi yardımın göstərilməsi ilə bağlı ödənilmiş 1000 manat məbləğində pulun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə hissəsinə gəldikdə, iş materiallarına əlavə edilmiş İddiaçı MMC ilə Bakı şəhəri 32 saylı Vəkil Bürosu arasında bağlanmış 25 dekabr 2024-cü il tarixli EM-2467VK-18798/24 nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqavilənin 1.1-ci bəndindən görünür ki, hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 1000 manat məbləğində müəyyən olunmuşdur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərin sırasına aiddir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov və Ağazadə Azərbaycana qarşı” iş üzrə 18 dekabr 2008-ci i ltarixli qərarında göstərilir ki, “ərizəçi xərc və məsrəflərin ödənilməsi hüququna yalnız o halda malikdir ki, onların həqiqətən və zərurətlə xərcləndiyi göstərilsin və bu məbləğlər həcminə görə əsaslı olsun”. Göründüyü kimi, mülki-prosessual qanunvericiliyin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqelərinə görə məhkəmə proseslərində iştirak edən nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərcin “ağlabatan məbləğdə və zərurətlə xərcləndiyi halda” tutulmasına yol verilir. Məhkəmənin hazırkı iş üzrə gəldiyi qənaət budur ki, iddiaçı tərəfindən cavabdehdən tələb olunan hüquqi yardımın göstərilməsinə görə 1000 manat pulun əvəzinin tutulması hazırkı iş üzrə ağlabatan və zərurətlə xərclənən məbləğ hesab edilə bilməz. Buna görə də, həmin məbləğin hamısı deyil, yalnız hazırkı iş üzrə mövcud şəraitdə və dövrdə ağlabatan və zərurətlə xərclənən hissəsi cavabdehə aid edilə bilər. Beləliklə, hüquqi xidmətlərə görə cavabdehdən tələb olunan 1000 manat məbləğində pulun həqiqətən və zərurətlə xərcləndiyi sübut edilmədiyindən və bu məbləğ həcminə görə ağlabatan və əsaslı olmadığından həmin hissədə iddia tələbi qismən təmin edilməli və cavabdehdən hüquqi xidmətlərlə əlaqədar çəkilmiş xərcə görə ağlabatan məbləğdə, yəni 700 manat məbləğində pul tutulmalıdır. Bundan əlavə, iddia tələbinin 105,38 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə hissəsinə gəldikdə, iş materiallarında olan 07 yanvar 2025-ci il tarixli **********88 nömrəli ödəniş qəbzinə əsasən müəyyən edilir ki, məhkəməyə hazırkı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 105,38 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi təşkil edir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən, hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 88,79 manat təşkil etdiyindən, həmin məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək, istinad edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 6551,36 manat məbləğində əsas borc, 328 manat məbləğində cərimə, hüquqi yardımla bağlı ödənilmiş 700 manat məbləğində xidmət haqqının və 88,79 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 7668,15 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdehndən 6551,36 (altı min beş yüz əlli bir manat, otuz altı qəpik) manat məbləğində əsas borc, 328 (üç yüz iyirmi səkkiz) manat məbləğində cərimə, hüquqi yardımla bağlı ödənilmiş 700 (yeddi yüz) manat məbləğində xidmət haqqının və 88,79 (səksən səkkiz manat, yetmiş doqquz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 7668,15 (yeddi min altı yüz altmış səkkiz manat, on beş qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar