Məhkəmə qərarları › İş №e-2-2(119)-300/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-300/2023

17.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-300/2023 17.05.2023 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 13 yanvar 2022-ci il tarixli 13-1/1 nömrəli müqavilə üzrə yaranmış 12711,88 (on iki min yeddi yüz on bir manat 88 qəpik) manat borcun, 1050 (min əlli) manat dəbbə pulunun və ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 13 yanvar 2022-ci il tarixli 13-1/1 nömrəli müqavilə ilə 10000 litr miqdarında 25000 manat dəyərində etil spirti Cavabdehnə satılmışdır. Həmin müqavilə üzrə alınmış spirtin dəyərinin bir qismi, yəni 12288,12 manat hissəsi cavabdeh tərəfindən ödənilmiş, 12711,88 manat hissəsi isə bu günədək ödənilməmiş qalmışdır. Nəticədə alqı-satqı müqaviləsinin 5.1 və 5.2-ci bəndlərinə tam əməl edilməmişdir. Bu haqda cavabdehə 04 aprel 2022-ci il tarixli məktub və 27 yanvar 2023-cü il tarixdə elektron pretenziya göndərilmişdir. Ancaq bu günədək heç bir nəticə əldə olunmamışdır. Buna görə qeyd edilən müqavilə əsasında cavabdeh tərəfindən İddiaçınə 12711,88 manat borc, həmçinin dəbbə pulu ödənilməlidir. Cavabdehlə bağlanmış alqı-satqı müqaviləsinin 5.2 bəndinə əsasən alıcı təhvil aldıqdan sonra 30 təqvim günü müddətində malın dəyərini 100% həcmdə ödəmək öhdəliyi daşıyır. İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən 16 may 2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək iddia tələbinin “ödənilmiş dövlət rüsümunun alınaraq iddaçıya ödənilməsi” hissəsinin “mediasiya üçün ödənilmiş pulun cavabdehdən tutulması” kimi oxunması xahiş olunmuş, iddia tələbinin qalan hissədə dəyişdirilmədən əvvəlki məzmunda saxlanıldığı bildirilmişdir. 03 aprel 2023-cü il tarixli məhkəmə hazırlıq iclaslarında iştirak etmiş İddiaçı vəkili və nümayəndəsi Nümayəndə izahatında iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən İddiaçı və Cavabdeh nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında bağlanmış 13 yanvar 2022-ci il tarixli 13-1/1 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı alıcıya rektifikasiya olunmuş birinci növ etil spirti satır, alıcı isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən satıcı malın təhvil verilməsi ilə birlikdə hesabfakturanı və digər zəruri sənədləri alıcıya təqdim etməlidir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən alıcı sifariş olunan malın dəyərini satıcının təqdim etdiyi hesab-fakturanı aldıqdan sonra 30 təqvim günü ərzində köçürmə yolu ilə həyata keçirir. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən mal alıcıya təhvil verildikdən sonra alıcı 30 təqvim günü ərzində malın dəyərinin 100 %-i həcmində ödəniş etməlidir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən Cavabdehnə 25000 manat məbləğində birinci növ etil spirtinin satılması ilə bağlı 17 yanvar 2022-ci il tarixli EBBP seriyalı 709773 nömrəli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdehnə göndərilmişdir. İş materiallarında olan ödəniş sənədindən görünür ki, Cavabdeh 17 yanvar 2022-ci il tarixində İddiaçı "xxxx" QSC-dəki hesabına 8474,56 manat məbləğində pul vəsaiti ödəmişdir. İş materiallarında olan "xxxx" QSC-nin 16 may 2023-cü il tarixli məktubunda göstərilir ki, 01 yanvar 2022-ci il tarixdən 16 may 2023-cü il tarixədək "xxxx" QSC-nin “Gəncə” filialında İddiaçınə məxsus AZ49ACAB******************** saylı AZN hesabına Cavabdeh tərəfindən 17 yanvar 2022-ci il tarixində 8474,56 AZN vəsait daxil olmuşdur. İş materiallarında olan İddiaçı sub-uçot hesabından çıxarışdan görünür ki, cavabdeh tərəfindən iddiaçının ƏDV sub-uçot hesabına 17 yanvar 2022-ci il tarixdə 1525,42 manat məbləğində, 07 fevral 2022-ci il tarixdə 2288,14 manat məbləğində ödəniş həyata keçirilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən tərtib edilərək məhkəməyə təqdim olunmuş 13 aprel 2023-cü il tarixli 20 nömrəli maliyyə arayışından görünür ki, 13 yanvar 2022-ci il tarixli 13- 1/1 nömrəli müqavilə üzrə Cavabdeh tərəfindən İddiaçınə 3813,56 manat məbləğində ƏDV, malların əsas dəyərindən isə 8474,56 manat məbləğində ödəniş edilmiş, cavabdehin 12711,88 manat ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci madəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında 13 yanvar 2022-ci il tarixli 13-1/1 nömrəli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri icra edərək cavabdehin sifarişi əsasında malları ona təqdim etmişdir. Cavabdeh isə təqdim edilmiş malların dəyərini tam şəkildə ödəməmiş, nəticədə cavabdehin iddiaçıya 12711,88 (on iki min yeddi yüz on bir manat 88 qəpik) manat məbləğində borcu yaranmışdır. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq edilmiş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı tərəfindən 200 manat məbləğində mediasiya xərci ödənilmişdir. Lakin mövcud mübahisənin məhkəməyə qədər mərhələdə və yaxud mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh 13 yanvar 2022-ci il tarixli 13-1/1 nömrəli müqavilə üzrə 12711,88 (on iki min yeddi yüz on bir manat 88 qəpik) manat məbləğində pul vəsaitini ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyinə görə borcun tutulması hissəsində iddia təmin edilməli, cavabdehdən 12711,88 (on iki min yeddi yüz on bir manat 88 qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməlidir. Lakin məhkəmə hesab edir ki, iddianın “1050 (min əlli) manat məbləğində dəbbə pulu ödənilməsi” tələbinə aid hissəsi təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. - 463.2-ci maddəsinə əsasən yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Göstərilən normaların məzmunundan da göründüyü kimi dəbbə pulu öhdəliyin icra edilmədiyinə və ya lazımınca icra edilmədiyinə görə tətbiq edilən maliyyə sanksiyasıdır. Həmin sanksiyanın tətbiq edilməsi qanunda nəzərdə tutula və ya müqavilə ilə müəyyənləşdirilə bilər. Hazırkı halda iddiaçı cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin pozulması ilə bağlı dəbbə pulu tutulması tələbini irəli sürsə də, tərəflər arasında dəbbə pulu barədə yazılı razılaşmanın mövcudluğunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, eləcə də qanun üzrə dəbbə pulunun tutulması üçün əsas verən hər hansı qanunvericilik normasına istinad etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, dəbbə pulunun tutulması hissəsində iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehndən 12711,88 (on iki min yeddi yüz on bir manat 88 qəpik) manat məbləğində borc tutularaq İddiaçınə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Bununla yanaşı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı tərəfindən ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eləcə də, Cavabdehndən 128,14 (yüz iyirmi səkkiz manat 14 qəpik) manat məbləğində dövlət rüsumu dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 12711,88 (on iki min yeddi yüz on bir manat 88 qəpik) manat borc və mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş mediasiya xərcinin əvəzi qismində 200 (iki yüz) manat olmaqla, ümumilikdə 12911,88 (on iki min doqquz yüz on bir manat 88 qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdehndən dövlət nəfinə 128,14 (yüz iyirmi səkkiz manat 14 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar