Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-302/2025 30.01.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, X7 qızının katibliyi, Maraqlı şəxs Xin iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xüsusi icraat qaydasında maraqlı şəxs Xə qarşı verilmiş “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəyə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər Baş İdarəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) 06 yanvar 2025-ci il tarixinə hesablanmış dövlət büdcəsinə olan 3498848,74 (üç milyon dörd yüz doxsan səkkiz min səkkiz yüz qırx səkkiz manat, yetmiş dörd qəpik) manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri - xx xxxx 1961-ci il təvəllüdlü Xin “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının ərizəçinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən işə ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 21 yanvar 2025-ci il tarixində keçirilmiş məhkəmə iclasında maraqlı şəxs ərizəyə etiraz edərək izahatında bildirmişdir ki, X1 adlı tanışının təklifi ilə ərizədə qeyd edilən "xxxx" MMC-ni təsis etmiş, həmçinin sonuncunun istəyi ilə işlərin görülməsi üçün başqa bir şəxsə etibarnamə vermişdir. 2024-cü ilin sentyabr ayında dövlət büdcəsinə ödənilməmiş vergi borcunun olması məlum olduqdan sonra o, X1 zəng edərək bu barədə məlumat vermiş, sonuncu isə ona narahat olmamasını və hər şeyin yaxşı olacağını demişdir. Bundan sonra, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müraciət etmişdir. Müvafiq araşdırma zamanı müəyyən edilmişdir ki, saxta yolla 5 müxtəlif möhür hazırlanmış, onun adına sərhəddən ölkə xaricinə 2615 maşın mallar çıxarılmışdır. Hazırda işlə bağlı istintaq aparılmaqdadır. 30 yanvar 2025-ci il tarixində keçirilmiş məhkəmə iclasında maraqlı şəxs izahatında bildirmişdir ki, onu aldadan tanışı X1 adlı şəxs ona toyuqçuluq və ləzgi çörəyinin ixracı ilə məşğul olmalarını, bunun üçün hüquqi şəxs təsis etməsini və işlərin görülməsi üçün başqa bir şəxsə etibarnamə verməsini təklif etmişdir. O da Rusiya Federasiyasında yaşayarkən şirkət təsis etdiyini, 150000 rubl məbləğində borcunun yarandığını, ölkədən getmək hüququm məhdudlaşdırıldığı üçün hüquqi şəxs təsis etməkdən çəkindiyini bildirmiş, X1 isə ona qorxmamasını, hər şeyin yaxşı olacağını bildirmişdir. Bundan sonra, o, ərizədə qeyd edilən "xxxx" MMC-ni təsis etmişdir. Rusiya Federasiyasına getdikdən sonra şirkətlə bağlı işlərin yolunda getmədiyini görmüş və Azərbaycan Respublikasına qayıtmışdır. Dövlət büdcəsinə vergi borcu ilə barədə məlumat aldıqdan sonra əvvəlcə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə, daha sonra isə Xaçmaz Rayon Polis Şöbəsinə X1 adlı şəxsin hərəkətlərindən şikayət ərizəsi ilə müraciət etmişdir. Aparılmış araşdırma zamanı onun adımdan ölkə xaricinə 2650 maşının çıxması və 5 ədəd saxta yolla düzəldilmiş möhürün olması aşkar edilmişdir. İstintaq zamanı Firudinla bərabər işləri görən şəxslərlə onun (özünün- maraqlı şəxsin) üzləşməsi aparılmış və həmin şəxslər onu tanımadıqlarını bildirmişlər. 28 may 2024-cü il tarixli etibarnaməni verdiyi X2 adlı şəxsi tanımır, həmin şəxsi görməmiş, etibarnaməni X1 adlı şəxsin xahişi ilə vermişdir. "xxxx" MMC-nin fəaliyyətindən hər hansı qazancı olmamışdır. Şirkət Azərbaycan Respublikasında fəaliyyət göstərmiş, şirkətin işlərindən xəbəri olmamışdır. Hər şeyi X1 idarə etmişdir. O, 20 ilə yaxın müddətdə X1 ailəvi dost olduğu üçün ona inanmışdır, özünə məxsus olan “ASAN İmza” da X1 olmuşdur. xx.xx.2024-cü il tarixli payının alqı-satqı müqaviləsinə əsasən hüquqi şəxsi satdığı şəxslə onu Firudin tanış etmişdir. Belə ki, X1 dəfələrlə ona zəng edərək şirkəti satmasını xahiş etmişdir. Şirkəti satdığı X3 adlı şəxsi alqı-satqı müqaviləsi bağlanılan gün görmüş, həmin vaxt şirkətin möhürünü də ona vermiş və bundan sonra onu görməmişdir. Maraqlı şəxs göstərilənlərin nəzərə alınaraq qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə, proses iştirakçısını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, o cümlədən işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 22 yanvar 2025-ci il tarixli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin çıxarışından görünür ki, "xxxx" MMC-nin əvvəlki qanuni təmsilçisi X olmuş, hazırda isə həmin hüquqi şəxsin qanuni təmsilçisi X3r. İş materiallarında olan 27 noyabr 2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş təsis payının alqı-satqı müqaviləsinin 1-ci bəndinə əsasən, satıcı X "xxxx" Məhdud MMCdə (hüquqi ünvanı AZ4012, Quba rayonu, Quba şəhəri, Digah kəndi, VÖEN: **********) nizamnamə kapitalında ona məxsus olan 100 faiz payını alıcı X2 mülkiyyətinə verir, alıcı isə həmin payı qəbul edir və bu razılaşmanın müqabilində müqavilənin 2-ci bəndində nəzərdə tutulmuş məbləği (1000 manat) satıcıya ödəyir. İş materiallarında olan 27 noyabr 2024-cü il tarixli ərizədən görünür ki, X4 "xxxx" MMC-nin təsis paylarını alarkən şirkətin qeydiyyatda olduğu gündən alqı-satqı tarixinə qədər olan öhdəlikləri, dövlət və qeyri-dövlət müəssisələri və idarələr qarşısında olan borcların və öhdəliklərin hamısını qəbul etmiş, bundan sonra və əvvəl yaranan bütün borclara görə məsuliyyəti tam dərk etdiyini və üzərinə götürdüyünü, bu vaxta qədər idxal və ixrac əməliyyatlarından yaranan öhdəlikləri qəbul etdiyini öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan "xxxx" MMC-nin nizamnaməsinin (yeni redaksiyada) 1.3-cü bəndinə əsasən müəyyən edilir ki, bu nizamnamə cəmiyyətin təsisçi və hüquqi ünvan dəyişikliyi ilə bağlı yeni redaksiyada nizamnaməsidir. Həmin nizamnamənin 2.2-ci bəndinə əsasən, cəmiyyətin nizamnamə kapitalında təsisçi Salman İsmayılovun X3 “10 manat, 1 pay, 100 %, pul şəklində” müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən maraqlı X ünvanlanmış 26 oktyabr 2024-cü il tarixli 3-13-6/2-K-9544/24 nömrəli məktubdan görünür ki, X DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş müraciəti araşdırma aparılması üçün DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə göndərilmişdir. İş materiallarında olan 28 may 2024-cü il tarixli Rusiya Federasiyasının Moskva şəhərində fəaliyyət göstərən notarius tərəfindən təsdiq edilmiş etibarnamənin məzmunundan görünür ki, etibar edən qismində X etibar edilən qismində X1 "xxxx" MMCnin fəaliyyətinin təşkil və idarə olunması ilə bağlı işləri həyata keçirməyi etibar etmişdir. Ərizəçi 30 yanvar 2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsasların aradan qalxdığını bildirmiş və məhkəmədən ərizənin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 305.1.12-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işə baxır. Həmin Məcəllənin 355-5.1-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyanın 28-ci maddəsinin 3-cü hissəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 12-ci maddəsinə əsasən, hər hansı bir ölkənin ərazisində qanuni surətdə olan hər kəsin həmin ölkənin hüdudlarında sərbəst şəkildə yer dəyişmək və yaşayış yeri seçmək hüququ var; Hər bir insanın, öz ölkəsi də daxil olmaqla, hər hansı bir ölkəni tərk etmək hüququ var; Yuxarıda xatırlanan hüquqlar qanunda nəzərdə tutulan, dövlət təhlükəsizliyinin, ictimai asayişin, əhalinin sağlamlığının, yaxud mənəviyyatının, yaxud başqalarının hüquq və azadlıqlarının və bu Paktda tanınan hüquqlara uyğun digər hüquqların qorunması üçün zəruri olan məhdudiyyətlərdən başqa, məhdudiyyət obyekti ola bilməz; Heç kəs özbaşına öz ölkəsinə gəlmək hüququndan məhrum edilə bilməz. Yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, hazırkı ərizə ilə 06 yanvar 2025-ci il tarixinə hesablanmış dövlət büdcəsinə olan vergi borcunun ödənilməsini təmin etmək üçün ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması xahiş edilən X ərizədə qeyd edilən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icra orqanının rəhbəri deyil və belə olduğu təqdirdə, onun ölkədən getmək hüququ məhdudlaşdırıla bilməz. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xüsusi icraat qaydasında maraqlı şəxs Xə qarşı verilmiş “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 305, 355-5, 355-6, 355-7, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xüsusi icraat qaydasında maraqlı şəxs Xə qarşı verilmiş “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-302/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-302/2025
30.01.2025 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver