Məhkəmə qərarları › İş №e-2-2(119)-305/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-305/2025

10.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-305/2025 10.01.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı tərəfindən Cavabdehnə qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdehnə qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 4117,39 (dörd min yüz on yeddi manat, otuz doqquz qəpik) manat məbləğində borcun və 61,20 (altmış bir manat, iyirmi qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar İddiaçı tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin kiçik mübahisələrə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddiaçının sadələşdirilmiş icraat qaydasında verdiyi iddia ərizəsində istinad etdiyi 24 iyun 2021-ci il tarixli EBBD seriyalı 802167 nömrəli, 24 iyun 2021-ci il tarixli EBBD seriyalı 802168 nömrəli və 29 iyun 2021-ci il tarixli EBBE seriyalı 058449 nömrəli elektron qaimə-fakturalar iş materiallarına əlavə edilməmişdir. Həmçinin iddia ərizəsində istinad edilən 30 aprel 2021-ci il tarixli EBBB seriyalı 051126 nömrəli, 04 may 2021-ci il tarixli EBBB seriyalı 222856 nömrəli elektron-qaimə fakturalar üzrə qeyd edilmiş məbləğlər (müvafiq olaraq 49,4 manat və 318,03 manat) iş materiallarına əlavə edilmiş həmin elektron-qaimə fakturalarda göstərilmiş məbləğlərlə eynilik təşkil etmir. Bundan əlavə, iş materiallarına əlavə edilmiş elektron qaimə-fakturalarda göstərilən məbləğlərin cəmi iddia ərizəsində göstərilən tələblə üst-üstə düşmür. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinin tələbinə görə, kiçik iddialara dair işlər üzrəsadələşdirilmiş icraat qaydasında verilən ərizə icraata götürüldüyü halda, cavabdehdən iddiaya qarşı əsaslandırılmış etiraz daxil olmadığı halda, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı olduğundan, iddia ərizəsində tələb olunan əsas borc məbləğinin miqdarı iddia ərizəsinə əlavə olunan sənədlərlə dəqiqliklə təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 284-3-cü maddəsinin tələblərinə görə kiçik mübahisələr üzrə iddia ərizəsi məhkəməyə ümumi qaydada verilir, ərizədə iddiaçının tələbi və onun əsaslandığı və tələbin əsaslığını təsdiq edən sənədlər göstərilir. Həmin Məcəllənin 284-4.1.3-cü maddəsinin tələblərinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar verilmiş iddia ərizəsinin qəbul olunmasından imtina edilir. Beləliklə, Mülki Prosessual Məcəllənin qeyd olunan tələbinə riayət edilməklə verilmədiyinə görə, İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinin sadələşdirilmiş icraat qaydasında məhkəmə icraatı mümkün deyildir. Mülki Prosessual Məcəllənin 284-4.2-ci maddəsinin tələblərinə görə ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Bundan əlavə, diqqətə çatdırılır ki, iddiaçı tərəfindən mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) həll edilməsinə dair sənədin cavabdeh tərəfindən müvafiq qaydada alınması haqqında sənəd iş materiallarına əlavə olunaraq məhkəməyə təqdim edilsə də, həmin pretenziya məktubunun özü məhkəməyə təqdim edilməmişdir. Bununla əlaqədar olaraq, məhkəmə pretenziya məktubunun məzmunu ilə tanış ola bilmədiyi üçün cavabdehlə mübahisənin məhkəməyə qədər həlli üçün iddiaçı tərəfindən məktubda nəzərdə tutulmuş müddətə riayət edilib-edilməməsi halını yoxlamaq imkanından məhrum olmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 263-264 və 284-1 - 284-4-cü maddələrini rəhbər tutaraq, QƏRARA A L D I: İddiaçı tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar