Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-312/2020 11.08.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Tağıyev Xəqani Qəhrəman oğlunun sədrliyi, Ağayeva Elnarə Nəriman qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsiilə məhkəməyə müraciət etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh aralarında bağlanmış xx.xx.2018-ci il tarixli 291-L/18 nömrəli müqaviləyə əsasən lizinq predmetini lizinqə götürmüşdür.Cavabdeh üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməmişdir. Müqavilə üzrə 6034 (altı min otuz dörd) manat və lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən hesablanmış 1106,42 (min yüz altı manat 42 qəpik) manat cərimə borcu qalmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin tələblərini pozmuşdur. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Göstərilənlərə əsasən, iddiaçı məhkəmədən 6034 (altı min otuz dörd) manat əsas borc, 1106,42 (bir min bir yüz altı manat 42 qəpik) manat cərimə borcu və 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq, İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonra İddiaçı ASC-nin nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə göndərərək, bildirmişdir ki, cavabdeh məhkəmə baxışı dövründə gecikdirilmiş borcundan qismən ödəniş etmişdir. Nəticədə, onun gecikdirilmiş əsas borcu azalmışdır. Hazırda cavabdehin gecikdirilmiş əsas borcunun məbləği 5894 manat təşkil edir. Vəkil qeyd edilənləri və MPMnin 53-cü maddəsini nəzərə alaraq, məhkəmədən 5894 manat əsas borc, 1106,42 manat cərimə borcu və 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq, İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı ASC-nin nümayəndəsi Vəkil təqdim edilmiş ödəniş qəbzləri nəzərə alınmaqla iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh izahat verərək səhhəti ilə bağlı işləyə bilmədiyini qeyd etmişdir. O, məhkəməyə İddiaçı ASC-yə olan borcu ilə bağlı xx.xx.2020-ci il və xx.xx.2020ci il tarixlərdə ümumilikdə 2000 manat ödəniş etməsinə dair sübutlar təqdim etmişdir. Bundan əlavə, qalan borcunu ödəmək üçün fevral ayına qədər vaxt verilməsini xahiş etmiş, həmin məbləği hissə-hissə ödəyəcəyini bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli, 291-L/18 nömrəli müqavilədən görünür ki, İddiaçı ASC ümumi məbləği 74900 manat olan kənd təsərrüfatı texnikalarını dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Cavabdeh mülkiyyətinə verilməsi şərti ilə lizinqə vermişdir. Həmin müqavilənin 1.2-ci bəndinə görə, Cavabdeh texnikanın dəyərinin 15390 manat məbləğini əvvəlcədən lizinq verənə ödəyir, qalan hissəsini ödəniş qrafıkinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2020-ci il tarixli ASC/P-567 №-li pretenziya məktubundan görünür ki, Cavabdeh borcunu qısa müddətdə İddiaçı ASC-yə ödəməli olduğu, əks halda lizinq müqaviləsi üzrə əmələ gəlmiş əsas borcun, hesablanmış cərimənin və məhkəmə xərclərinin ondan məcburi qaydada alınaraq İddiaçı ASC-yə ödənilməsi və müqavilənin ləğv edilərək lizinq obyekti olan texnikaların saz vəziyyətdə geri qaytarılması tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə 6034 (altı min otuz dörd) manat əsas borc, 1106,42 (min yüz altı manat 42 qəpik) manat cərimə olmaqla, cəmi 7140,42 (yeddi min yüz qırx manat qırx iki qəpik) borcu vardır. Məhkəməyə təqdim edilmiş ödəniş qəbzlərindən görünür ki, cavabdeh İddiaçı ASCyə xx.xx.2020-ci il tarixdə 1000 manat, xx.xx.2020-ci il tarixdə 1000 manat ödəniş etmişdir. Sadalananlara əsasən, məhkəmə hesab edir ki, Cavabdeh lizinq müqaviləsi əsasında İddiaçı ASC-dən lizinq almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında lizinq məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş cərimələri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh lizinq müqaviləsi əsasında iddiaçıdan kənd təsərrüfatı texnikasını lizinqə götürməsinə dair hüququndan istifadə etmiş, lizinq məbləğini və yaranan cərimələri ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini tam yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1.-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 386.1-ci maddəyə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin məcəllənin 427.2-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəyə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1.-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış müqavilələrə əsasən Cavabdeh kənd təsərrüfatı texnikalarını lizinqə götürmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmişdir. Buna görə də, iddiaçı məcbur olub məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizəsinə münasibət bildirərək bunları qeyd edir. İlk baxışda ərizənin məzmunundan elə görünür ki, həmin ərizə iddia tələbinin həcminin azaldılması barədədir. Çünki iddia ərizəsində əsas borc tələbi 6034 manat olduğu halda, sonradan təqdim olunmuş ərizədə cavabdeh ödəniş etdiyi üçün əsas borcun 5894 manat məbləğində tutulması xahiş edilir. Məhkəməyə təqdim olunmuş ödəniş qəbzlərindən görünür ki, cavabdeh məhkəmə baxışı dövründə iki dəfəyə cəmi 2000 manat məbləğində ödənişlər etmişdir. İlk iddia tələbində əsas borc olaraq göstərilən 60xx xxxxxxxx 2000 manat çıxıldıqda, 4034 manat qalır. İddiaçı isə hazırda əsas borcun 5894 manat məbləğində tutulmasını xahiş edir. İddiaçının nümayəndəsi və vəkili məhkəmədə bildirmişdir ki, İddiaçı ASC hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra cavabdehin əsas borc məbləği artmaqda davam etdiyi üçün cavabdehin ödədiyi məbləğlər onun artmış əsas borcundan çıxılmış və qalan 5894 manat məbləğində əsas borcun tutulması xahiş edilmişdir. Göründüyü kimi, iddiaçı məhkəməyə müraciət etmədən, qeyri-prosessual qaydada iddia tələbinin həcmini məhkəməyə məlum olmayan həcmdə artırmış, cavabdehin etdiyi ödənişləri çıxdıqdan sonra əsas borcun 5894 manat məbləğində tutulmasını xahiş etmiş, ərizədə yeni tələbini, yəni əsas borcun niyə məhz həmin məbləğdə tutulmalı olduğunu əsaslandırmamışdır. İddia tələbinin həcminin artırılmasının iddiaçı tərəfindən əsaslandırılmaması məhkəmənin obyektiv yekun qərara gəlməsinə şərait yaratmadığına görə məhkəmə hesab edir ki, cavabdehin məhkəmə baxışı dövründə etdiyi ödənişlər nəzərə alınarkən əsas borcun iddia ərizəsində göstərilən həcmdə (6034 manat) əsas götürülməsi daha məqsədəuyğundur. Qeyd edildiyi kimi, işə məhkəmədə baxılarkən cavabdeh iddiaçının hesabına cəmi 2000 manat məbləğində odəniş etmiş, nəticədə, cavabdehin iddiaçıya 4034 manat (6034 – 2000 = 4034) məbləğində əsas borcu qalmışdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia əsas borc tələbinə dair hissədə qismən əsaslı olduğu üçün qismən təmin olunmalıdır. Əsas borc 6034 (altı min otuz dörd) manat təşkil etdiyi halda, 1106,42 (bir min bir yüz altı manat 42 qəpik) cərimə hesablanması tənasübsüz surətdə yüksək olduğuna görə cərimə borcu 50 manata qədər azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı İddiaçı ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 4034 (dörd min otuz dörd) manat əsas borc, 50 (əlli) manat cərimə olmaqla, ümumilikdə 4084 (dörd min səksən dörd) manat məbləğində pul tutularaq, İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 40%iddiaçıya, 60%-i cavabdehə aid edilsin. Cavabdehdən 18 (on səkkiz) manat dövlət rüsumunun əvəzi tutularaq, iddiaçıya ödənilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Xəqani Tağıyev
Məhkəmə qərarları › İş №e-2-2(119)-312/2020
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-312/2020
11.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver