Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-32/2023 06.12.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 26 sentyabr 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyyətli Cəmiyyətindən 10520 manat məbləğində borcun və mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilən 210 manat məbləğində mediasiyaya dair xərcin yarısının tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs İddiaçı “X4”in direktorudur və o, vergi ödəyicisi olaraq ********** nömrəli VÖEN-lə avtonəqliyyat vasitələrinə texniki xidmətlərin göstərilməsi və ehtiyat hissələrinin quraşdırılması fəaliyyəti ilə məşğuldur. Cavabdeh "xxxx" MMC ilə İddiaçı arasında 03 iyun 2021-ci il tarixli 01 №-li alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında görülən işlərə görə onunla cavabdeh arasında aktlar imzalanmışdır. Həmin aktlara əsasən cavabdeh iddiaçıdan müxtəlif mallar və xidmətlərin göstərilməsini sifariş vermiş və bunun əvəzində cavabdeh iddiaçıya aktlarda göstərilən dəyəri ödəməyi öz öhdəsinə götürmüşdür. Həmçinin, tərtib olunduqdan sonra həmin aktlar malları və xidmətləri təhvil verən və təhvil alan tərəfindən imzalanmışdır. Həmin imzalardan sonra mallar təhvil edilmiş hesab edilir və bundan sonra təhvil alan tərəfindən heç bir iddia qəbul edilmir. Belə ki, cavabdeh tərəfindən müqavilə üzrə ümumilikdə 32859,5 (otuz iki min səkkiz yüz əlli doqquz manat 50 qəpik) manat məbləğində mallar və müəyyən xidmətlərin göstərilməsi üçün sifarişlər edilmişdir. Həmin məbləğin 22379,5 (iyirmi iki min üç yüz yetmiş doqquz manat 50 qəpik) manat hissəsi cavabdeh "xxxx" MMC tərəfindən İddiaçı ödənilsə də, qalan 10520 manat məbləğində pul borcu ödənilməmişdir. Belə ki, cavabdeh "xxxx" MMC tərəfindən iddiaçının "xxxx" ASC Sumqayıt filialında açılan AZ80TCZB******************** №-li hesab nömrəsinə 06 iyul 2021-ci il tarixdə 8781,02 manat, 04 avqust 2021-ci il tarixdə 9726 manat və 24 avqust 2021-ci il tarixdə isə 3832,5 manat olmaqla, ümumilikdə 22379,5 manat məbləğində pul ödənilmişdir. Cavabdeh 10520 manat məbləğində pulu isə ödəməmiş və borclu qalmışdır. Cavabdeh "xxxx" MMC-yə malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimələrdə həmin borc öz əksini tapmışdır. Bununla əlaqədar olaraq cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, o, müqavilə borcunu ödəməkdən yayınmışdır. Həmçinin, cavabdehə elektron intetnet informasiya sistemi ilə də pretenziya məktubu göndərilmişdir. Lakin buna baxmayaraq cavabdeh müqavilə üzrə götürdüyü öhdəlikərin icrasından hələ də yayınmaqdadır. Bu səbəbdən də cavabdeh müqavilə üzrə borcunu hələ də ödəmədiyindən qanunvericiliyə uyğun olaraq iddiaçı pulu məhkəmə qaydasında tələb etmək məcburiyyətində qalmışdır. Hazırkı mübahisə kommersiya mübahisəsi olduğundan məhkəməyə müraciət edilməmişdən əvvəl mübahisənin məhkəməyədək həll olunması məqsədi ilə iddiaçı tərəfindən mediasiya təşkilatına və pretenziya qaydasında cavabdehə müraciət olunmasına baxmayaraq, borc ödənməmiş və mübahisənin məhkəmədən kənar və yaxud mediasiya qaydasında həll edilməsi mümkün olmamışdır. Mediasiya xərci olaraq 210 manat məbləğində mediasiya xərci də iddiaçı tərəfindən ödənilmiş və mediator tərəfindən 13 mart 2022-ci il tarixli MŞB/6-1426 №-li “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış“ verilmişdir. İş üzrə məhkəmə prosesi başlandıqdan sonnra cavabdeh "xxxx" Məhdud Məsuliyyyətli Cəmiyyəti tərəfindən 04 noyabr 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə “iddia tələbinə qarşı yazılı Etiraz” təqdim edilərək, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” barədə iddia tələbinin təmin olunmaması haqqında qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin “Etiraz” onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında imzalanmış 03 iyun 2021-ci il tarixli müqavilənin şərtləri, demək olar ki, birtərəfli qaydada tərtib edilmiş və iddiaçının maraqlarına uyğunlaşdırılmışdır. Müqavilənin 2.5-ci bəndinə əsasən “Alıcı” məhsulu aldıqdan sonra 1 iş günü müddətində qəbul edir. Nəzərə alsaq ki, iddiaçının müqavilə üzrə öhdəliyi nəqliyyat vasitələrinə xidmət göstərilməsindən ibarətdir və ona görə də nəqliyyat vasitəsinə göstərilmiş xidmətin 1 iş günü müddətində qəbul edilməsi mümkünsüzdür. Müqavilənin 3.3-cü bəndinə əsasən “Alıcı” xəbərdar olduqdan sonra 1 iş günü ərzində məhsulu qəbul etməzsə, “Satıcı” həmin məhsul üçün məsuliyyət daşımır. Müqavilənin tərkib hissəsinə daxil edilmiş bu standrat şərtlər qanunlara, vicdanlılıq prinsipinə cavab verməlidir. Bundan başqa, İddiaçı tərəfindən göstərilən xidmətlərdə müəyyən uyğunsuzluqlar və çatışmazlıqlar aşkar edilmiş və 22 noyabr 2021-ci il tarixli aktla rəsmiləşdirilmişdir. Daha sonra tərəflər arasında yaranmış məhkəməyə qədər mübahisə zamanı 22 fevral 2022-ci il taixdə iddiaçıya cavabdeh tərəfindən göstərilən xidmətlərdə çatışmazlıqlar və materialların quraşdırlmaması ilə bağlı, eləcə də bu faktları nəzərdən keçirməyi və bəzi məqamlara aydınlıq gətirilməsi üçün "xxxx" MMC-yə dəvət edilsə də, heç bir nəticəsi olmamışdır. Müqavilənin 3.1-ci bəndinə əsasən “Satıcı" sifariş edilən mal-materialların, xidmət və işlərin keyfiyyətinə görə məsuliyyət daşıyır. Satıcının öz öhdəliyini icra etməsi üzrə davranışı müqavilənin və qanunvericiliyin müddəalarına, bunlar olmadıqda isə işgüzar adətlərə və digər, adətən irəli sürülmüş tələblərə cavab verməlidir. Əks təqdirdə, öhdəlik pozulmuş olur və öhdəliyin icra edilməməsi baş verir ki, bu da ciddi hüquqi nəticələrə səbəb olur. İddiaçı tərəfindən göstərilən xidmətlərin və təqdim edilən malların araşdırılması aparılarkən təhvil-təslim aktların mövcud olmayan xidmətlər göstərilmiş və qiymətlər süni şəkildə artırılmışdır. Belə olan halda da iddiaçının göstərdiyi xidmətlər qüsur və ya çatışmazlıq kimi qiymətləndirilməldir. Belə ki, araşdırma zamanı müəyyən edilmişdir ki:- **-JX-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə tərtib edilmiş 16 avqust 2021-ci il tarixli aktda qeyd edilən dioqnostika və motorun tam olaraq yığılması kimi işlər görülməmiş və əsassız olaraq 870 manat göstərilmişdir; **-JX-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə tərtib edilmiş 16 avqust 2021-ci il tarixli aktda qeyd edilən səsboğucu setkanın dəyişdirilməsi, radiator qapağı, yanacaq şlanqı, stop lampası, səsboğucu setkası, radiator patrupkası, dəmir xamut, termostat və rulavoy kalonkanın yığılması kimi işlər görülməmiş və əsassız olaraq 575 manat göstərilmişdir; 99- JT-676 dövlət qeydiyyat nişanlı avtomobilə görə tərtib edilmiş 18 iyun 2021-ci il tarixli aktda qeyd edilən kondisioner kompressorunun yağının dəyişdirilməsi kimi işlər görülməmiş və əsassız olaraq 15 manat göstərilmişdir; **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə tərtib edilmiş 27 iyul 2021-ci il tarixli aktda qeyd edilən ön saffaların təmiri, salon peçinin təmiri kimi işlər görülməmiş və əsassız olaraq 65 manat göstərilmişdir; **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə tərtib edilmiş 26 avqust 2021-ci il tarixli aktda qeyd edilən saffaların təmiri, karopka yağı 9 lt kimi işlər görülməmiş və əsassız olaraq 255 manat göstərilmişdir; Əlavə olaraq qeyd etmək lazımdır ki, sözügedən avtomobilə 4738 manat məbləğində elektron qaimə faktura göndərilsə də, iddiaçı tərəfindən görülmüş işlərdə çatışmazlıq və nöqsanlar olduğu üçün ödəniş edilməmiş və 15 sentyabr 2021-ci İ tarixli müqavilə əsasında başqa bir avtomobil servisində sözügedən avtomobil yenidən təmir edilməsinə ehtiyac yaranmışdır. İş materiallarına əlavə edilmiş TK-0063 №-li təmir aktına nəzər salsaq görərik ki, “Nissan X Trail” markalı **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobilə 18 iyun 2021, 27 iyul 2021 və 26 avqust 2021-ci il tarixlərdə “guya” görülmüş işlərin nəticəsindən asılı olaraq 28 sentyabr 2021-ci il tarixdə sözügedən avtomobil təkrar təmir edilmişdir. **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə tərtib edilmiş 16 avqust 2021-cil tarixli aktda qeyd edilən diaqnostika, “razdatka” tənzimlənməsi, “naklatka qabaq” kimi işlər görülməmiş və əsassız olaraq əlavə 330 manat göstərilmişdir; **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə tərtib edilmiş 26 avqust 2021-ci il tarixli aktda qeyd edilən kapot üzlüyünü dəyişilməsi, diaqnostika kimi işlər görülməmiş və əsassız olaraq əlavə 20 manat göstərilmişdir; ** PT *** dövlət qeydiyyat nişanlı avtomobilə görə tərtib edilmiş 16 avqust 2021-ci il tarixli aktda qeyd edilən kondisioner kompressorunun yağlanması, kondisionerə qaz vurulması, şatunun futulkası, şatun futulkasının vurulması, kardan yağlanması, diaqnostika kimi işlər görülməmiş və əsassız olaraq əlavə 595 manat göstərilmişdir. Bundan başqa donor kimi istifadə olunması məqsədilə bir ədəd “Nissan Navara” mühərriki göndərilmiş, lakin geri qaytarılmamışdır. İş üzrə keçirilən məhkəmə baxış iclaslarında İddiaçı, iddiaçının vəkili Nümayəndə2 və Cavabdeh nümayəndəsi Nümayəndə1 iştirak edərək, izahatlarını vermiş, sənədlərin və sübutların tədqiqində iştirak etmiş və onların iştirakı ilə iddia tələbi mahiyyəti üzrə araşdırılaraq, yaranmış zərurətlə əlaqədar məhkəmə ekspertizasının keçirilməsi təmin edilmişdir. Həmin kommersiya işi ekspertiza tərəfindən müvafiq rəy verilərək Sumqayıt Kommersiya Məhkəməsinə qaytarıldıqdan sonra işin icraatı təzələnərək, iş üzrə məhkəmə baxış iclasının davamı 06 dekabr 2023-cü il tarixinə təyin edilmişdir. Lakin, 06 dekabr 2023-cü il tarixinə təyin edilmiş məhkəmə baxış iclasına İddiaçı gəlsə də, həmin məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçının vəkili Nümayəndə2 və Cavabdeh nümayəndəsi həmin məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iclasına gəlmiş İddiaçı isə vəkilinin və Cavabdeh nümayəndəsinin iştirakı olmadan məhkəmə baxış iclasının davam etdirilməsini xahiş etmişdir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə 06 dekabr 2023-cü il tarixinə təyin edilmiş məhkəmə baxış iclasının iddiaçının vəkilinin və Cavabdeh nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə baxış iclaslarında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və cavabdeh "xxxx" Məhdud Məsuliyyyətli Cəmiyyətindən 10520 manat məbləğində borcun və mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilən 210 manat məbləğində mediasiyaya dair xərcin yarısının tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş və öz mövqeyini onunla əsaslandırmışdı ki, o, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olaraq cavabdeh "xxxx" MMC ilə bağlanmış 03 iyun 2021-ci il tarixli 01 nömrəli Müqavilə əsasında təxminən 3-4 ay ərzində sonuncuya avtonəqliyyat vasitələrinin təmiri xidmətləri göstərmiş və ehtiyat hissələri satmışdır. Tərəflər arasında göstərilən xidmətlər və satılan avtomobil ehtiyat hissələri ilə əlaqədar müvafiq qaydada təhvil-təslim aktları tərtib edilərək imzalanmış və eyni zamanda, bu işlərlə əlaqədar onun tərəfindən cavabdehə ümumilikdə cəmi 32859,5 manat məbləğində malların satılması və müəyyən xidmətlərin göstərilməsi ilə əlaqədar elektron qaimələr təqdim olunmuşdur. Cavabdeh isə təqdim olunan və təsdiq edilən həmin elektron qaimələr əsasında cəmi 22379,5 manat məbləğində pul vəsaiti ödəmiş olsa da, qalan 10520 manat məbləğində borcunu ödəməmişdir. Cavabdehin iddia tələbinə Etirazında qeyd olunanlar isə tamamilə əsassızdır. Çünki, xidmət göstərilməli olan avtomobillər cavabdeh Şirkətin işçisi Əsgər Əsgərov tərəfindən ayrı-ayrı vaxtlarda gətirilirdi. O, isə xidmət göstərdikdən sonra təhviltəslim aktı və elektron qaimə təqdim edirdi. Lakin, daha sonra ödənişlər dayandırılmış, ödəniş edilmədiyinə görə o, da müqavilə üzrə nəzərdə tutulan xidməti davam etdirə bilməmişdir. Ödənişlərin edilməsi üçün bir-neçə dəfə cavabdeh Şirkətin yerləşdiyi ofisinə gedərək, onlarla əlaqə saxlamağa çalışsa da, onu qəbul etməmişlər. Lakin, cavabdeh Şirkətin nəqliyyat vasitələrindən məsuliyyətli işçisi Əsgər Əsgərov qarşısına çıxaraq, ona kassada pul olmadığını, lakin rəislə danışdığını və qısa zamanda ödəniş ediləcəyi ilə bağlı vədlər versə də, göstərilən xidmətlə əlaqədar hər hansı bir çatışmazlıq və yaxud qüsur olduğunu bildirməmişdir. Odur ki, bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq o, ödəniş edilmədiyinə görə cavabdehin növbəti xidmət üçün sifarişlərini qəbul etməmişdir. Onun tərəfindən 13 noyabr 2021-ci il tarixdə cavabdehə ödənişlə bağlı rəsmi müraciət olunsa da, cavabdeh bu müraciətə rəsmi cavab verməmişdir. O, artıq məhkəməyə müraciət etmək qərarına gəldikdən və məhkəməyə müraciət edilməsi üçün lazımi tədbirlərə başladıqdan sonra 21 fevral 2022-ci ildə qarşı tərəfin vergi kabinetinə də pretenziya məktubu ünvanlamışdır. Cavabdeh tərəf isə yalnız bu sonuncu pretenziya məktubundan sonra işlərin qüsurlu olması barədə əsassız fikirlər bildirmişdir. Məhkəmə baxış iclaslarında iştirak etmiş Cavabdeh nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul etmədiyini bildirib, iddia tələbinə qarşı verilmiş yazılı “Etiraz”da göstərilənlərə uyğun izahat verərək, əsassız olduğu üçün İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” barədə iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul olunmasını xahiş etmiş və öz mövqeyini onunla əsaslandırmışdı ki, tərəflər arasında bağlanmş 03 iyun 2021-ci il tarixli 01 nömrəli Müqavilənin şərtləri vicdanlılıq prinsipinə uyğun deyil və həmin Müqavilə şərtləri elədir ki, onun etibarsızlığına gətirib çıxarır. Belə ki, müqavilənin müvafiq bəndində Alıcının, yəni cavabdehin məhsulu aldıqdan sonra bir iş günü müddətində məhsulu qəbul etdiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsində işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə elektron qaimə-fakturanın 5 gün müddətində təqdim edilməli olduğu qeyd edilmişdir. Cavabdeh hesab edir ki, Alıcının münasibət bildirməsi üçün müqavilədə də ən azı 5 gün müddət qeyd edilməli idi. Bundan başqa iddiaçıya rəsmi müraciət ünvanlayaraq göstərilən xidmətlərdə qüsurlar olduğu bildirilmişdir. “Nissan Navara” markalı avtomobilin mühərriki iddiaçıya təqdim edilmişdir və məhkəməyə təqdim edilən "GPS"-dən çıxarışdan da bu sübuta yetirilir. Qeyd olunmalıdır ki, bu mühərrikin qiyməti 3000-4000 manat aralığındadır. İddiaçının göstərdiyi xidmətlərdə qüsurlar mövcud olmuşdu və bu qüsurlu işlər iddiaya qarşı təqdim olunmuş Etirazda ətraflı qeyd olunmuşdur. Bundan belə nəticəyə gəlmək olar ki, iddiaçının göstərdiyi xidmətlər qüsurlu olmuşdur. Nazirlər Kabinetinin “Nəqliyyat vasitələrinə texniki xidmət göstərilməsi haqqında” Qaydalarında qeyd olunmuşdur ki, müqavilədə qarantiya müddəti nəzərdə tutulmayıbsa, sifarişçi 1 il müddətində öz etirazını bildirə bilər. Mülki Məcəllənin xidmət göstərilməsi ilə əlaqədar müddəalarında da göstərilən xidmətlərdə olan qüsurlar qarşı tərəfə bildirildikdən sonra xidmətlərin dəyərini ödəməmək hüququ qeyd olunmuşdur. Eləcə də, məhsulun keyfiyyətinə məsul şəxs qüsuru vaxtında aşkar edə bilmədiyi üçün razılaşmadığı elektron qaimələrə “imtina” verə bilməmişdir. Cavabdehin keçmiş işçisi Əsgər Əsgərov tərəfindən imzalanaraq cavabdehin möhürü ilə təsdiq edilmiş aktları isə qəbul etmir. Çünki, həmin möhür cavabdeh Müəssisənin əsas deyil, sənədlər üçün olan möhürüdür. Aktların hüquqi əhəmiyyətini itirməsi üçün cavabdeh ondan imtina etməli olsa da, müqavilədə bunun üçün müəyyənləşdirilmiş müddət çox azdır. Məlum qüsurlar isə ödənişlər edildikdən sonra müəyyən edilmişdir. Ödənməyən elektron qaimələr isə həmin qüsurlu xidmətlərə görə ödənilmiş məbləğlərin əvəzləşdirilməsi məqsədi daşıyır. Yəni, qüsurlu xidmətlərə görə edilmiş ödənişləri əvəzləşdirmək üçün sonrakı xidmətlərə görə ödənişlər edilməmişdir. Məhkəmə, tərəflərin iş üzrə vermiş olduqları izahatlarını, iddia ərizəsini, iddia tələbinə qarşı verilmiş yazılı “Etiraz”ı və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı İddiaçı (VÖEN **********) ilə alıcı Cavabdeh (VÖEN **********) arasında bağlanmış 03 iyun 2021-ci il tarixli 01 nömrəli Müqavilənin şərtlərinə görə, Satıcı əvvəlcədən hər iki tərəfin razılaşdırdığı qaydada verilmiş sifarişə uyğun Malları və Servis xidmətlərini göstərilən şərtlərlə və miqdarda Alıcının tam mülkiyyətinə verir. Alıcı isə bunun müqabilində Malların və Servis xidmətinin dəyərini bu Müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydalara uyğun olaraq Satıcıya ödəyir (1.1-ci bənd). Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən, tərəflər arasında təsdiq edilən qaiməfakturalar Satıcının malları Alıcıya təhvil verdiyini təsdiq edən sənəddir. Həmin Müqavilənin 2.2-ci bəndinə əsasən, malların dəyərini ödəmək üçün hər ödəniş üzrə Satıcı Alıcıya "Satıcının və bankının rekvizitləri olan hesab-fakturanı" təqdim edir Həmin Müqavilənin 2.4-cü bəndinə əsasən, Alıcı malların dəyərinin ödənilməsinə dair Müqavilənin şərtlərini pozduqda bu müqavilə və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzədə tutulmuş qaydada Satıcı qarşısında məsuliyyət daşıyır. Həmin Müqavilənin 2.5-ci bəndinə əsasən, Alıcı məhsulu aldıqdan sonra 1 iş günü müddətində məhsulu qəbul edir. Həmin Müqavilənin 3.2-ci bəndinə əsasən, Alıcı ödəniş müddətini üzürsüz səbəbdən gecikdirərsə, Satıcının müqaviləni pozmağa ixtiyarı vardır. Həmin Müqavilənin 3.3-cü bəndinə əsasən, Alıcı xəbərdar olunduqdan sonra 1 iş günü ərzində məhsulu qəbul etməzsə, Satıcı həmin məhsul üçün məsuliyyət daşımır. Həmin Müqavilənin 6.2-ci bəndinə əsasən, müqavilə 03 iyun 2021-ci il tarixindən 31 dekabr 2021-ci il tarixinədək qüvvədədir. İş materialları ilə müəyyən müəyyən olunur ki, 03 iyun 2021-ci il tarixli 01 nömrəli Müqavilə əsasında 08 iyun 2021-ci il tarixindən 06 sentyabr 2021-ci il tarixinədək satıcı İddiaçı tərəfindən alıcı "xxxx" Məhdud Məsuliyyyətli Cəmiyyətinə ümumilikdə cəmi 32859,52 (otuz iki min səkkiz yüz əlli doqquz manat 52 qəpik) manat məbləğində avtomobillərin müxtəlif ehtiyat hissələrinin satılması və təmir (servis) xidmətlərinin göstərilməsi ilə əlaqədar müvafiq qaydada tərtib və təsdiq edilmiş Elektron Qaimələr təqdim olunmuş və eyni zamanda, həmin Müqavilə üzrə müəyyən malların satılması və xidmətlərin göstərilməsi ilə əlaqədar müxtəlif tarixli təhvil-təslim Aktları imzalanmışdır (məhkəmə araşdırması zamanı təqdim olunmuş elektron qaimələrə etiraz edilməsi və yaxud, həmin elektron qaimələrin qəbulundan imtina edilməsi halları müəyyən edilməmişdir). İş materiallarında olan X1 məlumatlarla müəyyən olunur ki, 03 iyun 2021-ci il tarixli 01 nömrəli Müqavilə əsasında təqdim olunmuş Elelktron Qaimələr üzrə cavabdeh "xxxx" MMC tərəfindən İddiaçı bank hesabına 02 iyul 2021-ci il tarixli 0721/14 nömrəli Ödəniş Tapşırığına əsasən 8781,02 manat, 02 avqust 2021-ci il tarixli 0821/1 nömrəli Ödəniş Tapşırığına əsasən 9726 manat və 23 avqust 2021-ci il tarixli 0821/105 nömrəli Ödəniş Tapşırığına əsasən 3832,5 manat məbləğində olmaqla, ümumilikdə cəmi 22339,52 (iyirmi iki min üç yüz otuz doqquz manat 52 qəpik) manat məbləğində pul vəsaiti köçürülmüşdür. Məhkəmə araşdırması zamanı mübahisənin obyektiv həlli məqsədi ilə iş üzrə təyin edilmiş əlavə məhkəmə-mühasibatlıq ekspertizasının 19 oktyabr 2023-cü il tarixli 9/5111 nömrəli Ekspert Rəyindən görünür ki, ekspertiza zamanı satıcı İddiaçı tərəfindən elektronqaimələrlə təqdim olunmuş ümumilikdə cəmi 32859,52 manat məbləğində mallar və servis xidmətinə görə alıcı "xxxx" Məhdud Məsuliyyyətli Cəmiyyəti tərəfindən cəmi 22339,52 manat məbləğində ödənişin aparılması və alıcı "xxxx" MMC-nin satıcı İddiaçı ödənilməli olan borc məbləğinin 10520 manat təşkil etdiyi müəyyən olunmuşdur (32859,52 - 22339,52 = 10520 manat). İş materiallarında olan satıcı İddiaçı (VÖEN **********) ilə alıcı Cavabdeh arasında bağlanmış 03 iyun 2021-ci il tarixli 01 nömrəli Müqavilənin məzmunu və şərtləri ilə müəyyən olunur ki, həm malların satışı, həm də haqqı ödənilməli olan xidmətlərin göstərilməsi üçün bağlanmış bu Müqavilə mahiyyətinə görə özlüyündə alqı-satqı və podrat müqavilələrinin əlamətlərini daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Göründüyü kimi, yuxarıda təsvir olunanlarla və işin konkret halları ilə müəyyən olunur ki, satıcı İddiaçı 03 iyun 2021-ci il tarixli 01 nömrəli Müqavilə üzrə satmış olduğu malların dəyərini ödəmədiyi üçün alıcı Cavabdehndən “10520 manat məbləğində borcun və mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilən 210 manat məbləğində mediasiyaya dair xərcin yarısının tutularaq İddiaçı ödənilməsi” barədə iddia tələbinə dair hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar Cavabdehnə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı tərəfindən mediatora iddia tələbində göstərilən “210 (iki yüz on) manat” məbləğində deyil, 200 (iki yüz) manat məbləğində xidmət haqqı ödənilmişdir (13 mart 2022-ci il tarixli MŞB/6-1426 nömrəli Mediasiya Arayışı). Lakin, mövcud mübahisənin məhkəməyəqədər mərhələdə və yaxud, mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, cavabdeh "xxxx" MMC İddiaçı ilə bağlanmış 03 iyun 2021-ci il tarixli 01 nömrəli Müqaviləsi üzrə öz öhdəliyini lazımi qaydada yerinə yetirməmiş və buna görə də, həmin Müqavilə üzrə hazırkı iddia ərizəsində tələb olunan ödənilməmiş 10520 (on min beş yüz iyirmi) manat məbləğində əsas borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır. Lakin, iddia tələbi “mediasiya xərci qismində ödənilən 210 manat məbləğində vəsaitin yarısının tutulması” hissəsində isə qismən əsaslıdır. Çünki, iş materiallarında olan 13 mart 2022-ci il tarixli MŞB/6-1426 nömrəli Mediasiya Arayışı ilə müəyyən olunur ki, mediasiya xidməti ilə əlaqədar İddiaçı tərəfindən mediatora iddia tələbində göstərilən 210 (iki yüz on) manat məbləğində deyil, 200 (iki yüz) manat məbləğində xidmət haqqı ödənilmişdir. Lakin, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbləri (hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır) nəzərə alınmaqla, iddiaçının iddia tələbində göstərilən məbləğ üzrə, yəni cavabdeh "xxxx" MMC-dən iddiaçının xeyrinə mediatora ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqının yarısı, yəni 100 (yüz) manat hissəsi tutulmalıdır. Çünki, hazırkı iddia ərizəsində iddiaçı mediasiya xərcinin hamısını deyil, “yarısının tutulmasını” xahiş etmiş olduğundan, mediasiya xərci olaraq ödənmiş və müvafiq arayışla təsdiq edilən 200 manat məbləğində pul vəsaitinin yarısı cavabdehə aid edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Eyni zamanda, alıcı "xxxx" MMC-nin işçiləri tərəfindən tərtib olunub-imzalanaraq 22 noyabr 2021-ci il tarixli 02 nömrəli " "xxxx" MMC-nin nəqliyyat vasitələrinin təmir işlərində aşkarlanmış qüsurlar üzrə" tərtib edilmiş Akt və müəyyən avtonəqliyyat vasitələrinin başqası tərəfindən təmir edilməsinə dair sənədlər, 05 dekabr 2022-ci il tarixli Akt və həmin Aktda qeyd olunan **-AE-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə quraşdırılmış GPS cihazindan götürülmüş və "xxxx" MMC-dən "Grand" Avtoservisə qədər hərəkət trayektoriyasını əks etdirən fotoşəkillər və DVD diskə yazılmış videogörüntülər cavabdeh tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim olunmuş və məhkəmə araşdırması zamanı həmin videogörüntülər nümayiş etdirilərək, cavabdeh tərəfin təqdim etdiyi digər sənədlərlə birlikdə tədqiq olunmuşdur. Lakin, cavabdeh tərəfin təqdim etdiyi sənədlər və videogörüntülərin tədqiqi hazırkı iddia tələbinin əsassızlığını təsdiq etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına” qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında ifadə olunan hüquqi mövqeyinə görə, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd olunur ki, sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcüdluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcüd olmayan hallar kimi qiymət verə bilər və iddia tələbinin rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki-Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdehndən 10520 manat məbləğində əsas borc və mediasiya ilə əlaqədar ödənilmiş xidmət haqqının 100 manat hissəsi olmaqla, cəmi 10620 manat məbləğində pul vəsaiti İddiaçı (VÖEN **********) xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, hazırkı iddia tələbinin təmin olunmuş hissəsi üzrə hesablanan 121,56 (yüz iyirmi bir manat 56 qəpik) manat məbləğində dövlət rüsumu və iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 290 (iki yüz doxsan) manat məbləğində pul vəsaiti isə cavabdeh "xxxx" MMC-dən dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 10520 (on min beş yüz iyirmi) manat məbləğində əsas borc və mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 10720 (on min yeddi yüz iyirmi) manat məbləğində pul vəsaiti İddiaçı (VÖEN **********) xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdehndən dövlət nəfinə 121,56 (yüz iyirmi bir manat 56 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 290 (iki yüz doxsan) manat məbləğində pul vəsaiti Cavabdehndən dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-32/2023
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-32/2023
06.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver