Məhkəmə qərarları › İş №e-2-2(119)-330/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-330/2025

03.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-330/2025 03.04.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Məmmədova Nərminə İdris qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə3, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış 08 yanvar 2023-cü il tarixli 15 nömrəli müqavilə üzrə cavabdehdən 5450 (beş min dörd yüz əlli) manat məbləğində əsas borcun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında karton məhsullarının alqısatqısına dair 08 yanvar 2023-cü il tarixli 15 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilə əsasında 16 yanvar 2024-cü il tarixdə yüksək keyfiyyətdə karton məhsulları iddiaçı tərəfindən cavabdehin verdiyi sifarişə əsasən sonuncuya təhvil verilmişdir. Mallar təhvil verildikdən sonra qanunun tələblərinə uyğun olaraq iddiaçı tərəfindən 16 yanvar 2024-cü il tarixdə yazılı qaimə tərtib edilmiş, həmçinin elektron qaimə-faktura cavabdehin elektron kabinetinə göndərilmişdir. Karton məhsullarının satılmasına dair 15 yanvar 2024cü il tarixdə tərtib edilmiş yazılı qaiməyə və 16 yanvar 2024-cü il tarixli elektron qaiməfakturaya görə yaranmış borc cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Halbuki 08 yanvar 2023-cü il tarixli 15 nömrəli alqı-satqı müqaviləsinin 5-ci maddəsinə əsasən, satıcı tərəfindən təqdim edilmiş elektron qaimə-faktura alıcı tərəfindən alındıqdan sonra 7 iş günü ərzində həmin sənəd əsasında satıcıya ödəniş edilməlidir. Lakin 16 yanvar 2024-cü il tarixdə göndərilmiş elektron qaimə-fakturaya görə 5450,43 manat məbləğində borc cavabdeh tərəfindən ödənilməmiş və müqavilənin şərtləri pozulmuşdur. İddiaçı tərəfindən cavabdehə qeyd olunan borcun ödənilməsi üçün dəfələrlə yazılı və şifahi xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, elektron qaimə-fakturaya əsasən ƏDV daxil olmaqla 5450,43 manat məbləğində borc bu günə kimi iddiaçıya ödənilməmişdir. Məhkəmə iclaslarında iddiaçının nümayəndəsi iddia ərizəsinin, 05 mart 2025-ci il tarixli və 02 aprel 2025-ci il tarixli “16 dekabr 2024-cü il tarixli iddia tələbinin məzmununa izahlar” adlı sənədlərin məzmununa uyğun izahatlar verərək, həmçinin bildirmişdir ki, ödəniş edilməyən 16 yanvar 2024-cü il tarixli elektron qaimə-faktura cavabdehin nümayəndəsi tərəfindən “ASAN İmza” vasitəsilə təsdiqlənmişdir. Həmin qaimə üzrə mallar cavabdehin anbarına daxil olmuş və cavabdeh müvafiq elektron qaimə-fakturanı təsdiqləmişdir. Cavabdeh 08 yanvar 2023-cü il tarixli müqavilə əsasında iddiaçıdan 218000 manat məbləğində dəyəri olan mal almış və təhvil aldığı mallar üzrə ödəniş etmişdir. Yəni mallar iddiaçı tərəfindən cavabdehə 2023-cü il tarixli müqaviləyə əsasən təqdim edilmişdir. Cavabdeh tərəfindən müvafiq qaimə-faktura mübahisələndirsə də, bu günə qədər yararsız olduğu üçün geri qaytarma, ləğv etmə barədə müraciət edilməmişdir. İddiaçının nümayəndəsi göstərilənlərin nəzərə alınaraq məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi məhkəməyə təqdim etdiyi “Mülahizə” adlı sənədin məzmununa uyğun izahat verərək, həmçinin bildirmişdir ki, iddiaçı ilə münasibətlər 2020-ci il tarixli müqavilə əsasında yaranmışdır. Cavabdehə iddiaçı tərəfindən 2024-cü il ərzində 6 elektron qaimə-faktura göndərilmişdir. Cavabdeh tərəfindən 5 qaimə-faktura üzrə mallar qəbul edilmiş, 1 qaimə üzrə isə, ümumiyyətlə, mal qəbul edilməmişdir. Qəbul edilmiş mallar üzrə 3 elektron qaimənin dəyəri tam şəkildə ödənilmiş və tarix olaraq xx.xx.2020-ci il tarixli müqavilə qeyd edilmişdir. Buradan da belə qənaətə gəlmək olur ki, 2023-cü il tarixli müqavilə mövcud olmamışdır. Ödəniş tapşırıqlarında da qaimələrin nömrələri yazılmış və xx.xx.2020-ci il tarixli müqaviləyə istinad edilmişdir. Digər 2 elektron qaimədən birinin dəyəri tam şəkildə, ikincisinin isə dəyərinin 95%-i (1000 ədədi çeşidlənərək saxlanmışdır) geri qaytarılmışdır. Həmçinin xx.xx.2020-ci il tarixli müqaviləsində qeyd olunan ödəniş şərtlərinə əsasən, malın alıcıya təhvil verilməsi ilə bağlı öhdəlik satıcı tərəfindən lazımınca yerinə yetirilmədikdə alıcı həmin öhdəlik lazımınca icra olunanadək ödənişin həyata keçirilməsini təxirə salmaq hüququna malikdir. Belə ki, məhkəməyə təqdim edilmiş audit rəyinin əsası olan audit yoxlamasında da qaimələr üzrə qeyd edilən əməliyyatların həyata keçirildiyi təsdiq edilmişdir. Həmin audit rəyində qeyd edilmişdir ki, iddiaçı tərəfindən müvafiq elektron qaimə-fakturanın təhvil verilməsi barədə sifarişçiyə təhvil-təslim aktı, yol vərəqəsi və ya eyni hüquqi qüvvəyə malik tərəflərin imzaladıqları, möhürlə təsdiq etdikləri hansısa sənəd təqdim edilməmişdir. Belə ki, müqavilənin 4.2-ci bəndinə əsasən, satıcı malın təhvil verilməsi ilə birlikdə qaimə-faktura və digər zəruri sənədləri alıcıya təqdim etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli 26 nömrəli “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Qərarının 2.5.3-cü yarımbəndinə əsasən, elektron qaimə-faktura mallar (işlər, xidmətlər) barədə məlumatları özündə əks etdirən sənədlər (qəbzlər, çeklər və digər ödəniş sənədləri, müqavilələr (əqdlər), təhvil-təslim aktları, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaiməfakturanın “Əsas” sətrində qeyd olunur. Lakin iddiaçının iddia etdiyi elektron-qaimənin “Əsas” sətrində hansısa məlumat qeyd edilməmişdir. Araşdırma zamanı müvafiq qaiməfaktura üzrə malın anbarda mövcud olmadığı da müəyyənləşdirilmişdir. 2023-cü il tarixli müqavilə cavabdehin möhürü ilə təsdiqlənsə də, cavabdehin direktoru olmayan şəxs tərəfindən imzalanması həmin sənədin doğruluğunu şübhə altına alır. Həmin dövrdə müəyyən qarışıqlıqlar olduğundan 16 yanvar 2024-cü il tarixli elektron qaimə-faktura iddiaçıya qaytarılmamışdır. Cavabdehin nümayəndəsi göstərilənlərin nəzərə alınaraq məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materialları: İş materiallarında olan 08 yanvar 2023-cü il tarixli 15 nömrəli alqı-satqı müqaviləsinin (o cümlədən məzmunları tamamilə eyni olan 29 iyun 2020-ci il tarixli alqı-satqı müqaviləsinin) 1.1-ci bəndinə əsasən, müqaviləyə əsasən satıcı (İddiaçı MMC) alıcıya (Cavabdeh MMC-yə) karton qutular satır. Alıcı isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, malın növü, çeşidi, tərkibi, rəngi, digər əlamətləri və xarakterik xüsusiyyətləri əlavə razılaşma ilə müəyyən olunur. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, malın qiyməti müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə Razılaşma ilə, miqdarı və dəyəri (məbləği) isə hər dəfə alıcı tərəfindən verilmiş sifarişə satıcının qaimə əsasında təhvil verdiyi malın miqdarı ilə müəyyənləşir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödəniş həyata keçirilməsini alıcıdan tələb etmək satıcının hüququdur. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən, malı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəmək alıcının vəzifəsidir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, satıcı müqaviləyə uyğun olaraq alıcı tərəfindən sifariş verildikdən sonra 7 təqvim günü ərzində malı alıcıya təhvil verməyi öhdəsinə götürür. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən, satıcı malın təhvil verilməsi ilə birlikdə qaimə-faktura və digər zəruri sənədləri alıcıya təqdim etməlidir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən, bu müqaviləyə əsasən alıcı verdiyi sifarişə əsasən satıcıdan cari ay ərzində bir dəfə mal alarsa, bu zaman alıcı qəbul etdiyi malın dəyərini satıcının təqdim etdiyi hesab sənədlərini (qaimə-faktura, hesab-faktura və EVHF) aldıqdan sonra 7 iş günü ərzində nağd və ya köçürmə yolu ilə ödəyir. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən, alıcı verdiyi sifarişə əsasən satıcıdan cari ay ərzində bir neçə dəfə mal alarsa, bu zaman alıcı qəbul etdiyi malların dəyərini ay bitdikdən sonra satıcının təqdim etdiyi hesab sənədlərini (qaimə-faktura, hesab-faktura və EVHF) aldıqdan sonra 7 iş günü ərzində nağd və ya köçürmə yolu ilə ödəyir. İş materiallarında olan 16 dekabr 2024-cü il tarixli iddiaçının möhürü ilə təsdiqlənmiş və nümayəndələri tərəfindən imzalanmış maliyyə arayışında qeyd edilmişdir ki, cavabdehə ƏDV daxil 5828,62 manat məbləğində xx.xx.2024-cü il tarixdə göndərilən EBDX 059120 saylı qaimə üzrə ƏDV daxil 378,19 manat cavabdehin debitor borcu ödənilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixə qalıq borcu ƏDV daxil 5450,43 manat məbləğindədir. İş materiallarında olan iddiaçı tərəfindən “Onlayn kargüzarlıq” vasitəsilə cavabdehə 07 noyabr 2024-cü il, 26 noyabr 2024-cü il və 27 noyabr 2024-cü il tarixlərində göndərilmiş məktubların məzmunundan görünür ki, iddiaçı tərəfindən cavabdehə 5450,43 manat məbləğində borcun iddiaçıya ödənilməsi ilə bağlı xəbərdarlıqlar edilmişdir. İş materiallarında olan “Göndərilən qaimələrin siyahısı” adlanan sənəddən görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumi dəyəri 218112,92 manat məbləğində olan elektron qaimə-fakturalar göndərilmişdir. İş materiallarında olan 17 yanvar 2024-cü il tarixli OD3 nömrəli ödəniş tapşırığından görünür ki, 08 yanvar 2024-cü il tarixli MT2401 seriyalı 00078297 nömrəli elektron qaiməfaktura üzrə cavabdeh tərəfindən 8757,81 manat məbləğində ödəniş həyata keçirilmişdir. İş materiallarında olan 26 yanvar 2024-cü il tarixli OD2 nömrəli ödəniş tapşırığından görünür ki, 09 yanvar 2024-cü il tarixli EBDW seriyalı 612979 nömrəli elektron qaiməfaktura üzrə cavabdeh tərəfindən 3906,48 manat məbləğində ödəniş həyata keçirilmişdir. İş materiallarında olan 06 fevral 2024-cü il tarixli OD1 nömrəli ödəniş tapşırığından görünür ki, 10 yanvar 2024-cü il tarixli EBDW seriyalı 752492 nömrəli elektron qaiməfaktura üzrə 4465,53 manat məbləğində ödəniş həyata keçirilmişdir. İş materiallarına əlavə edilmiş 04 yanvar 2025-ci çap tarixli İnternet Vergi İdarəsindən çıxarış sənədindən görünür ki, 16 yanvar 2024-cü il tarixli EBDX seriyalı 059120 nömrəli, 16 yanvar 2024-cü il tarixli EBDX seriyalı 059679 nömrəli, 10 oktyabr 2024-cü il tarixli EBDW seriyalı 752492 nömrəli, 10 yanvar 2024-cü il tarixli EBDW seriyalı 752432 nömrəli, 09 yanvar 2024-cü il tarixli EBDW seriyalı 612979 nömrəli, 08 yanvar 2024-cü il tarixli MT2401 seriyalı 00078297 nömrəli elektron qaimə-fakturalar cavabdehə məxsus “ASAN İmza” ilə təsdiqlənmişdir. İş materiallarında olan 02 oktyabr 2024-cü il tarixli MQ2410 seriyalı 10149459 nömrəli malların qaytarılması barədə elektron qaimə-fakturadan görünür ki, 10 oktyabr 2024-cü il tarixli EBDW seriyalı 752432 nömrəli elektron qaimə-faktura iddiaçıya geri qaytarılmışdır. İş materiallarında olan 02 oktyabr 2024-cü il tarixli MQ2410 seriyalı 10148467 nömrəli və 02 oktyabr 2024-cü il tarixli MQ2410 seriyalı 10150185 nömrəli malların qaytarılması barədə elektron qaimə-fakturalardan görünür ki, 16 yanvar 2024-cü il tarixli EBDX seriyalı 059679 nömrəli elektron qaimə-faktura iddiaçıya geri qaytarılmışdır. İş materiallarında olan 05 mart 2025-ci il tarixli “16 dekabr 2024-cü il tarixli iddia tələbinin məzmununa izahlar” adlı sənədin məzmununda qeyd edilmişdir ki, “xx.xx.2024cü il tarixli EBDX 059120 nömrəli qaimə-fakturaya əsasan iddiaçıdan 5828,62 manat məbləğində alınmış kartonun guya keyfiyyətsiz olduğuna görə qaytarılması barədə cavabdehin nümayəndəsinin məhkəmədə verdiyi izah həqiqətə uyğun deyil. Cavabdeh iddiaçıdan aldığı malların keyfiyyətsiz olması barədə heç bir vaxt nə şifahi, nə də yazılı formada məlumat verməmişdir. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MQ2410 seriyalı 10150185 nömrəli (iddiaçının EBDX 059679 nömrəli qaiməsi üzrə 1133,7976 manat məbləğində satılmış mal), xx.xx.2024-cü il tarixli MQ2410 seriyalı 10148467 nömrəli (iddiaçının EBDX 059679 nömrəli qaiməsi üzrə 4000,5901 manat məbləğində satılmış mal), xx.xx.2024-cü il tarixli MQ2410 seriyalı, 10149459 nömrəli (iddiaçının EBDW 752432 nömrəli qaiməsi üzrə 5703,8381 manat məbləğində satılmış mal) qaimələr əsasında (ümumi 10838,2258 manat məbləğində) karton malların iddiaçıya qaytarılmasının səbəbi yaranmış ümumi borcun cavabdeh tərəfindən ödənilə bilməməsi olmuşdur və borcun azalması məqsədini daşımışdır. Belə ki, cavabdeh iddiaçı şirkətdən aldığı ümumi 16666,84 manat məbləğində karton malları uzun müddət ərzində sata bilmədiyinə və malın pulunu ödəyə bilmədiyinə görə iddiaçı təşkilatın rəhbərliyi məcbur olaraq satmış olduğu 10838,2258 manat məbləğində malı onlardan geri qəbul etmişdir. Cavabdehin bundan sonra xx.xx.2024-cü il tarixli EBDX 059120 nömrəli qaimə-fakturaya görə iddiaçıya (16666,84 – 10838,2258) 5828,62 manat məbləğində borcu qalmışdır. Həmim malın pulu bu günə kimi cavabdeh tərəfindən iddiaçıya ödənilməmiş, eyni zamanda mal şəkilində də qaytarılmamışdır. İddia ərizəsində qeyd olunmuş borcun miqdarının 5828,62 manat yox, məhz 5450,43 manat məbləğində göstərilməsinin səbəbini uzun illər ərzində alqı-satqı zamanı iki şirkət arasında 378,19 manatlıq fərqin yaranması ilə izah edirik və həmin fərq alıcının xeyrinə sayılmışdır (bu barədə maliyyə arayışı təqdim olunub). Məlumat üçün bildiririlir ki, şirkətimizlə digər şirkətlər arasında alqı-satqı çoxsaylı çeşidlər üzrə aparıldığından satış yazılı qaimə və elektron qaimə-faktura əsasında aparılır. Bu halda hər dəfə qiymətlər üzrə razılaşdırma protokolunun tərtib olunmasına lüzum yoxdur”. İş materiallarına cavabdeh tərəfindən əlavə edilmiş 02 aprel 2025-ci il tarixli “16 dekabr 2024-cü il tarixli iddia tələbinin məzmununa izahlar” adlı sənədin məzmununda qeyd edilmişdir ki, “tərəflər arasında karton məhsullarının alqı-satqısına dair ilkin olaraq xx.xx.2020-ci il tarixdə 01 saylı müqavilə bağlanmışdır. Həmin müqavilə xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş və müddəti bitdiyinə görə xx.xx.2023-cü il tarixdə satıcı ilə alıcının arasında 15 saylı yeni alqı-satqı müqaviləsi bağlanmışdır. Cavabdehin nümayəndəsi məhkəmədə verdiyi izahda qeyd etmişdir ki, guya cavabdehin xx.xx.2023-cü il tarixli 15 saylı alqı-satqı müqavilədən məlumatı yoxdur. Sual yaranır ki, müqaviləyə cavabdehin möhürünü kim vurub və bu müqavilə olmadığı halda 2023-cü ildə hansı müqavilə əsasında cavabdeh iddiaçı təşkilatdan 218112,93 manatlıq karton malları almış və bütün alınmış mallar vergi sistemində qeyd olunmuşdur. xx.xx.2024-cü il tarixli EBDX 059120 nömrəli qaimə-fakturaya əsasan, cavabdehdən 5828,62 manat məbləğində alınmış kartonun guya keyfiyyətsiz olduğuna görə, iddiaçıya qaytarılması barədə cavabdehin nümayəndəsinin məhkəmədə verdiyi izahat həqiqətə uyğun deyil. Cavabdeh iddiaçıdan aldığı malların keyfiyyətsiz olması barədə heç bir vaxt nə şifahi, nədəki yazılı formada məlumat verməyib, eyni zamanda alıcı tərəfindən iddiaçıya digər geri qaytarılan mallar üzrə vergi sistemində qaytarma səbəbi hissəsində malların yararlı olması qeyd olunmuşdur və bu alıcı tərəfindən təsdiqlənmişdir. Cavabdeh tərəfindən karton malların iddiaçıya qaytarılmasının səbəbi yaranmış ümumi 16666,84 manat məbləğində borcun cavabdehin ödəyə bilməməsi olmuşdur və pul borcunun azalması məqsədini daşıyıb və xx.xx.2024-cü il tarixli EBDX 059120 nömrəli qaimə-fakturaya görə iddiaçı (ümumi olan 16666,84 manat borcdan 10838,2258 qaytarılmış yararlı malın borcunu çıxandan sonra ) 5828,62 manat məbləğində borcu qalmışdır. Cavabdehin nümayəndəsinin məhkəmədə verdiyi ziddiyyətli izahına - guya cavabdeh ümumiyyətlə xx.xx.2024-cü il tarixli EBDX 059120 nömrəli qaimə-fakturaya görə iddiaçıdan mal almamışdır gəkdikdə isə, qeyd olunmalıdır ki, xx.xx.2024-cü il tarixli EBDX 059120 nömrəli qaimə-fakturaya əsasan cavabdeh tərəfindən iddiaçıdan 5828,62 manat məbləğində alınmış karton üzrə məlumat vergi sistemində qeyd olunmuşdur və malın alınması cavabdeh tərəfindən təsdiqlənmişdir. İddiaçı tərəfindən satılmış mala görə 5450,43 manat məbləğində pulun ödənilməsi tələbi ilə müxtəlif vaxtlarda cavabdehə 3 pretenziyə məktubu göndərilmiş, onlar vergi sisteminə yerləşdirilmiş və cavabdeh bu məktubları görmüşdür. Bu mallar alıcıya təqdim olunmamışdırsa, hansı səbəblərə görə alıcı bizim pretenziya məktublara öz münasibətini dərhal və ümumiyyətlə bu günə kimi bildirməmişdir. Qeyd olunanlar sübut edir ki, cavabdeh və onun nümayəndəsi müxtəlif məntiqsiz izahlarla yaranmış borcun ödəməsindən yayınmırlar, eyni zamanda məhkəmə prosesini uzadmaq məqsədi güdürlər”. İş materiallarında olan cavabdehin nümayəndəsi tərəfindən tərtib edilmiş “Mülahizə” adlı sənədin məzmununda qeyd edilmişdir ki, “xx.xx.2025-ci ildə keçirilən məhkəmə iclasında iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə sübut növü kimi elektron qaiməfaktura təqdim edilmişdir. Aşağıdakı əsaslara görə hesab edirik ki, təqdim edilən elektron qaimə-faktura baxılan mülki iş üzrə sübut əhəmiyyətli hal kimi nəzərə alına bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 20 aprel tarixli və xx.xx.2022-ci il tarixli 2-2(102)-440/2022 nömrəli iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının qərarlarında ilkin uçot sənədi olan elektron qaimə-fakturaların kommersiya mübahisələrinin həlli zamanı sübuti əhəmiyyəti ilə bağlı yetərincə hüquqi mövqe verilmişdir. Qərardan hissə: “Nəzərə alınmalıdır ki, elektron qaimə-faktura elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim edilən ilkin uçot sənədidir. İlkin uçot sənədi olan elektron qaimə fakturaların kommersiya mübahisələrinin həlli zamanı sübuti əhəmiyyəti ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 20 aprel 2022-ci il tarixli "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilmişdir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış yə ya mübahisələndirilməıniş elektron vergi hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir” Göründüyü kimi, tərəflər arasında bağlanan 29 iyun 2020-ci il tarixli 01 nömrəli müqavilənin 4.2-ci bəndinə (satıcı malın təhvil verilməsi ilə birlikdə digər zəruri sənədləri alıcıya təqdim etməyə borcludur) müvafiq olaraq, qarşılıqlı münasibətlərdə yaranmış işgüzar praktika da ondan ibarət olmuşdur ki, müqavilə üzrə mallar müvafiq təhvil-təslim aktına əsasən təqdim edilməlidir. Lakin iddiaçının nümayəndəsi xx.xx.2025-ci il məhkəmə iclası zamanı çıxışında belə bir təhvil- təslimin aktının olmadığını qeyd etmişdir. Eyni zamanda da məhkəməyə təqdim edilməmişdir. Prosessual qanunvericiliyə və İnsan Hüquqları Avropa Məhkəməsinin qərarlarında formalaşmış hüquqi mövqeyə görə sübut kifayət gədər güclü və təkzibolunmaz olmalıdır. Sübut barəsində şübhə varsa, yəni mötəbərliyi şübhəlidirsə, bu halda həmin sübutun istifadəsinə yol verilə bilməz. Bu səbəbdən elektron qaimələr heç bir halda hazırkı mübahisə üzrə irəli sürülmüş iddianın əsası kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən hesab edirik ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə və Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 20 aprel tarixli qərarında ilkin uçot sənədi olan elektron qaimə- fakturaların kommersiya mübahisələrinin həlli zamanı sübuti əhəmiyyəti ilə bağlı hüquqi mövqe nəzərə alınmalıdır. İddiaçı tərəfindən verilmiş şikayət əsassızdır və məhkəmə kollegiyasından onun rədd edilməsini xahiş edirik”. İş materiallarına cavabdeh tərəfindən, həmçinin 29 iyun 2020-ci il tarixli alqı-satqı müqaviləsi və 17 mart 2025-ci il tarixli müstəqil auditor hesabatı əlavə edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 10.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilibedilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 567-ci madəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.2-ci bəndinə əsasən, elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir. Həmin Qaydaların 2.2.1-ci yarımbəndinə əsasən, malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə tərtib edilmiş elektron qaimə-faktura həmin Qaydaların 2.2-ci bəndində nəzərdə tutulmuş elektron qaimə-fakturaların növlərindən biridir. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında 08 yanvar 2023-cü il tarixli alqı-satqı müqaviləsi (daha öncə məzmunca eynilik təşkil edən 29 iyun 2020-ci il tarixli alqı-satqı müqaviləsi) bağlanılmış, həmin müqavilələr üzrə satıcı qismində çıxış edən iddiaçı karton qutuları alıcı qismində çıxış edən cavabdehə satmağı, cavabdeh isə həmin malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə öhdəliklərini yerinə yetirərək sözügedən malları cavabdehə təqdim etsə də, cavabdeh müqavilə öhdəliyini lazımınca yerinə yetirməmiş, nəticədə onun iddiaçıya 5450,43 manat məbləğində borcu yaranmışdır. Belə ki, tərəflər arasında bağlanmış 08 yanvar 2023-cü il tarixli müqavilə üzrə cavabdehə 5828,62 manat dəyərində malların satılması ilə əlaqədar 16 yanvar 2024-cü il tarixli EBDX seriyalı 059120 nömrəli elektron qaimə-faktura təqdim edilmiş, lakin həmin qaimə-faktura üzrə cavabdeh tərəfindən hər hansı ödəniş həyata keçirilməmişdir. İddiaçının nümayəndəsi cavabdehdən tutulmalı olan məbləğin sözügedən elektron qaiməfakturada göstərilən məbləğdən az, yəni 5450,43 manat məbləğində olması ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında uzun illər ərzində baş tutmuş alqı-satqı əməliyyatları zamanı iki hüquqi şəxs arasında 378,19 manatlıq fərq yaranmış və həmin fərq cavabdehin xeyrinə nəzərə alınaraq həmin qaimə üzrə 5450,43 manat məbləğində pulun tutulması xahiş edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki:

1. Tərəflər arasında bağlanmış müqavilələrin tarixlərin göründüyü kimi, onlar arasında uzun müddət əməkdaşlıq olmuş və malların verilməsi və onlara görə ödənişlərin məbləği elektron qaimə-fakturalar vasitəsilə rəsmiləşdirilmişdir.

2. İddiaçı tərəfindən cavabdehə 2024-cü ilin yanvar ayı ərzində 5 ədəd, oktyabr ayında isə 1 ədəd elektron qaimə-faktura təqdim edilmişdir: - həmin elektron qaimə-fakturaların 3 ədədi (08 yanvar 2024-cü il tarixli MT2401 seriyalı 00078297 nömrəli, 09 yanvar 2024-cü il tarixli EBDW seriyalı 612979 nömrəli, 10 yanvar 2024-cü il tarixli EBDW seriyalı 752492 nömrəli) üzrə cavabdeh tərəfindən ödənişlər həyata keçirilmişdir; - 2 ədədi (16 yanvar 2024-cü il tarixli EBDX seriyalı 059679, 10 oktyabr 2024-cü il tarixli EBDW seriyalı 752432 nömrəli) isə 02 oktyabr 2024-cü il tarixli MQ2410 seriyalı 10149459 nömrəli, 02 oktyabr 2024-cü il tarixli MQ2410 seriyalı 10148467 nömrəli və 02 oktyabr 2024-cü il tarixli MQ2410 seriyalı 10150185 nömrəli malların qaytarılması barədə elektron qaimə-fakturalar əsasında iddiaçıya geri qaytarılmışdır; - 16 yanvar 2024-cü il tarixli EBDX seriyalı 059120 nömrəli elektron qaimə-faktura (hazırda mübahisələndirilən) üzrə isə cavabdeh tərəfindən ödəniş edilməmişdir. Cavabdehin nümayəndəsi 16 yanvar 2024-cü il tarixli EBDX seriyalı 059120 nömrəli elektron qaimə-faktura üzrə ödəniş edilməməsinin ilkin səbəbini həmin malların təhvil verilməsini təsdiq edən təhvil-təslim aktının və ya digər zəruri sənədlərin təqdim edilməməsi ilə izah etmiş, cavabdehə göndərilmiş həmin elektron qaimə-fakturanın geri qaytarılmamasını isə həmin dövrdə qarışıqlıq olması ilə izah etmişdir. Məhkəmə müəyyən edilmiş aşağıdakı hallara görə hesab edir ki, cavabdehin bu barədə göstərdiyi dəlillər tamamilə əsassızdır. Cavabdeh həmin elektron qaimə-fakturanın məzmununda qeyd olunan malları təhvil almadığı halda həmin elektron qaimə-fakturanı qəbul etməyərək onun geri qaytarılmasını təmin etmək hüququna və imkanına malik olsa da, bunu etməmişdir. Cavabdehin nümayəndəsi bu halı “həmin dövrdə qarışıqlıq olması” ilə izah etsə də, bu dəlil əsaslı və ağlabatan hesab edilə bilməz. Bununla əlaqədar o da qeyd edilməlidir ki, sözügedən 16 yanvar 2024-cü il tarixli EBDX seriyalı 059120 nömrəli elektron qaimə-faktura ilə eyni tarixdə iddiaçı tərəfindən cavabdehə 16 yanvar 2024-cü il tarixli EBDX seriyalı 059679 nömrəli elektron qaimə-faktura da göndərilmiş və həmin elektron qaimə-faktura cavabdeh tərəfindən geri qaytarılmışdır. Başqa sözlə, eyni tarixdə təqdim edilmiş elektron qaiməfaktura cavabdeh tərəfindən icra olunmadan geri qaytarılmış, digəri üzrə hər hansı ödəniş edilməmiş, eyni zamanda həmin qaimə qəbuledən (cavabdeh) tərəfindən qaytarılmamış və ya onunla bağlı hər hansı etiraz irəli sürülməmişdir. Nəzərə alınmalıdır ki, ödəniş edilməyən 16 yanvar 2024-cü il tarixli EBDX seriyalı 059120 nömrəli elektron qaimə-faktura cavabdehin təşkilatın nümayəndəsinə məxsus elektron imza ilə təsdiqlənmiş, həmin qaimə-faktura ilə eyni dövrdə - 2024-cü ilin yanvar ayında - 08 yanvar 2024-cü il tarixli MT2401 seriyalı 00078297 nömrəli, 09 yanvar 2024-cü il tarixli EBDW seriyalı 612979 nömrəli və 10 yanvar 2024-cü il tarixli EBDW seriyalı 752492 nömrəli elektron qaimə-fakturalar üzrə cavabdeh tərəfindən müvafiq ödənişlər həyata keçirilmiş, 2 elektron qaimə-faktura isə geri qaytarılmışdır. Bundan başqa, tərəflərin hər ikisi izahatlarında daha əvvəllər aralarında malların alqısatqısı zamanı təhvil-təslim aktı və ya buna bənzər digər sənədlərin tərtib edilmədiyini qeyd etmişlər. Yəni tərəflər arasında işgüzar praktika və ya işgüzar adətlər belə formalaşmışdır ki, əməkdaşlıqları dövründə hər iki tərəf müqavilə üzrə elektron qaiməfakturanın göndərilməsini müqavilənin realizəsi baxımından kifayət hesab etmişlər və bununla razılaşmışlar. Mülki Məcəllənin 404.1-ci və 404.2-ci maddələrində qeyd edilir ki, müqavilə şərtlərini təfsir edərkən məhkəmə digər hallarla yanaşı, həm də tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktikanı, işgüzar adətləri, tərəflərin sonrakı hərəkətlərini nəzərə almalıdır. Məhkəmə yuxarıda göstərilən işin faktiki hallarını, tərəflərin qarşılıqlı münasibətlərinin xarakterini, onların arasında formalaşmış işgüzar praktikanı nəzərə alaraq hesab edir ki, cavabdeh ona təqdim edilmiş 16 yanvar 2024-cü il tarixli EBDX seriyalı 059120 nömrəli elektron qaimə-faktura üzrə müvafiq ödəniş etməli olsa da, bu öhdəliyini yerinə yetirməmiş və bununla əlaqədar onun irəli sürdüyü yuxarıda göstərilən dəlillər mülki-hüquqi məsuliyyətdən yayınmaq məqsədi güdür. Cavabdehin nümayəndəsinin 08 yanvar 2023-cü il tarixli alqı-satqı müqaviləsinin mövcud olmaması, onu imzalayan şəxsin hazırda cavabdeh təşkilatın işçisi olmaması barədə dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, sözügedən müqavilə müvafiq qaydada imzalanaraq cavabdeh təşkilatın möhürü ilə möhürlənmiş, buna görə də iddia tələbi haqlı olaraq, fiziki şəxsə (direktora) qarşı deyil, hüquqi şəxsə qarşı irəli sürülmüşdür. Digər tərəfdən, iddiaçı tərəfindən 2024-cü il ərzində göndərilmiş elektron-qaimə fakturalar üzrə cavabdeh tərəfindən ödənişlər edilməsi tərəflər arasında alqı-satqı münasibətlərinin mövcud olduğunu göstərir və istinad edilən dəlil cavabdehin alqı-satqı öhdəliyindən yayınması üçün əsas ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən 5450,43 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Bundan əlavə, aşağıda istinad edilənlərə əsasən, hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 74,5 manat təşkil etdiyindən, həmin məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi təşkil edir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək, istinad edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 5450,43 manat məbləğində borc və 74,5 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 5524,93 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT E T D İ:

İddia təmin edilsin. Cavabdehndən 5450,43 (beş min dörd yüz əlli manat, qırx üç qəpik) manat məbləğində borc və 74,5 (yetmiş dörd manat, əlli qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 5524,93 (beş min beş yüz iyirmi dörd manat, doxsan üç qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar