Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-336/2025 15.07.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə3, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı "xxxx"xxxx"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı "xxxx"xxxx"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 15494,33 (on beş min dörd yüz doxsan dörd manat, otuz üç qəpik) manat məbləğində əsas borc, 292,67 (iki yüz doxsan iki manat, altmış yeddi qəpik) manat məbləğində faiz borcu, 138 (yüz otuz səkkiz) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 15925 (on beş min doqquz yüz iyirmi beş) manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən cavabdehə 2024-cü ilin aprel ayında stansiya xidmətləri göstərilmiş və həmin xidmətlərə görə yığımlar hesablanmışdır. Hazırkı mübahisə ilə bağlı yazılı müqavilə mövcud olmasa da, tərəflər arasında şifahi xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmışdır. Belə ki, iddiaçının H.Z.Tağıyev çeşidləmə stansiyasında göstərilmiş xidmətlərə (“dalan yolundan istifadə yığımı”, “vaqonların dalan yoluna verilib götürülməsinə görə yığım”) görə cavabdehə 22820,31 manat məbləğində yığım hesablanmış, cavabdeh tərəfindən həmin məbləğdən 7325,98 manat məbləğindıə ödəniş edilmiş, qalan 15494,33 manat isə ödənilməmişdir. Nəqliyyat Nazirliyi tərəfindən 2008-ci il 28 yanvar tarixdə təsdiq edilmiş 04/S nömrəli “Yük və baqaj qəbul-təhvilçisinin vəzifə təlimatı”nın 3.1.2-ci bəndində qeyd olunmuşdur ki, vaqon və konteynerlərin qeyri-ümumi istifadə yerlərinə (və ya yerlərində) verilməsinin (və ya götürülməsinin) qeydiyyatı qəbul-təhvilçinin vaqonların verilməsi və götürülməsinə dair QU-45 formalı yaddaş vərəqəsi üzrə aparılır. Eyni zamanda, həmin təlimatın 6 nömrəli əlavəsi ilə müvafiq olaraq vaqonların verilməsi və götürülməsi barədə QU-45 formalı arayışın tərtib olunma qaydası göstərilmişdir. İddia ərizəsinə əlavə edilmiş və cavabdeh təşkilatın nümayəndəsinin imzası ilə təsdiq olunmuş vaqonların verilməsi və götürülməsi barədə QU-45 formalı arayış yuxarıda qeyd edilən Təlimata uyğun tərtib edilmiş və həmin arayışlarla stansiya xidmətlərinin göstərilməsi tam təsdiq olunur. Borcla bağlı cavabdehə 21 sentyabr 2024-cü il tarixində pretenziya ünvanlanmış, lakin pretenziya tələbi icra edilməmişdir. Ona görə də iddiaçı pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin nümayəndəsi 20 fevral 2025-ci il tarixində iddiaya etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddia tələbində qeyd edilən (1-ci abzas) xidmət müddəti (aprel ayı) faktlara və sənədlərə uyğun deyildir. Tərəflər arasında mövcud mübahisəni əhatə edən müddət, əslində xx.xx.2024-xx.xx.2024-cü ilə aid yığımların hesablanması haqqındadır. “Dalan dəmir yolunda xidmətlərin göstərilməsinə dair” müqavilə 01 aprel 2024-cü il tarixdə qüvvədən düşmüş və 24 aprel 2024-cü ildə eyni şərtlərlə yenidən qüvvəyə minmişdir. Tərəflərin apardıqları rəsmi yazışmalardan göründüyü kimi, cavabdeh 02 aprel 2024-cü il və 03 aprel 2024-cü il tarixlərdə, yəni yazılı müqavilənin qüvvədən düşdüyü gündən sonrakı gün iddiaçıya ünvanlanmış müraciətlərdə iddiaçı qurumdan yazılı formada yeni müqavilənin rəsmiləşdirilməsini xahiş etmişdir. Lakin bu xahişə 18-19 gündən sonra baxılıb qərar verilmişdir və nəticədə cavabdehə qarşı hazırkı iddia tələbinin həcmində mübahisə yaranmışdır. Tərəflərin münasibətlərini tənzimləyən əvvəlki və indiki müqavilənin şərtlərinin eyniliyi ona dəlalət edir ki, həmin şərtlər tərəfləri qane etmiş və onların münasibətlərində razılaşmanın yazılı və ya şifahi formada olması “Dalan dəmir yolunda xidmətlərin göstərilməsinə dair” yeni şərtlər yaratmamışdır. Münasibətlərin bu statusunu, sabitliyini və davamlılığını iddiaçı da öz ərizəsində qeyd etmişdir (səhifə 3, abzas 4): “hazırki mübahisə ilə bağlı yazılı müqavilə mövcud olmasa da, tərəflər arasında şifahi xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmışdır”. İddia ərizəsinin mətnində və qoşma sənədlərdə tərəflər arasında 01 aprel 2024-cü il - 23 aprel 2024-cü il müddətinə aid mövcud olmuş şifahi xidmət müqaviləsinin həmin müddətdən əvvəl və sonra imzalanmış yazılı xidmət müqavilələri şərtlərindən fərqli hər hansı yeni şərtinin olduğu haqda sübut yoxdur. Bununla da tam müəyyən edilir ki, həqiqətən də tərəflərin arasında stansiya xidmətlərinə aid münasibətlərin şərtləri, o cümlədən yığımların hesablanması şərtləri 01 oktyabr 2020-ci il tarixdən hazırkı zamana kimi sabit olaraq qalmışdır. Buna görə də iddiaçı tərəfdən 01 aprel 2024-23 aprel 2024-cü il müddətində göstərilmiş xidmətlərə görə müqaviləsiz hesablaşma qaydasını tətbiq etmək əsassızdır. İddia ərizəsində mübahisə yaradan hallardan biri də iddiaçının cavabdehə göstərdiyi xidmətin mövcud müqavilənin şərtinə əsasən (əvvəlki yazılı müqavilədə 2.5-ci, sonrakı yazılı müqavilədə 2.6-cı bənd) ümumi formalı akt (QU-23) və yaddaş vərəqəsi (QU-45) ilə tənzimlənməsidir. Cavabdeh hazırkı mübahisənin yarandığı ilk vaxtdan iddiaçıya ünvanladığı müraciətlərdə həmin tənzimləyici sənədlərə, xüsusən QU-45 formalı yaddaş vərəqəsinə aid şübhəli məqamlara aydınlıq gətirilməsini tələb etmiş, lakin iddiaçı ziddiyyətli, müqaviləyə və qaydalara uyğun olmayan cavablar vermişdir. Cavabdehin 10 iyun 2024-cü il tarixli yazılı cavabında (3-cü abzas) qeyd edilir ki, QU-45 formalı sənəd müştəri üçün nəzərdə tutulmayan sənəddir” və QU-45 formalı sənədlərdə mahiyyətdən kənar yazıların (hesablamaların) olması qaydalara uyğun yığımların hesablanmasına təsir etmir”. Hazırkı iddia ərizəsində də QU-45 formalı arayışın, eyni zamanda cavabdeh təşkilatın nümayəndəsi tərəfindən imzalanmalı olması qeyd edilmişdir. Yuxarıda qeyd edildiyi kimi, tərəflərin münasibətlərini tənzimləyən müqavilənin 2.5-ci (2.6-cı) bəndində QU-45 formalı yaddaş vərəqəsinin əslində həmin müqavilənin şərtlərinin tətbiqini tənzimləyən rəsmi və hər iki tərəfə aid məlumatları əks etdirən yazılı sənəd olsa da, iddiaçı qurumun rəhbərliyi səviyyəsində “həmin sənəd üzərində kənar yazıların (hesablamaların) olması halının müqavilə tərəfinin qarşı tərəfinə aidiyyəti yoxdur və yığımlara təsir etmir” kimi münasibət müqavilə şərtinin tətbiqini birtərəfli olaraq dəyişdirməkdir və digər tərəfin iradəsinə özbaşına müdaxilədir. İddiaçının birtərəfli, özbaşına hərəkətləri xidmətlərə görə ilkin hesablamaların sonradan dəyişdirilmiş olduğunu sübut edir ki, cavabdehin şikayətinin nəticəsi olaraq ona qarşı irəli sürülmüş yığımların məbləğinə əlavə 7066 manat düzəliş edilmişdir. Göründüyü kimi, iddiaçının rəhbərliyinin yuxarıda qeyd etdiyi “kənar yazıların yığımlara təsir etməməsi haqqında iddia” əsassızdır. Belə ki, cavabdeh tərəfindən iddiaçıya göndərilmiş 06 may 2024-cü il tarixli şikayət birtərəfli qaydada araşdırılmaqla (şikayət ərizəsinə zidd olaraq) aprel ayı üçün cavabdehə təqdim edilmiş 01 may 2024-cü il tarixli hesab-fakturalarda qeyd edilməmiş əlavə yığımlara aid yeni 06 may 2024-cü il tarixli 4 nömrəli hesab təqdim edilmişdir. Bu hesabın qərəzliliyini iddiaçıya aid FDU-92 formalı əlavə 4 saylı yığım vərəqəsindəki imza tarixi - 16 may 2024-cü il təsdiq edir. Cavabdehin 21 may 2024-cü il tarixli pretenziyasında göstərilir ki, xidmətlərə aid yol vərəqələri, o cümlədən H.Z.Tağıyev adına yarımstansiyasında tərtib edilən cavabdehə aid “QU-45” sənədi ilk dəfə cavabdehə 18 may 2024-cü il tarixində həmin yarımstansiyada təqdim edilmişdir və yalnız bu zaman məlum olmuşdur ki, 14923, 14818 nömrəli, 09 aprel 2024cü il tarixli 13623 nömrəli, 01 aprel 2024-cü il, tarixli 16118 nömrəli, 17 aprel 2024-cü il tarixli 16800 nömrəli, 22 aprel 2024-cü il tarixli Qəbul-təhvilçinin vaqonların boşalmağa verilməsi haqda yaddaş vərəqələri (“Forma QU-45”) əslində qaralama xarakterli, karandaşla qeydlər aparılmış haldadır və onların vaqonların qəbulu və təhvili haqda qeyd yerlərində imzalar eyni imzalardır. Həmin imzaların heç biri cavabdehin məsul şəxsinə aid deyildir. Bu halı cavabdehin məsul şəxsinin, anbar müdiri Asif İbrahimovun həmin tarixlərə aid vaqonların təhvil-qəbul aktındakı imzaları da sübut edir. Həmin şəxsin etibarnaməsi iddiaçıya da təqdim edilmişdir. Qeyd olunmuş hallardan əlavə, iddiaçı tərəfindən təqdim edilmiş 01 may 2024-cü il tarixli, İNV24-25667 və İNV24-25657 nömrəli hesab-fakturalarda 1-2-ci və 1-5-ci sıra nömrələrində adı göstərilən işlərə (guya başqa müştərinin yük əməliyyatlarına və müqaviləsiz müştərilərə aid) görə hesablanmış yığımlar barədə hələ 06 may 2024-cü ildə verilmiş sorğuya iddiaçı tərəfindən heç bir izahat və sübut təqdim edilməmişdir. Həmin sübutların iddiaçı tərəfindən məhkəməyə təqdim edilməsi və məhkəmədə araşdırılması əhəmiyyətli haldır. Belə ki, iddiaçıya təqdim edilmiş cavabdehə aid 02 aprel 2024-cü il tarixli G/011-24 nömrəli müraciətdən də aydın olur ki, həmin hallar tərəflərin yazılı razılaşması ilə baş verə bilər. Eyni zamanda həmin hallarla bağlı, yəni tərəflərin müqavilələrində göstərilən qaydalardan kənar işlər baş verdikdə QU-23 formalı akt tərtib edilməlidir. Həmin akt tərəflərin imzaları ilə təsdiq edilməlidir. Belə aktların olmaması həmin halların mövcudluğunu şübhəyə alır. Yuxarıda qeyd olunmuş və tərəflərin münasibətlərini tənzimləyən şərtlərə (müqavilənin 2.1 və 2.2-ci bəndlər) əsasən, cavabdehin xüsusi mülkiyyətində olan dalan dəmir yoluna vaqonların hər bir halda, o cümlədən istər başqa müştərilərə, müqaviləsiz müştərilərə və ya cavabdehə aid olsun, ümumi istifadə yolu olan və iddiaçıya məxsus dəmir yolu xəttindən verilib, götürülməsi iddiaçının lokomotivi ilə həyata keçirilir. Deməli, cavabdehin mülkiyyətində olan dalan dəmir yoluna istənilən vaqon yalnız iddiaçının lokomotivi ilə daşınır. Bu halda isə müqaviləsiz və ya başqa müştərinin vaqonlarının cavabdehə məxsus yola daxil olması iddiaçının bilərəkdən yol verdiyi hərəkətlər nəticəsində mümkündür və bu səbəbdən həmin nəticələrə görə cavabdeh məsuliyyət daşıya bilməz və onun üzərinə hər hansı öhdəlik qoyula bilməz. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə tərəflərin qarşılıqlı münasibətinə və iş üzrə müəyyən edilmiş hallara uyğun əsaslandırılmalıdır. Prosessual normanın bu tələbinə görə iş üzrə xüsusi əhəmiyyət kəsb edən hal kimi, stansiya xidmətlərinə görə hesablanmış yığımın düzgün müəyyən edilməsi QU-45 formalı arayışın və 06 may 2024-cü il tarixli 4 nömrəli hesabın, FDU-922 formanın, hər 2 hesab-fakturanın 1-2-ci, 1-5-ci sıra işlərə aid məlumatlarının həqiqiliyini aydınlaşdırmaqla mümkündür. Yuxarıda qeyd olunan QU-45 formalı arayışların rəsmiləşdirilməsi zamanı cavabdehin məsul şəxsinin adından çəkilən imzanın həqiqiliyi xüsusi bilik və təcrübəsi olan mütəxəssis (ekspert) tərəfindən qiymətləndirilməlidir. Bu məqsədlə məhkəmə-xəttşünaslıq ekspertizasının təyin edilməsi məqsədəuyğundur. Eyni zamanda 4 nömrəli hesabın, FDU-92 formalı yığım vərəqəsinin və hesab-fakturalara aid yuxarıda qeyd edilmiş halların həqiqiliyini təsdiq edən sübutların, yəni dalan yolda əməliyyat aparmış başqa müştərilərin kimliyi, müqaviləsiz müştərilərin vaqonları və yüklərinə aid sənədli məlumatlar, iddiaçının lokomotivi tərəfindən həmin müştərilərin vaqonlarının ümumi dəmir yolunda xidmətə qəbuluna aid sənədlər məhkəmədə araşdırılmalıdır. Cavabdehin nümayəndəsi göstərilənlərin nəzərə alınaraq məhkəmədən iddia tələbinin rədd edilməsini və iddiaçının xidmət yığımı üçün tərtib etdiyi QU-45 formalı arayışlardakı vaqonları təhvil alan məsul şəxsin imzasının həmin vaqonların təhvil-təslimi haqda aktdakı vaqonları təhvil alan məsul şəxsin imzası olub-olmamasının müəyyən edilməsi məqsədilə məhkəmə-xəttşünaslıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh 20 fevral 2025-ci il tarixdə məhkəməyə vəsatətlə müraciət edərək iddiaçının xidmət yığımı üçün tərtib etdiyi QU-45 formalı arayışlardakı “Vaqonları qəbul etdi” və “Vaqonları təhvil verdi” qrafalarındakı imzaların vaqonları təhvil almağa məsul olan şəxsin (Şahid) imzası olub-olmamasının müəyyən edilməsi məqsədilə məhkəməxətşünaslıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 25 aprel 2025-ci il tarixli e-2-2(119)-336/2025 nömrəli qərardadı ilə həmin vəsatət təmin edilərək iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Cavabdehin nümayəndəsi cari tarixdə məhkəməyə vəsatətlə müraciət edərək məhkəmədən Seriya: YKX, 251591 nömrəli, Seriya: YKX, 251593 nömrəli, Seriya: YKX, 251595 nömrəli, Seriya: YKX, 251596 nömrəli, Seriya: YKX, 251607 nömrəli, Seriya: YKX, 251613 nömrəli qəbul-təhvilçinin yaddaş vərəqələrində (“Forma QU-45”) iddiaçının nümayəndəsinin imzasına aid sətirdə imza etmiş şəxsin müəyyən edilməsi, eksperimental imza nümunələrinin alınması və 05 iyun 2025-ci il tarixli 4/777 nömrəli ekspertiza rəyi ilə müqayisə olunaraq həmin yaddaş vərəqələrindəki cavabdehə aid sətirlərdə edilmiş imzalarla müqayisəli ekspertiza aparılmaqla həm iddiaçı, həm də cavabdehə aid hesab edilən sətirlərdəki imzaların eyni şəxs tərəfindən yazılıb-yazılmaması haqqında əlavə ekspertiza rəyi alınmasını, cavabdehin etirazında, həmçinin vəsatətdə qeyd olunmuş sübut əhəmiyyətli halların hər birinə aid iddiaçıda olan müvafiq sənədlərin məhkəməyə təqdim edilməsinin təmin edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 15 iyul 2025-ci il tarixli e-2-2(119)-336/2025 nömrəli qərardadı ilə həmin vəsatət təmin edilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək, həmçinin bildirdi ki, iddia ərizəsində qeyd edilən borc məbləğinin hesablanması məhkəməyə təqdim edilmiş QU-45 formalı yaddaş vərəqələri və onun əsasında tərtib edilmiş FDU-92 və digər sənədlər əsasında aparılmışdır. İddiaçıya məxsus vaqonların müvafiq stansiyalara gəlməsi işin mübahisəsiz halıdır, vaqonların müvafiq stansiyaya gəlməsi müəyyən xidmətlərin göstərilməsini də dolayı yolla sübut edir. Cavabdeh tərəfindən elektron qaimə-fakturalardakı borc qismən ödənilmişdir. Müvafiq borcun bir hissəsinin ödənilməsi artıq həmin borcu qəbul etmək, daha sonrakı mərhələdə isə qalan borcun ödənilməsindən yayınmaq deməkdir. Müvafiq dalan yolu "xxxx" MMC-yə məxsusdur. Ola bilər ki, cavabdehlə müvafiq MMC-nin təsisçiləri eyni şəxs olsun, lakin bu MMC-lər iki müstəqil hüquqi şəxs kimi qeydiyyatdan keçmişdirlər. Bu mənada hazırkı cavabdeh müvafiq dalan yolunda başqa müştəri kimi çıxış edir. Müvafiq vaqonları iddiaçı, "xxxx" MMC və cavabdeh arasında bağlanmış üçtərəfli müqaviləyə əsasən, həmin dalan yolundan istifadə etməklə cavabdehə göndərir. Lakin hazırkı mübahisə predmeti olan vaqonlar cavabdehə göndərilərkən tərəflər arasında bağlanmış müqavilə qüvvədə olmamışdır. Təcrübə belədir ki, sifarişçi əvvəlcədən ona malın göndəriləcəyini bilir və müqavilənin müddəti bitmişdirsə və ya yaxın vaxtlarda bitəcəkdirsə, yeni müqavilənin bağlanması üçün müraciət edir. Cavabdeh tərəfindən bu barədə hər hansı müraciət edilməmişdir. İddiaçı təbii inhisar subyekti olduğundan ona məxsus vaqonlarla cavabdehə mal daşınmasından imtina etməsi mümkün deyildir. Qeyd edilənlərdən artıq aydındır ki, vaqonlar gəlmiş və müvafiq xidmətlər göstərilmişdir. Cavabdehin nümayəndəsi MDB ölkələrindən gələn vaqonlarının xidmətlərini qəbul edərək ödəniş edildiyini bildirsə də, edilmiş ödənişin məbləği bu xidmətlərin dəyərindən artıqdır. İddiaçının nümayəndəsi göstərilənlərin nəzərə alınaraq məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş üzrə xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə keçirilmiş məhkəmə iclaslarında iştirak etmiş iddiaçının digər nümayəndəsi izahatlarında bildirmişdir ki, QU-45 formalı sənədi qəbul-təhvilçinin yaddaş vərəqəsi hesab edilir. Burada xidmət göstərən vaqonların nömrəsi, kodu, hansı yükün daşınması barədə məlumat, vaqonun verilmə tarixi, saatı, yükləmə və boşaltma barədə məlumatlar öz əksini tapır. Bu sənəd bir növ yaddaş vərəqəsi hesab edilir. Bu sənəd həm şirkətin, həm də stansiyanın nümayəndəsi tərəfindən imzalanır və dəmir yolunun özündə saxlanılır. Bu sənəd yalnız dəmir yolunun işçisi üçün nəzərdə tutulur və yalnız iddiaçıda olur. Bu sənədin bir nüsxəsi xidmət göstərilən şəxsə təqdim edilmir. “Forma QU-45” sənədinə əsasən hansı saatda hansı xidmətin göstərildiyini müəyyən etmək mümkündür. Eyni zamanda, həmin sənəd əsasında FDU-92 sənədi və bundan sonra da hesab-fakturalar tərtib edilir. FDU-92 sənədi göstərilən xidmətlərə görə yığım vərəqəsi hesab edilir. Bu sənəddə “Forma QU-45” sənədlərinin nömrələri, hansı tarixdə tərtib edilməsi və məbləğlər barədə məlumatlar öz əksini tapır. Bu sənəd ikitərəfli sənəd hesab edilir. QU-23 isə ümumi formalı bir aktdır. Belə ki, tərəflər arasında razılıqdankənar hər hansı hadisə baş verərsə, məsələn FDU-92 sənədinin qarşı tərəfin nümayəndəsi tərəfindən imzalanmaması halında QU-23 sənədi tərtib edilir. Bu zaman həmin hadisənin şahidləri QU-23 sənədini imzalayır. Hazırda tələb edilən məbləğ “Forma QU-45” əsasında tərtib edilən FDU-92, hesab-faktura, elektron qaimə-faktura əsasında tələb edilir. FDU-92 sənədindəki yığımlar əsasında məbləğ hesablanır. FDU-92 sənədində nəzərdə tutulan məbləğlərin cəmi və hesab-fakturalarda qeyd edilən məbləğlər iddia tələbində qeyd edilmiş məbləğlə üst-üstə düşür. İddiaçının nümayəndəsi, həmçinin bildirmişdir ki, QU-45 formalı sənədlərin qələmlə qeydlər aparılan hissəsi doldurulur. Təlimata uyğun və vacib olan hissələr qələmlə yazılır. Karandaşla qeyd aparılan hissələrlə bağlı isə hər hansı məhdudiyyət yoxdur, həmin hissələr yaddaş vərəqəsi hesab edilir və iddiaçının yaddaş vərəqəsidir. Bu sənəd cavabdehə təqdim edilmir və həmin sənəddə karandaşla aparılan qeydlərə əsasən cavabdehdən nəsə tələb edilmir. Əgər tərəflər arasında müqavilə yoxdursa, bu zaman həmin müştəri başqa müştəri adlandırılır. Yəni hazırda başqa müştəri və müqaviləsiz müştəri dedikdə elə cavabdeh özü nəzərdə tutulur. Tərəflər arasında imzalanmış 08 dekabr 2021-ci il tarixli müqavilənin 8.2-ci bəndinə əsasən, müqavilənin müddəti artırılmadan və ya yeni müqavilə bağlanmadan sifarişçi icraçının xidmətlərindən istifadə edərsə, bu halların yarandığı gündən göstərilən xidmətin dəyərinin hesablanmasında bu müqavilənin 2.6-cı bəndində qeyd edilmiş Qaydalarda və Təlimatlarda nəzərdə tutulmuş dalan yolunda yük əməliyyatı aparan digər hüquqi və ya fiziki şəxslərə tətbiq edilən qaydalar sifarişçiyə də eyni qaydada tətbiq ediləcəkdir. Cavabdehin müraciətlərinə verilən cavabda da qeyd olunmuşdur ki, müqaviləsiz müddət üçün hesablanmış məbləğ müvafiq qaydalara əsasən hesablanmışdır. Yəni müqavilədə artıq bu məzmunda bənd təsbit edildiyindən hər hansı razılığın və ya müraciətin olması tələb olunmur. Həmçinin bu müqavilə sifarişçi olaraq "xxxx" MMC ilə iddiaçı arasında bağlanmışdır. Müqavilə üzrə istifadəçilərdən biri kimi də "xxxx" MMC qeyd edilmişdir. Lakin tərəflər arasında müqavilənin müddəti 01 aprel 2024-cü il tarixində başa çatmış və tərəflər yalnız 24 aprel 2024-cü il tarixində yeni müqavilə bağlamışdır. Hazırda da tərəflərin aktiv işgüzar əlaqələri mövcuddur. Müqaviləsiz xidmət göstərilən 23 günün hesabatının aparılması da müqavilədə qeyd olunduğu kimi qaydalara istinad edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazın məzmununa uyğun izahatlar verərək, həmçinin bildirmişdir ki, həmin dövrdə qəbul edilən yüklər MDB dəmir yoluna məxsus konteynerlərə görədir və həmin borc ödənilmişdir. Hazırda tələb edilən məbləğ iddiaçı tərəfindən əsaslandırılmalıdır. İddiaçıya edilən 06 may 2024-cü il və 09 may 2024-cü il tarixlərindəki müraciətlərə cavab verilməmişdir. 17 may 2024-cü il tarixində H.Z.Tağıyev yarımstansiyasında iddiaçı tərəflə görüşdükdən sonra cavabdehə “Forma QU-45” sənədlərinin mövcud olduğu məlum olmuşdur. İddiaçı tərəfindən müqaviləsiz müddətdə göstərilən xidmət üçün xidmət haqqı hesablanarkən istinad olunan qəbul-təhvilçinin yaddaş vərəqələrinin, “Forma QU-45” sənədlərinin “Vaqonları qəbul etdi” və “Vaqonları təhvil verdi” qrafaları yükü qəbul edən şəxs tərəfindən imzalanır. “Forma QU- 45” sənədləri, ilk növbədə cavabdehə təqdim edilməli, nümayəndə tərəfindən imzalandıqdan sonra həmin sənədlər əsasında iddiaçıya hesab-faktura təqdim edilməli idi. Belə ki, həmin sənəd cavabdehin nümayəndəsi olan şəxs tərəfindən imzalanmamışdır. Mübahisələndirilən müddətdə müvafiq vaqonlardan yükün qəbul edilməsi "xxxx" MMC tərəfindən təqdim edilən etibarnamə əsasında cavabdehin anbar müdiri Şahid həvalə edilmişdir. Lakin iddiaçının təqdim etdiyi “Forma QU-45” sənədlərinin müvafiq qrafalarındakı imzalar Şahid imzaları ilə eynilik təşkil etmir. Bütün “Forma QU-45” sənədlərindəki imzalar mübahisələndirilir. Hər xidmət üçün ayrıca imza qeyd olunsaydı, cavabdeh müvafiq xidmətlər üzrə ödənişi icra etməklə imzaların bir hissəsini qəbul etmiş olardı. Həmçinin iddiaçı tərəfindən elektron qaimə-fakturalar göndərilmişdir, lakin həmin qaimə-fakturalara yazılı formada etiraz iddiaçıya göndərilmişdir. Cavabdehin nümayəndəsi göstərilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçıslarını dinləyib, iddia ərizəsini, iddia ərizəsinə etirazı və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. İş materialları: İş materiallarına iddiaçı tərəfindən "xxxx" Qapalı Səhmdar Cəmiyyəti sədrinin xx.xx.2018-ci il tarixli 66/S nömrəli əmri ilə təsdiq edilmiş, hər biri “Qəbul-təhvilçinin yaddaş vərəqəsi” adlanan, QU-45 formalı müxtəlif nömrələrə malik 6 ədəd sənəd əlavə edilmişdir. Həmin sənədlərin hər birinin üzərində "xxxx" QSC H.Z.Tağıyev-çeşidləmə stansiyası- 546901” möhürü vurulmuş, üzərində “Müştərinin adı Giləzi Quşçuluq”, “Verilmə yeri Yaşma Quşçuluq d.y.”, “Qatarın nömrəsi”, “Gəldiyi tarix və saat” qrafaları, “Vaqon”, “Yükün adı”, “Verilmə tarix, saat”, “Yükləmə və boşaltmanın bitdiyi tarix, saat”, “Vaqonların götürülməsi tarix, saat”, “Qeyd” sütunlarından ibarət cədvəl və imzalanmaq üçün nəzərdə tutulmuş “Vaqonları qəbul etdi” və “Vaqonları təhvil verdi”, “Stansiyanın qəbul-təhvilçisi təhvil verdi Stansiyanın qəbul-təhvilçisi qəbul etdi”, “Stansiyanın yük xəzinədarı” qrafaları vardır. Həmin sənədlərin seriya və nömrələri aşağıdakılardır: - Seriya: YKX, 251591 nömrəli Qəbul-təhvilçinin yaddaş vərəqəsi; - Seriya: YKX, 251593 nömrəli Qəbul-təhvilçinin yaddaş vərəqəsi; - Seriya: YKX, 251595 nömrəli Qəbul-təhvilçinin yaddaş vərəqəsi; - Seriya: YKX, 251596 nömrəli Qəbul-təhvilçinin yaddaş vərəqəsi; - Seriya: YKX, 251607 nömrəli Qəbul-təhvilçinin yaddaş vərəqəsi; - Seriya: YKX, 251613 nömrəli Qəbul-təhvilçinin yaddaş vərəqəsi. Sənədlərin hər birində imzalanması üçün nəzərdə tutulmuş qrafalar imzalanmışdır. İş materiallarında olan xx.xx.2024-xx.xx.2024-cü tarixlərini əhatə edən 04 nömrəli Əlavə yığımlar üçün yığım vərəqəsində (“Forma FDU-92”) 7066,96 manat və 01 nömrəli Əlavə yığımlar üçün yığım vərəqəsində (“Forma FDU-92”) 2105,71 manat məbləğində yığım hesablandığı qeyd edilmişdir. Qeyd edilən hər iki sənəddə cavabdehin nümayəndəsinə məxsus imza mövcud deyildir. İş materiallarında olan FDU92-2401026 nömrəli yük daşımaları üzrə stansiyalarda göstərilən xidmətlərə görə yığımların hesablanması üçün yığım vərəqəsində 5220,27 manat məbləğində, FDU92-2401018 nömrəli yük daşımaları üzrə stansiyalarda göstərilən xidmətlərə görə yığımların hesablanması üçün yığım vərəqəsində 8427,56 manat məbləğində yığım hesablandığı qeyd edilmişdir. Qeyd edilən hər iki sənəddə cavabdehin nümayəndəsinə məxsus imza mövcud deyildir. İş materiallarına iddiaçı tərəfindən əlavə edilmiş 01 may 2024-cü il tarixli İNV24- 25657 nömrəli hesab-faktura üzrə iddiaçı tərəfindən cavabdehə 8427,56 manat məbləğində, 01 may 2024-cü il tarixli İNV24-25667 nömrəli hesab-faktura üzrə isə 5220,27 manat məbləğində xidmət göstərildiyi qeyd edilmişdir: - 01 may 2024-cü il tarixli İNV24-25657 nömrəli hesab-fakturanın “Əsas” qrafasında nömrələri YKX24-13623, YKX24-14538, YKX24-16118, YKX24-16800 qeyd edilməklə, cəmi 37 vaqon olması qeyd edilmişdir; - 01 may 2024-cü il tarixli İNV24-25667 nömrəli hesab-fakturanın “Əsas” qrafasında nömrələri YKX24-14818, YKX24-14923 qeyd edilməklə, cəmi 25 vaqon olması qeyd edilmişdir. İş materiallarında olan 01 may 2024-cü il tarixli 01 nömrəli hesab sənədində iddiaçı tərəfindən cavabdehə 2105,71 manat məbləğində, 06 may 2024-cü il tarixli 04 nömrəli hesab sənədində isə iddiaçı tərəfindən cavabdehə 7066,96 manat məbləğində xidmət göstərildiyi qeyd edilmişdir. İş materiallarında olan 07 may 2024-cü il tarixli ödəniş tapşırığı üzrə cavabdeh tərəfindən iddiaçının bank hesabına 4939,43 manat məbləğində ödəniş həyata keçirilmişdir. İş materiallarında olan 21 may 2024-cü il tarixli kredit haqqında bildiriş sənədi üzrə cavabdeh tərəfindən iddiaçının bank hesabına 2386,55 manat məbləğində ödəniş həyata keçirilmişdir. İş materiallarında olan 09 dekabr 2024-cü il tarixli 13-1/3-68-31670/2024 nömrəli iddiaçı tərəfindən cavabdehə göstərilmiş stansiya xidmətlərinə görə tətbiq olunmuş yığımlardan yaranan debitor borc barədə arayışda cavabdehin iddiaçıya 15787 manat məbləğində borcunun olması qeyd edilmişdir. İş materiallarında olan 01 may 2024-cü il tarixli 1/61 nömrəli “Forma QU-23” sənədinin məzmununda “bu aktı ona görə tərtib edirik ki, "xxxx" MMC-nin nümayəndəsi 01 nömrəli Əlavə yığımlar üçün yığım vərəqəsini imzalamaqdan imtina edir” qeyd edilmişdir. İş materiallarında olan 01 may 2024-cü il tarixli 1/62 nömrəli “Forma QU-23” sənədinin məzmununda “bu aktı ona görə tərtib edirik ki, "xxxx" MMC-nin nümayəndəsi ******* nömrəli Əlavə yığımlar üçün yığım vərəqəsini imzalamaqdan imtina edir” qeyd edilmişdir. İş materiallarında olan 01 may 2024-cü il tarixli 1/63 nömrəli “Forma QU-23” sənədinin məzmununda “bu aktı ona görə tərtib edirik ki, "xxxx" MMC-nin nümayəndəsi ******* nömrəli Əlavə yığımlar üçün yığım vərəqəsini imzalamaqdan imtina edir” qeyd edilmişdir. İş materiallarında olan 06 may 2024-cü il tarixli 1/67 nömrəli “Forma QU-23” sənədinin məzmununda “bu aktı ona görə tərtib edirik ki, "xxxx" MMC-nin nümayəndəsi 4 nömrəli Əlavə yığımlar üçün yığım vərəqəsini imzalamaqdan imtina edir” qeyd edilmişdir. İş materiallarında olan 26 yanvar 2023-cü il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Şahid "xxxx" MMC-də xx.xx.2023-xx.xx.2024-cü illər ərzində anbardar vəzifəsini icra etmişdir. İş materiallarında olan "xxxx" MMC ilə Şahid arasında bağlanmış 26 yanvar 2023-cü il tarixli tam maddi məsuliyyət haqqında müqavilənin 1-ci maddəsinə əsasən, müqavilənin predmetini işəgötürənin bu müqavilə ilə öz əmək funksiyalarının icrası ilə əlaqədar işçiyə etibar edərək verdiyi maddi və digər sərvətlərin saxlanması, emalı, qablaşdırılması, yığılması, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bağlı işçinin tam maddi məsuliyyətin əsaslarının, şərtlərinin və s. hüquqi tənzimlənməsi qaydaları təşkil edir. İş materiallarında olan "xxxx" MMC-nin direktoru Elvin Eminovun 04 iyun 2019-cu il tarixli T/i-08/19 nömrəli əmri ilə təsdiq edilmiş Anbar sahəsinin müdirinin vəzifə təlimatının 2.3-cü bəndinə əsasən, anbar müdiri rəsmiləşdirmə qaydalarına və mədaxil-məxaric sənədlərinin təhvilinə riayət edilməsini təmin edir, müəyyən olunmuş hesabatları tərtib və təqdim edir. Həmin təlimatın 4.4-cü bəndinə əsasən, anbar müdiri qüvvədə olan normativ hüquqi sənədlərdə nəzərdə tutulmuş sənədlərin vaxtında və keyfiyyətli rəsmiləşdirilməsinə görə məsuliyyət daşıyır. İş materiallarına iddiaçı tərəfindən cavabdehə göndərilmiş 7066,96 manat məbləğində işlərin görüldüyü ilə bağlı 22 may 2024-cü il tarixli MT2405 seriyalı 10549110 nömrəli, 8427,56 manat məbləğində işlərin görüldüyü ilə bağlı 21 may 2024-cü il tarixli MT2405 seriyalı 10894921 nömrəli elektron qaimə-fakturalar əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən təqdim edilmiş 05 iyun 2025-ci il tarixli 4/777 nömrəli ekspert rəyinin nəticə hissəsində “Seriya: YKX, 251595 nömrəli, Seriya: YKX, 251596 nömrəli, Seriya: YKX, 251591 nömrəli, Seriya: YKX, 251593 nömrəli, Seriya: YKX, 251607 nömrəli, Seriya: YKX, 251613 nömrəli Qəbul-təhvilçinin yaddaş vərəqələrinin arxa tərəflərində yerləşən cədvəlin aşağı hissəsində “Vaqonları qəbul etdi” və “Vaqonları təhvil verdi” qrafalarındakı imzaların Şahid tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur” qeyd edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, cavabdeh şirkətdə işlədiyi müddətdə ona yük təhvil verilən zaman hər hansı yaddaş vərəqələri təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş “Forma QU-45” adlı yaddaş vərəqələrindəki imzalar ona məxsus deyildir. Şirkətə gələn yükləri yalnız o qəbul etmişdir, hətta istirahət günlərində də stansiyaya yük gəldiyi zaman müdiriyyətin tapşırığı ilə müvafiq yükü özü qəbul etmişdir. Ona hazırkı mübahisə yarandıqdan sonra yükün təhvili zamanı “Forma QU-45” adlı yaddaş vərəqələri təqdim edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş götməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarına iddiaçı tərəfindən əlavə edilmiş və ərizədə istinad edilmiş Azərbaycan Respublikasının nəqliyyat nazirinin 28 yanvar 2008-ci il tarixli 04/S nömrəli əmri ilə təsdiq edilmiş Azərbaycan Dövlət Dəmir Yolunun rəisi ilə razılaşdırılmış "Yük və baqaj qəbul-təhvilçisinin vəzifə təlimatı”nın “Qəbul-təhvilçinin QU-45 formalı yaddaş vərəqəsinin doldurulma qaydası” adlanan 3.1-ci bəndinin 3.1.2-ci yarımbəndinə əsasən, vaqon və konteynerlərin qeyri-ümumi istifadə yerlərinə (və ya yerlərindən) verilməsinin (və ya götürülməsinin) qeydiyyatı qəbul-təhvilçinin vaqonların verilməsi və götürülməsinə dair QU-45 formalı yaddaş vərəqəsi üzrə aparılır. Həmin Təlimatın 3.1.11-ci yarımbəndinə əsasən, vaqonlar verilərkən yaddaş vərəqəsi qəbul-təhvilçi qəbul edən (yük göndərən, yükalan, vaqon deposu, vaqonların hazırlanması məntəqəsi, mexanikləşdirilmiş yüklənmə-boşaltma işləri distansiyasının ustası, dalan yolu sahibinin (və ya istifadəçinin) nümayəndəsi, verilmə və götürülmə üzrə müqaviləsi olan kontragent) tərəfindən bir dəfə imzalanır: a) dəmir yoluna məxsus lokomotivlə verilən zaman yükləmə, boşaltma, texniki və digər əməliyyatların aparılma yerlərinə verilmə işləri başa çatan anda; b) ADDY-na məxsus olmayan lokomotivlə yükləmə, boşaltma yerlərinə verildiyi halda - qoyulma yolunda qəbul-təhvil əməliyyatları başa çatan andan QU-45 formalı yaddaş vərəqəsi əməliyyatlar başa çatdıqdan sonra imzalanır. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, iddiaçı cavabdehə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 15494,33 manat məbləğində əsas borc, 292,67 manat məbləğində faiz borcu, 138 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 15925 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etsə də, təqdim edilmiş sübutlarla iddianın əsaslılığı - iddiaçı tərəfindən müvafiq stansiya xidmətlərinin göstərilməsi öz təsdiqini tapmır. İlk növbədə müəyyən edildi ki, iddiaçının stansiya xidmətlərinin göstərildiyini iddia etdiyi dövr 2024-cü ilin aprel ayının 1-dən 23-nə qədər olan müddəti əhatə edir və həmin dövr üzrə tərəflər arasında hər hansı yazılı müqavilə bağlanılmamışdır. İddia ərizəsinin məzmununda 2024-cü ilin aprel ayında cavabdehə stansiya xidmətlərinin göstərilməsinin əsası kimi tərtib edilmiş “Qəbul-təhvilçinin yaddaş vərəqəsi” adlanan, QU-45 formalı sənədlərə istinad edilmişdir. Eyni zamanda, iddiaçının nümayəndələri izahatlarında göstərmişdirlər ki, “təqdim edilən QU-45 formalı sənədlərə əsasən, stansiya xidmətlərinin hansı tarixdə və saatda göstərildiyini müəyyənləşdirmək mümkündür və həmin sənəd əsasında FDU-92 adlanan sənədlər və bundan sonra hesab-fakturalar tərtib edilir” (14 mart 2025-ci il tarixli iclas). “İddia ərizəsində borc məbləği ilə bağlı hesablamalar məhkəməyə təqdim edilmiş QU-45 formalı yaddaş vərəqələri, FDU-92 sənədləri və digər sənədlər əsasında hesablanmışdır” (15 iyul 2025-ci il tarixli iclas). Bunlardan savayı, iddiaçının iddia ərizəsində istinad etdiyi, bu qətnamənin “Tətbiq edilən hüquq” bölməsində istinad edilmiş "Yük və baqaj qəbul-təhvilçisinin vəzifə təlimatı”nın müvafiq bəndlərinə əsasən, vaqon və konteynerlərin qeyri-ümumi istifadə yerlərinə (və ya yerlərindən) verilməsinin (və ya götürülməsinin) qeydiyyatı qəbultəhvilçinin vaqonların verilməsi və götürülməsinə dair QU-45 formalı yaddaş vərəqəsi üzrə aparılır və həmin yaddaş vərəqəsi qəbul-təhvilçi qəbul edən tərəfindən müvafiq qaydada imzalanır (Təlimatın 3.1.2-ci və 3.1.11-ci yarımbəndləri). Şərh edilənlərdən göründüyü kimi, hazırkı iddia ərizəsində göstərilmiş borc məbləği QU-45 formalı yaddaş vərəqəsində aparılmış qeydlər əsasında hesablanaraq xx.xx.2024xx.xx.2024-cü tarixlərini əhatə edən 04 nömrəli Əlavə yığımlar üçün yığım vərəqələri (“Forma FDU-92”), onların əsasında isə 01 may 2024-cü il tarixli İNV24-25657 nömrəli və 01 may 2024-cü il tarixli İNV24-25667 nömrəli hesab-fakturalar tərtib edilmişdir. İzahatlardan, iddiaçının iddia ərizəsində istinad etdiyi "Yük və baqaj qəbultəhvilçisinin vəzifə təlimatı”nın müvafiq bəndlərindən, o cümlədən QU-45 formalı yaddaş vərəqəsinin məzmunundan aydın olur ki, həmin sənəd ikitərəfli xarakterə malikdir, imzalanması üçün “Vaqonları qəbul etdi” və “Vaqonları təhvil verdi”, “Stansiyanın qəbultəhvilçisi təhvil verdi Stansiyanın qəbul-təhvilçisi qəbul etdi”, “Stansiyanın yük xəzinədarı” qrafaları nəzərdə tutulmuş, vaqonların dalan yoluna verilməsinə və götürülməsinə görə “Vaqonları qəbul etdi” və “Vaqonları təhvil verdi” qrafaları hazırkı iş üzrə cavabdehin nümayəndəsi tərəfindən, “Stansiyanın qəbul-təhvilçisi təhvil verdi Stansiyanın qəbultəhvilçisi qəbul etdi”, “Stansiyanın yük xəzinədarı” qrafaları isə iddiaçının nümayəndələri tərəfindən imzalanmışdır. Lakin hazırkı iddia tələbi üzrə tələb edilən pul vəsaitinin hesablanmasının əsasında duran QU-45 formalı yaddaş vərəqələrinin cavabdehin nümayəndəsi tərəfindən imzalanmalı olan “Vaqonları qəbul etdi” və “Vaqonları təhvil verdi” qrafalarının məhz onun tərəfindən imzalanması işə əlavə edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Belə ki, qətnamənin “İş materialları” hissəsində istinad edilən 26 yanvar 2023-cü il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi ilə Şahid "xxxx" MMC-də xx.xx.2023-xx.xx.2024-cü illər ərzində anbardar vəzifəsini icra etdiyi müəyyən edilir. İş materiallarına əlavə edilmiş, “Anbar sahəsinin müdirinin vəzifə təlimatı”nın 2.3-cü bəndinə əsasən, anbar müdirinin vəzifələrinə rəsmiləşdirmə qaydalarına və mədaxilməxaric sənədlərinin təhvilinə riayət edilməsinin təmin edilməsi, hesabatların tərtib və təqdim edilməsi daxildir. İş materiallarına əlavə edilmiş cavabdeh "xxxx" MMC tərəfindən Şahid verilmiş etibarnaməyə əsasən, sonuncuya H.Z.Tağıyev çeşidləmə stansiyasında MMC-ni təmsil etməyə səlahiyyət verilməklə o, şirkətin adına gələn sənədlərin götürülməsi hüquqlarına malikdir. Etibarnamə 1 il müddətinə etibarlıdır. İş üzrə şahid qismində dindirilmiş Şahid ifadəsində cavabdeh hüquqi şəxsdə işlədiyi müddətdə ona yük təhvil verilən zaman hər hansı yaddaş vərəqələri təqdim edilmədiyini, şirkətə gələn yükləri yalnız onun qəbul etdiyini, hətta istirahət günlərində də stansiyaya yük gəldiyi zaman müdiriyyətin tapşırığı ilə müvafiq yükü özünün qəbul etdiyini, iş materiallarına əlavə edilmiş “Forma QU-45” adlı yaddaş vərəqələrindəki imzaların ona məxsus olmadığını, ona hazırkı mübahisə yarandıqdan sonra yükün təhvili zamanı “Forma QU-45” adlı yaddaş vərəqələri təqdim edildiyini bildirmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən təqdim edilmiş 05 iyun 2025-ci il tarixli 4/777 nömrəli ekspert rəyinin nəticə hissəsində iş materiallarına əlavə edilmiş QU-45 formalı Qəbul-təhvilçinin yaddaş vərəqələrinin arxa tərəflərində yerləşən cədvəlin aşağı hissəsində “Vaqonları qəbul etdi” və “Vaqonları təhvil verdi” qrafalarındakı imzaların Şahid tərəfindən icra edilmədiyi qeyd edilmişdir. Şərh edilənlər onu deməyə əsas verir ki, qəbul-təhvilçinin yaddaş vərəqələri cavabdehin nümayəndəsi tərəfindən imzalanmadığından iddia ərizəsində qeyd edilmiş borc məbləği hesablanarkən istifadə edilmiş QU-45 formalı sənədlər mötəbər sübut kimi qiymətləndirilə bilməz, yəni həmin sənədlər iddiaçı tərəfindən dalan xidmətlərinin göstərilməsinə görə yığımları təsdiq edən sənəd hesab edilə bilməz. Nəzərə alınmalıdır ki, yuxarıda qeyd edildiyi kimi, FDU-92 formalı sənədlərdəki hesablanma məhz QU-45 formalı sənədlərin məzmununa əsasən aparılmış, hesab fakturalar isə məhz bu hesablamalara əsasən tərtib edilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddiaçı tərəfindən cavabdehə stansiya xidmətlərinin göstərilməsi iş materialları ilə təsdiq edilmədiyindən iddia təmin edilməməlidir. İddia tələbinin məhkəmə xərclərinin cavabdehdən tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05 iyun 2025-ci il tarixli 4/777 nömrəli ekspert rəyinə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 110 manat təşkil etmişdir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyindən yuxarıda istinad edilmiş Mülki Prosessual Məcəllənin 107ci, 115.0.1-ci və 119.1-ci maddələrinə əsasən, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 110 manat məbləğində pul vəsaiti iddiaçıdan dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı "xxxx"xxxx"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 110 (yüz on) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-336/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-336/2025
15.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver