Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-338/2025 13.01.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Maraqlı şəxs qarşı verilmiş “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi “Elektron məhkəmə” İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək 27 dekabr 2024-cü il tarixinə hesablanmış dövlət büdcəsinə olan 2557,4 (iki min beş yüz əlli yeddi manat, qırx qəpik) manat məbləğində vergi borcunun, Dövlət Sosial Müdafiə Fonduna olan 13425,29 (on üç min dörd yüz iyirmi beş manat, iyirmi doqquz qəpik) manat məbləğində borcun, İcbari Tibbi Sığorta Fonduna olan 2272,66 (iki min iki yüz yetmiş iki manat, altmış altı qəpik) manat məbləğində borcun, İşsizlikdən Sığorta Fonduna olan 521,26 (beş yüz iyirmi bir manat, iyirmi altı qəpik) manat məbləğində borcun ödənilməsini təmin etmək üçün vergi ödəyicisi - xx xxxxxx 1992-ci il təvəllüdlü Maraqlı şəxs (VÖEN: **********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, ərizədə maraqlı şəxsin ünvanı “Zəngilan rayonu, Məmmədbəyli ərazi dairəsi, Məmmədbəyli kəndi” kimi göstərilərək, həmin ərizə Sumqayıt Kommersiya Məhkəməsinə verilmişdir. Bu ünvan maraqlı şəxsə şəxsiyyət vəsiqəsi verilərkən və həmin vəsiqə dəyişdirilərkən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” 4 aprel 1996-cı il tarixli Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə uyğun olaraq onun yaşayış yeri üzrə qeydiyyata alındığı ünvandır və o, məlum səbəblərlə əlaqədar şəxsiyyət vəsiqəsində qeydiyyata alındığı ünvanda yaşamır. Bununla belə, ərizəçi tərəfindən ərizəyə əlavə edilmiş bütün sənədlərdə - borc bildirişlərində, maraqlı şəxsə məxsus şəxsi hesab vərəqəsində, xəbərdarlıq məktubunda - onun ünvanı “AZ1037, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 9-cu Mədən küçəsi” kimi qeyd edilmişdir. Yəni ərizəçinin özü tərəfindən ərizəyə əlavə edilmiş sənədlərlə Maraqlı şəxs Bakı Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan Bakı şəhərinin Sabunçu rayonu ərazisində yaşadığı müəyyən edilir. Həmçinin iş materiallarında olan Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti Başçısının Ramana qəsəbəsi üzrə nümayəndəliyindən verilmiş 19 avqust 2020-ci il tarixli 1741 nömrəli arayışdan görünür ki, Maraqlı şəxs Ramana qəsəbəsi, ev 29/1a ünvanında məskunlaşmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 306.1-ci maddəsinə əsasən, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 355-5.2-ci maddəsinə əsasən, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli 04 nömrəli qərarının 20.9-cu bəndinə əsasən, Bakı şəhərinin Sabunçu rayonu Bakı Kommersiya Məhkəməsinin yurisdiksiyasına daxil olan inzibati ərazi vahididir. Beləliklə, yuxarıda təsvir olunanlardan görünür ki, Azərbaycan Respublikasın Mülki Prosessual Məcəlləsinin tələblərinə görə “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilməli olduğundan, ərizəçinin təqdim etdiyi hazırkı ərizə və sənədlərlə maraqlı şəxsin Sumqayıt Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidlərinin hər hansı birində yaşaması təsdiq olunmadığı üçün həmin ərizəyə ərazi aidiyyəti üzrə bu məhkəmədə baxılmalı olması müəyyən olunmur. Əksinə, ərizəçi tərəfindən ərizəyə əlavə edilmiş sənədlərdə olan məlumatlarla müəyyən edilir ki, maraqlı şəxs faktiki olaraq Bakı şəhərinin Sabunçu rayonunda yaşayır və bu səbəbdən hazırkı ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edilə bilər. Mülki Prosessual Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinin tələblərinə görə, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, mülki-prosessual qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə riayət edilməklə verilmədiyinə görə ərizənin Sumqayıt Kommersiya Məhkəməsində məhkəmə icraatı mümkün deyildir. Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinin tələblərinə görə, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D I: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Maraqlı şəxs qarşı verilmiş “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ərizəçiyə geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ərazi aidiyyəti qaydalarına uyğun olaraq ikinci dəfə müvafiq məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-338/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-338/2025
13.01.2025 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver