Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-34/2020 05.03.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, Quluzadə Hüseyn Rasim oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Qubadlı rayon Təhsil Şöbəsinə qarşı “borcun ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N ETDİ : İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh Qubadlı rayon Təhsil Şöbəsinə qarşı “borcun ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qubadlı rayon Çaytumas kənd Litseyi və Qubadlı rayon Xocahan kənd orta məktəbi tərəfindən istifadə olunan təbii qaza görə yaranmış cəmi 2324,90 (iki min üç yüz iyirmi dörd manat 90 qəpik) manat məbləğində borc və 30,40 (otuz manat 40 qəpik) manat ödənilmiş dövlət rüsumu və xidmət haqqı olmaqla, ümumilikdə 2355,30 (iki min üç yüz əlli beş manat 30 qəpik) manat məbləğində pul vəsaitinin cavabdeh Qubadlı rayon Təhsil Şöbəsindən İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışıdır ki, cavabdeh Qubadlı rayon Təhsil Şöbəsi ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli ***-**-** saylı müqavilə əsasında Qubadlı rayon Çaytumas kənd Litseyində və Qubadlı rayon Xocahan kənd orta məktəbində təbii qazdan istifadə olunur. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə iki tərəfli qaydada müəyyən edilir və istifadə olunan təbii qazın dəyərinin vaxtında ödənilməsi ilə əlaqədar cavabdeh tərəf üzərinə öhdəlik götürmüşdür. Lakin, cavabdeh Qubadlı rayon Təhsil Şöbəsi müqavilə öhdəliklərinə əməl etməyərək, həmin məktəblərdə istifadə olunan təbii qazın dəyərini lazımi qaydada ödəməmiş və nəticədə cavabdehin xx xxxxxx 2019-cu il tarixə İddiaçınə Qubadlı rayon Çaytumas kənd Litseyində istifadə olunan təbii qaza görə 1530,70 (min beş yüz otuz manat 70 qəpik) manat borc və Qubadlı rayon Xocahan kənd orta məktəbində istifadə olunan təbii qaza görə 794,20 (yeddi yüz doxsan dörd manat 20 qəpik) manat borc olmaqla, ümumilikdə 2324,90 (iki min üç yüz iyirmi dörd manat 90 qəpik) manat məbləğində borcu yaranmışdır. Cavabdehə borcun ödənilməsi barədə dəfələrlə müraciət olunsa da, həmin borc ödənilməmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X3 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və Qubadlı rayon Çaytumas kənd Litseyində istifadə olunan təbii qaza görə yaranmış 1530,70 manat borc, Qubadlı rayon Xocahan kənd orta məktəbində istifadə olunan təbii qaza görə yaranmış 794,20 manat borc və 30,40 manat ödənilmiş dövlət rüsumu və xidmət haqqı olmaqla, cəmi 2355,30 manat məbləğində pul vəsaitinin cavabdeh Qubadlı rayon Təhsil Şöbəsindən İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh Qubadlı rayon Təhsil Şöbəsi məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı - “paylayıcı” İddiaçı ilə cavabdeh - “istehlakçı” Qubadlı rayon Təhsil Şöbəsi arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli ***-**-** saylı “Qaz paylayıcı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı” barədə müqaviləyə əsasən fasiləsiz olaraq təbii qazla təmin edilmiş Qubadlı rayon Çaytumas kənd Litseyində istifadə olunan təbii qaza görə 1530,70 (min beş yüz otuz manat 70 qəpik) manat və Qubadlı rayon Xocahan kənd orta məktəbində istifadə olunan təbii qaza görə 794,20 (yeddi yüz doxsan dörd manat 20 qəpik) manat olmaqla, cəmi 2324,90 manat məbləğində borc yaranmışdır. Həmin borcun ödənilməsi üçün cavabdeh Qubadlı rayon Təhsil Şöbəsi iddiaçı İddiaçı tərəfindən müvafiq qaydada xəbərdar edilmişdir. Tərəflər arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli ***-**-** saylı Müqavilənin tələblərinə görə “paylayıcı” İddiaçı “istehlakçı” Qubadlı rayon Təhsil Şöbəsini müəyyən edilmiş şərtlərə uyğun olaraq keyfiyyətli qazla təmin etməli, “istehlakçı” Qubadlı rayon Təhsil Şöbəsi isə aldığı qazın dəyərini qaz sayğacının göstəricilərinə uyğun olaraq iddiaçı tərəfindən təqdim edilən hesaba ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı və Qubadlı rayon Çaytumas kənd Litseyində istifadə olunan təbii qaza görə yaranmış 1530,70 manat borc və Qubadlı rayon Xocahan kənd orta məktəbində istifadə olunan təbii qaza görə yaranmış 794,20 manat borc cavabdeh Qubadlı rayon Təhsil Şöbəsindən iddiaçı “İddiaçı xeyrinə tutulmalıdır. Eləcə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumu və 0,4 (40 qəpik) manat məbləğində xidmət haqqı da cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Qubadlı rayon Çaytumas kənd Litseyində istifadə olunan təbii qaza görə yaranmış 1530,70 (min beş yüz otuz manat 70 qəpik) manat borc, Qubadlı rayon Xocahan kənd orta məktəbində istifadə olunan təbii qaza görə yaranmış 794,20 (yeddi yüz doxsan dörd manat 20 qəpik) manat borc və 30,40 (otuz manat 40 qəpik) manat ödənilmiş dövlət rüsumu və xidmət haqqı olmaqla, cəmi 2355,30 (iki min üç yüz əlli beş manat 30 qəpik) manat məbləğində pul vəsaiti cavabdeh Qubadlı rayon Təhsil Şöbəsindən iddiaçı “İddiaçı xeyrinə tutulsun. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-34/2020
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-34/2020
05.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver