Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-341/2024 22.05.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X3 qızının katibliyi, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Qaz İxrac" İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Qaz İxrac" İdarəsi tərəfindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Qaz İxrac" İdarəsi 15 fevral 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsi ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış “Əlvan metal qırıntı və tullantılarının alqısatqısı haqqında” 08 iyun 2021-ci il tarixli SOCAR**********20020861X00019 nömrəli müqaviləyə əsasən satın alınmış əlvan metal qırıntı və tullantılarına görə 25593,5 (iyirmi beş min beş yüz doxsan üç manat 50 qəpik) manat əsas borc və həmin Müqavilənin 6.2-ci bəndinə əsasən borcun üzərinə hesablanmış 1279,67 (min iki yüz yetmiş doqquz manat 67 qəpik) manat dəbbə pulu olmaqla, cəmi 26873,17 (iyirmi altı min səkkiz yüz yetmiş üç manat 17 qəpik) manat məbləğində borcun və iddianın məhkəməyə verilməsi üçün ödənilmiş 170,62 (yüz yetmiş manat 62 qəpik) manat məbləğində dövlət rüsumunun cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Qaz İxrac" İdarəsinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, satıcı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Qaz İxrac" İdarəsi ilə alıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) arasında “Əlvan metal qırıntı və tullantılarının alqı-satqısı” haqqında 08 iyun 2021-ci il tarixli SOCAR**********20020861X00019 nömrəli Müqavilə bağlanmışdır. Həmin Müqaviləyə əsasən, müqavilə üzrə “alıcı” olan "xxxx" MMC satıcı SOCAR-ın “Qaz İxrac” İdarəsinə məxsus istifadəyə yararsız əlvan metal qırıntı və tullantılarından ibarət əmlakını (sonradan mətndə “Mal” adlanacaq) qəbul edib, əvəzində həmin əmlakın dəyərini “Qaz İxrac” İdarəsinə ödənilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Bundan başqa, müqavilənin 2.4.5-ci və 2.4.6-cı bəndlərinə görə alıcı "xxxx" MMC satınalınan malların (metal boru hissələrinin) sökülməsini, doğranılmasını, yüklənilməsini (boşaldılmasını), daşınmasını, aparılmış demontaj işlərindən sonra qazılmış yerlərin (torpaq qatının) əvvəlki vəziyyətə qaytarılmasını öz qüvvəsi və vəsaiti hesabına həyata keçirməlidir. Malların dəyəri Müqavilənin 4.1-ci bəndinə əsasən müqavilənin tərkib hissəsi olan 1 nömrəli Əlavəsində qeyd edilmişdir. Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə 1-də satınalınan əlvan metal qırıntı və tullantıların adları və hər birinin ayrı-ayrılıqda ƏDV daxil olmaqla 1 (bir) tonunun manatla ifadə olunmuş qiymətləri aşağıdakı kimi müəyyən olunmuşdur: 1. Mis tullantısı – 7000 manat; 2. Qurğuşun tullantısı – 1170 manat; 3. Alüminium tullantısı – 1400 manat; 4. Düralüminium – 2000 manat; 5. Latun qırıntısı – 3500 manat; 6. Paslanmayan metal – 1500 manat. Həmçinin Müqavilədə müəyyən olunmuş şərtlərə əsasən Tərəflər arasında qarşılıqlı hesablaşmalar “Mal”ın faktiki təchiz olunmuş miqdarı nəzərə alınmaqla, hesab-fakturaya əsasən bank köçürməsi vasitəsilə həyata keçirilir. Lakin, alıcı "xxxx" MMC malları təhvil almasına baxmayaraq, onların dəyərini müvafiq qaydada ödəməkdən yayınmış, nəticədə müqavilə üzrə “Qaz İxrac” İdarəsinə 25593,5 (iyirmi beş min beş yüz doxsan üç manat 50 qəpik) manat məbləğində borcu yaranmışdır. Satıcı “Qaz İxrac” İdarəsi ilə alıcı "xxxx" MMC arasında 19 yanvar 2023-cü il tarixində imzalanmış X2 "xxxx" MMC tərəfindən təhvil alınmış əlvan metal qırıntı və tullantılarına görə “Qaz İxrac” İdarəsinə 25593,5 manat məbləğində əsas borcunun olduğu etiraf edilmişdir. Bundan başqa, Müqavilənin 6.2-ci bəndinə əsasən, həmin məbləğin üzərinə 1279,67 (min iki yüz yetmiş doqquz manat 67 qəpik) manat məbləğində dəbbə pulu hesablanmışdır. Beləliklə, iddiaçı "xxxx" MMC-nin cavabdeh “Qaz İxrac” İdarəsinə 25593,50 manat əsas borcu və həmin Müqavilələrin 6.2-ci bəndinə əsasən borcun üzərinə hesablanmış 1279,67 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 26873,17 (iyirmi altı min səkkiz yüz yetmiş üç manat 17 qəpik) manat borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı iddiaçı “Qaz İxrac” İdarəsi 26 yanvar 2024-cü il tarixli 14-2-12/2- 112/2024 nömrəli məktubla cavabdeh "xxxx" MMC-yə müraciət edərək, borc məbləğinin 5 (beş) gün müddətində ödənilməsini xahiş etmişdir. Lakin, cavabdeh "xxxx" MMC tərəfindən həmin məktuba heç bir münasibət bildirilməmiş və borc məbləği ödənilməmişdir. Borcun ödənilməsi ilə bağlı iddiaçı “Qaz İxrac” İdarəsi tərəfindən cavabdeh "xxxx" MMC-yə ünvanlanan müraciətlər heç bir nəticə verməmiş və borcun qaytarılması ilə bağlı mübahisənin məhkəməyə qədər nizamlaması (pretenziya) ilə bağlı müvafiq tədbirlərin görülməsinə baxmayaraq, cavabdeh tərəfindən həmin borcun ödənilməsi təmin edilməmişdir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Qaz İxrac" İdarəsinin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsi ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış “Əlvan metal qırıntı və tullantılarının alqısatqısı haqqında” 08 iyun 2021-ci il tarixli SOCAR**********20020861X00019 nömrəli müqaviləyə əsasən satın alınmış əlvan metal qırıntı və tullantılarına görə 25593,5 manat əsas borc və həmin Müqavilənin 6.2-ci bəndinə əsasən əsas borcun üzərinə hesablanmış 1279,67 manat dəbbə pulu olmaqla, cəmi 26873,17 manat məbləğində borcun və iddianın məhkəməyə verilməsi üçün ödənilmiş 170,62 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Qaz İxrac" İdarəsinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, onun nümayəndəsi məhkəməyə gəlməmişdir (cavabdeh "xxxx" MMC-nin qanuni təmsilçisi (direktoru) bir neçə dəfə məhkəməyə teleqram ünvanlayaraq iş üzrə təyin edilmiş məhkəmə iclaslarının təxirə salınmasını xahiş etmiş və bu teleqramlar əsasında da məhkəmə iclasları bir neçə dəfə təxirə salınmışdır. Lakin, o, 22 may 2024-cü il tarixinə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin iclasa gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, bu iclasa da gəlməmişdir). Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Qaz İxrac" İdarəsi (VÖEN **********) ilə alıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) arasında bağlanmış 08 iyun 2021-ci il tarixli SOCAR**********20020861X00019 nömrəli “Əlvan metal qırıntı və tullantılarının alqı-satqısı” haqqında Müqaviləyə əsasən “Satıcı” əlvan metal qırıntı və tullantılarından ibarət olan əmlakını (bundan sonra “Mal” adlanacaq) “Alıcı” ya təhvil verməyi (satmağı), “Alıcı” isə malı qəbul edib (alıb), əvəzində bu Müqaviləin şərtləri ilə müəyyən olunmuş malların dəyəri miqdarında ödənişi “Satıcı"ya ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 2.1.1-ci bəndinə əsasən, Satıcı müqavilədə göstərilən malı qaimə-faktura əsasında Satıcının strukturuna daxil olan təşkilatların ərazisində Alıcıya təhvil verir. Həmin Müqavilənin 5.1-ci bəndinə əsasən, bu müqavilə imzalandığı gündən 1 (bir) il müddətinə qüvvədədir. Həmin Müqavilənin 6.2-ci bəndinə əsasən, “Alıcı” hazırkı müqavilədə nəzərdə tutulan ödənişlərinin gecikdirilməsinə görə “Satıcı”ya hər gecikdirilmiş gün üçün ödəməli olduğu məbləğin 0,5% həcmində dəbbə pulu ödəməlidir. Dəbbə pulunun yuxarı həddi təhvil verilmiş malın 5% həddində müəyyən edilir. İş materiallarında olan 08 iyun 2021-ci il tarixli SOCAR**********20020861X00019 nömrəli “Əlvan metal qırıntı və tullantılarının alqı-satqısı” haqqında müqaviləyə 1 saylı Əlavədən görünür ki, mis tullantısının 1 (bir) tonunun qiyməti 7000 manat (ƏDV daxil), qurğuşun tullantısının 1 (bir) tonunun qiyməti 1170 manat (ƏDV daxil), alüminium tullantısının 1 (bir) tonunun qiyməti 1400 manat (ƏDV daxil), düralüminium tullantısının 1 (bir) tonunun qiyməti 2000 manat (ƏDV daxil), latun qırıntısının 1 (bir) tonunun qiyməti 3500 manat (ƏDV daxil) və paslanmayan metalın 1 (bir) tonunun qiyməti 1500 manat (ƏDV daxil) məbləğində müəyyən olunmuşdur. İş materiallarında olan sənədlərlə müəyyən olunur ki, satıcı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Qaz İxrac" İdarəsi tərəfindən alıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 31 avqust 2021-ci il tarixli EBBH 336457 nömrəli Elektron Qaimə üzrə 7516,6 manat dəyərində, 31 avqust 2021-ci il tarixli EBBH 337913 nömrəli Elektron Qaimə üzrə 2,34 manat dəyərində, 31 avqust 2021-ci il tarixli EBBH 340409 nömrəli Elektron Qaimə üzrə 5089,48 manat dəyərində, 31 avqust 2021-ci il tarixli EBBH 339000 nömrəli Elektron Qaimə üzrə 17173,8 manat dəyərində, 29 sentyabr 2021-ci il tarixli EBBJ 915376 nömrəli Elektron Qaimə üzrə 4573,81 manat dəyərində, 29 sentyabr 2021-ci il tarixli EBBJ 949364 nömrəli Elektron Qaimə üzrə 995,4 manat dəyərində, 24 fevral 2022-ci il tarixli EBBR 807791 nömrəli Elektron Qaimə üzrə 620,24 manat dəyərində və 29 aprel 2022-ci il tarixli EBBV 439680 nömrəli Elektron Qaimə üzrə 15375 manat dəyərində əlvan metal qırıntı və tullantıları satılmışdır (qeyd olunan xüsusatlar iş materiallarına əlavə edilmiş elektron qaimələr, hesab-fakturalar və digər maliyyə-mühasibatlıq sənədləri ilə təsdiq olunur). İş materiallarında olan satıcı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsi ilə alıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilərək, imzalanıb-möhürlənmiş 19 yanvar 2023-cü il tarixli X1 görünür ki, alıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 01 yanvar 2023-cü il tarixinə satıcı “Qaz İxrac” İdarəsinə cəmi 25593,5 (iyirmi beş min beş yüz doxsan üç manat 50 qəpik) manat məbləğində ödənilməmiş qalıq borcu vardır. İş materiallarında olan iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Qaz İxrac" İdarəsi tərəfindən tərtib edilmiş 18 mart 2024-cü il tarixli 14-2-12/2-337/2024 nömrəli Maliyyə Arayışından görünür ki, 08 iyun 2021-ci il tarixli SOCAR**********20020861X00019 nömrəli “Əlvan metal qırıntı və tullantılarının alqı-satqısı” haqqında Müqavilə üzrə alıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilmiş malların ümumilikdə dəyəri ƏDV daxil olmaqla cəmi 140738,7 (yüz qırx min yeddi yüz otuz səkkiz manat 70 qəpik) manat olmuş və həmin mallara görə ƏDV daxil olmaqla cəmi 115145,2 (yüz on beş min yüz qırx beş manat 20 qəpik) manat məbləğində ödəniş edilsə də, həmin Müqavilə üzrə alıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin satıcı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinə cəmi 25941,26 manat məbləğində əsas borcu ödənilməmiş və həmin əsas borca da 1279,67 manat məbləğində dəbbə pulu hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, işin halları ilə müəyyən olunur ki, tərəflər arasında bağlanmış “Əlvan metal qırıntı və tullantılarının alqı-satqısı” haqqında 08 iyun 2021-ci il tarixli SOCAR**********20020861X00019 nömrəli Müqavilə üzrə almış olduğu malların ümumilikdə hesablanmış dəyərinin cəmi 25593,5 (iyirmi beş min beş yüz doxsan üç manat 50 qəpik) manat məbləğində hissəsi alıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən satıcı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Qaz İxrac" İdarəsinə ödənilməmişdir. Buna görə də, hazırkı iddia ərizəsində ödənilməmiş 25593,5 (iyirmi beş min beş yüz doxsan üç manat 50 qəpik) manat məbləğində əsas borcun və 1279,67 (min iki yüz yetmiş doqquz manat 67 qəpik) manat məbləğində dəbbə pulunun cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutulması xahiş olunmuşdur. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Qaz İxrac" İdarəsi tərəfindən məhkəməyə 170,62 (yüz yetmiş manat 62 qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Qaz İxrac" İdarəsi ilə bağlanmış “Əlvan metal qırıntı və tullantılarının alqısatqısı” haqqında 08 iyun 2021-ci il tarixli SOCAR**********20020861X00019 nömrəli Müqavilə üzrə öz öhdəliklərini lazımi qaydada yerinə yetirməmişdir. Buna görə də, həmin Müqavilə üzrə ödənilməmiş 25593,5 (iyirmi beş min beş yüz doxsan üç manat 50 qəpik) manat məbləğində əsas borcun və 1279,67 (min iki yüz yetmiş doqquz manat 67 qəpik) manat məbləğində dəbbə pulunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli və cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 25593,5 manat məbləğində əsas borc və 1279,67 manat məbləğində dəbbə pulu iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Qaz İxrac" İdarəsinin xeyrinə tutulmalıdır. Həmçinin, iddia tələbi təmin olunduğundan, iddia ərizəsi verilərkən iddiaçı tərəfindən ödənilmiş 170,62 (yüz yetmiş manat 62 qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdeh "xxxx" MMC-dən tutularaq, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Qaz İxrac" İdarəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 25593,5 (iyirmi beş min beş yüz doxsan üç manat 50 qəpik) manat məbləğində əsas borc, 1279,67 (min iki yüz yetmiş doqquz manat 67 qəpik) manat məbləğində dəbbə pulu və 170,62 (yüz yetmiş manat 62 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 27043,79 (iyirmi yeddi min qırx üç manat 79 qəpik) manat məbləğində pul vəsaiti iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Qaz İxrac" İdarəsinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-341/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-341/2024
22.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver