Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-343/2020 11.08.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Tağıyev Xəqani Qəhrəman oğlunun sədrliyi, Ağayeva Elnarə Nəriman qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsiilə məhkəməyə müraciət etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh aralarında bağlanmış xx xxx 2018-ci il tarixli, 303-LD/18 nömrəli müqaviləyə əsasən lizinq predmetini lizinqə götürmüşdür. Cavabdeh üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməmişdir. Müqavilə üzrə 4366,20 (dörd min üç yüz altmış altı manat, 20 qəpik) manat əsas borc və lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən hesablanmış 937,10 (doqquz yüz otuz yeddi manat, 10 qəpik) manat cərimə borcu qalmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Göstərilənlərə əsasən, iddiaçı məhkəmədən 4366,20 (dörd min üç yüz altmış altı manat, 20 qəpik) manat əsas borc, 937,10 (doqquz yüz otuz yeddi manat, 10 qəpik) manat cərimə və 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq, İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonra İddiaçı ASC-nin nümayəndəsi və vəkili Vəkil məhkəməyə xx xxxx 2020-ci il tarixli ərizə göndərərək bildirmişdir ki, cavabdeh məhkəmə baxışı dövründə gecikdirilmiş borcundan qismən ödəniş etmişdir. Nəticədə, onun gecikdirilmiş əsas borcu azalmışdır. Hazırda cavabdehin əsas borcunun məbləği 3901 manat təşkil edir. İddiaçının nümayəndəsi və vəkili Vəkil qeyd edilənləri və MPM-nin 53-cü maddəsini nəzərə alaraq məhkəmədən 3901 (üç min doqquz yüz bir manat) manat əsas, 937,10 (doqquz yüz otuz yeddi manat, 10 qəpik) manat cərimə borcunun və 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq, İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh izahat verərək bildirmişdir ki, mövcud borcundan ödənişlər etmişdir. Belə ki, xx xxxxx 2020-ci il tarixində 500 manat, xx xxxxx 2020-ci il tarixində 600 manat, xx xxx 2020-ci il tarixində 500 manat, xx xxxx 2020-ci il tarixdə 1030 manat, xx xxxx 2020-ci il tarixdə 500 manat ödəniş etmişdir. Ümumilikdə, 3130 manat pulun ödənilməsi ilə bağlı qəbzləri məhkəməyə təqdim etmişdir. Cəmi 4366 manat puldan 3130 manat ödədiyini, 1236 manat ödənilməmiş borcunu ödəməyə hazır olduğunu bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx xxx 2018-ci il tarixli, 303-LD/18 nömrəli müqavilədən görünür ki, İddiaçı ASC ümumi məbləği 24960 manat olan damazlıq heyvanların ilkin dəyərinin 50%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Cavabdeh mülkiyyətinə verilməsi şərti ilə lizinqə vermişdir. Həmin müqavilənin 1.2-ci maddəsinə görə, Cavabdeh damazlıq heyvanların qalıq məbləğini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2020-ci il tarixli ASC/P-758 №-li pretenziya məktubundan görünür ki, Cavabdeh borcunu qısa müddətdə İddiaçı ASC-yə ödəməli olduğu, əks halda lizinq müqaviləsi üzrə əmələ gəlmiş əsas borcun, hesablanmış cərimənin və məhkəmə xərclərinin ondan məcburi qaydada alınaraq İddiaçı ASC-yə ödənilməsi və müqavilənin ləğv edilərək lizinq obyekti olan damazlıq heyvanların sağlam vəziyyətdə geri qaytarılması tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə 4366,20 (dörd min üç yüz altmış altı manat, 20 qəpik) manat əsas borc, 937,10 (doqquz yüz otuz yeddi manat, 10 qəpik) manat cərimə borcu vardır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, cavabdeh borcundan 3130 manat ödəmişdir. Sadalananlara əsasən, məhkəmə hesab edir ki, Cavabdeh lizinq müqaviləsi əsasında İddiaçı ASC-dən lizinq almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında lizinq məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş cərimələri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh lizinq müqaviləsi əsasında iddiaçıdan damazlıq heyvanları lizinqə götürməsinə dair hüququndan istifadə etmiş, lizinq məbləğini və yaranan cərimələri ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini tam yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1.-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 386.1-ci maddəyə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin məcəllənin 427.2-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəyə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1.-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh damazlıq heyvanları lizinqə götürmüşdür. Cavabdeh üzərinə götürdüyü müqavilədən irəli gələn öhdəliyi tam yerinə yetirməmişdir. Buna görə də iddiaçı məcbur olub məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizəsinə münasibət bildirərək bunları qeyd edir. İlk baxışda ərizənin məzmunundan elə görünür ki, həmin ərizə iddia tələbinin həcminin azaldılması barədədir. Çünki iddia ərizəsində əsas borc tələbi 4366,20 manat olduğu halda, sonradan təqdim olunmuş ərizədə cavabdeh ödəniş etdiyi üçün əsas borcun 3901 manat məbləğində tutulması xahiş edilir. Məhkəməyə təqdim olunmuş ödəniş qəbzlərindən görünür ki, cavabdeh iddiaçıya cəmi 3130 manat məbləğində ödənişlər etmişdir. İlk iddia tələbində əsas borc olaraq göstərilən 43xx xxxxxxxx 3130 manat çıxıldıqda, 1236 manat qalır. İddiaçı isə hazırda əsas borcun 3901 manat məbləğində tutulmasını xahiş edir. İddiaçının nümayəndəsi və vəkili məhkəmədə bildirmişdir ki, İddiaçı ASC hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra cavabdehin əsas borc məbləği artmaqda davam etdiyi üçün cavabdehin ödədiyi məbləğlər onun artmış əsas borcundan çıxılmış və qalan 3901 manat məbləğində əsas borcun tutulması xahiş edilmişdir. Göründüyü kimi, iddiaçı məhkəməyə müraciət etmədən, qeyri-prosessual qaydada iddia tələbinin həcmini məhkəməyə məlum olmayan həcmdə artırmış, cavabdehin etdiyi ödənişləri çıxdıqdan sonra əsas borcun 3901 manat məbləğində tutulmasını xahiş etmiş, ərizədə yeni tələbini, yəni əsas borcun niyə məhz həmin məbləğdə tutulmalı olduğunu əsaslandırmamışdır. İddia tələbinin həcminin artırılmasının iddiaçı tərəfindən əsaslandırılmaması məhkəmənin obyektiv yekun qərara gəlməsinə şərait yaratmadığına görə məhkəmə hesab edir ki, cavabdehin məhkəmə baxışı dövründə etrdiyi ödənişlər nəzərə alınarkən əsas borcun iddia ərizəsində göstərilən həcmdə (4366,20 manat) əsas götürülməsi daha məqsədəuyğundur. Qeyd edildiyi kimi, işə məhkəmədə baxılarkən cavabdeh iddiaçının hesabına cəmi 3130 manat məbləğində odəniş etmiş, nəticədə, cavabdehin iddiaçıya 1236 manat (4366,20 – 3130 = 1236) məbləğində əsas borcu qalmışdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia əsas borc tələbinə dair hissədə qismən əsaslı olduğu üçün qismən təmin olunmalı, qalan hissədə təmin olunmamalıdır. Məhkəmə hesab edir ki, əsas borc 4366,20 manat təşkil etdiyi halda, 937,10 manat cərimə hesablanması tənasübsüz surətdə yüksək olduğuna görə cərimə borcu 50 manata qədər azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Göstərilənləri nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia həm əsas borc həm də cərimə tələbinə dair hissədə qismən əsaslı olduğu üçün qismən təmin olunmalı, qalan hissədə əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 1236 (bir min iki yüz otuz altı) manat əsas borc, 50 (əlli) manat cərimə olmaqla, ümumilikdə 1286 (bir min iki yüz səksən altı) manat məbləğində pul tutularaq, İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 76%iddiaçıya, 24%-i cavabdehə aid edilsin. Cavabdehdən 7,3 (yeddi manat otuz qəpik) manat dövlət rüsumunun əvəzi tutularaq, iddiaçıya ödənilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Xəqani Tağıyev
Məhkəmə qərarları › İş №e-2-2(119)-343/2020
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-343/2020
11.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver