Məhkəmə qərarları › İş №e-2-2(119)-343/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-343/2023

01.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-343/2023 01.09.2023 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş "pul tələbi" barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı "pul tələbi" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ilə Cavabdeh arasında bağlanmış 12 mart 2016-ci il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqaviləyə uyğun olaraq dəyəri 1800 ABŞ dolları olan bir ədəd “V/K” markalı enli və 13 mart 2017-ci il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqaviləyə uyğun olaraq dəyəri 1200 ABŞ dolları olan bir ədəd “D/D 1000” markalı soyuducuların iki mislinin, yəni 6000 ABŞ dollar məbləğində pul vəsaitinin və 200 manat məbləğində ödənilmiş mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında imzalanmış “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” 12 mart 2016-ci il tarixli müqaviləyə əsasən dəyəri 1800 (min səkkiz yüz) ABŞ dolları olan bir ədəd “V/K” markalı enli soyuducu və “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” 13 mart 2017-ci il tarixli müqaviləyə əsasən dəyəri 1200 (min iki yüz) ABŞ dolları olan bir ədəd “D/D 1000” markalı soyuducu iddiaçı tərəfindən istehsal və satışı təşkil edilmiş məhsulların cavabdeh tərəfindən sərinləşdirilib satılmasının təmin edilməsi məqsədilə cavabdehə əvəzsiz istifadəyə verilmişdir. İstifadəyə verilmiş əmlak üçün istifadə haqqı tələb edilməmişdir. Müqavilələrin 2.2.7-ci bəndinə əsasən müqavilənin xitamı haqqında istifadəyəverən tələb irəli sürdükdə o, köhnəlmə nəzərə alınmaqla əmlakın təhvilini 3 (üç) gün ərzində təmin etməlidir. Əmlakın göstərilən müddət ərzində təhvilini təmin etmədikdə əmlakın dəyərinin 2 mislini istifadəyəverənə cərimə ödəməlidir. Qeyd olunan soyuducular uzun müddət cavabdehin əvəzsiz istifadəsində olmuşdur. Lakin Cavabdeh müqavilə predmeti olan soyuducuların qaytarılması tələb edilsə də, o, soyuducuların qaytarılması ilə bağlı hər hansı addım atmamışdır. Bununla bağlı Cavabdeh pretenziya məktubu göndərilmiş, 12 mart 2016-ci il tarixli və 13 mart 2017-ci il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqavilələrə xitam verildiyi və soyuducuların 3 (üç) gün ərzində iddiaçıya qaytarılması tələb olunmuş, soyuducular qaytarılmadığı təqdirdə müqavilə üzrə nəzərdə tutulmuş cərimənin ödənilməsi ilə bağlı qanunauyğun tədbirlər görüləcəyi onun diqqətinə çatdırılmışdır. Buna baxmayaraq cavabdeh bu günə qədər üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, İddiaçı əmlakı olan soyuducuları qaytarmamış və qanunsuz olaraq özündə saxlayaraq özgəninkiləşdirmişdir. Bütün bu halları nəzərə alaraq İddiaçı pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı vəkili və nümayəndəsi Nümayəndə 01 sentyabr 2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə təqdim edərək İddiaçı ilə Cavabdeh arasında imzalanmış 12 mart 2016-ci il tarixli və 13 mart 2017-ci il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqavilələrə əsasən cavabdehə təhvil verilmiş soyuducuların iddiaçıya hələ də qaytarılmadığını bildirmiş və məhkəmə baxış iclasının iştirakı olmadan keçirilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” 12 mart 2016-ci il tarixli müqavilədəki imza ona məxsus deyildir. Ona məxsus sahibkarlıq obyekti 2016-cı ildə fəaliyyət göstərməmişdir. Obyekti işlətmədiyi üçün həmin ildə soyuducu da istifadəyə götürməmişdir. Bundan başqa o, “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında”13 mart 2017-ci il tarixli müqaviləyə əsasən götürdüyü soyuducunu 2019-cu ildə iddiaçıya geri qaytardığını, lakin bununla bağlı rəsmi sənəd təqdim edə bilmədiyini qeyd etmişdir. Göstərilənlərə əsasən o, məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan istifadəyəverən "Azərbaycan Koka-Kola Bottlers Limited” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə istifadəçi Cavabdeh arasında bağlanmış “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” 12 mart 2016-cı il tarixli 11238 nömrəli müqaviləyə əsasən istifadəyəverən özünün istehsal və satışını təşkil etdiyi məhsulların istifadəçi tərəfindən sərinləşdirilmiş şəkildə satılmasını təşkil etmək məqsədi ilə istifadəyəverənin mülkiyyətində olan 1800 ABŞ dolları dəyərində bir ədəd “V/K” markalı (enli) soyuducunu istifadəçiyə əvəzsiz istifadəyə vermişdir. İş materiallarında olan istifadəyəverən "Azərbaycan Koka-Kola Bottlers Limited” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə istifadəçi Cavabdeh arasında bağlanmış “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” 13 mart 2017-ci il tarixli 12736 nömrəli müqaviləyə əsasən istifadəyəverən özünün istehsal və satışını təşkil etdiyi məhsulların istifadəçı tərəfindən sərinləşdirilmiş şəkildə satılmasını təşkil etmək məqsədi ilə istifadəyəverənin mülkiyyətində olan 1200 ABŞ dolları dəyərində bir ədəd “D/D 1000” markalı soyuducunu istifadəçiyə əvəzsiz istifadəyə vermişdir. Həmin müqavilələrin 2.1.1-ci bəndinə əsasən istifadəyə verilmiş həmin soyuducu üçün istifadə haqqı tələb edilmir. Həmin müqavilələrin 2.2.7 və 2.2.8-ci bəndlərinə əsasən müqaviləyə xitam verildikdə istifadəçi əmlakı qəbul etdiyi vəziyyətdə onun normal köhnəlməsini nəzərə alaraq 3 gün ərzində geri qaytarılmasını təmin edir. Əmlakın göstərilən müddət ərzində təhvilini təmin etmədikdə əmlakın dəyərinin 2 misli həcmində istifadəyəverənə cərimə ödəməlidir. Həmin müqavilələrin 3.1-ci bəndinə əsasən müqavilə istifadəyəverən tərəfindən əmlakın geri verilməsi haqqında tələbi irəli sürənədək qüvvədədir. Həmin müqavilələrin 5.1-ci bəndinə görə 2.1.1-ci bəndində göstərilən əmlak müqavilə imzalandığı andan təhvil verilmiş hesab edilir. Sumqayıt Kommersiya Məhkəməsinin 05 iyun 2023-cü il tarixli e-2-2(119)-343/2023 nömrəli qərardadı iş üzrə məhkəmə-xətşüsanlıq ekspertizası təyin edilmişdir. 07 avqust 2023-cü il tarixli 4/1073 nömrəli ekspert rəyində göstərilir ki, ekspertizaya təqdim edilmiş İddiaçı ilə Cavabdeh arasında bağlanmış 12 mart 2016-cı il tarixli 11238 nömrəli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqavilənin sonunda “İstifadəçi” hissəsində “İmza”qrafasındakı imza - Cavabdeh tərəfindən icra olunmuşdur. Həmin müqavilənin sonunda “İstifadəçi” hissəsində “Cavabdeh; Kəlbəcər rayonu Hopurlu kəndi; AZE 0******* Göygöl RPŞ xx.xx.2010; (077) 511 28 05” yazıları Eldəniz Muğan oğlu tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 732-ci maddəsinə əsasən əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. - 734.2-ci maddəsinə əsasən kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanın müqavilə üzrə istifadəsi çərçivəsində dəyişməsi və ya pisləşməsi üçün məsuliyyət daşımır. - 735-ci maddəsinə əsasən kirayəçinin əvəzsiz istifadəyə götürdüyü əşyadan müqavilədə göstəriləndən savayı, başqa təyinatla istifadə etməsinə icazə verilmir. Kirayəyə verənin icazəsi olmadan onun həmin əşyanı üçüncü şəxslərin istifadəsinə vermək hüququ yoxdur. - 736-cı maddəsinin tələblərinə görə kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanı müqavilədə müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra qaytarmağa borcludur. Əgər əvəzsiz istifadə müddəti müəyyənləşdirilməyibsə, kirayəçi əşyanı əvəzsiz istifadə məqsədlərinə uyğun istifadə etdikdən sonra qaytarmalıdır. Əgər kirayəçinin əşyadan istifadə edə bilməsi üçün yetərli olan müddət bitərsə, kirayəyə verən əşyanın daha əvvəl qaytarılmasını tələb edə bilər. Əgər kirayə müddəti müəyyənləşdirilməyibsə, yaxud əvəzsiz istifadə məqsədlərinə əsasən onu müəyyənləşdirmək mümkün deyildirsə, kirayəyə verən əvəzsiz istifadəyə götürülmüş əşyanın qaytarılmasını istənilən vaxt tələb edə bilər. Yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, tərəflər arasında bağlanmış “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” 12 mart 2016-cı il tarixli 11238 nömrəli müqaviləyə əsasən istifadəyəverən İddiaçı tərəfindən 1800 ABŞ dolları dəyərində bir ədəd “V/K” markalı enli soyuducu və “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” 13 mart 2017-ci il tarixli 12736 nömrəli müqaviləyə əsasən İddiaçı tərəfindən 1200 ABŞ dolları dəyərində bir ədəd “D/D 1000” markalı soyuducu istifadəçi Cavabdeh əvəzsiz istifadəsinə verilmişdir. Lakin istifadəçi Cavabdeh həmin soyuducuları qaytarmamış və bununla da tərəflər arasında bağlanmış müqavilə üzrə “əvəzsiz istifadəyə verilmiş əmlakın qaytarılması” barədə öhdəliyini yerinə yetirməmişdir. Sözügedən müqavilələrin tələblərinə görə istifadəçi normal köhnəlməsini nəzərə alaraq əmlakın 3 gün ərzində geri qaytarılmasını təmin etmədikdə əmlakın dəyərinin 2 misli həcmində istifadəyəverənə cərimə ödəməlidir. İş materiallarından görünür ki, əvəzsiz istifadəyə verilmiş soyuducunun qaytarılması ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı tərəfindən 200 (iki yüz) manat məbləğində mediasiya xərci ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Beləliklə, təsvir olunanlara əsasən müəyyən olunur ki, iddiaçı (istifadəyəverən) İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” 12 mart 2016-cı il tarixli 11238 nömrəli müqavilənin şərtlərinə uyğun olaraq qaytarılmayan 1800 (min səkkiz yüz) ABŞ dolları dəyərində soyuducunun və “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” 13 mart 2017-ci il tarixli 12736 nömrəli müqavilənin şərtlərinə uyğun olaraq qaytarılmayan 1200 (min iki yüz) ABŞ dolları dəyərində soyuducunun dəyərinin 2 misli həddində hesablanaraq cərimə kimi müəyyən edilmiş 6000 ABŞ dolları məbləğində pulun Cavabdeh tutulmasını tələb edir. Yəni cavabdehdən tələb olunan pul vəsaiti müqavilə şərtlərinə əsasən cərimə kimi müəyyən edilmiş pul vəsaitidir. Bu halda isə məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə əsasən yüksək dəbbə pulunu (cəriməni) azalda bilər. Qeyd etmək lazımdır ki, 12 mart 2016-cı il tarixli və 13 mart 2017-ci il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqavilələrə əsasən istifadəyəverən İddiaçı istifadəyəverənin icazəsi ilə istehsal və satışı təşkil edilmiş məhsulların istifadəçi tərəfindən sərinləşdirib satılmasını təmin etmək məqsədi ilə soyuducuların istifadəçiyə əvəzsiz istifadəyə verilməsi, mahiyyəti etibarilə iddiaçının məhz istifadəyə verilmiş həmin soyuducuların özündən hər hansı birbaşa gəlir əldə etməsini deyil, əksinə cavabdeh tərəfindən iddiaçının məhsullarının satılmasını nəzərdə tutur və həmin müqavilənin şərtlərinə əsasən “soyuducu geri qaytarılarkən onun normal köhnəlməsi” nəzərə alınmalıdır. Bütün bu hallara əsasən müəyyən olunur ki, həm tərəflər arasında bağlanmış müqavilələrin əvəzsiz xarakteri, həm də iddiaçı tərəfindən soyuducuların cavabdehə təhvil verildiyi tarixlərdən məhkəmə mübahisəsi vasitəsilə geri qaytarılması tələb olunan 20 fevral 2023-cü il tarixədək olan müddət ərzində soyuducuların normal köhnəlməsi nəzərə alındığı halda ümumilikdə 3000 ABŞ dolları dəyərində soyuducuların dəyərinin 2 misli həddində cərimə kimi 6000 ABŞ dolları məbləğində pulun ödənilməsinin tələb edilməsi - cavabdeh tərəfindən icra edilməyən öhdəliyə (soyuducunun qaytarılmamasına) münasibətdə tənasübsüz şəkildə yüksək hesablanmış cərimə məbləğidir. Ona görə də məhkəmə hesab edir ki, 12 mart 2016-cı il tarixdə 1800 (min səkkiz yüz) ABŞ dolları dəyərində və 13 mart 2017-ci il tarixdə 1200 (min iki yüz) ABŞ dolları dəyərində qiymətləndirilərək əvəzsiz istifadəyə verilmiş soyuducuların təxminən 6-7 ilədək müddət ərzində istifadə olunduqdan sonra qaytarılmamasına görə 6000 ABŞ dolları məbləğində cərimənin tələb edilməsi tənasübsüz surətdə yüksək dəbbə pulunun hesablanmasıdır və bu səbəbdən həmin cərimə məbləği azaldılaraq cavabdehdən soyuducuların müvafiq müqavilədə qeyd olunan dəyəri həddində, yəni “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” 12 mart 2016-ci il tarixli 11238 nömrəli müqaviləyə əsasən 1800 (min səkkiz yüz) ABŞ dolları məbləğində və 13 mart 2017-ci il tarixli 12736 nömrəli müqaviləyə əsasən 1200 (min iki yüz) ABŞ dolları məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Həmin Məcəllənin 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh (VÖEN **********) “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” 12 mart 2016-ci il tarixli 11238 nömrəli müqaviləyə əsasən 1800 (min səkkiz yüz) ABŞ dolları məbləğində və 13 mart 2017-ci il tarixli 12736 nömrəli müqaviləyə əsasən 1200 (min iki yüz) ABŞ dolları məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. Həmçinin iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı tərəfindən ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eyni zamanda iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 126 (yüz iyirmi altı) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq X1 ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göründüyü kim, qanunvericiliyin tələblərinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutulur. Lakin Kəlbəcər rayon sakini olan Cavabdeh məcburi köçkün olduğundan məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ondan dövlət rüsumu tutulmamalıdır. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.20ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə qaçqınlar və məcburi köçkünlər dövlət rüsumunu ödəməkdən azad olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh (VÖEN **********) “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” 12 mart 2016-ci il tarixli 11238 nömrəli müqaviləyə əsasən 1800 (min səkkiz yüz) ABŞ dolları məbləğində və 13 mart 2017-ci il tarixli 12736 nömrəli müqaviləyə əsasən 1200 (min iki yüz) ABŞ dolları məbləğində pul vəsaiti ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla və mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 126 (yüz iyirmi altı) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq X1 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar