Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-346/2024 04.04.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı “Bakı Sığorta" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyətinə qarşı verilmiş “sığorta ödənişi və digər ödənişin tutulması” tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı “Bakı Sığorta" Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyətinə qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “sığorta ödənişi və digər ödənişin tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 374,23 (üç yüz yetmiş dörd manat, iyirmi üç qəpik) manat məbləğində sığorta ödənişinin və 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 404,23 (dörd yüz dörd manat, iyirmi üç qəpik) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 10 iyun 2014-cü il tarixində Bakı şəhəri H.Əliyev prospektində cavabdehə məxsus olan “Shacman” markalı **-AD-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Vidadi Əhmədov həmin avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə iddiaçı tərəfindən əmlak sığortası qaydaları ilə sığortalanmış,”Cadillac CTC” markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin 10 iyun 2014-cü il tarixli, 9/16-10435 nömrəli arayışına və 10 iyun 2014-cü il tarixli CYP 179077 seriya nömrəli inzibati xəta haqqında protokola və qərara əsasən Vidadi Əhmədov yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs kimi müəyyən edilmiş, qəza nəticəsində “Cadillac CTC” markalı avtomobilə 730 manat məbləğində maddi ziyan dəymiş və bununla əlaqədar həmin avtomobilin sürücüsünə iddiaçı tərəfindən 300 manat məbləğində azadolma məbləği çıxılmaqla 374,23 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Mülki Məcəllənin 936-cı maddəsinə əsasən həmin məbləğin iddiaçıya ödənilməsi cavabdehdən dəfələrlə xahiş edilmiş, mübahisənin pretenziya qaydasında nizama salınmasına, o cümlədən mediasiya vasitəsilə həllinə cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iddiaçının cavabdehə qarşı iddia ərizəsinə dair kommersiya işinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş, bununla əlaqədar Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik iddialara dair işlər üzrə ərizəni və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin 30 iyun 2014-cü il tarixli 6638 nömrəli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiqləyən Arayış”dan görünür ki, mülkiyyətçisi Cavabdeh MMC olan “Shacman” markalı yük avtomobili ilə ”Cadillac CTC” markalı avtomobilin toqquşması nəticəsində sonuncu avtomobilin hər iki qapısı əzilmişdir. İş materiallarında olan “Shacman” markalı yük avtomobilinin sürücüsü Vidadi Əhmədovun izahatından görünür ki, o, hadisə baş verən vaxt Cavabdeh MMC-də işləmişdir. İş materiallarında olan 10 iyun 2014-cü il tarixli CYP 179077 seriya nömrəli inzibati xəta haqqında protokoldan və qərardan görünür ki, həmin yol-nəqliyyat hadisəsi ilə əlaqədar “Shacman” markalı yük avtomobilinin sürücüsü Vidadi Əhmədov hadisənin baş verməsində təqsirli şəxs olaraq müəyyən edilmiş və həmin vaxt qüvvədə olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 151.3-cü maddəsinə əsasən 80 (səksən) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan 11 sentyabr 2012-ci il tarixli, MİB-2645/12 nömrəli “Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası üzrə sığorta şəhadətnaməsi”ndən görünür ki, ”Cadillac CTC” markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən xx.xx.2012-ci il tarixindən xx.xx.2014-cü il tarixinədək sığortalanmışdır. İş materiallarında olan 14 iyul 2014-cü il tarixli zərərin hesablanması aktından görünür ki, hadisə nəticəsində ”Cadillac CTC” markalı, ** VV *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 730 (yeddi yüz otuz) manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan 14 iyul 2014-cü il tarixli sığorta aktından görünür ki, iddiaçı tərəfindən texniki baxışdan keçirilmiş ”Cadillac CTC” markalı avtomobilə dəymiş zərər 730 manat təşkil edir, sığorta ödənişi dəymiş zərərin sığortalanmış 92,36 faizindən, yəni 674,23 manatdan MİB-2645/12 nömrəli sığorta şəhadətnaməsində razılaşdırılmış 300 manat azadolma məbləği çıxılmaqla 374,23 manat təşkil edir. İş materiallarında olan 05 sentyabr 2014-cü il tarixli, 000958 nömrəli kassa məxaric orderindən görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində zərər dəymiş ”Cadillac CTC” markalı avtomobilin sürücüsü İlham Həsənova iddiaçı tərəfindən 374,23 manat məbləğində sığorta ödənişi ödənilmişdir. İş materiallarına əlavə edilmiş çıxarışla müəyyən edilir ki, buraxılış ili 2012, mühərrik nömrəsi 1111J011517, şassi nömrəsi LZGCL2R45CX010517 olan “Shacman” markalı ** AD *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyətinə məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 11 mart 2024-cü il tarixli, **********7333000 nömrəli məktubundan görünür ki, hüquqi şəxslərin dövlət reyestr məlumatlarında Cavabdeh (VÖEN **********) ləğv olunması barədə heç bir məlumat aşkar edilməmişdir və xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək fəaliyyəti müvəqqəti dayandırılmışdır. Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 888.2-ci maddəsinə əsasən. əmlakın sığortası zamanı əmlakın zədələnməsi, itirilməsi (məhv olması) və çatışmazlığı, eyni zamanda əmlak hüquqlarının itirilməsi ilə bağlı risklər sığortalanır. Həmin Məcəllənin 904.1-ci maddəsinə əsasən, sığorta məbləği sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin son həddidir. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən, sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir. Yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar. Beləliklə, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, 10 iyun 2014-cü il tarixində Bakı şəhəri H.Əliyev prospektində Cavabdeh MMC-yə məxsus olan və həmin MMC-də işləyən Vidadi Əhmədov tərəfindən idarə edilən “Shacman” markalı ** AD *** dövlət qeydiyyat nişanlı avtomobillə ”Cadillac CTC” markalı ** VV *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticədə iddiaçı "xxxx" ASC tərəfindən sığortalanmış ”Cadillac CTC” markalı avtomobilə 730 manat məbləğində maddi zərər dəymişdir. Aralarında bağlanmış sığorta razılaşmasına uyğun olaraq maddi zərər dəymiş avtomobilə iddiaçı tərəfindən 374,23 manat məbləğində sığorta ödənişi ödənilmiş və Mülki Məcəllənin 936.1ci maddəsinə uyğun olaraq iddiaçının subroqasiya qaydasında cavabdehdən həmin məbləğin əvəzini tələb edib almaq hüququ yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 374,23 manat məbləğində borc məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Bundan əlavə, iddia tələbinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan ********** nömrəli ödəniş qəbzi ilə müəyyən edilir ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunan zaman 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir (ödəniş tarixi 09 fevral 2024-cü il, saat 09:36:43). “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda, 30 manat məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iddia təmin edildiyindən istinad olunan qanunvericilik normalarının tələblərinə əsasən məhkəməyə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia təmin edilməli, 374,23 manat məbləğində sığorta ödənişinin və 30 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 404,23 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, eyni zamanda Mülki Məcəllənin 1114.1-ci maddəsində müəyyən edilmiş qaydanı və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad edilən Qərarında təsbit edilmiş hüquqi mövqeni rəhbər tutaraq bildirir ki, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ olduğundan hazırkı iş üzrə cavabdeh də nəqliyyat vasitəsini idarə edən şəxsə qarşı bu cür hüquqa malikdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 284-1-284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyətindən 374,23 (üç yüz yetmiş dörd manat, iyirmi üç qəpik) manat məbləğində sığorta ödənişinin və 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi, cəmi 404,23 (dörd yüz dörd manat, iyirmi üç qəpik) manat məbləğində pul vəsaiti iddiaçı “Bakı Sığorta" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-346/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-346/2024
04.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver