Məhkəmə qərarları › İş №e-2-2(119)-35/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-35/2023

03.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-35/2023 03.02.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı 04 oktyabr 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arasında imzalanmış 11 fevral 2018-ci il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” Müqaviləyə əsasən əvəzsiz istifadəyə verilmiş “DDVC” markalı soyuducunun dəyərinin iki misli həcmində, yəni 3000 (üç min) ABŞ dolları məbləğində pulun və 100 (yüz) manat ödənilmiş mediasiya prosesi ilə bağlı xərcinin cavabdehdən məcburi qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş və həmin iddia ərizəsi – tərəflər arasında bağlanmış 11 fevral 2019-cu il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” Müqavilə əsasında əvəzsiz istifadəyə verilmiş 1500 ABŞ dolları dəyərində “DDVC” markalı soyuducunun Cavabdeh tərəfindən qaytarılmaması ilə əsaslandırılmışdır. Həmin iddia ərizəsinə dair kommersiya işi üzrə məhkəmə araşdırması zamanı İddiaçı tərəfindən 02 fevral 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia tələbinin həcminin azaldılması” barədə ərizə təqdim edilərək, 11 fevral 2019-cu il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” Müqavilə əsasında əvəzsiz istifadəyə verilmiş soyuducunun dəyərinin iki misli həcmində, yəni 1700 (min yeddi yüz) ABŞ dolları və 100 (yüz) manat ödənilmiş mediasiya prosesi ilə bağlı xərcin Cavabdeh məcburi qaydada tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin ərizə - cavabdehə əvəzsiz istifadəyə verilmiş 850 ABŞ dolları dəyərində soyuducunun qaytarılmaması ilə əsaslandırılaraq, həmin ərizə ilə birlikdə məhkəməyə “V/K-374” markalı soyucudunun təhvil verilməsi barədə tərtib olunmuş 30 oktyabr 2019-cu il tarixli "Soyuducunun hərəkət əmri" təqdim olunmuşdur (bu ərizədə tərəflər arasında bağlanmış Müqavilədə qeyd olunmayan 850 ABŞ dolları dəyərində “V/K-374” markalı soyuducunun qaytarılması ilə əlaqədar tələb verilmişdir). İş üzrə 03 fevral 2023-cü il tarixə təyin edilmiş məhkəmə baxış iclasına İddiaçı nümayəndəsi Nümayəndə gəlmiş olsa da, iş üzrə keçirilən məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh isə məhkəmə baxış iclasına gəlməmişdir. Məhkəmə, cavabdehin iştirakı olmadan iş üzrə məhkəmə baxış iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işi baxılmamış saxlanılmalıdır. Belə ki, iddia ərizəsinə əlavə olunmuş 11 fevral 2019-cu il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” Müqavilədən görünür ki, "Azərbaycan Koka-Kola Bottlers Limited” Məhdud Məsuliyyətli Cəmiyyəti – “İstifadəyəverən” və Cavabdeh – “İstifadəçi” olmaqla bağlanmış 11 fevral 2019-cu il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi” haqqında Müqaviləyə əsasən “İstifadəyəverən” özünün istehsal və satışını təşkil etdiyi sərinləşdirici spirtsiz içkilərin “İstifadəçi” tərəfindən üçüncü şəxslərə sərinləşdirilmiş şəkildə satılmasını, satışının həcminin artırılmasını və reklamını təşkil etmək (Müqavilənin 1-ci bəndi) məqsədi ilə “İstifadəyəverən” mülkiyyətində olan 1500 ABŞ dolları dəyərində bir ədəd “DDVC” markalı reklam xarakterli soyuducunu “İstifadəçi”yə əvəzsiz istifadəyə verir və istifadəyə verilən həmin soyuducu üçün heç bir formada istifadə haqqı tələb edilmir (Müqavilənin 2.1.1-ci bəndi). Həmin Müqavilənin 2.9-cu bəndinə əsasən, “İstifadəyəverən” istifadəyə verilən soyuducunun istənilən vaxt geri qaytarılmasını tələb edə bilər. Belə tələb irəli sürüldükdən sonra 3 gün ərzində “İstifadəçi” tərəfindən soyuducu geri qaytarılmadıqda və ya 2.1.2-ci maddənin tələblərinə uyğun olmayan vəziyyətdə geri qaytarıldıqda “İstifadəyəverən”in əmlakın dəyərinin 2 misli həcmində cərimə tələb etmək hüququ yaranır. Həmin Müqavilənin 4.2-ci bəndinə əsasən, müqavilə imzalandığı andan qüvvəyə minir və “İstifadəyəverən” tərəfindən soyuducunun geri verilməsi haqqında tələb irəli sürülənədək qüvvədədir. Müddət bitdikdə tərəflər etiraz etməzsə, müqavilə eyni müddətə yenidən bağlanmış sayılır. İş materiallarında olan, “istifadəyəverən” İddiaçı MMC tərəfindən “istifadəçi” Cavabdeh ünvanlanmış məktubdan (məktubun tarixi və nömrəsi qeyd olunmamışdır) görünür ki, 11 fevral 2019-cu il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” Müqaviləyə istinad edilərək həmin məktubla “İstifadəçi”nin 1500 ABŞ dolları dəyərində bir ədəd “DDVC” markalı soyucudunun “İstifadəyəverən”ə geri qaytarılması haqqında “istifadəçi” Cavabdeh tələb irəli sürülmüşdür. Lakin, həmin məktubun göndərilməsi ilə əlaqədar poçt göndərişi üzrə qaytarılmış “Xəbərnamə” ilə həmin pretenziya məktubunun “istifadəçi” Cavabdeh çatdırılması, eləcə də kim tərəfindən qəbul edilməsi müəyyən olunmur. Lakin, məhkəmə araşdırması zamanı İddiaçı tərəfindən 02 fevral 2023-cü ildə məhkəməyə təqdim olunan “iddia tələbinin həcminin azaldılması” barədə ərizədə isə iddia tələbinin əsaslandırıldığı qaytarılmayan soyuducunun “850 ABŞ dolları dəyərində V/K-374 markalı soyuducu” (30 oktyabr 2019-cu il tarixli "Soyuducunun hərəkət əmri") olduğu qeyd olunmuşdur. Halbuki, tərəflər arasında bağlanmış 11 fevral 2019-cu il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” Müqavilənin özündə 1500 ABŞ dolları dəyərində bir ədəd “DDVC” markalı soyucudunun “İstifadəçi”yə verildiyi və o cümlədən də, həmin Müqavilənin 2.9 və 4.2-ci bəndlərinin tələblərinə əsasən “istifadəyəverən” İddiaçı MMC tərəfindən “istifadəçi” Cavabdeh ünvanlanmış məktubda da “1500 ABŞ dolları dəyərində bir ədəd “DDVC” markalı soyucudunun” “İstifadəyəverən”ə geri qaytarılması tələb olunur. Beləliklə də, iş materialları ilə iddia tələbinin əsaslandırıldığı “850 ABŞ dolları dəyərində V/K-374 markalı soyuducunun” qaytarılması ilə əlaqədar tərəflər arasında bağlanmış 11 fevral 2019-cu il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” Müqavilənin 2.9 və 4.2-ci bəndlərinin tələblərinə uyğun mübahisənin məhkəməyə qədər həll edilməsi (pretenziya) qaydalarına əməl olunması təsdiq edilmir. Yəni, qeyd olunan soyuducuların markaları arasında fərqin olması - hazırkı mübahisə üzrə qanunvericiliyin və tərəflər arasında bağlanmış Müqavilənin tələblərinə uyğun pretenziya qaydalarına əməl edilməsi kimi qəbul oluna bilməz. Çünki, qeyd olunan hallar cavabdehə qarşı verilən iddia tələbi üzrə məhkəməyə qədər nizama salınması qaydasına lazımi qaydada riayət edilmədiyini göstərir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.3-cü maddəsinə əsasən, əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər. Göründüyü kimi, yuxarıda təsvir olunan hallar hazırkı mübahisə ilə əlaqədar məhkəməyə müraciət etməzdən əvvəl iddiaçı tərəfindən Mülki-Prosessual Məcəllənin 4.3cü maddəsinin tələblərinin lazımi qaydada yerinə yetirilmiş olmasını təsdiq etmir. Halbuki, həmin tələblər tərəflər arasında bağlanmış Müqavilənin şərtlərinə uyğun olaraq hazırkı mübahisə ilə əlaqədar məhkəməyə müraciət etməzdən əvvəl iddiaçının yerinə yetirməli olduğu zəruri hərəkətlərdir ki, məlum mübahisə ilə əlaqədar iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh tərəf həmin mübahisədən xəbər tutub, mübahisənin məhkəməyə qədər nizama salınması imkanlarından istifadə edə bilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə - iddia ərizəsi baxılmamış saxlanılır. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehlə mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi tələblərinə müvafiq qaydada yerinə yetirilməməsi - gələcəkdə hazırkı mübahisəni mahiyyəti üzrə həll edəcək məhkəmə aktının qanuniliyini və əsaslılığını şübhə altına ala biləcəyindən, həmin tələblərin yerinə yetirilməsi məqsədi ilə hazırkı mərhələdə İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “pul tələbi” barədə iddia ərizəsi Mülki-Prosessual Məcəllənin 259.0.1-ci maddəsinə əsasən baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Eyni zamanda, məhkəmə iddiaçı tərəfin diqqətinə çatdırmağı lazım bilir ki, Mülki- Prosessual Məcəllənin tələblərinə görə kommersiya mübahisələri ilə əlaqədar işlər üzrə iddiaçı məhkəməyə müraciət edərkən həmin Məcəllənin 149-150-ci maddələrinin müvafiq tələblərini tərəflər arasında bağlanmış 11 fevral 2019-cu il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” Müqavilənin müəyyən etdiyi qaydalara və müqavilə şərtlərinə uyğun lazımi qaydada yerinə yetirməli və bununla bağlı müvafiq sənədləri məhkəməyə təqdim etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259-260, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra iddiaçı ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar