Məhkəmə qərarları › İş №e-2-2(119)-350/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-350/2024

07.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-350/2024 07.06.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı Məhdud Məsuliyyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 Ağaəli qızının, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 15 fevral 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (VÖEN **********) 05 dekabr 2023-cü il tarixli 805-İ/23 nömrəli alqı-satqı müqaviləsinə əsasən yaranmış 18145,25 (on səkkiz min yüz qırx beş manat 25 qəpik) manat əsas borc, 500 (beş yüz) manat dəbbə pulu və ödənilmiş 146 (yüz qırx altı) manat dövlət rüsumu olmaqla, cəmi 18791,25 (on səkkiz min yeddi yüz doxsan bir manat 25 qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında “alkoqollu və alkoqolsuz içki məhsullarının alqı satqısına dair” 05 dekabr 2023-cü il tarixli 805-İ/23 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə görə “Satıcı” özünün idxal etdiyi və ya rəsmi distributoru olduğu sular, spirtli, spirtsiz içkilər və s. məhsullarını “Alıcı”nın sifarişi nəzərə alınmaqla, qaimə-faktura əsasında Alıcıya satmağı öz öhdəsinə götürmüşdür. Lakin, cavabdeh həmin müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyinə görə borcu yaranmışdır. Həmin Müqavilənin 2.4-ci bəndinə görə “alıcı” ya verilən məhsulların bir vahidinin qiyməti və ümumi dəyəri, həmçinin qanunvericiliyə müvafiq olaraq hesablanmış ƏDV faktura ilə müəyyən edilir və alınan malların dəyərinin naqdsız qaydada 30 gün müddətinə ödənilməsini “Alıcı” təmin etməlidir. Müqavilənin 2.5-ci bəndinə görə “Alıcı” tərəfindən təhvil alınan mal(ların) dəyərini bu müqavilənin 2.1-ci bəndində müəyyən edilmiş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün mal(ların) dəyərinin ödənilməmiş qalığının 0,5 % həcmində peniya ödəyir. Müqavilənin 6.2-ci bəndinə görə tərəflərin qarşılıqlı razılıqla həll edilə bilməyən mübahisələr Azərbaycan Respublikasının Qanunvericiliyi əsasında həll olunur. Satıcı İddiaçı MMC tərəfindən təqdim olunmuş 20 dekabr 2023-cü il, 22 dekabr 2023-cü il, 22 dekabr 2023-cü il, 06 dekabr 2023-cü il və 11 dekabr 2023-cü il tarixli elektron qaimələrdən görünür ki, müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyinə görə Cavabdeh 18145,25 manat borcu yaranmışdır. Həmin borcun 10 gün müddətində ödənilməsi ilə bağlı cavabdehə 31 yanvar 2024-cü il tarixdə pretenziya məktubu göndərilmişdir. Lakin, cavabdeh həmin məktubu alsa da, borcu ödəməkdən imtina etmişdir. Həmin iddia ərizəsinə dair kommersiya işi üzrə məhkəmə prosesi başlandıqdan sonra İddiaçı tərəfindən 07 iyun 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia tələbinin həcminin azaldılması” barədə ərizə təqdim edilərək, Cavabdeh (VÖEN **********) 05 dekabr 2023-cü il tarixli 805- İ/23 nömrəli alqı-satqı müqaviləsinə əsasən yaranmış 14155,44 manat əsas borc, 500 manat dəbbə pulu və ödənilmiş 146 manat dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin ərizə - iddia ərizəsi verilərkən alıcı İddiaçı MMC ilə satıcı Cavabdeh arasında imzalanmış 05 iyul 2021-cı il tarixli ***-**** nömrəli alqı-satqı Müqaviləsinə əsasən alınmış mallara görə ödənilmiş məbləğin nəzərə alınmaması və əsas borcun dəqiq müəyyən olunmaması ilə əsaslandırılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçı Məhdud Məsuliyyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib, iddia ərizəsində və “iddia tələbinin həcminin azaldılması” barədə ərizədə yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və Cavabdeh alkoqollu və alkoqolsuz içki məhsullarının alqı satqısına dair bağlanmış 05 dekabr 2023-cü il tarixli 805-İ/23 nömrəli alqı-satqı müqaviləsinə əsasən yaranmış 14155,44 manat əsas borcun, 500 manat dəbbə pulunun və ödənilmiş 146 manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirərək, İddiaçı ona qarşı verilmiş “borcun tutulması” barədə iddia tələbinin təmin olunmaması haqqında qətnamə qəbul olunmasını xahiş etdi və öz mövqeyini onunla əsaslandırdı ki, o, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur və işlətdiyi restoranın fəaliyyəti üçün satıcı İddiaçı Məhdud Məsuliyyyətli Cəmiyyəti ilə “alkoqollu və alkoqolsuz içki məhsullarının alqı satqısına dair” 05 dekabr 2023-cü il tarixli 805-İ/23 nömrəli müqavilə imzalasa da, həmin müqavilə əsasında müxtəlif içkiləri əvvəllər işçisi olmuş Cabir adlı şəxs onun xəbəri olmadan sifariş edib almış və ona heç bir məlumat vermədən istifadə etmişdir. O, iddiaçı tərəfindən satılan içkilərin pulu tələb olunduqda, Cabirin bu alqı-satqısından xəbər tutub, Cabirdən pulun ödənməsini tələb etmişdir. Cabir isə aldığı içkiyə görə müəyyən məbləğdə ödəniş etdiyini və qalan borcunu da ödəyəcəyini bildirmişdir. Buna görə də, o, hesab edir ki, İddiaçı Məhdud Məsuliyyyətli Cəmiyyəti ilə bağlanmış 05 dekabr 2023-cü il tarixli 805-İ/23 nömrəli müqaviləni imzalasa da, həmin müqavilə əsasında yaranmış borcu müqavilədə nəzərdə tutulan müxtəlif içki məhsullarını sifariş edib, qəbul edən şəxs olaraq Cabir ödəməlidir və bu səbəbdən də cavabdeh olaraq ona qarşı yönəlmiş iddia tələbi təmin olunmamalıdır. Çünki, iddiaçı borcunu içkiləri verdiyi Cabirdən tələb etməlidir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini, “iddia tələbinin həcminin azaldılması” barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, satıcı İddiaçı (VÖEN **********) ilə “Alıcı” – hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh (VÖEN **********) arasında 05 dekabr 2023-cü il tarixli 805-İ/23 nömrəli Alqı-satqı Müqaviləsi bağlanmış və həmin Müqavilə imzalanaraq təsdiqləndiyi, hüquqi şəxs olduqda isə möhürləndiyi (bundan sonra "Təsdiqlədiyi”) andan edibarən qüvvəyə minmişdir (1.1-ci bənd). Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən, bu Müqavilə üzrə tərtib olunmuş qaiməfakturalar, elektron-qaimələr, qiymət razılaşma protokolları və əlavələr (bundan sonra “Əlavələr” adlandırılacaq) "Müqavilə”nin ayrılmaz tərkib hissəsini təşkil edir. Həmin Müqavilənin 1.3-cü bəndinə əsasən, tərəflər müqavilənin əlavələrində göstərilmiş malları, onların saylarını, bir vahidi üçün qiymətlərini, ümumi dəyərini, çeşidlərini, göstəriləcək xidmətləri, nəzərdə tutulmuş endirimləri, hesablanmış ƏDV-ni (bundan sonra "Satış şərtləri”) və onların müddətlərini öz aralarında öncədən razılaşdıraraq, təhvil-qəbul prosedurunu həyata keçirməyə razıdırlar. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən, Tərəflərin Müqaviləni təsdiqlədiyi andan etibarən, “Satıcı” rəsmi distribütoru oiduğu və özünün idxal etdiyi suları, şirələri, spirtli, spirtsiz içkilər və s. məhsulları (bundan sonra “ Mallar”) “Alıcı”nın sifarişlərinə əsasən, qaimə-faktura, təhvil-qəbul aktı və (və ya) elektron-qaimə (bundan sonra “Faktura”) əsasında “Alıcı”ya satmağı öz öhdəsinə götürür. Həmin Müqavilənin 2.3-cü bəndinə əsasən, bütün hesablaşmalar Azərbaycan manatı (AZN) ilə həyata keçirilir. Həmin Müqavilənin 2.4-cü bəndinə əsasən, “Alıcı”ya “Faktura” təqdim olunan gündən hesablanmaqla, 30 (otuz) təqvim günü müddətində “Faktura” üzrə göstərilən ümumi məbləği nağdsız qaydada tam şəkildə “Satıcı”nın hesabına ödənilməlidir. Həmin Müqavilənin 2.5-ci bəndinə əsasən, Müqavilənin 2.4-cü bəndinin tələbləri pozulduqda, Alıcı ödənişlərin hər gecikdirilmiş günü üçün malın dəyərinin ödənilməmiş qalığının 0,5 % faiz həcmində peniya ödəyir. Həmin Müqavilənin 2.8-ci bəndinə əsasən, bu müqavilə üzrə ödəniləcək dəbbə pulunun və (və ya) peniyanın ümumi məbləği “Faktura” üzrə təhvil alınmış “Mallar”ın ümumi məbləğindən artıq olmamalıdır. Həmin Müqavilənin 2.9-cu bəndinə əsasən, “Alıcı”ya elektron qaimə-faktura kəsildiyi gündən başlayaraq 4 (dörd) təqvim günü müddətində “Alıcı” həmin elektron qaiməfakturanı işin hallarından aslı olaraq təsdiq və ya ləğv etməlidir. “Alıcı”ya kəsilmiş elektron qaimə-faktura elektron sistem tərəfindən təsdiq edildiyi təqdirdə, elektron qaimə-fakturada göstərilmiş mallar “Alıcı”ya təhvil verilmiş və elektron qaimə-faktura “Alıcı” tərəfindən təsdiqlənmiş hesab olunur. İş materiallarında olan sənədlərlə müəyyən olunur ki, tərəflər arasında bağlanmış 05 dekabr 2023-cü il tarixli 805-İ/23 nömrəli Alqı-satqı Müqaviləsi əsasında satıcı İddiaçı tərəfindən alıcı Cavabdeh (VÖEN **********) müxtəlif adda içkilər satılmış və 05 dekabr 2023-cü il tarixli 805-İ/23 nömrəli Alqı-satqı Müqaviləsi əsasında satıcı İddiaçı tərəfindən alıcı Cavabdeh 06 dekabr 2023-cü il tarixli EBDU 460825 nömrəli Elektron Qaimə üzrə cəmi 4139,97 manat dəyərində, 11 dekabr 2023-cü il tarixli EBDU 808460 nömrəli Elektron Qaimə üzrə cəmi 324 manat dəyərində, 20 dekabr 2023-cü il tarixli EBDV 544163 nömrəli Elektron Qaimə üzrə cəmi 8315,93 manat dəyərində, 22 dekabr 2023-cü il tarixli EBDV 743388 nömrəli Elektron Qaimə üzrə cəmi 5291,95 manat dəyərində və 22 dekabr 2023cü il tarixli EBDV 742482 nömrəli Elektron Qaimə üzrə cəmi 74,4 manat dəyərində olmaqla, ümumilikdə cəmi 18146,25 (on səkkiz min yüz qırx altı manat 25 qəpik) manat dəyərində müxtəlif içki məhsulların satılması ilə əlaqədar müvafiq qaydada tərtib olunaraq təsdiq edilmiş yuxarıda qeyd olunan Elektron Qaimələr təqdim olunmuşdur. İş materiallarında olan 23 dekabr 2023-cü il tarixli O121-734 nömrəli Satış Fakturası ilə müəyyən olunur ki, Satıcı tərəfindən Alıcıya bir ədədinin qiyməti 3,1 manat olmaqla 24 ədəd "Corona Extra 0,355 L" içkisi satılmış və bundan sonra müştərinin cari qalıq borcu 14155,44 (on dörd min yüz əlli beş manat 44 qəpik) manat məbləğində olmuşdur (həmin faktura – “malları təhvil alan şəxs” qismində “Cabir” adlı şəxsin adı qeyd olunaraq imzalanmışdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, işin konkret halları ilə müəyyən olunur ki, 05 dekabr 2023-cü il tarixli 805-İ/23 nömrəli alqı-satqı Müqaviləsi üzrə almış olduğu mallara görə cəmi 14155,44 (on dörd min yüz əlli beş manat 44 qəpik) manat məbləğində əsas borc alıcı Cavabdeh tərəfindən satıcı İddiaçınə ödənilməmişdir. Buna görə də, hazırkı iş üzrə iddiaçı tərəfindən verilən “iddia tələbinin həcminin azaldılması” barədə ərizədə 05 dekabr 2023-cü il tarixli 805-İ/23 nömrəli Alqı-satqı Müqaviləsi üzrə 14155,44 manat məbləğində əsas borcun, 500 manat dəbbə pulunun və 146 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq İddiaçınə ödənilməsi xahiş olunmuşdur. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar İddiaçı MMC tərəfindən Cavabdeh müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunarkən iddiaçı tərəfindən 146 (yüz qırx altı) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, 05 dekabr 2023-cü il tarixli 805-İ/23 nömrəli alqı-satqı Müqaviləsi üzrə öz öhdəliyini lazımi qaydada yerinə yetirmədiyinə görə, həmin Müqavilə üzrə alınmış mallar üçün ödənilməmiş 14155,44 (on dörd min yüz əlli beş manat 44 qəpik) manat məbləğində əsas borcun Cavabdeh oğlundan İddiaçı MMC-nin xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iddianın cavabdehdən “500 (beş yüz) manat məbləğində dəbbə pulunun tutulması” tələbinə aid hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla iddia ərizəsində tələb olunan dəbbə pulu məbləği azaldılaraq, cavabdehdən cəmi 50 (əlli) manat məbləğində dəbbə pulu tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh oğlundan (VÖEN **********) 14155,44 manat məbləğində əsas borc və 50 manat məbləğində dəbbə pulu İddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Həmçinin, hazırkı iddia tələbinin təmin olunmuş hissəsi üzrə hesablanan 132,62 (yüz otuz iki manat 62 qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi də Cavabdeh tutularaq, İddiaçınə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh oğlundan (VÖEN **********) 14155,44 (on dörd min yüz əlli beş manat 44 qəpik) manat məbləğində əsas borc, 50 (əlli) manat məbləğində dəbbə pulu və ödənilmiş dövlət rüsumunun 132,62 (yüz otuz iki manat 62 qəpik) manat məbləğində əvəzi olmaqla, cəmi 14338,06 (on dörd min üç yüz otuz səkkiz manat 06 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar