Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-351/2024 07.03.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, Maraqlı şəxsin iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xüsusi icraat qaydasında maraqlı şəxsə qarşı verilmiş "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizəyə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) 25 yanvar 2024-cü il tarixinə hesablanmış dövlət büdcəsinə olan 1409,39 (min dörd yüz doqquz manat, otuz doqquz qəpik) manat məbləğində vergi borcu, Dövlət Sosial Müdafiə Fonduna olan 1578,07 (min beş yüz yetmiş səkkiz manat, yeddi qəpik) manat məbləğində borcun, İcbari Tibbi Sığorta Fonduna olan 5,24 (beş manat, iyirmi dörd qəpik) manat məbləğində borcun və İşsizlikdən Sığorta Fonduna olan 1,21 (bir manat, iyirmi bir qəpik) manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri - xx xxxx 1980-ci il təvəllüdlü Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının ərizəçinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən işə ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs icra orqanının rəhbəri olduğu hüquqi şəxsin mühasibatlıq işi ilə məşğul olan əməkdaşının vergi və digər məcburi dövlət öhdəlikləri ilə bağlı borclarının mövcud olması barədə ona məlumat verməməsi və onun özünün də vergi qanunvericiliyindən məlumatsız olması səbəbindən ərizədə qeyd olunan borc məbləğlərinin yarandığını göstərdi və həmin borcları tam ödədiyini qeyd edərək ərizənin təmin edilməməsini xahiş etdi. Məhkəmə, proses iştirakçısını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizə təmin edilməməlidir. Belə ki, ərizənin məzmunu və iş materialları ilə müəyyən olunur ki, vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyinə görə xx xxxx 1980-ci il təvəllüdlü Maraqlı şəxs icra orqanının rəhbəri olduğu hüquqi şəxs "xxxx" MMC-nin 25 yanvar 2024-cü il tarixinə hesablanmış dövlət büdcəsinə 1409,39 manat məbləğində vergi borcu, Dövlət Sosial Müdafiə Fonduna 1578,07 manat məbləğində borcu, İşsizlikdən Sığorta Fonduna 1,21 manat məbləğində borcu və İcbari Tibbi Sığorta Fonduna 5,24 manat məbləğində borcunun olması barədə hazırkı ərizə ilə 15 fevral 2024-cü ildə məhkəməyə müraciət edilmişdir. Lakin həmin ərizə üzrə aparılan məhkəmə araşdırması zamanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin internet səhifəsində (https://www.etaxes.gov.az/ebyn/vergiBorcu.html) müvafiq axtarış aparıldıqda müəyyən olunur ki, vergi ödəyicisi "xxxx" MMC-nin (VÖEN: **********) 07 mart 2023-cü il tarixə ödənilməmiş cəmi 63,51 (altmış üç manat, əlli bir qəpik) manat məbləğində vergi borcu vardır (qeyd olunan məlumat bir gün əvvəlin borcunu əks etdirir). Bundan əlavə, həmin ərizə üzrə aparılan məhkəmə araşdırması zamanı Maraqlı şəxs tərəfindən məhkəməyə təqdim edilmiş 23 fevral 2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzi ilə müəyyən olunur ki, vergi ödəyicisi olan "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin DSMF-nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinin hesabına 23 fevral 2024-cü il tarixdə 1671,84 (min altı yüz yetmiş bir manat, səksən dörd qəpik) manat məbləğində, 23 fevral 2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzi ilə müəyyən olunur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin hesabına 23 fevral 2024-cü il tarixdə 1504,83 (min beş yüz dörd manat, səksən üç qəpik) manat məbləğində, 23 fevral 2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzi ilə müəyyən olunur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin DSMF-nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinin hesabına 23 fevral 2024-cü ildə 1,21 (bir manat, iyirmi bir qəpik) manat məbləğində, 23 fevral 2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzi ilə müəyyən olunur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin hesabına 23 fevral 2024-cü il tarixdə 5,23 beş manat, iyirmi üç qəpik) manat məbləğində ödənişlər edilmişdir. Yəni, hazırkı ərizə məhkəmənin icraatına daxil olduqdan sonra Maraqlı şəxs icra orqanının rəhbəri olduğu hüquqi şəxs "xxxx" MMC-nin 25 yanvar 2024cü il tarixinə hesablanmış dövlət büdcəsinə olan 1409,39 manat məbləğində vergi borcu, Dövlət Sosial Müdafiə Fonduna olan 1578,07 manat məbləğində borcu, İcbari Tibbi Sığorta Fonduna olan 5,24 manat məbləğində borcu və İşsizlikdən Sığorta Fonduna olan 1,21 manat məbləğində borcu tam ödənilmişdir. Ona görə də, hazırkı ərizə üzrə həmin vergi ödəyicisinin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması - mütənasib və tətbiq edilməsi zəruri olan tədbir hesab edilə bilməz. Yəni, hazırkı ərizədə qeyd olunan məlum borclar artıq mövcud olmadığından, həmin vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququqnun müvəqqəti məhdudlaşdırılması zərurəti aradan qalxmışdır. Azərbaycan Respublikası Konstitusiyanın 28-ci maddəsinin 3-cü hissəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 12-ci maddəsinə əsasən, hər hansı bir ölkənin ərazisində qanuni surətdə olan hər kəsin həmin ölkənin hüdudlarında sərbəst şəkildə yer dəyişmək və yaşayış yeri seçmək hüququ var; Hər bir insanın, öz ölkəsi də daxil olmaqla, hər hansı bir ölkəni tərk etmək hüququ var; Yuxarıda xatırlanan hüquqlar qanunda nəzərdə tutulan, dövlət təhlükəsizliyinin, ictimai asayişin, əhalinin sağlamlığının, yaxud mənəviyyatının, yaxud başqalarının hüquq və azadlıqlarının və bu Paktda tanınan hüquqlara uyğun digər hüquqların qorunması üçün zəruri olan məhdudiyyətlərdən başqa, məhdudiyyət obyekti ola bilməz; Heç kəs özbaşına öz ölkəsinə gəlmək hüququndan məhrum edilə bilməz. Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Komitəsinin Beynəlxalq Paktın 12-ci maddəsinə dair qəbul etdiyi 02 noyabr 1999-cu il tarixli 27 saylı X2 göstərilir ki, həmin maddə ilə təmin olunmuş hüquqlara aid icazə verilən məhdudiyyətlər hərəkət sərbəstliyi prinsipini sarsıtmamalıdır. Bu hüquqlara dair məhdudiyyətlərin məqbul sayılması üçün onlar qanunvericilikdə nəzərdə tutulmalı, demokratik cəmiyyətdə Paktın 12-ci maddəsinin 3-cü bəndində göstərilən məqsədlərə nail olmaq üçün zəruri olmalı və Paktda göstərilən bütün digər hüquqlara uyğun gəlməlidir. Dövlətlər Paktın 12-ci maddəsinin 3-cü bəndində icazə verilmiş məhdudiyyətləri əks etdirən qanunları qəbul edərkən, hər zaman bu məhdudiyyətlərin nəzərdən keçirilən hüququn mahiyyətinə toxunmaması prinsipini rəhbər tutmalıdırlar. Məhdudlaşdırıcı tədbirlər mütənasiblik prinsipinə uyğun gəlməlidir; onlar müdafiə funksiyalarının yerinə yetirilməsi üçün yararlı olmalıdır; arzu edilən nəticəyə gətirib çıxara bilən bütün vasitələr sırasında onlar ən az məhdudlaşdırıcı vasitə olmalı və müdafiə olunan maraqlarla mütənasib olmalıdır. Mütənasiblik prinsipinə təkcə müvafiq məhdudiyyətin nəzərdə tutulduğu qanunvericilikdə deyil, həmçinin həmin qanunvericiliyin tətbiq edilməsi prosesi çərçivəsində inzibati və məhkəmə hakimiyyəti orqanlarında da əməl olunmalıdır. İnsan Hüquqlarının və X1 haqqında Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinə əsasən, qanuni əsaslarla hər hansı dövlətin ərazisində olan hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ vardır. Hər kəs öz ölkəsi də daxil olmaqla, hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa, heç bir məhdudiyyət qoyula bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 305, 355-5, 355-6, 355-7, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-351/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-351/2024
07.03.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver