Məhkəmə qərarları › İş №e-2-2(119)-352/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-352/2025

01.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-352/2025 01.05.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, X2 qızının katibliyi ilə, İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 16 mart 2023-cü il tarixli təchizat müqaviləsi üzrə 8600 (səkkiz min altı yüz) ABŞ dolları məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, nümayəndələri məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə tərəflərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, iddiaçının nümayəndəsi 10 fevral 2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, ərizənin məzmununda müdafiəçi olduğu cinayət işi üzrə ibtidai istintaqda olduğu üçün məhkəmə hazırlıq iclasında iştirak edə bilməyəcəyini qeyd etmiş və məhkəmədən 10 fevral 2025-ci il tarixli məhkəmə hazırlıq iclasının onun iştirakı olmadan keçirilərək məhkəmə baxışı iclasının təyin edilməsini xahiş etmişdir. Həmin tarixdə keçirilən iclas iddiaçının nümayəndəsinin ərizəsi nəzərə alınaraq 07 mart 2025-ci il tarixinə təxirə salınmışdır. İddiaçının nümayəndəsi 10 aprel 2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, ərizənin məzmununda digər məhkəmədə keçirilən iclasda iştirak etdiyi üçün məhkəmə hazırlıq iclasında iştirak edə bilməyəcəyini qeyd etmiş və məhkəmədən 10 aprel 2025-ci il tarixli məhkəmə hazırlıq iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Həmin tarixdə keçirilən iclas iddiaçının nümayəndəsinin ərizəsi nəzərə alınaraq 24 aprel 2025-ci il tarixinə təxirə salınmışdır. Həmin iddia ərizəsinə dair kommersiya işi üzrə 24 aprel 2025-ci il və 01 may 2025-ci il tarixlərinə təyin edilmiş məhkəmə hazırlıq iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı (nümayəndəsi) məhkəmə hazırlıq iclaslarına gəlməmiş, o cümlədən gəlməməsinin səbəblərinin üzürlü olması barədə hər hansı sübut (sübutlar) təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.4-cü maddəsinə əsasən, tərəflər və yaxud, iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Həmin Məcəllənin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 10 nömrəli Qərarının 5-ci bəndində məhkəmələrə izah edilir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Beləliklə, yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanmalıdır. Mülki Prosessual Məcəllənin 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D I: İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya izah edilsin ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar