Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-354/2020 12.08.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Tağıyev Xəqani Qəhrəman oğlunun sədrliyi, Ağayeva Elnarə Nəriman qızının katibliyi ilə, İddiaçı Nümayəndə MMC-nin nümayəndəsi X2, Cavabdeh “xxxxxxxxxxxxxxx” ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Nümayəndə MMC-nin cavabdeh “xxxxxxxxxxxxxxx” ASC-yə qarşı borc tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Nümayəndə MMC cavabdeh “xxxxxxxxxxxxxxx” ASC-yə qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Nümayəndə MMC (“xxxxxxxxxxxx” MMCnin hüquq varisi) ilə “xxxxxxxxxxxxxxx” ASC arasında bağlanmış AS 003/0115 nömrəli, xx xxxxxx 2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, iddiaçı öz istehsalı olan müvafiq həcmdə beton məhsulunu cavabdehə təhvil vermişdir. Cavabdeh həmin müqavilə üzrə iddiaçıdan aldığı malın dəyərini qismən ödəmiş, lakin iddiaçıya ümumilikdə 17.955,94 manat ödənilməyən borcu qalmışdır.Müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi, yəni iddiaçıya olan qalıq borcunun ödənilməsi məqsədilə cavabdehə pretenziya məktubu göndərilsə də, cavabdeh borcunun tam şəkildə ödənilməsini təmin etməmişdir. Odur ki, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq, iddiaçı məhkəmədən cavabdeh “xxxxxxxxxxxxxxx” ASC-dən 17.955,94 (on yeddi min doqquz yüz əlli beş manat, doxsan dörd qəpik) manat qalıq borcun, gecikdirilmiş müddət üçün 1795,59 (min yeddi yüz doxsan beş manat, əlli doqquz qəpik) manat cərimənin və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzinin, cəmi 19.781,53 (on doqquz min yeddi yüz səksən bir manat, əlli üç qəpik) manat məbləğində pulun tutularaq, iddiaçı Nümayəndə MMC-yə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı Nümayəndə MMC-nin nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmədə cavabdeh “xxxxxxxxxxxxxxx” ASC-nin nümayəndəsi X3 iddia ərizəsini qəbul etməyərək bildirmişdir ki, “xxxxxxxxxxxxxxx” ASC-nin təsisçisi əvvəllər başqa LTD olmuş və iddia edilən borc məbləği hazırkı rəhbərliyin fəaliyyəti dövründə yaranmamışdır. Əvvəlki sahibkarlar müəssisəni satanda borc müəyyən olunmamış və öhdəliklərin qəbulu ilə bağlı cavabdehə heç bir sənəd təqdim edilməmişdir. Bundan başqa, o, iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim edərək, vurğulamışdır ki, tərəflər arasında müqavilə xx xxxxxx 2015-ci ildə bağlanılıb, müqavilə üzrə ödənişlər ən gec halda 2015-ci ilin aprel ayının ilk həftəsində icra olunmalı idi. Hazırkı iddia ərizəsi ilə 2020-ci ilin may ayında məhkəməyə müraciət edilib. Müqavilə təlıəbləri üzrə iddia müddəti üç ildir. Buna görə o, iddia müddətinin keçməsini əsas gətirərək, iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə bununla əlaqədar iddiaçının nümayəndəsi X4 2017-ci ildə eyni tələblə məhkəməyə müraciət etdiklərini və ona görə, iddia müddətinin tətbiq edilməli olmadığını bildirmişdir. Məhkəmədə cavabdehin nümayəndəsi X3 “xxxxxxxxxxxxxxx” ASC-yə qarşı eyni tələb üzrə iddia ərizəsinin baxılmamış saxlanması barədə xx.xx.2017-ci il tarixli məhkəmə qərardadının olmasını əsas gətirərək, Mülki Məcəllənin 381.1-ci maddəsinə əsasən iddia müddətinin axımının kəsilmədiyini bildirmişdir. Məhkəmə tərəfləri dinləyib, cavabdehin ərizəsini nəzərə alıb, iş materiallarını və təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Nümayəndə MMC-nin xx xxxxx 2019-cu il tarixli nizamnaməsindən görünür ki, Cəmiyyət “xxxxxxxxxxxx” MMC-nin tam hüquq varisidir. İş materiallarından görünür ki, “xxxxxxxxxxxx” MMC (Nümayəndə MMC) ilə “xxxxxxxxxxxxxxx” ASC arasında xx xxxxxx 2015-ci il tarixdə AS 003/0115 nömrəli alqısatqı müqaviləsi bağlanmışdır. İş materiallarında olan AS 003/0115 nömrəli, xx xxxxxx 2015-ci il tarixli alqı-satqı müqaviləsinə Əlavənin 1.3-cü bəndinə görə alıcıya təhvil verilmiş malların qiyməti aylıq şəkildə ödənilir və bir ay ərzində təhvil verilmiş malların qiyməti növbəti ayın ilk həftəsi ərzində həmin malların alıcıya verilməsinə dair təhvil təslim aktlarına və qaimə-fakturalara əsasən verilmiş hesab-fakturalara əsasən nağd və ya köçürmə yolu ilə ödənilməlidir. İş materiallarında olan xx xxxxxx 2017-ci il tarixli, 2-2(85)-415/2017 №-li qərardaddan görünür ki, iddiaçı “xxxxxxxxx” MMC-nin (Nümayəndə MMC) cavabdeh “xxxxxxxxxxxxxxx” ASC-yə qarşı cavabdehdən 17.955,94 (on yeddi min doqquz yüz əlli beş manat, doxsan dörd qəpik) manat qalıq borcun, gecikdirilmiş müddət üçün 1795,59 (min yeddi yüz doxsan beş manat, əlli doqquz qəpik) manat cərimənin və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzinin, cəmi 19.781,53 (on doqquz min yeddi yüz səksən bir manat, əlli üç qəpik) manat məbləğində pulun tutulması tələbinə dair iddia ərizəsi iddiaçının və cavabdehin nümayəndələri gəlmədiyinə görə Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin qərarı ilə baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1.-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəyə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəyə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 381.1-ci maddəsinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı ilə “xxxxxxxxxxxxxxx” ASC arasında bağlanmış alqı-satqı müqaviləsi əsasında iddiaçı öz istehsalı olan müvafiq həcmdə beton məhsulunu cavabdehə təhvil vermişdir. Cavabdeh həmin müqavilə üzrə iddiaçıdan aldığı malın dəyərini qismən ödəsə də, iddiaçıya ödənilməyən borcu qalmışdır. Lakin, Nümayəndə MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edən vaxt artıq iddia müddəti ötmüşdür. Çünki, tərəflər arasında alqı-satqı müqaviləsi xx.xx.2015-ci ildə bağlanmış, müqavilə öhdəliyi 1 ay ərzində icra edilməli olduğu halda yerinə yetirilməmişdir. İddiaçının cavabdeh “xxxxxxxxxxxxxxx” ASC-yə qarşı hazırkı iddia ərizəsi isə xx.xx.2020-ci il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Göründüyü kimi, öhdəliyin pozulmasından 5 ildən artıq vaxt keçmişdir. Müqavilə öhdəlikləri üzrə isə iddia müddəti 3 il təşkil edir. Məhkəmədə iddiaçının nümayəndəsi “xxxxxxxxxxxxxxx” ASC-yə qarşı eyni tələb üzrə iddia ərizəsinin baxılmamış saxlanması barədə xx.xx.2017-ci il tarixli məhkəmə qərardadının olmasını əsas gətirərək iddia müddətinin axımının kəsildiyini bildirmişdir. Lakin, Mülki Məcəllənin 381.1-ci maddəsinə əsasəniddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam etdiyindən bu, iddia müddətinin axımının kəsilməsi üçün əsas ola bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia müddəti tətbiq edilməklə hazırkı iddia rədd olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Nümayəndə MMC-nin cavabdeh “xxxxxxxxxxxxxxx” ASC-yə qarşı borc tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Hakim : Xəqani Tağıyev
Məhkəmə qərarları › İş №e-2-2(119)-354/2020
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-354/2020
12.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver