Məhkəmə qərarları › İş №e-2-2(119)-357/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-357/2024

15.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-357/2024 15.03.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı “X7 LTD" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh qarşı verilmiş “alqı-satqı müqaviləsi üzrə borcun və digər ödənişlərin tutulması” tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı “ X7 LTD" Məhdud Məsuliyyətli Cəmiyyəti “Elektron məhkəmə” İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “alqı-satqı müqaviləsi üzrə borcun və digər ödənişlərin tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aralarında bağlanmış alqı-satqı müqaviləsi üzrə 3599,96 (üç min beş yüz doxsan doqquz manat, doxsan altı qəpik) manat məbləğində borc, 359,99 (üç yüz əlli doqquz manat, doxsan doqquz qəpik) manat məbləğində dəbbə pulu, həmçinin 70 (yetmiş) manat məbləğində mediasiya xərcinin əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, aralarında bağlanmış 29 may 2021ci il tarixli 614/M21 nömrəli alqı-satqı müqaviləsinə əsasən cavabdeh iddiaçıya məxsus müxtəlif adlı və çeşidli məhsulları sifariş verərək təhvil alsa da, həmin malların dəyərini hazırkı vaxtadək tam ödəməmiş, nəticədə onun 3599,96 manat məbləğində borcu yaranmışdır. Məhkəmə iddiaçının cavabdehə qarşı iddia ərizəsinə dair kommersiya işinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş, bununla əlaqədar Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik iddialara dair işlər üzrə ərizəni və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçı ilə cavabdeh arasında bağlanmış 29 may 2021-ci il tarixli 614/M21 nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, satıcı (iddiaçı “X7 LTD") alıcının (Cavabdeh) sifarişi əsasında malları alıcıya satır. alıcı isə malların dəyərini nağd və ya müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən X1 şərtlərinə əsasən satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən, malların adları, çeşidinə müvafiq olaraq standart qiymətləri, müqavilə üzrə ödəniş və digər kommersiya şərtləri X2 göstərilir. Satıcı X3nda göstərilən qiymətləri birtərəfli qaydada dəyişə bilər və alıcı belə dəyişikliyi qəbul etməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən, hazırkı müqavilə üzrə ayrı-ayrı partiyalarla təchiz olunan malların adı, miqdarı, çeşid və dəyəri tərəflərin təsdiq etdiyi qaimə-fakturaya əsasən tənzimlənir. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən, mallar sifariş olunduqdan sonra satıcı alıcıya qaimə-faktura təqdim edir. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən, alıcı malların dəyərini nağd və ya bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən X1 şərtlərinə əsasən satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən, alıcı kreditlə aldığı malların dəyərini bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən müvafiq X1 müəyyən edilmiş müddət ərzində ödəmədikdə satıcı alıcıdan gecikdirilmiş hər gün üçün ödənilməyən məbləğin 0.2% həcmində dəbbə pulu tələb etmək hüququna malikdir. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən, dəbbə pulunun maksimal həddi ödənişi gecikdirilmiş Malların ümumi məbləğinin 10 (on) % miqdarında müəyyən edilir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 03 nömrəli “X5”ndan görünür ki, tərəflər aralarında bağlanmış 29 may 2021-ci il tarixli, 614/M21 nömrəli alqı-satqı müqaviləsi üzrə 5000 manat məbləğində malın 21 günə ödənilməsini razılaşdırmışlar. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 3 nömrəli “X3”ndan görünür ki, tərəflər siyahısı həmin protokolda göstərilmiş malların dəyəri olan 5000 manat məbləğində pul vəsaitinin maksimum ödəniş günü kimi 21 gün müddətinə ödənilməsini razılaşdırmışlar. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 1 nömrəli “X6”ndan görünür ki, tərəflər siyahısı həmin protokolda göstərilmiş malların dəyəri olan 5000 manat məbləğində pul vəsaitinin maksimum ödəniş günü kimi 31 gün müddətinə ödənilməsini razılaşdırmışlar. İş materiallarında olan 01 dekabr 2021-ci il tarixli 439349 və 439350 nömrəli malların təhvil-qəbul aktlarına əsasən 3680,64 manat dəyərində, 03 dekabr 2021-ci il tarixli 420460 və 420461 nömrəli malların təhvil-qəbul aktlarına əsasən 1828,38 manat dəyərində, 07 dekabr 2021-ci il tarixli 492700 və 492701 nömrəli malların təhvil-qəbul aktlarına əsasən 2870,89 manat dəyərində və 14 dekabr 2021-ci il tarixli 488259 və 488260 nömrəli malların təhvil-qəbul aktlarına əsasən 4772,24 manat dəyərində olan və siyahısı həmin aktlarda göstərilmiş mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə iddiaçı müqavilə dövrü ərzində cavabdehi ümumi dəyəri 175721,31 manat olan müxtəlif mallarla təchiz etmiş, cavabdeh həmin mallara görə 172121,35 manat məbləğində ödəniş etmiş, nəticədə cavabdehin iddiaçıya 3599,96 manat məbləğində borcu yaranmışdır. Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 427.4-cü maddəsinə əsasən, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında 29 may 2021-ci il tarixli 614/M21 nöməli alqı-satqı müqaviləsi bağlanılmış, müqavilə öhdəliklərinə uyğun olaraq satıcı qismində olan iddiaçı həmin müqavilənin predmeti olan malları cavabdehin mülkiyyətinə versə də, alıcı qismində iştirak edən cavabdeh müqavilə öhdəliklərinə riayət etməyərək həmin malların dəyərini iddiaçıya tam ödəməmiş, nəticədə onun iddiaçıya 3599,96 manat məbləğində borcu yaranmışdır. Bu hal yuxarıda istinad edilən sübutlarla tam sübut olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 29 may 2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 3599,96 manat məbləğində borc məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. İddia tələbinin cavabdehdən 359,99 manat məbləğində dəbbə pulunun tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, onun özü tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliyin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini də tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunanlarla bağlı məhkəmə hesab edir ki, tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbəti, o cümlədən həm kreditorun, həm də ki, borclunun əmlak mənafeləri və işin digər halları nəzərə alınmaqla nəzərə alınmaqla, iddia tələbinin cavabdehdən 359,99 manat məbləğində dəbbə pulunun tutulmasına aid hissəsi qismən təmin olunmalı, tələb olunan dəbbə pulunun məbləği azaldılaraq cavabdehdən cəmi 180 manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bundan əlavə, iddia tələbinin ödənilmiş 70 manat məbləğində mediasiya xərcinin əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə hissəsinə gəldikdə, iş materiallarında olan 10 yanvar 2024-cü il tarixli MŞQ/MT-027/2024-02116 nömrəli “Mediasiya prosesinə xitam verilməsi haqqında protokol”a və 29 dekabr 2023-cü il tarixli, 2356 nömrəli ödəniş qəbzinə əsasən, müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət edilməmişdən əvvəl cavabdehlə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədilə iddiaçı tərəfindən 70 manat məbləğində mediasiya xərci ödənilmişdir. “Mediasiya haqqında” 29 mart 2019-cu il tarixli Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qeyd edilməlidir ki, iş materiallarına mediasiya prosesinə xitam verilməsi haqqında protokolla eynitarixli və eyninömrəli olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış əlavə edilsə də, hər iki sənədin üzərinə vurulmuş holoqramdakı nömrələrin ardıcıllığına əsasən müəyyən edilir ki, mediasiya prosesinə xitam verilməsi haqqında protokol ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan sonra tərtib edilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 32-ci maddəsinə əsasən hazırlanmış, 3 nüsxədə tərtib edilmiş və Qusar 1 saylı Mediasiya təşkilatının mediatoru tərəfindən müvafiq qaydada möhürlənərək imzalanmış sözügedən protokolun məzmunundan aydın olur ki, iddiaçı və cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmişlər. Bununla əlaqədar məhkəmə hesab edir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, iddia tələbinin 70 manat məbləğində mediasiya xərcinin əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə hissəsi də qismən təmin edilməli, mediasiyaya çəkilən xərc tərəflər arasında bərabər şəkildə bölüşdürülərək cavabdehdən həmin xərcin yarısı, yəni 35 manatlıq hissəsinin əvəzi tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, yuxarıda qeyd edilən 29 may 2021-ci il tarixli nömrəli alqı-satqı müqaviləsi üzrə 3599,96 manat məbləğində borc, 180 manat məbləğində dəbbə pulu, həmçinin 35 manat məbləğində mediasiya xərcinin əvəzi, cəmi 3814,96 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Bunlardan başqa, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda, 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlar nəzərə alınaraq, hazırkı iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 57,79 manat təşkil etdiyindən, həmin məbləğdə pul vəsaiti cavabdehdən dövlət mədaxilinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 284-1–284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 29 may 2021-ci il tarixli nömrəli alqı-satqı müqaviləsi üzrə 3599,96 (üç min beş yüz doxsan doqquz manat, doxsan altı qəpik) manat məbləğində borc, 180 (yüz səksən) manat məbləğində dəbbə pulu, həmçinin 35 (otuz beş) manat məbləğində mediasiya xərcinin əvəzi, cəmi 3814,96 (üç min səkkiz yüz on dörd manat, doxsan altı qəpik) manat məbləğində pul vəsaiti iddiaçı “X7 LTD" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət nəfinə 57,79 (əlli yeddi manat, yetmiş doqquz qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar