Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-359/2024 26.04.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “müqavilə üzrə borcun və digər ödənişin tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı 15 fevral 2024-cü il tarixində “Elektron məhkəmə” İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdehnə qarşı “müqavilə üzrə borcun və digər ödənişin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aralarında bağlanmış 23 yanvar 2023-cü il tarixli müqavilə üzrə 3235 (üç min iki yüz otuz beş) manat məbləğində borcun, həmçinin 53 (əlli üç) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı cavabdehin verdiyi sifarişlər əsasında müqavilə öhdəliyinə uyğun olaraq ona müvafiq xidmətlər göstərmiş, lakin cavabdeh göstərilmiş xidmətlər müqabilində ödəməli olduğu ödənişləri tam ödəməyərək müqavilə öhdəliyini lazımınca yerinə yetirməmişdir. Cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı 06 mart 2024-cü il tarixində iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən 3235 manat məbləğində pulun, həmçinin hüquqi yardımın göstərilməsi ilə bağlı ödənilmiş 300 (üç yüz) manat məbləğində pul vəsaitinin və 53 manat məbləğində dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi 26 aprel 2024-cü il tarixində tarixində məhkəməyə ərizə ilə müraciət edərək iş üzrə iddia tələbini müdafiə etdiklərini bildirmiş və məhkəmədən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə baxış iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 23 yanvar 2023-cü il tarixli BNFFC-MTZ-01 nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən, icraçı (İddiaçı MMC) sifarişçinin (Cavabdeh MMC-nin) müqaviləyə əlavə olunan və onun ayrılmaz hissəsi sayılan əlavələrdə göstərilən avadanlıqların texniki şərtlərə uyğun əsaslı təmirini öz öhdəsinə götürür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən sifarişçi müqavilədə göstərilən məbləği işlər yerinə yetirildikdən sonra 5 bank günü müddətində icraçıya ödəyir. İş materiallarında olan 23 yanvar 2023-cü il tarixli, BNF-MTZ-01 nömrəli hesabfakturaya əsasən 550 manat məbləğində, 25 yanvar 2023-cü il tarixli, BNF-BES-01 nömrəli hesab-fakturaya əsasən 256 manat məbləğində, 20 aprel 2023-cü il tarixli, BNF- MTZ-02 nömrəli hesab-fakturaya əsasən 1825 manat məbləğində, 25 aprel 2023-cü il tarixli, BNF-MTZ-03 nömrəli hesab-fakturaya əsasən 310 manat məbləğində, 24 may 2023-cü il tarixli, BNF-MTZ-04 nömrəli hesab-fakturaya əsasən 340 manat məbləğidə, 30 may 2023-cü il tarixli, BNF-MTZ-05 nömrəli hesab-fakturaya əsasən 210 manat dəyərində olan xidmətlər iddiaçı tərəfindən cavabdehə göstərilmişdir. İş materiallarında olan 23 yanvar 2023-cü il tarixli 01 nömrəli əlavəyə (X1) əsasən 550 manat, 25 yanvar 2023-cü il tarixli 01 nömrəli əlavəyə (X1) əsasən 256 manat, 20 aprel 2023-cü il tarixli 02 nömrəli əlavəyə (X1) əsasən 1825 manat, 25 aprel 2023-cü il tarixli 03 nömrəli əlavəyə (X1) əsasən 310 manat, 25 may 2023-cü il tarixli 04 nömrəli əlavəyə (X1) əsasən 340 manat, 30 may 2023-cü il tarixli 05 nömrəli əlavəyə (X1) əsasən 210 manat məbləğində malın dəyəri tərəflər arasında razılaşdırılmışdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə 550 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 27 yanvar 2023-cü il tarixli EBCN seriyalı 756448 nömrəli, 1825 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 03 aprel 2023-cü il tarixli EBDC seriyalı 761036 nömrəli, 210 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 03 iyun 2023-cü il tarixli EBDH seriyalı 068497 nömrəli, 340 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 13 iyul 2023-cü il tarixli EBDJ seriyalı 836583 nömrəli və 310 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 13 iyu 2023-cü il tarixli EBDJ seriyalı 836054 nömrəli elektron qaimələr təqdim edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş götməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Göründüyü kimi, yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında 23 yanvar 2023-cü il tarixli BNFFC-MTZ-01 nömrəli podrat müqaviləsi bağlanılmış, həmin müqavilə üzrə icraçı qismində çıxış edən iddiaçı cavabdehin sifarişləri əsasında müxtəlif xidmətlər göstərərək müqavilə öhdəlikləri yerinə yetirsə də, cavabdeh göstərilən xidmətlərin dəyərini tam ödəməyərək müqavilə öhdəliklərini lazımınca icra etməmiş, nəticədə onun iddiaçıya 3235 manat məbləğində borcu yaranmışdır. Bu hal yuxarıda istinad edilən sübutlarla tam sübut olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 23 yanvar 2023-cü il tarixli podrat müqaviləsi üzrə 3235 manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Bundan əlavə, iddia tələbinin hüquqi yardımın göstərilməsi ilə bağlı ödənilmiş 300 manat məbləğində pulun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə hissəsinə gəldikdə, iş materiallarına əlavə edilmiş 14 fevral 2024-cü il tarixli 118544 nömrəli ödəniş qəbzi ilə müəyyən edilir ki, iddiaçı tərəfindən vəkili göstərdiyi yardıma görə Sumqayıt Regional Vəkil Bürosunun hesabına 300 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərin sırasına aiddir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbinin bu hissəsi təmin edilməli, iddiaçı tərəfindən vəkilin göstərdiyi yardıma görə ödənilmiş 300 manat pul vəsaitinin əvəzi cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Bundan əlavə, iddia tələbinin 53 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə hissəsinə gəldikdə, iş materiallarında olan 14 fevral 2024-cü il tarixli **********91 nömrəli ödəniş qəbzinə əsasən müəyyən edilir ki, məhkəməyə hazırkı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 53 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi təşkil edir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iddia təmin edildiyindən istinad olunan qanunvericilik normalarının tələblərinə əsasən məhkəməyə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 53 manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək istinad edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 23 yanvar 2023-cü il tarixli podrat müqaviləsi üzrə 3235 manat məbləğində borc, həmçinin hüquqi yardımla bağlı ödənilmiş 300 manat məbləğində pul vəsaitinin və 53 manat məbləğində dövlət rüsumunun əvəzi, cəmi 3588 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdehndən (VÖEN: **********) 3235 (üç min iki yüz otuz beş) manat məbləğində borc, habelə hüquqi yardımla bağlı ödənilmiş 300 (üç yüz) manat məbləğində pul vəsaitinin və 53 (əlli üç) manat məbləğində dövlət rüsumunun əvəzi, cəmi 3588 (üç min beş yüz səksən səkkiz) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-359/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-359/2024
26.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver