Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-36/2022 11.01.2022 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Tağıyev Xəqani Qəhrəman oğlunun sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə X2 arasında bağlanmış 11.08.2016-ci il tarixli, 1834-GL/16 nömrəli müqaviləyə əsasən borclu (lizinq alan) satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə kənd təsərrüfatı texnikalarını lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə, cavabdehin maliyyə arayışının tərtib edildiyi 09.06.2021-ci il tarixə 11.08.2016-cı il tarixli 1834-GL/16 nömrəli müqavilə üzrə 11.136 manat gecikdirilmiş borcu və hesablanmış 14.615,92 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Eyni zamanda, hüquqi yardım göstərilməsi üçün vəkilə də müraciət edilmişdir. Hüquqi yardım göstərilməsi haqqında müqaviləyə əsasən hüquqi yardıma görə haqqın məbləği 500 (beş yüz) manat müəyyənləşdirilmişdir. Bu məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən, iddiaçı məhkəmədən 11.08.2016-cı il tarixli, 1834-GL/16 nömrəli müqavilə üzrə 11.136 (on bir min yüz otuz altı) manat gecikdirilmiş borcun və hesablanmış 14.615,92 (on dörd min altı yüz on beş manat doxsan iki qəpik) manat cərimə borcunun və hüquqi yardımla bağlı 500 (beş yüz) manat cəmi: 26.251,92 (iyirmi altı min iki yüz əlli bir manat 92 qəpik) manat pul vəsaitinin Cavabdeh tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə etdi. Məhkəmədə Cavabdeh izahat verərək bildirdi ki, o, müqavilə bağlayaraq kənd təsərrüfatı texnikalarını lizinqə götürüb, lakin texnika qəzaya düşüb və o, öz vəsaiti hesabına həmin kənd təsərrüfatı texnikasını təmir etdirib. Eyni zamanda, təsərrüfatdan gözlənilən qazancı da əldə edə bilmədiyi üçün borcu ödəyib qurtara bilməyib və həmin borc yığılıb qalıb. Buna görə də o, 11.08.2016-cı il tarixli 1834-GL/16 nömrəli müqavilə üzrə əsas borcu qəbul etdiyini bildirərək, maddi vəzyyəti çətin olduğu üçün cərimə borcunun azaldılmasını xahiş etdi və buna dair məhkəməyə ərizə təqdim etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 11.08.2016-ci il tarixli 1834-GL/16 nömrəli müqavilədən görünür ki, "xxxx" ASC ümumi dəyəri 11.136 manat olan və Spesifikasiyada (Əlavə № 1) göstərilən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40%-nə güzəşt edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə vermişdir. Həmin müqavilənin 1.2-ci bəndinə görə, lizinq alan texnikanın Texnikanın qalıq məbləğini ödəniş qrafikinə (Əlavə № 2) müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 09.06.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 11.08.2016-ci il tarixli 1834-GL/16 nömrəli nömrəli müqavilə üzrə 11.136 manat məbləğində gecikdirilmiş borcu və 14.615,92 manat məbləğində cərimə borcu vardır. İş materiallarında olan 02 oktyabr 2021-ci il tarixli MŞİH-02794 nömrəli “İlkin medasiya sessiyasında iştirak edilməməsi barədə” Arayışdan görünür ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilkin mediasiya sessiyasında iştirak etmiş va ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İddia ərizəsinə əlavə edilmiş pretenziya məktubundan görünür ki, Cavabdeh borcunu qısa müddətdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödəməli olduğu, əks halda lizinq müqaviləsi üzrə əmələ gəlmiş borcun və məhkəmə xərclərinin ondan məcburi qaydada alınaraq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi və tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh xəbərdarlığa əməl etməmiş və sözügedən müqavilələr əsasında yaranmış borcları Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qaytarmamışdır. Sadalananlara əsasən, məhkəmə hesab edir ki, Cavabdeh lizinq müqaviləsi əsasında iddiaçı "xxxx" ASC-dən (hazırda Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi) lizinq obyekti olan texnikanı istifadə etmək hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilələr əsasında lizinq məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Lakin cavabdeh operativ lizinq müqaviləsi əsasında iddiaçıdan kənd təsərrüfatı texnikalarını lizinqə götürməsinə dair hüququndan istifadə etmiş, müvəqqəti istifadəyə götürülmüş texnikalar ilə bağlı ödəniş etmək öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi cavabdehdən kənd təsərrüfatı texnikasının lizinqə verilməsi ilə bağlı yaranmış borcu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1.-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 386.1-ci maddəyə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin məcəllənin 427.2-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh kənd təsərrüfatı texnikalarını lizinqə götürmüş, lakin üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmişdir. Hazırda, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 11.08.2016-ci il tarixli 1834-GL/16 nömrəli müqavilə üzrə 11.136 (on bir min yüz otuz altı) manat gecikdirilmiş əsas borc və hesablanmış 14.615,92 (on dörd min altı yüz on beş manat doxsan iki qəpik) cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 500 (beş yüz) manat, cəmi: 26.251,92 (iyirmi altı min iki yüz əlli bir manat 92 qəpik) manat pul vəsaitinin tutulmasını tələb edir. Bu hal iş materialları və cavabdehin qismən etirafı ilə təsdiq olunur. Buna görə də iddia əsas borc tələb olunan hissədə təmin olunmalıdır. Məhkəmə hesab edir ki, 11.08.2016-ci il tarixli 1834-GL/16 nömrəli müqavilə üzrə 14.615,92 manat cərimə hesablanması tənasübsüz surətdə yüksək olduğuna görə cərimə cərimə 1500 manata qədər azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Göstərilənləri nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia əsas borc tələbinə dair hissədə əsaslı olduğu üçün tam təmin olunmalı, cərimə tələbinə dair hissədə isə qismən əsaslı olduğu üçün cərimə 11.08.2016-ci il tarixli 1834-GL/16 nömrəli müqavilə üzrə 1500 manat məbləğində tutulmalı, qalan hissədə əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eləcə də, iş üzrə çəkilmiş məhkəmə xərclərinin 50 faizi iddiaçıya, 50 faizi cavabdehə aid edilməlidir. Hüquqi yardım üçün iddiaçının vəkilə ödədiyi 500 manatın 50 faizi, yəni 250 manatı iddiaçıya, 50 faizi, yəni 250 manatı cavabdehə aid edilməlidir. Eyni zamanda, cavabdehdən 250 manat alınaraq iddiaçıya verilməlidir. İddiaçı tərəfindən ödənilmiş 200 manat məbləğində mediasiya haqqının 50 faizi iddiaçıya, 50 faizi cavabdehə aid edilməlidir. Ödənilmiş mediasiya haqqına görə cavabdehdən 100 manat alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 11.08.2016-cı il tarixli, 1834-GL/16 nömrəli müqavilə üzrə 11.136 (on bir min yüz otuz altı) manat əsas borc və hesablanmış 1.500 (min beş yüz) manat cərimə tutularaq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərclərinin 50%-i iddiaçıya, 50%-i cavabdehə aid edilsin. İddiaçı tərəfindən ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 200 manat məbləğin 50%-i iddiaçıya, 50%-i cavabdehə aid edilsin. Cavabdehdən ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə çəkilmiş xərcin əvəzi olaraq 100 manat pul tutularaq, iddiaçıya ödənilsin. İddiaçı tərəfindən hüquqi yardım göstərilməsinə görə vəkilə ödənilmiş 500 manat məbləğində xidmət haqqının 50%-i iddiaçıya, 50%-i cavabdehə aid edilsin. Cavabdehdən vəkilə ödənilmiş xidmət haqqının əvəzi olaraq 250 manat pul tutularaq, iddiaçıya ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Xəqani Tağıyev
Məhkəmə qərarları › İş №e-2-2(119)-36/2022
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-36/2022
11.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver