Məhkəmə qərarları › İş №e-2-2(119)-362/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-362/2025

25.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-362/2025 25.04.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Atakişiyeva Nülufər Nizami qızının katibliyi, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi İsmailova Leilinin iştirakı ilə İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 49351 (qırx doqquz min üç yüz əlli bir) manat məbləğində sığorta haqqı borcunun və 238,05 (iki yüz otuz səkkiz manat beş qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2022-ci il tarixində **********279 nömrəli “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi və həmin müqaviləyə QH********** nömrəli qoşma imzalanmış, cavabdeh tərəfindən ödənilməli sığorta haqqının məbləği cəmi 56351 manat olmaqla hissəvi şəkildə ödənilməsi müəyyən edilmişdir: xx.xx.2024-cü ildə İ hissə -15000 manat, xx.xx.2024-cü ildə İİ hissə- 15000 manat, xx.xx.2024-cü ildə İİİ hissə - 15000 manat, xx.xx.2024-cü ildə İV hissə - 11351 manat. Lakin cavabdeh hissəvi ödəniş qrafiki üzrə nəzərdə tutulmuş qaydada ödənişlər etməmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ödənilməli sığorta haqqı borcundan müxtəlif vaxtlarda cəmi 7000 manat ödəsə də, qalıq 49351 manat sığorta haqqı borcunu ödəməmiş, müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməmişdir. QH********** nömrəli Qoşma üzrə cavabdeh tərəfindən edilmiş ödənişlər xx.xx.2024-cü il tarixdə 1000 manat, xx.xx.2024-cü il tarixdə 1000 manat, xx.xx.2024-cü il tarixdə 1000 manat, xx.xx.2024-cü il tarixdə 3000 manat və xx.xx.2024-cü il tarixdə 1000 manat təşkil edir. Sığorta haqqı borcunun xx.xx.2025-ci il tarixinədək ödənilməsinin təmin olunması tələbini özündə əks etdirən xx.xx.2025-ci il tarixli pretenziya məktubu ilə ödəniş üçün yeni müddət müəyyən edilmiş, lakin sığorta haqqı borcu cavabdeh tərəfindən ödənilməmişdir. İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti 13 fevral 2025-ci il tarixdə məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə müraciət edərək 41351 (qırx bir min üç yüz əlli bir manat) manat məbləğində sığorta haqqı borcunun və 238,05 (iki yüz otuz səkkiz manat beş qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti 04 mart 2025-ci il tarixdə məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə müraciət edərək QH********** nömrəli Qoşma üzrə ödənilməmiş 41351 (qırx bir min üç yüz əlli bir) manat məbləğində sığorta haqqı borcunun, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 2467,55 (iki min dörd yüz altmış yeddi manat əlli beş qəpik) manat məbləğində pulun, QH********** saylı Qoşma üzrə ödənilməmiş 14500 (on dörd min beş yüz) manat məbləğində sığorta haqqı borcunun və 238,05 (iki yüz otuz səkkiz manat beş qəpik) manat məbləğində dövlət rüsumunun cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti 18 aprel 2025-ci il tarixdə məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə müraciət edərək QH********** nömrəli Qoşma üzrə ödənilməmiş 39351 (otuz doqquz min üç yüz əlli bir) məbləğində sığorta haqqı borcunun, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 2467,55 (iki min dörd yüz altmış yeddi manat əlli beş qəpik) manat məbləğində pulun, QH********** nömrəli Qoşma üzrə ödənilməmiş 13500 (on üç min beş yüz) manat məbləğində sığorta haqqı borcunun və 238,05 (iki yüz otuz səkkiz manat beş qəpik) manat məbləğində dövlət rüsumunun cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi İsmailova Leili məhkəmədən iddia tələbini müdafiə edib, 18 aprel 2025-ci il tarixdə məhkəməyə verilmiş “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini, “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizələri və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan sığortaçı İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti ilə sığortalı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 24 oktyabr 2022-ci il tarixli **********279 nömrəli istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinə əsasən sığortalının “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə uyğun olaraq müəyyən edilmiş müvafiq sığorta tarifləri əsasında hesablanan bu müqavilədə razılaşdırılmış müvafiq sığorta haqqını ödəməsi müqabilində həmin Qanunun 3.1-ci maddəsinə uyğun olaraq müqaviləyə əlavə edilmiş və onun ayrılmaz tərkib hissəsi olan Qoşmada nəzərdə tutulmuş fiziki şəxslərin həyatına və sağlamlığına istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından dəyən zərərlə əlaqədar onların peşə əmək qabiliyyətinin itirilməsinə və ya ölümünə görə sığortaçı həmin Qanunun 18-ci maddəsində müəyyən edilmiş qaydada sığorta ödənişinin verilməsi öhdəliyi götürür. Həmin müqavilənin 4-cü bəndinə əsasən müqavilə üzrə hər bir sığorta olunana münasibətdə sığorta məbləğləri, habelə ümumi sığorta məbləği “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 14.4-cü maddəsinə əsasən müəyyən edilmiş hesablama qaydasına uyğun olaraq müqavilənin qoşmasında müəyyənləşdirilir. Həmin müqavilənin 6.1 və 6.2-ci bəndlərinə əsasən müqavilə müddətsiz bağlanılır. Tərəflər bağlanmış müqavilənin hər növbəti müqavilə ili üçün müqavilənin qoşmasını təsdiq edir. Növbəti müqavilə ilinin bağlanmasına ən azı 3 iş günü qalmış sığortalı sığorta olunanların siyahısı, yaşı, vəzifəsi, kateqoriyası, peşə riskinin dərəcəsi və bir illik əmək haqı fondu barədə məlumatları sığortaçıya təqdim etməlidir. Sığortaçı müvafiq məlumatları aldıqdan sonra növbəti müqavilə ili üçün müqavilənin qoşmasını imzalamaq üçün sığortalıya təqdim edir. Həmin müqavilənin 9.2.1-ci bəndinə əsasən müqavilə ilə müəyyən edilmiş məbləğdə, qaydada və müddətlərdə sığorta haqqını sığortaçıya ödəmək sığortalının vəzifəsidir. İş materiallarında olan sığortaçı İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti ilə sığortalı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 24 oktyabr 2022-ci il tarixli istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin illik QH********** nömrəli Qoşmasına əsasən müqavilə ili xx.xx.2024-xx.xx.2025-ci il, cavabdeh tərəfindən ödənilməli ümumi 56351 manat sığorta haqqının ödənilmə qaydası hissə-hissə, İ hissə xx.xx.2024-cü il tarixdə 15000 manat, İİ hissə xx.xx.2024-cü il tarixdə 15000 manat, İİİ hissə xx.xx.2024-cü il tarixdə 15000 manat, İV hissə xx.xx.2024-cü il tarixdə 11351 manat müəyyən edilmişdir. İş materiallarında olan sığortaçı İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti ilə sığortalı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 19 fevral 2025-ci il tarixli istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin illik QH********** nömrəli Qoşmasına əsasən müqavilə ili xx.xx.2025-xx.xx.2026-cı il, cavabdeh tərəfindən ödənilməli ümumi 56422,09 manat sığorta haqqının ödənilmə qaydası hissə-hissə, İ hissə xx.xx.2025-ci il tarixdə 14500 manat, İİ hissə xx.xx.2025-ci il tarixdə 14500 manat, İİİ hissə xx.xx.2025-ci il tarixdə 14500 manat, İV hissə xx.xx.2025-ci il tarixdə 12922,09 manat müəyyən edilmişdir. İş materiallarından görünür ki, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə QH********** nömrəli qoşma üzrə 14500 manat məbləğində sığorta haqqının ödənilməsi ilə əlaqədar 17 aprel 2025-ci il tarixli MT2504 seriyalı 11440600 nömrəli elektron qaimə-faktura təqdim olunmuşdur. İş materiallarında olan 18 aprel 2025-ci il tarixli MVEa5Lİ7 nömrəli ödəniş tapşırığı ilə müəyyən olunur ki, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə 17 aprel 2025-ci il tarixli MT2504 seriyalı 11440600 nömrəli elektron qaimə-faktura üzrə 1000 manat məbləğində ödəniş həyata keçirilmişdir. İş materiallarından görünür ki, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 08 yanvar 2025-ci il tarixdə X1 Sistemi vasitəsilə məktub göndərilərək 49351 manat sığorta haqqı borcunun xx.xx.2025-ci il tarixinədək ödənilməsinin təmin olunması, əks təqdirdə öhdəliklərin gecikdirilməsinə və lazımi qaydada icra edilməməsinə görə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 884.4-cü maddəsinə əsasən sığortalı sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfidir. - 897.1-ci maddəsinə əsasən icbari sığortanın həyata keçirilməsi icbari sığorta qanunları ilə tələb olunur. - 903.1-903.4-cü maddəsinə əsasən sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. Sığorta haqqının miqdarı və ya onun hesablanması və ödənilməsi qaydası könüllü sığortada sığorta müqaviləsi ilə, icbari sığortada isə icbari sığorta qanunları ilə müəyyən edilir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa hal nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsində sığorta haqqının hissə-hissə ödənilməsi razılaşdırıla bilər. Müqavilədə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən sonra qüvvəyə minir. - 903.5-ci maddəsinə əsasən sığorta haqqı və ya onun hissəsi vaxtında ödənilmədikdə sığortaçı onun ödənilməsi üçün bu Məcəllənin 903.6-cı maddəsinin tələbini nəzərə alaraq yazılı surətdə 15 günədək müddət müəyyən edə bilər. - 903.6-cı maddəsinə əsasən hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayaraq ödənilməlidir. - 903.7-ci maddəsinə əsasən elektron sənəd formasında olan sığorta müqaviləsi üzrə sığorta haqqının ödənilməsi sığortalının müvafiq sığorta qaydaları və sığorta müqaviləsinin şərtləri ilə tanış olmasını, həmin qaydalar və şərtlərlə razılığını, həmçinin sığorta müqaviləsinin bağlanması faktını təsdiqləyir. - 904.2-ci maddəsinə əsasən sığorta məbləği icbari sığorta üzrə icbari sığorta qanunları ilə, könüllü sığorta üzrə sığorta müqaviləsi ilə müəyyənləşdirilir. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 7.2.2-ci maddəsinə əsasən sığortalının icbari sığorta müqaviləsi ilə müəyyən edilmiş məbləğdə, qaydada və müddətlərdə sığorta haqqını sığortaçıya ödəmək vəzifələri vardır. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi”nin məzmunu və formasının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi X2 23/3 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi”nin 9.2.1-ci bəndinə əsasən, müqavilə üzrə sığortalının müqavilə ilə müəyyən edilmiş məbləğdə, qaydada və müddətlərdə sığorta haqqını sığortaçıya ödəmək vəzifələri vardır. Göründüyü kimi, yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, tərəflər arasında 24 oktyabr 2022-ci il tarixli **********279 nömrəli istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi və QH********** nömrəli və QH********** nömrəli qoşmalar imzalanmışdır. QH********** nömrəli Qoşmanın qüvvədə olma müddəti xx.xx.2024-xx.xx.2025-ci il və ödənilməli sığorta haqqının məbləği cəmi 56351 manat müəyyən edilmiş, cavabdeh həmin məbləğin bir hissəsini ödəmiş, qalıq 39351 manat sığorta haqqını ödəməmişdir. Bundan başqa QH********** nömrəli Qoşmanın qüvvədə olma müddəti xx.xx.2025-xx.xx.2026-cı il, ödənilməli sığorta haqqının məbləği cəmi 56422,09 manat, həmin məbləğin birinci hissəsi olan 15000 manatın xx.xx.2024-cü il tarixdə ödənilməsi müəyyən edilmiş, cavabdeh isə 1000 manat ödəmiş, qalıq 13500 manat sığorta haqqını ödəməmişdir. Bununla da, cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliklərini lazımi qaydada yerinə yetirməmişdir. Buna görə İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Göründüyü kimi, tərəflər arasında sığorta müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Cavabdeh sığorta haqqını ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin sığorta haqqını ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 24 oktyabr 2022-ci il tarixli **********279 nömrəli istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi və həmin müqaviləyə QH********** nömrəli Qoşma üzrə ödənilməmiş 39351 (otuz doqquz min üç yüz əlli bir) manat sığorta haqqı borcunun, QH********** nömrəli Qoşma üzrə ödənilməmiş 13500 (on üç min beş yüz) manat sığorta haqqı borcunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində iddia tələbi əsaslıdır və təmin edilməlidir. Bundan başqa, iddiaçı iddia tələbində Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq QH********** nömrəli Qoşma üzrə sığorta haqqının ödənilməsini gecikdirdiyinə görə illik gecikdirilmiş vaxt üçün 5% (beş faiz) məbləğində hesablanmaqla 2467,55 (iki min dörd yüz altmış yeddi manat əlli beş qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasını xahiş edir. İddiaçı həmin məbləği cavabdeh tərəfindən 1 il ərzində öhdəliyin yerinə yetirilməməsi ilə əsaslandırmışdır. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsi borclunun icranı gecikdirməsi nəticəsində yaranan kreditorun tələb hüququdur. Bu mənada həmin normanın tətbiqi bilavasitə borclunun icranı gecikdirməsi hüquqi faktının müəyyən olunmasından asılıdır. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsi borclunun icranı gecikdirməsi nəticəsində yaranan kreditorun tələb hüququdur. Bu mənada həmin normanın tətbiqi bilavasitə borclunun icranı gecikdirməsi hüquqi faktının müəyyən olunmasından asılıdır. Mülki Məcəllənin 445.2-ci maddəsinə əsasən borclunun icranı gecikdirməsi üçün (1) öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və (2) icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi kimi hallar (ümumilikdə 2 hal) təsdiqlənməlidir. Həmin Məcəllənin 445.3 cü maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Göründüyü kimi, mülki qanunvericiliyə əsasən, icranın gecikdirilməsi hüquqi faktının müəyyən olunması üçün öhdəliyin icrası müddəti çatanadək kreditor tərəfindən xəbərdarlıq göndərilməli və həmin xəbərdarlığa rəğmən öhdəlik müəyyənləşdirilmiş müddətdə icra edilməməlidir. Mülki Məcəllənin 445.2-ci maddəsinə əsasən borclunun icranı gecikdirməsi üçün (1) öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və (2) icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi kimi hallar (ümumilikdə 2 hal) təsdiqlənməlidir. Həmin Məcəllənin 445.3 cü maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Qeyd edilən qaydadan istisnanı isə Mülki Məcəllənin 445.4-cü maddəsi təşkil edir. Belə ki, həmin maddəyə görə, icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Başqa sözlə, icra üçün təqvim gününün müəyyənləşdirilməsi zamanı öhdəliyin icrasının gecikdirilməsi hüquqi faktı üçün yalnız öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi halının təsdiq edilməsi kifayət edir, digər halın təsdiqinə zərurət olmur. Tərəflər arasında bağlanmış QH********** nömrəli Qoşmaya əsasən cavabdeh tərəfindən ödənilməli ümumi 56351 manat sığorta haqqının ödənilmə qaydası hissə-hissə, İ hissə xx.xx.2024-cü il tarixdə 15000 manat, İİ hissə xx.xx.2024-cü il tarixdə 15000 manat, İİİ hissə xx.xx.2024-cü il tarixdə 15000 manat, İV hissə xx.xx.2024-cü il tarixdə 11351 manat müəyyən edilsə də, faktiki olaraq cavabdehə sığorta haqqının ödənilməsi üçün möhlət verilmiş, sığorta haqqının ödənilməsi tələb edilməmişdir. Belə olan halda, Mülki Məcəllənin 445.4-cü maddəsinin hazırkı işə tətbiqi istisna edilir. İddiaçının 08 yanvar 2025-ci il tarixdə 10 yanvar 2025-ci il tarixədək sığorta haqqının ödənilməsi tələbi barədə pretenziya məktubunu cavabdehə X1 Sistemi vasitəsilə çatdırmaqla pulu tələb etməsini nəzərə alan məhkəmə qeyd edir ki, borclunun icranı gecikdirməsi anı Mülki Məcəllənin 445.2-ci maddəsinə uyğun olaraq 10 yanvar 2025-ci il tarixdən müəyyənləşdirilməli, ödənilməsi gecikdirilmiş borca görə illik 5 faizlə hesablamanın başlanğıcı 10 yanvar 2025-ci il tarixdən hesablanmaqla iddia ərizəsinin verildiyi tarixədək hesablanmalıdır. İddia ərizəsinin məhkəməyə 14 yanvar 2025-ci il tarixdə verilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi “gecikdirilmiş vaxt üçün illik 5% (beş faiz) məbləğində hesablanmaqla 2467,55 manat pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsində qismən təmin edilərək, 10 yanvar 2025-ci il tarixdən hesablanmaqla əsas borca illik 5%-lə hesablanmış 27 manat (49351 x 5% /365 gün (bir günün faizi) x 4 gün (gecikdirilən günün sayı)) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin “238,05 (iki yüz otuz səkkiz manat beş qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan 14 yanvar 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət olunan zaman 238,60 (iki yüz otuz səkkiz manat altmış qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Buna görə iddia tələbi həmin hissədə təmin edilməli, iddiaçı tərəfindən ödənilmiş 238,05 (iki yüz otuz səkkiz manat beş qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən QH********** nömrəli Qoşma üzrə 39351 (otuz doqquz min üç yüz əlli bir) manat məbləğində sığorta haqqı borcu, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 27 (iyirmi yeddi) manat məbləğində pul, QH********** nömrəli Qoşma üzrə 13500 (on üç min beş yüz) manat məbləğində sığorta haqqı borcu və ödənilmiş 238,05 (iki yüz otuz səkkiz manat beş qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 53116,05 (əlli üç min yüz on altı manat beş qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən QH********** nömrəli Qoşma üzrə 39351 (otuz doqquz min üç yüz əlli bir) manat məbləğində sığorta haqqı borcu, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 27 (iyirmi yeddi) manat məbləğində pul, QH********** nömrəli Qoşma üzrə 13500 (on üç min beş yüz) manat məbləğində sığorta haqqı borcu və ödənilmiş 238,05 (iki yüz otuz səkkiz manat beş qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 53116,05 (əlli üç min yüz on altı manat beş qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar