Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-37/2022 10.01.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı qanuni təmsilçisi Qanuni nümayəndə2 İsmayıl oğlunun, cavabdeh "xxxx" Şirkətinin qanuni təmsilçisi Qanuni nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh “Tağıyev" Şirkətinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə 13 oktyabr 2021-ci ildə cavabdeh "xxxx" Şirkətinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı xeyrinə cavabdeh "xxxx" Şirkətindən 4830 (dörd min səkkiz yüz otuz) manat məbləğində pul vəsaitinin və mediasiya ilə əlaqədar ödənilmiş 60 manat məbləğində xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia ərizəsinə dair kommersiya işi üzrə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər İddiaçı tərəfindən məhkəməyə “iddia tələbinin həcminin artırılması” barədə ərizə təqdim edilərək, İddiaçı MMC-nin xeyrinə 5 (beş) ədəd sifariş edilmiş, lakin təhvil alınmamış qapılara görə ödənilmiş 1522 manat, icarə xərcləri qismində 2300 manat və yeni qapılar üçün ödənilmiş 2030 manat olmaqla, cəmi 5852 (beş min səkkiz yüz əlli iki) manat məbləğində pul vəsaitinin və mediasiya ilə əlaqədar ödənilmiş 60 manat məbləğində xidmət haqqının cavabdeh "xxxx" Şirkətindən tutulması barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı tərəfindən iddia ərizəsində və “iddia tələbinin həcminin artırılması” barədə ərizədə iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra - İddiaçı) ilə “Avropa Qapıları" adı ilə tanınan "xxxx" Şirkəti (bundan sonra - Cavabdeh) arasında bağlanmış 16 iyun 2020-ci il tarixli alqı-satqı müqaviləsinə (bundan sonra - Müqavilə) əsasən iddiaçı tərəfindən yeni icarəyə götürülmüş ofis üçün 5 ədəd qapı (bundan sonra mallar) sifariş edilmiş və malların 100 faiz dəyəri olan 1522 (min beş yüz iyirmi iki) manat (ƏDV daxil) məbləğində pul vəsaiti əvvəlcədən tam şəkildə cavabdeh "xxxx" Şirkətinə nağdsız qaydada 17 iyun 2020-ci il tarixində ödənilmişdir. Həmin Müqaviləyə əsasən Cavabdeh malların tam şəkildə təhvil verilməsi öhdəliyini öz üzərinə götürmüş, cavabdehin nümayəndəsi Rəhman və direktoru Aqil isə iki həftə ərzində qapıları quraşdırmaqla İddiaçıya təhvil verəcəyini bildirmişdir. Cavabdeh tərəfindən qapıların təhvil verilməsi tam bir ay gecikdirilmiş və qapılar təhvil verilən zaman isə onların müqavilə ilə razılaşdırılmış keyfiyyət standartlarına cavab vermədiyi, o cümlədən konstruksiyasında nasazlıqlar, rənglərində problemlər və s. bu kimi çoxlu sayda qüsurların olduğu aşkar olunmuş və habelə, cavabdeh tərəfindən malların satışına qeyri-peşəkar yanaşma nümayiş olunmuşdur. Qeyd edilən səbəblərdən İddiaçı tərəfindən mallar təhvil alınmamış və həmin qapılar gətirildiyi gün geri qaytarılmışdır. Bundan sonra, İddiaçı Cavabdehə haqlı iradlarını bildirmiş, müqaviləyə xitam verilməsi və ödənişin geri qaytarılmasını tələb etmişdir. Buna müvafiq olaraq, İddiaçı tərəfindən internet vergi sistemi vasitəsilə malların tam geri qaytarılmasına dair Seriya EBAM №: 075427 saylı elektron qaimə-faktura Cavabdehə təqdim edilmiş və sonuncu tərəfindən həmin qaimə təsdiq edilmişdir. Lakin, hazırkı tarixədək Cavabdeh ödənilmiş 1522 (bir min beş yüz iyirmi iki) manat (ƏDV daxil) məbləğində pul vəsaitinin geri qaytarılmasını əsassız olaraq təmin etməmiş, nəticədə İddiaçıya maddi ziyan dəymişdir. Əlavə olaraq qeyd edilir ki, tərəflər arasında kağız daşıyıcıda imzalanmış alqı-satqı müqaviləsinin bir nüsxəsi Cavabdeh tərəfindən bu günədək iddiaçıya təqdim edilməmişdir. İddiaçı ünvan 1 ünvanında yerləşən yeni ofis binasına yuxarıda göstərilən səbəblərə görə köçə bilmədiyi üçün əlavə xərclər çəkmiş və İddiaçıya maddi zərər dəymişdir. Belə ki, İddiaçı köhnə icəradar olan "xxxx" Şirkəti (VÖEN **********) tərəfindən göndərilən 15.08.2020-ci il tarixli Seriya EBAN № 690302 saylı elekton qaimə-fakturaya əsasən köhnə ofis ünvanına görə 2300 (iki min üç yüz) manat (ƏDV daxil) və yeni ofis ünvanına görə 500 (beş yüz) manat (vergilər daxil olmaqla), ümumilikdə isə 2800 (iki min səkkiz yüz) manat məbləğində vəsaitin ödənilməsi məcburiyyətində qalmışdır. Bundan əlavə, İddiaçı yeni ofis üçün "xxxx" Birgə Müəssisəsindən ümumi dəyəri 2030,02 (iki min otuz manat 02 qəpik) manat (ƏDV daxil) məbləğində olan yeni qapılar almağa məcbur olmuş (Qaimə - Seriya EBAP № 456977 və Seriya EBAM № 216898) və bununla da İddiaçı əlavə vaxt və maliyyə itkisinə məruz qalmışdır. Beləliklə, Cavabdehin təqsiri ucbatından İddiaçıya ümumilikdə 4830 (dörd min səkkiz yüz otuz) manat dəyərində maddi zərər dəymişdi. Məlum olduğu kimi, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5ci maddəsinə əsasən istehlakçı satıcıdan alınmış malın keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal haqqında satıcının təqdim etdiyi məlumata cavab verməsini tələb etmək hüququna malikdir. Həmin Qanunun 7-ci maddəsinə əsasən istehlakçı müqaviləyə əsasən aldığı malda qüsur aşkar etdikdə, öz istəyinə görə satıcıdan müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini tələb edə bilər və satıcı isə istehlakçıdan lazımi keyfiyyəti olmayan malı geri götürməyə və istehlakçının tələbini yerinə yetirməyə borcludur. Eyni zamanda, bu mübahisə ilə əlaqədar “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa əsasən İddiaçı tərəfindən Cavabdehə “Mediasiya prosesinin tətbiqi barədə” Təklif göndərilmiş və müvafiq qaydada 60 manat məbləğində xidmət haqqı ödənilmişdir. Buna baxmayaraq, Cavabdeh təklifə münasibət bildirməmiş, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Bu səbəbdən də, “İlkin mediasiya sessiyasında iştirak edilməməsi haqqında” arayış mediator tərəfindən təqdim edilmişdir (Bundan sonra iddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, 587.2-ci və 588.1-ci maddələrinin məzmunu qeyd olunur). Məhkəmə iclasında İddiaçı qanuni təmsilçisi Qanuni nümayəndə2 iddia tələbini müdafiə edib, iddia ərizəsində və “iddia tələbinin həcminin artırılması” barədə ərizədə yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və İddiaçı MMC-nin xeyrinə beş ədəd sifariş edilmiş, lakin təhvil alınmamış qapılara görə ödənilmiş 1522 manat, icarə xərcləri qismində ödənilmiş 2300 manat və yeni qapılar üçün ödənilmiş 2030 manat olmaqla, cəmi 5852 manat məbləğində pul vəsaitinin və mediasiya ilə əlaqədar olaraq ödənilmiş 60 manat məbləğində xidmət haqqının cavabdeh "xxxx" Şirkətindən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı qanuni təmsilçisi Qanuni nümayəndə2 suallara cavab olaraq bildirdi ki, alıcı oıaraq iddiaçının ofisi üçün nəzərdə tutulan ƏDV daxil cəmi 1522 manat məbləğində dəyərləndirilərək sifariş edilmiş 5 ədəd qapının alqı-satqısı ilə əlaqədar tərtib edilmiş müqavilənin müvafiq nüsxəsi satıcı olaraq cavabdeh tərəfindən imzalanaraq qaytarılmadığı üçün iddiaçı tərəfdə həmin müqavilənin özü yoxdur və buna görə də iddiaçı tərəf həmin müqaviləni məhkəməyə təqdim edə bilmir. Bununla belə, onların arasında 16 iyun 2020-ci ildə bağlanmış alqı-satqı müqaviləsinə görə ƏDV daxil cəmi 1522 manat dəyərində 5 ədəd qapı sifarişə uyğun təqdim edilmədiyindən, iddiaçı ciddi qüsurlarına görə həmin qapıları qəbul etməyərək, geri qaytarmış və həmin qapılara görə bank hesabı vasitəsi ilə ödəmiş olduğu 1522 manat pulu geri tələb etmişdir. Lakin, cavabdeh tərəf qaytarılan qapıları təhvil almış olsa da, müxtəlif bəhanələrlə həmin pulun qaytarılmasından imtina etmişdir. Cavabdeh tərəfin sifariş edilmiş qapıları lazımi qaydada təqdim etməməsi səbəbindən iddiaçı tərəf icarəyə götürmüş olduğu ofisdə bir ay artıq qalmağa məcbur olaraq, icarəyəverən "xxxx" Müstəqil Şirkətinə 2300 manat məbləğində əlavə icarə pulu ödəmiş və eyni zamanda, başqa bir şirkət olan "Dinçer və Carçıoğlu” Birgə Müəssisəsindən 2030 manat məbləğində başqa qapılar almışdır. Buna görə də, iddia tələbində cavabdehdən təhvil alınmamış qapılara görə əvvəlcədən ödənilmiş olan 1522 manat pulun geri qaytarılması ilə yanaşı, eyni zamanda dəymiş maddi zərər kimi icarə xərcləri qismində ödənilmiş 2300 manat və yeni qapılar üçün ödənilmiş 2030 manat məbləğində pul vəsaitlərinin də cavabdehdən tutulması xahiş olunur. Məhkəmə iclasında cavabdeh "xxxx" Şirkətinin qanuni təmsilçisi Qanuni nümayəndə1 iddia tələbini qəbul etmədiyini bildirib, İddiaçı cavabdeh “Tağıyev" Şirkətinə qarşı “borcun tutulması” barədə iddia tələbinin təmin olunmaması haqqında qətnamə qəbul edilməsini xahiş etdi və öz mövqeyini - cavabdeh “Tağıyev" Şirkəti tərəfindən İddiaçı sifarişi əsasında və sifarişinə uyğun hazırlanmış qapıların təhvil verilməsinə baxmayaraq, sonuncunun həmin qapıları qəbul etməyərək geri qaytarmasında cavabdeh tərəfin təqsirinin olmaması və eyni zamanda, iddiaçının istifadə etdiyi ofisə görə ödəmiş olduğu icarə haqqının və yeni alınmış qapıların dəyərinin cavabdeh tərəfindən ödənilməsinin tələb edilməsinin isə tamamilə əsassız olması ilə əsaslandırdı. Məhkəmə iclasında cavabdeh "xxxx" Şirkətinin qanuni təmsilçisi Qanuni nümayəndə1 suallara cavab olaraq - tərəflər arasında 2020-ci ilin iyun ayında bağlanmış alqı-satqı müqaviləsi üzrə 5 ədəd qapının sifariş əsasında hazırlanıb təhvil verilməsi üçün alıcı İddiaçı MMC tərəfindən satıcı "xxxx" Şirkətinin hesabına köçürmə yolu ilə cəmi 1522 manat məbləğində ödənişin edildiyini və həmin pulun İddiaçı MMC-yə geri qaytarılmadığını, alıcı İddiaçı MMC tərəfindən satıcı "xxxx" Şirkətinin hazırlayaraq təhvil verdiyi 5 ədəd qapının geri qaytarıldığını və hal-hazırda da həmin qapıların sonuncunun anbarında saxlandığını, həmin alqı-satqı ilə əlaqqədar yazılı müqavilə və sifariş blankı olsa da, həmin sənədlərin saxlanmadığını və buna görə də onların məhkəməyə təqdim olunmasının mümkün olmadığını bildirdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş “Malların, işlərin və xidmətlərin təqdim edilməsi” barədə 17 iyun 2020-ci il tarixli EBAL 210296 nömrəli Elektron Qaimənin məzmunu ilə müəyyən olunur ki, 16 iyun 2020-ci il tarixli Müqavilə üzrə ƏDV daxil cəmi 1522 (min beş yüz iyirmi iki) manat (1289,83 manat malın dəyəri + 232,17 manat ƏDV) məbləğində qapıların satılması ilə əlaqədar satıcı "xxxx" Şirkəti (VÖEN: **********) tərəfindən alıcı İddiaçınə (VÖEN: **********) 17 iyun 2020-ci il tarixli EBAL 210296 nömrəli Elektron Qaimə göndərilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş “ “İnternet bankçılıq” ”“Bank of Baku” “İcra olundu” ” qeydi yazılmış 17 iyun 2020-ci il tarixli **********41302 nömrəli nağdsız ödəniş tapşırığından və 17 iyun 2020-ci il tarixli **********7202 nömrəli “Köçürmənin aparılması haqqında” Bildirişdən görünür ki, 16 iyun 2020-ci il tarixli müqavilə və 17 iyun 2020-ci il tarixli EBAL 210296 nömrəli Elektron Qaimə əsasında müvafiq olaraq ödəyici İddiaçı hesabından "xxxx" Şirkətinin hesabına 1289,83 (min iki yüz səksən doqquz manat 83 qəpik) manat məbləğində pul vəsaiti ödənilmiş və İddiaçı “ƏDV sub-uçot” hesabından "xxxx" Şirkətinin “ƏDV sub-uçot” hesabına isə 232,17 (iki yüz otuz iki manat 17 qəpik) manat məbləğində pul vəsaiti köçürülmüşdür. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş İddiaçı tərəfindən "xxxx" Şirkətinə göndərilən “Malların tam geri qaytarılması” barədə 07 iyul 2020-ci il tarixli EBAM 075427 nömrəli Elektron Qaimənin məzmunu ilə müəyyən olunur ki, həmin Elektron Qaimə 16 iyun 2020-ci il tarixli Müqavilə üzrə ƏDV daxil cəmi 1522 (min beş yüz iyirmi iki) manat (1289,83 manat malın dəyəri + 232,17 manat ƏDV) məbləğində qapıların İddiaçı tərəfindən "xxxx" Şirkətinə qaytarılması ilə əlaqədar verilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən olunur ki, icarəyəverən "xxxx" Müstəqil Şirkəti ilə icarəçi İddiaçı arasında bağlanmış 01 aprel 2019cu il tarixli İcarə Müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən 6 mərtəbəli qeyriyaşayış binasının 1-ci mərtəbəsindəki sahəsi 219 kv.m qeyri-yaşayış sahəsi aylıq icarə haqqı ƏDV daxil 2300 manat olmaqla sonuncuya icarəyə verilmiş və bununla bağlı İcarəçi tərəfindən İcarəyəverənə aylıq icarə haqları ödənilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən olunur ki, 318- 20 nömrəli Müqavilə üzrə alıcı İddiaçı tərəfindən satıcı "Dinçer və Carçıoğlu” Birgə Müəssisəsinin hesabına və “ƏDV sub-uçot” hesabına 11 iyul 2020-ci ildə və 25 sentyabr 2020-ci ildə qapı alınmasından ötrü ümumilikdə cəmi 2030,02 manat məbləğində pul vəsaiti ödənilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh "xxxx" Şirkəti ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı MMC tərəfindən mediatora 50 (əlli) manat məbləğində xidmət haqqı ödənilmişdir (mediator X1 tərəfindən imzalanmış 20 avqust 2021-ci il tarixli 148752 nömrəli Mədaxil Qəbzi, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 20 avqust 2021-ci il tarixli 2021/000150 nömrəli və 27 sentyabr 2021-ci il tarixli 2021/000150 nömrəli Arayışlar). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 569.1-ci maddəsinə əsasən, satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 575.1-ci maddəsinə əsasən, əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, ofis üçün qapı alınması ilə əlaqədar İddiaçı MMC ilə cavabdeh "xxxx" Şirkəti arasında bağlanmış 16 iyun 2020-ci il tarixli alqı-satqı müqaviləsinin özü məhkəməyə təqdim olunmasa da, iddiaçı tərəfin təqdim etdiyi sübutlar və hər iki tərəfin qanuni təmsilçilərinin məhkəmə iclasında vermiş olduqları izahatlarla (Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci, 106.1-ci və 106.3-cü maddələri) təsdiq olunur ki, 17 iyun 2020-ci ildə alıcı İddiaçı MMC tərəfindən 5 ədəd qapının alınmasından ötrü satıcı "xxxx" Şirkətinin hesabına ƏDV daxil cəmi 1522 (min beş yüz iyirmi iki) manat (1289,83 manat malın dəyəri + 232,17 manat ƏDV) məbləğində pul vəsaiti ödənilmişdir. Lakin, həmin ödəniş müqabilində satıcı "xxxx" Şirkəti tərəfindən təqdim edilmiş qapılar alıcı İddiaçı MMC tərəfindən təhvil alınmayaraq geri qaytarılmışdır. Bundan sonra alıcı İddiaçı MMC qapıların dəyərinin əvvəlcədən ödənişi olan cəmi 1522 (min beş yüz iyirmi iki) manat məbləğində pulun qaytarılmasını tələb etsə də, satıcı "xxxx" Şirkəti həmin pul vəsaitinin qaytarılmasından imtina etmişdir. Ona görə də, hal-hazırda həm alqı-satqının predmeti olan qapılar, həm də qapılar üçün əvvəlcədən ödəniş olaraq ödənilmiş 1522 (min beş yüz iyirmi iki) manat məbləğində pul vəsaiti satıcı (cavabdeh) "xxxx" Şirkətindədir. Eyni zamanda, iddia tələbində “mediasiya ilə əlaqədar ödənilmiş 60 manat məbləğində xidmət haqqının” da cavabdeh "xxxx" Şirkətindən tutulması xahiş olunmasına baxmayaraq, məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən edilir ki, cavabdeh "xxxx" Şirkəti ilə hazırkı mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı MMC tərəfindən mediatora 50 (əlli) manat məbləğində xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı iddia tələbi İddiaçı xeyrinə cavabdeh "xxxx" Şirkətindən 1522 (min beş yüz iyirmi iki) manat məbləğində pul vəsaitinin tutulmalı olması hissəsində əsaslıdır. Lakin, “icarə xərcləri qismində 2300 manat və yeni qapılar üçün ödənilmiş 2030 manat məbləğində pul vəsaitlərinin tutulması” hissəsində iddia tələbinin əsaslılığı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə” dair 18 mart 2019-cu il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və İddiaçı xeyrinə cavabdeh “Tağıyev" Şirkətindən 1522 (min beş yüz iyirmi iki) manat məbləğində pul vəsaiti və mediasiya ilə əlaqədar ödənilmiş 50 (əlli) manat məbləğində xidmət haqqı tutulmalıdır. İddia tələbi cavabdehdən “icarə xərcləri qismində ödənilmiş 2300 manat və yeni qapılar üçün ödənilmiş 2030 manat pulun tutulması” hissəsində isə əsaslılığı sübuta yetmədiyinə görə təmin olunmamalıdır. Eləcə də, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə uyğun olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən – hazırkı iş üzrə iddia tələbi qismən təmin olunduğu üçün məhkəməyə müraciət edərkən iddiaçı tərəfindən ödənilmiş (01 oktyabr 2021-ci il tarixli ********* nömrəli Ödəniş Qəbzi) 68,30 (altmış səkkiz manat 30 qəpik) manat məbləğində dövlət rüsumunun 35,22 (otuz beş manat 22 qəpik) manatı cavabdeh “Tağıyev" Şirkətindən tutularaq İddiaçınə ödənilməli, qalan hissəsi isə iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “Tağıyev" Şirkətindən 1522 (min beş yüz iyirmi iki) manat məbləğində pul vəsaiti, mediasiya ilə əlaqədar ödənilmiş 50 (əlli) manat məbləğində xidmət haqqı və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 35,22 (otuz beş manat 22 qəpik) manat olmaqla, cəmi 1607,22 (min altı yüz yeddi manat 22 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-37/2022
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-37/2022
10.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver